525.Az

Cəmil Aleksandroviç: Həyatı, Azərbaycanla əlaqələri - Vilayət Quliyev yazır


 

Cəmil Aleksandroviç: Həyatı, Azərbaycanla əlaqələri -<b style="color:red"> Vilayət Quliyev yazır</b>

(Birinci məqalə)

Bu il Litvada qeyd edilən "Litva tatarları ili" təbii olaraq dost şimal ölkəsində yaşayan türk əsilli insanlarla daha yaxından maraqlanmağa, onların Azərbaycanla əlaqələrini araşdırmağa ciddi stimul verir. 

Cümhuriyyət dövründə milli ordumuzun qurucularından biri olan general-leytenant Masiey Sulkieviç (1865-1920), ədliyyə nazirinin müavini, hüquqşünas Olgerd Kriçinski (1883-1942) və tarixçi-publisist, Nazirlər Şurası Dəftərxanasının rəisi Leon Kriçinski (1887-1939) qardaşları kimi Polşa-Litva tatarları haqqında ölkəmizdə indiyə qədər müəyyən araşdırmalar aparılıb. 

Amma öyrənilməyən ədəbi-tarixi simalar və hadisələr də az deyil.

Şəxsiyyəti və yaradıcılıq irsi XX əsr Azərbaycan tarixişünaslığı və filoloji fikri ilə sıx bağlı olan Litva tatarı - yazıçı, jurnalist, etnoqraf və  arxeoloq Cəmil Aleksandroviç (1883-?) nədənsə indiyə qədər  diqqəti o qədər də cəlb etməyib.  Yanılmıramsa, onun barəsində Azərbaycanda çap olunan ilk və yeganə məqalənin müəllifi elm tarixi üzrə mütəxəssis Tamella Kərimovadır. Əslində tək tarix deyil, ədəbiyyatşünaslıq və kulturoloji baxımdan da Cəmilin irsi Litva tatarlarının keçmişi, islam dünyasındakı yeri, mədəni- ictimai fikri, yaşam tərzi, türk dünyası ilə əlaqələri haqda xüsusilə zəngin material verir, böyük elmi maraq doğurur.

Cəmil Aleksandroviç Aleksandroviç (Cəmil Aleksandr oğlu Aleksandroviç)

1883-cü ildə indi Belorus ərazisi sayılan keçmiş Qrodno quberniyasının Slonim şəhərində, müsəlman-türk məmur ailəsində doğulmuşdu. Atası Aleksandr Yakovleviç uzun illər Qrodno və Vilno (indiki Vilnüs) quberniyalarında mühasib köməkçisi, müfəttiş yardımçısı kimi vəzifələrdə çalışmışdı. 

Ailənin ilk övladı Cəmil Vilno  real məktəbini bitirəndən sonra 1903-cü ildə Moskvada İmperator Texniki Məktəbinə (MİTM, indiki Bauman adına Ali Texniki Məktəb) daxil olmuşdu. Müəyyən fasilələrlə 1911-ci ilə qədər burada təhsilini davam etdirmişdi. Həmin dövrdə Rusiyadakı mövcud qaydalara görə, 8 il ərzində ali təhsil kursunu başa vurmayanların adı tələbə siyahısından çıxarılırdı. Təbii ki, bu ümumi qayda 1911-ci ildə C.Aleksandroviçə də şamil edilmişdi. Dörd il sonra keçmiş tələbə Texniki Məktəbi ekstern yolla bitirmək və diplom almaqla bağlı müraciət etmişdisə də, bir nəticəsi olmamışdı.  

Cəmil Aleksandroviç qısa hekayələrinin birində çox güman özünü nəzərdə tutaraq yazırdı ki, bəzən insan bəlli bir iş, məqsəd üçün doğulur, amma yaşam şərtləri, mühit və həyat onu tamamilə fərqli istiqamətə yönəldir. Könlünə və ruhuna o qədər də uymayan peşə, məşğuliyyət seçməyə məcbur edir. Bütün sonrakı fəaliyyətindən aydın göründüyü kimi, bu sətirlərin müəllifi də erkən yaşlarından humanitar sahəyə meyilli olmuşdu, bədii-filoloji yaradıcılığa, tarixi araşdırmalara daha çox maraq göstərmişdi. Amma bir tərəfdən valideynlərinin istəyi, digər tərəfdən isə uğurlu və qazanclı mənsəb arzusu ilə texniki sahəni seçmiş, mühəndis olmağı qərara almışdı. Seçimi gələcək elmi fəaliyyətində dəfələrlə işinə yarasa da, həyatının mənasına çevrilə bilməmişdi. 

İnstitut dövründən ictimai işlərə,  bədii və elmi yaradıcılığa daha çox vaxt və diqqət ayırmışdı. Bu çoxşaxəli fəaliyyətə 1907-ci ildə Moskvada "İlk müsəlman məcmuəsi" adlı broşüranın nəşri ilə başlamışdı. Cəmisi 16 səhifədən ibarət həmin "Məcmuəyə" iki əsər daxil edilmişdi. Onlardan biri Cəmilin  rusca yazdığı "Litva və Polşa müsəlmanlarının mənşəyinə dair" adlı məqalə, digər isə Kazan-tatar naşiri, yazıçı, jurnalist Timerşa Solovyovun (1875-1947) rus dilinə tərcümə edilmiş "İşanın Xədicəsi" hekayəsi idi. Tərcümənin müəllifi kimi göstərilən anonim "Şagird" təbii ki, Cəmil özü ola bilməzdi. Çünki həmin dövrdə tatar dilini bədii əsər tərcümə edəcək səviyyədə bilmirdi.  

1911-1914-cü illərdə daha çox yazıçı-jurnalist kimi fəaliyyət göstərən Cəmil Aleksandroviç "Cim-Əlif" təxəllüsü ilə (ərəb əlifbasında  ad və soyadının baş hərfləri - V.Q.)  "Musulmanin" (Paris), "V mire musulmanstva" (Sankt-Peterburq),  "Musulmanskaya qazeta" (Sankt-Peterburq) kimi dövrü nəşrlərdə çoxsaylı publisist məqalə və kiçik hekayələr çap etdirmişdi.

Yazılarında əsasən yalnız Litva tatarları deyil, bütünlükdə Rusiya müsəlmanlarının üzləşdikləri problemlər və onları aradan qaldırmaq yolları ilə bağlı düşüncələr əksini tapmışdı: "Rusiyanın ictimai fikrində bir böyük çatışmazlıq var - bu da rus cəmiyyətinin ümumi vətənimizdə yaşayan müsəlman xalqların həyatı ilə yerli-dibli tanış olmamasıdır, - deyə müəllif məqalələrinin birində yazırdı, - Ən kədərli hal isə qarşılıqlı anlaşılmazlığın rus və müsəlman cəmiyyətinin geniş təbəqələri arasında tam bir yadlaşma yaratmasıdır. Rusların çoxunun təsəvvüründə müsəlmanlar arxasında sirli qara qüvvənin gizləndiyi Sfinksə bənzəyir. Bu qüvvə vulkan kimi günün birində ətrafa qəzəb və nifrət lavaları püskürə bilər. Odur ki, rus cəmiyyətini müsəlmanların mənəvi həyatı ilə tanış etmək yolu ilə belə yanlış qənaətləri aradan qaldırmaq və iki toplumun qarşılıqlı şəkildə yaxınlaşmasına nail olmaq zəruridir. Həm də müsəlman cəmiyyətinin qabaqcıl hissəsi bu cür yaxınlaşmanı yalnız alqışlaya bilər".

Cəmil Aleksandroviçin publisist irsinin təxminən üçdə bir hissəsi Litva tatarlarının tarixinə, dini həyatına, məişətinə və s. həsr edilmişdi. Digər məqalə və oçerklərində isə əsasən dövrün "müsəlman mətbuatı" üçün səciyyəvi sayılan mövzuları işıqlandırmışdı. Bunların sırasına ziyalıların cəmiyyətdə yeri, islamın müasirləşməsi, xalq kütlələri arasında maarifin yayılması, qadınların vəziyyəti və s. ictimai məsələlər daxil idi.

Doğrudur, Cəmil Aleksandroviç bir tərəfdən Polşa və Litva tatarlarının gələcəyinə bədbin yanaşırdı. Onların daha güclü və çoxsaylı mədəni ünsürün - rus və polyak toplumlarının təsiri altında milli identikliyi itirərək assimlyasiyaya uğramalarından acı-acı şikayətlənirdi. Digər tərəfdən isə say etibarı ilə o qədər də çox olmayan soydaşlarının Rusiyanın digər türk-müsəlman xalqları ilə müqayisədə daha böyük ziyalı qüvvələri yetirməsindən məmnunluğunu gizlətmirdi. Tatar kökənli Polşa və Litva tatarlarının Şərqə yollanaraq "mədəni qüvvə baxımından yoxsul müsəlman kütlələrinin mənafeyi üçün çalışmalarını" arzulayırdı.

Maraqlıdır ki, XX əsrin əvvəllərində Azərbaycan türkləri arasında Avropa dəyərlərinə yiyələnmək çağırışları nə qədər güclü idisə, Polşa və Litva tatarları arasında islam dümyasına ilkin köklərinə dönmək, müsəlman  Şərqinin yeniləşməsi üçün çalışmaq istəyi o qədər qüvvətli şəkildə meydana çıxırdı. Hətta məsələ Mirzə Cəlilin də diqqətini çəkmiş və 1908-ci ildə onun "Molla Nəsrəddin" jurnalında dərc etdirdiyi felyetonun mövzusuna çevrilmişdi. Bu ideyanın pionerlərindən biri də Cəmil Aleksandroviç idi. Çar Rusiyasının süqutundan sonra Litva-Polşa tatarlarının əvvəlcə Krımda, sonra isə Azərbaycanda milli dövlətçiliklə bağlı fəaliyyəti ilk baxışdan fantastik görünən fikirlərin gerçəkləşməsi idi... 

Soydaşı  Leon Kriçinskinin "Tatarzy polscy a Vschod muzulmanski" ("Polşa tatarları və müsəlman Şərqi", 1935) əsərində yazdığına görə, Cəmil hələ MİTM-də təhsil aldığı illərdə azərbaycanlı, tatar, dağıstanlı və b. tələbələrdən ibarət "Moskva müsəlman tələbələri ittifaqının" fəal üzvlərindən biri kimi tanınmış, hətta "öz institutunda" onun bölməsini təşkil etmişdi.

1914-cü ildə Moskvada yaradılan və sıralarında 60-a yaxın   "müsəlman tələbəni" birləşdirən Rusiya Müsəlmanlarının Tarix, Ədəbiyyat, Məişət və Mənəvi Həyatını Öyrənmə Cəmiyyətinin katibi vəzifəsi Moskva müsəlmanlarının fəal ictimai xadimlərdən biri kimi Cəmil Aleksandroviçə həvalə edilmişdi. 

Fevral inqilabından sonra tatar gənci fəaliyyətini daha da  genişləndirmiş, hətta siyasi proseslərə qoşulmuşdu. Rusiya müsəlmanlarının 1917-ci il mayın 1-11-də keçirilən Moskva qurultayının iştirakçıları arasında Cəmil də vardı. Qurultay sənədlərini nəşrə hazırlayan  redaksiya komissiyasının tərkibinə seçilmişdi. Qurultayın əsas ideya müəllifi və hərəkətverici qüvvəsinin Azərbaycan türkləri olduğunu, bir neçə iclasın Ə.Topçubaşovun sədrliyi altında aparıldığını, M.Ə.Rəsulzadənin müxtəlif məsələlərlə bağlı dəfələrlə tribunaya qalxdığını nəzərə alsaq, Cəmilin azərbaycanlı həmkarları ilə ilk yaxın təmas və tanışlığının da məhz Moskva qurultay dövrünə təsadüf etdiyini düşünmək olar.  

Eyni ilin oktyabr ayında Cəmil Aleksandroviç Litva tatarlarının təmsilçisi kimi "Moskva Müsəlman Xalq Şura"sına daxil olmuşdu. O, eyni zamanda Moskvada və Petroqradda fəaliyyət göstərən "Litva Tatarları Cəmiyyəti"nin sədr müavini idi. Bu Cəmiyyət adından Cəmil bəyin imzası ilə 1917-ci il oktyabrın 26-da milli dövlətini qurmaq uğrunda mübarizə aparan Krım tatarlarına göndərilmiş teleqramda deyilirdi: "Biz, Litva tatarları həmişə inanır və ümid edirdik: elə bir gün gələcək ki, böyük türk-tatar xalqı yeni həyata qoşulmaq üçün ayağa qalxacaq, fəal şəkildə milli mədəniyyətini yaratmaq yoluna qədəm qoyacaq. İndi həmin saat çatıb və biz - tatar millətinin qərbdəki dayaq nöqtəsi olan  lupka-tatarlar qardaş Krım-tatar demokratiyasının ilk azad addımlarını heyranlıqla izləyirik".

Diqqətəlayiq haldır ki, müraciət müəllifi sadəcə prosesə seyrçi qalmaqla kifayətlənməmiş, bir müddət sonra özü də müstəqillik savaşı verən Krıma yollanmışdı. Masey Sulkeviç haqdakı  araşdırmamda Cəmilin soydaşı olan generalla birlikdə Krımdan  Bakıya hərəkət etməsi ilə bağlı fərziyyə irəli sürmüşdüm. Lakin son tədqiqatlar onun ölkəmizə bolşevik çevrilişindən sonra, 1920-ci illərin əvvəlində gəldiyini deməyə əsas verir. Həmin vaxta qədər isə Çar Rusiyası kimi bolşevik Rusiyasına da loyal münasibəti ilə seçilən Cəmil bəy Yaltada yaşamış və burada yerli şəhər özünüidarəsində təhsil müəssisələrinə rəhbərlik etmişdi. Tarixçi Salavat İshakovun yazdığına görə, həyatının Krım dövrü ilə bağlı sənədlərdə adına sonuncu dəfə 1920-ci ilin mayında rast gəlinir. 

Bakıda ilk iş yeri Azərbaycan Arxeologiya Komitəsi (Azarxkom) olmuşdu. Gələcək milli Elmlər Akademiyasının proobrazı kimi 1923-cü ilin iyulunda yaranan "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin" tərkibindəki bu qurumda elmi araşdırmalara başlamışdı. 1924-cü il noyabrın 28-də Azarxkomun həqiqi üzvü seçilmiş, 1925-ci ildə isə tarix-etnoqrafiya bölməsi sədrinin müavini vəzifəsinə irəli çəkilmişdi. Həmin dövrdə bölməyə görkəmli yazıçı, Bakı Universitetinin ilk azərbaycanlı rektoru Tağı Şahbazi (1882-1938) sədrlik edirdi. Elm katibi isə tanınmış etnoqraf və arxeoloq Vasili Sısoyev (1864-1933) idi.

1927-ci ilə Azarxkomun fəaliyyət dairəsi və səlahiyyəti genişləndirilmişdi. Həmin vaxtdan etibarən qurum "Azərbaycan asari-ətiqələri, incəsənət və təbiət abidələrinin mühafizəsi komitəsi" (populyar rus abbreviaturası  Azkomstaris idi - V.Q.) adlanırdı. Komitənin Azərbaycan və rus dillərində "Xəbərləri" çap olunurdu.

Maraqlıdır ki, müəllif  yaradıclığının Bakı dövründə dərc etdirdiyi elmi məqalələri Cəmil Aleksandroviç-Nasifi kimi imzalamaşdı. Yeni təxəllüsün seçilməsinə səbəb nə ola bilərdi? Heç şübhəsiz, zahirən yerli mühitə uyğunlaşmaq, necə deyərlər, bir az "şərqliləşmək" istəyi seçimdə  sonuncu yerdə dayanmamışdı. Bəs "Nasifi" nə demək idi? Haradan götürülmüşdü? 

"Türk Dil Kurumunun" izahlı lüğətində ərəb kökənli "nasif" isminin iki izahı mövcuddur: "iki yerə bölünən" və "çörək". Əlbəttə, xalq etimologiyası prinsipindən çıxış edərək müəllifin "Nasifi" təxəllüsünü ömrünün iki fərqli mühitdə - Rusiya və Azərbaycanda keçdiyini vurğulamaq, yaxud ölkəmizdə hörmətlə qarşılandığını, "çörək tapdığını" diqqətə çatdırmaq üçün seçdiyini iddia etmək mümkündür. Amma bu, o qədər də inandırıcı görünmür. Əldə olan bir məlumata görə, Aleksandroviç soyadlı belorus tatarlarının nəsil şəcərəsi Nasif adlı şəxsə bağlanır. Çox güman ki, Cəmil də məsələdən xəbərsiz deyildi və yeni vətənində əcdadının adını özünə ədəbi təxəllüs kimi seçmişdi. 

"Azərbaycan asari-ətiqələri..." komitəsinin üzvü kimi Cəmil Aleksandroviç müxtəlif arxeoloji ekspedisiyalarda iştirak etmişdi. Məsələn, 1925-ci ilin iyun ayında Komitə Azərbaycan SSR Xalq Maarifi komissarlığından Gəncədəki Nizami məqbərəsinin mövcud vəziyyətini öyrənmək və bərpası üçün təkliflər hazırlamaq tapşırığı alanda bu məqsədlə C.Aleksandroviç-Hasifi təlimatçı İ.Əzimbəyovla birlikdə Gəncəyə ezam edilmişdi (Bax. "Gəncə və şair Nizaminin məzarı", "İzvestiya Azerkomstarisa", 1926, buraxılış II, səh.20-24) Geri dönəndə icə onlar bir neçə gün Şamaxıda qalmış və Şirvan xanlığı paytaxtının tarixi abidələri ilə tanış olmuşdular. Nəticədə alimin "Şamaxı" adlı məqaləsi meydana çıxmışdı (İzvestiya Azerkomstarisa, buraxılış II, səh.25-32). Bu yazının "Yevlax-Şamaxı" adlı  geniş versiyası C.Aleksandroviç, İ.Əzimbəyov və V.Sısoyevin imzası, sxem və foto-şəkillərlə birlikdə məcmuənin Oktyabr inqilabının 10 illiyinə həsr olunan yubiley sayında (1927, buraxılış III, səh.3-23) dərc edilmişdi. 

1926-cı ilin may-iyun aylarında C.Aleksandroviç və İ.Əzimbəyov Xocalı kurqanlarında qazınıtı işləri aparan akademik İ.İ.Meşşaninovun ekspedisiyasının tərkibinə daxil edilmişdilər. Nəticələr barədə birincinin "Xocalı stansiyası yaxınlığında əsas kurqanlar zonasında yerləşən kurqanların siyahısı və səciyyəsi" məqaləsində geniş məlumat verilmişdi  ("İzvestiya Azkomstarisa, buraxılış III, s.169-174). Nəhayət, 1927-ci ilin oktyabrında Xaçmaz stansiyası ərazisində təsadüfən qədim qəbirlər aşkara çıxarılanda yenə Cəmil bəy və İ.Əzimbəyov  abidələrin təsviri və ilkin tədqiqi məqsədi ilə ora göndərilmişdi. Bu səfərlə bağlı yazılı hesabat da gecikməmişdi (Bax: "Xaçmaz yaxınlığında bürünc dövrünə dair tapıntılar", 65 şəkil və sxemlərlə birlikdə; eyni mənbə,1929, buraxılış IV, səh.261-264). Qız Qalasının ilk dəfə ölçülməsi və  elmi cəhətdən araşdırılması təşəbbüsü də onların adı ilə bağlıdır. Cəmil Aleksandroviçin bu mövzu ilə əlaqədar "Qız Qalası" və "Qız Qalası haqda əfsanə" adlı iki məqaləsi çap olunmuşdu. Həm də maraqlıdır ki, o, mühəndis kimi Qala divarlarının dayanıqlılığını araşdırmış, İ.Əzimbəyov isə  kitabəni oxuyub tərcümə etmişdi. 
Adından da göründüyü kimi, "Asari-ətiqə komitəsi" Azərbaycan təbiətinin  öyrənilməsi, qorunması ilə də məşğul olurdu. Ayrılmaz cütlük - C.Aleksandroviç və İ.Əzimbəyov 1927 və 1928-ci ilin yay aylarında yeni yaradılmış Göygöl qoruğunda olmuşdular. Müəllifin "Təbiət abidəsi - Göygöl" və "Eldar şamı meşələri" adlı məqalələri həmin səfərlərin nəticəsi kimi meydana çıxmışdı. 

Heç şübhəsiz, Cəmil Aleksandroviçin Bakı dövrü elmi yaradıcılığının ən diqqətəlayiq nümunələri onun Litva tatarları ilə bağlı dərc etdirdiyi iki geniş, mükəmməl elmi oçerkdir. Əgər Azərbaycan haqda yazılarında tarix və təbiətşünaslıqla bağlı məsələlər ön plana çəkilmişdisə, bu oçerklərdə Avropanın tatar sakinlərinin dini və etnoqrafik özəlliklərinə diqqət yetirilmişdi. Bütünlükdə isə mənsub olduğu xalqın tarixi-etnoqrafik baxımdam öyrənilməsi Rusiyada milli oyanışın binasını qoyan 1905-ci il inqilabının təsiri altında  başlanmışdı. 1906-cı ilin fevralında Cəmilin tatar dilinə çevrilən "Tarixdən bir səhifə. Litva (Polşa) müsəlman tatarlarının zühuru" məqaləsi "Kazan müxbiri" qəzetinin iki sayında dərc edilmişdi. 1920-ci illərin ikinci yarısında Bakıda "Azərbaycanı Öyrənmə Cəmiyyətinin Xəbərləri"ndə onun "Cəmil Aleksandroviç-Nasifi" imzası ilə "Litva tatarları. Qısa tarixi-etnoqrafik oçerk" (1926, № 2, səh.77-95) və "Litva tatarları türk Şərqinin bir hissəsi kimi" (1927, № 4, 147-164) adlı sanballı elmi əsərləri işıq üzü görmüşdü. Hər iki məqalə zəngin tarixi materiala, çoxsaylı spesifik qaynaqlara əsaslanır, dilinin və üslubunun səlisliyi ilə seçilirdi. Onları tərəddüd etmədən Litva-Polşa tatarlarının özünəməxsus dini və milli vahid kimi tədqiqi istiqamətində mərhələ yaradan əsərlər kimi dəyərləndirmək olar.  

1920-ci illərin sonunda Cəmil Aleksandroviç bizə məlum olmayan səbəblərə görə,  Azərbaycanı tərk etmişdi. Konkret mənbə göstərilmədən 1931-1932-ci illərdə Səmərqənddə yaşaması və pedaqoji sahədə çalışması haqda məlumatlar var. Sonra isə iz itir. Salavat İshakov alimin "böyük terror"un qurbanı olduğunu yazır. Lakin bu, sadəcə faktla, sənədlə təsdiqini tapmayan bir ehtimaldır. Sovet hakimiyyətinə neytral mövqedə dayanan Cəmil Aleksandroviç öz əcəli ilə də ölə bilərdi. Eləcə də minlərlə günahsız insan kimi Sovet QULAQ-ında da məhv edilə bilərdi...

Onun şəxsi həyatı ilə bağlı bilgilər də çox məhduddur. Müasir tatar tarixçisi Dilarə Usmanovanın "Cəmil Aleksandroviç, Əziz Ubeydulin, Əbdürrəman Saqdi: tatar alimlərinin Sovet Rusiyasındakı faciəli taleyi" adlı məqaləsinə yazılan bir şərhdən Cəmilin Qərbi Belorusiyanın Dovbituşek kəndindən Bariya Süleymanovna Şabanoviç (1892-1982) ilə ailə qurduğunu, bu nikahdan Zeynəb və Zair adlı övladlarının dünyaya gəldiyini öyrənirik. Bariya Şabanoviç çox güman, birinci ərinin həbsindən (?), yaxud ölümündən (?) sonra  Belorusa qayıtmış, oradan isə Litvaya köçmüşdü. Burada ikinci dəfə ərə getmiş, Yəhya adlı oğlu doğulmuşdu. Azərbaycan MEA tarixinə dair çoxcildli əsər müəllifi Tamilla Kərimovanın bizə bildirdiyinə görə, Bakıda Cəmil Aleksandroviçin qohumlarını tapıb və  foto-şəklini əldə edib. Lakin alimin aqibəti haqda onlardan da hər hansı səhih məlumat almaq mümkün olmayıb... Çox güman ki, sonrakı axtarışları Orta Asiyada, dövlət təhlükəsizliyi orqanlarının arxivində aparmaq daha məqsədəuyğun olardı.

 





24.11.2021    çap et  çap et