525.Az

Yolumuz keçir Qarabağdan!


 

Yolumuz keçir Qarabağdan!<b style="color:red"></b>

2019-cu ildə Bakı Kitab Mərkəzi və Nyu-York şəhərindəki "My Way" Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin müştərək layihəsi olan "Yolum keçir Qarabağdan" adlı sərgi üçün kataloq hazırlanıb. Burada 8-20 yaş arası əslən Azərbaycandan olub vətəndən uzaqda yaşayan ABŞ vətəndaşlarının əl işləri yer alıb. Rəsmlər Azərbaycan musiqisini, sənətkarlığını, mətbəxini, mədəniyyətini əhatə edir. Musiqi alətlərimizdən kamança, qoşanağara, tarın, milli mətbəximizdən piti və qutabın, sənətkarlıqdan xalçamızın, mədəniyyətimizdən iffətli Azərbaycan xanımlarının, üzündə illərin yorğunluğu görünən çobanın təsviri tablolara rəng qatır. 

Əsərlərin içərisində Qarabağla bağlı olanlar diqqəti cəlb edir. Nəinki Amerikada yaşayan soydaşlarımız, biz özümüz də 30 ildən çoxdur ki, dərdi köksümüzdə yaraya çevrilən bu torpaqlara ayaq basa bilmirdik. Bununla belə, yaradıcılıqlarındakı doğmalıq və millilik gənc rəssamların illərdir vətəndə olduğuna şübhə yeri qoymur. Bu uşaqlar Azərbaycandan kilometrlərlə uzaqda yaşasalar da, onların ruhları burdan bir addım da kənara çıxmayıb. "Daşaltı Şəlaləsi"nin müəllifi Elizabet Sidulko əyani görmədiyi təbiət gözəlliklərini o qədər incəliklə əks etdirib ki, onun Şuşadakı şəlaləyə baş çəkmədiyinə inanmaq çətindir. Yaxud 8 yaşlı Emili Aminova Aşağı Gövhər ağa məscidindən hər gün azan çəkilməsini eşitmədən  onu bu cür məharətlə təsvir edə bilibsə, uşaqların Qarabağı görüb yaradacaqlarını təsəvvür etməyə xəyal gücümüz kifayət etməz. Ancaq onların sənətkar ruhları gələcəyi belə görməyə qadirdir. Qarabağı geri qaytaracağımız günə hər kəs inanırdı, buna şübhə yox idi. 15 yaşlı Lea İbrahimovun "Qələbə İrəlidədir" başlıqlı rəsmində də Şuşa qalasının qarşısında üçrəngli bayrağımızı dalğalandıran Azərbaycan əsgərini görürük. Bu damarlarında türk qanı axan hər kəsin, uşaqdan tutmuş böyüyədək bütün həmvətənlərimizin eyni inamla yaşadığının sübutudur. Bunun nəticəsidir ki, kataloqun hazırlanmasından bir il sonra Leanın xəyal gücü bizim həqiqətimiz oldu. Boyalar canlandı, Azərbaycan əsgəri Qarabağı bizə qaytarıb Şuşa qalasına bayrağımızı sancdı.

Sərhədsiz təxəyyül və vətənə olan sevgi azyaşlı həmvətənlərimizi bu rəsmləri çəkməyə vadar edib. Yad ölkədə yaşayan uşaqlar valideynlərinin doğma yurdunu xatırlamadan da həyatlarına davam edə bilərdilər.  Onlar isə bizə yaraşanı edib hansı soydan gəldiklərini unutmadılar. Gözdən uzaq olanı könülə yaxın tutub kiçik qəlblərinin bir hissəsini Azərbaycanımıza ayırdılar. Qələbəmizdə xarici ölkələrdə yaşayan soydaşlarımızın dəstəyini danmaq olmaz. Cismən bizdən ayrı olsalar da, qəlbləri vətən üçün döyünən uzaq ellərin qərib insanları hər sevincimizdə bizə şərik oldular. Burada torpaqlarımızın azad olunmasını minlərlə insan birlikdə qeyd edərkən onlar da yad məmləkətdə, düşmənlərin arasında üçrəngli bayrağımızı qürurla başları üzərinə qaldıraraq dünyaya meydan oxudular. Məhz bu cəsarət və qətiyyət bizi zəfərə apardı.

Bu layihə hazırlananda, yəni 2019-cu ildə yolumuzun Qarabağdan keçməsi bizim üçün reallaşması çətin bir arzu idi. İndi isə doğma torpaqlarımız yenidən sahiblərinin himayəsindədir. Nə yaxşı ki, onu bizə qaytaran oğullarımız var, nə yaxşı ki, mübariz bir xalqıq və nə yaxşı ki, yolumuz keçir Qarabağdan!

 





24.11.2021    çap et  çap et