525.Az

İki söz xəzinəsi qovuşanda - Bilal Alarlı yazır


 

YAXUD NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA FOLKLOR JANRLARI

İki söz xəzinəsi qovuşanda -<b style="color:red"> Bilal Alarlı yazır</b>

Nizami və folklor mövzusunda çoxsaylı məqalələr mövcuddur. Lakin Nizaminin yaradıcılığında yer alan folklor mənbələri, o cümlədən, onun yazılı ədəbiyyata gətirdiyi müxtəlif janrlı folklor nümunələri assiqnmentativ cəhətlərinə görə tam nəzərdən keçirilməyib. Nizami ilə təxminən eyni dövrdə yaşayan Qətran Təbrizi, Əbul-ula Gəncəvi, Fələki Şirvani, Məhsəti Gəncəvi və başqa klassik Azərbaycan şairləri epik məzmunlu mövzulara müraciət etmədiklərinə görə, onların yaradıcılığında folklor janrlarından gəlmə motivlər azlıq təşkil edir. Əslində, Nizami yazılı ədəbiyyata gətirdiyi və nəzmə çəkdiyi folklor nümunələrinin ilk toplayıcısıdır. Bu nümunələr çoxlu folklor janrını əhatə edir ki, onların öyrənilməsi həm də folklorun qədim janrlarını müəyyənləşdirməyə kömək edir. 

Atalar sözü və məsəllər, inanclar, alqışlar, xeyir-dualar, hekayət, əhvalat, rəvayət, əfsanə, nağıl, nəsihət, təmsil, alleqoriya kimi janrlardan bəhrələnən Nizami poemalarını dastan üslubunda yazır, poemalarının ayrı-ayrı fəsillərini dastan adlandırır. "Zalım padşahla Zahidin dastanı", "Kərpickəsən kişinin dastanı", "Ovçu, it və tülkü dastanı", "Firidun ilə maralın dastanı", "Tövbə sındıran zahidin dastanı", "İsa peyğəmbərin dastanı", "Nəzər sahibi bir möbidin dastanı", "Hacı ilə Sofinin dastanı", "Bülbül ilə Qızılquşun dastanı", "Yaralı uşağın dastanı", "Harunərrəşid ilə dəlləyin dastanı", "Fərhad və Şirin dastanı" və başqa nümunələr "dastan" anlayışının folklor və yazılı ədəbiyyat kontekstində janr imkanlarını öyrənməyə imkan verir. Şair poemalarının giriş hissələrini "Dastanın başlanğıcı" adlandırır. Poemalar klassik dastan qəlibində yaradılmışdır, süjetlər nağılı xatırladır, obrazlar isə folklorun bu möhtəşəm janrlarının qəhrəmanlarının talelərini yaşayırlar. Ədalətli şah obrazı nağıllardan gəlir. Poemalarda adı çəkilən Xızır, Xeyir, Şər, Dirilik Çeşməsi, Zülmət dünya, Əfrasiyab yurdu Şərq mifik təfəkküründən, bu təfəkkür əsasında formalaşan Azərbaycan folklorundan gəlmə anlayışlardır. Nizami obrazlarının hər biri əfsanə və rəvayətlərlə bağlıdır. Leyli, Məcnun, Bəhram, İsgəndər, Fərhad, Xosrov, Şirin, Fitnə və başqa obrazlar Nizami qələminin süzgəcindən folklora adladı və tezliklə xalq arasında bu obrazlarla bağlı örnəklər yarandı, həm şifahi, həm də yazılı ədəbiyyata köməkli təsir göstərdi. 

Aşiq və Məşuq obrazları Nizami yaradıcılığına dastanlardan gəlir. Müxtəlif araşdırıcılar "Leyli və Məcnun" poemasının əsasında dayanan məhəbbət əfsanəsinin ərəb folklor nümunəsi olduğunu söyləsələr də, qəhrəmanların türk kimi təsvir edildiyini yazırlar. "Yeddi gözəl" poeması ilə "Yeddi gözəl" dastanının əlaqəsini inkar etmək mümkün deyil, bu dastan Nizaminin eyniadlı poemasının Azərbaycan dilində olan ilk folklor nümunəsidir. Böyük şairin bədii qabartmasından sonra bu mövzu məhəbbət dastanlarına daha güclü şəkildə təsir göstərdi, hətta eyniadlı dastanlar yarandı. Mübahisəli məqam isə Nizaminin istinad etdiyi mövzular və obrazların Nizamiyə qədər mövcud olub-olmaması ilə bağlıdır. Bu həqiqətdir ki, oxşar mövzularla bağlı Nizaminin də folklora güclü təsiri olmuşdur. Məsələn, "Leyli və Məcnun"dakı Qarı obrazı Azərbaycan nağıllarından gəlmədir. Nağıllarda və dastanlarda kontominativ obraz olan Küpəgirən Qarı surəti vardır. Yaxud İsgəndər-Zülqərneyn obrazı Nizamiyədək mövcud idi, Nizami bu mifik obraza yeni çalar gətirdi. Nizamidən sonra İsgəndər obrazı peyğəmbər, Zülmət səfiri, Dirilik suyu axtarıcısı, Adil hökmdar, Fateh kimi yadda qalır, həmçinin, müdrikliyi ilə seçilən insan səviyyəsinə yüksəlir. 

Rəvayətin bir şəkli olan başagəldiyə Nizami yaradıcılığında da rast gəlmək mümkündür. "Sultan Səncər və Qarı", "Fitnə" belə rəvayətlərdir. Əfsanələr poemaların müxtəlif fəsillərində yer alsa da, əslində, bütün poemalar öz mövzusunu el arasında gəzən əfsanələrdən almışdır. Bunun ən bariz nümunələri məhəbbət dastanlarını xatırladan "Leyli və Məcnun" və "Xosrov və Şirin" poemalarıdır. Hekayət və hekayə janrları Nizami yaradıcılığında əhvalat, hər hansı bir hadisənin məzmunu anlamına gəlir. Bəzi hekayətlər adsızdır, sadəcə, "Hekayət" və "Hekayə" başlıqları altında təqdim olunur. "Kəniz satan padşahın hekayəsi", "Rus qızının Bəhrama hekayə söyləməsi", "Xeyir və Şər hekayəsi", "Fağır çörəkçinin hekayəsi və onun varlanması" kimi nümunələr hekayə janrının, "Alimlərin Hörmüzü inkar etmələri və həlak olmalarının hekayəti" kimi nümunələr isə hekayət janrının Nizami təqdimatında mətnin, məzmunun ifadə formalarıdır. Əhvalatlar da janr baxımından maraqlıdır. "İsgəndərin başqırxan qul ilə əhvalatı", "İsgəndərlə Sokratın əhvalatı" ardıcıl süjetlər üzərində deyil, bir hadisə üzərində qurulur və ibrətamiz nəticəsi olur. Nizaminin hekayət, hekayə və əhvalat nümunələrini fərqləndirməsi bu epik parçalara müstəqil janr tələbləri ilə yanaşmasından irəli gəlir. Poemalarda nağıllara da müraciət olunub. "Meyvə satanla tülkünün nağılı" kimi nümunələr Azərbaycan xalq nağıllarını xatırladır. Nizami "Xəmsə"nin bütün poemalarında təmsil və alleqoriyalardan bəhrələnib, fikrini əsaslandırmaq üçün folklorun bu janrına müraciət edib. Böyük şair Azərbaycan ədəbiyyatında bir sıra folklor janrlarında olan nümunələri, o cümlədən, təmsil və alleqoriyaları yazıya alan və nəzmə çəkən ilk toplayıcılardan biridir. "Nuşirəvan və bayquşların söhbəti", "Məcnunun qarğa ilə söhbəti" adlı təmsilvari əhvalatlar sonralar da bu tipli əsərlərin yaranmasına şərait yaratdı. 

Atalar sözü və məsəllər Nizami yaradıcılığında mərhələli xarakterdədir. Buraya Nizaminin özünün müdrik fikirləri (aforizmləri) və folklordan alınan atalar sözləri daxildir. Şairin "Yeddi gözəl" poemasının "Oğlum Məhəmmədə nəsihət" adlı bölməsi, demək olar, atalar sözü və məsəllər üzərində qurulub. Digər əsərlərində də belə nümunələr çoxdur:

Dünya bir şahmatdır, unutma bunu,
İkicə top ilə udar oyunu ("Xosrov və Şirin").

Yaxud:

Sözün də su kimi lətafəti var,
Hər sözü az desən daha xoş olar.

Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.
İnci tək sözlər seç, az danış, az din,
Qoy öz sözlərinlə dünya bəzənsin.
Az sözün inci tək mənası solmaz,
Çox sözün kərpic tək qiyməti olmaz 


("Leyli və Məcnun").

Nizamiyədək müstəqil janr kimi formalaşmamış öyüd-nəsihətlər iri həcmli folklor janrlarının, daha çox dastan və nağılların tərkibində özünə yer alırdı. Nizami bir neçə poemasını oğluna nəsihətlə başlayır və eyni şəkildə də tamamlayır. Şairin "Öz nəfsinə öyüd və nəsihət", "Ərəstunun nəsihətnaməsi", "Əflatunun nəsihətnaməsi", "Sokratın nəsihətnaməsi", "Məhin Babunun Şirinə öyüd verməsi", "Ədalət gözləmək üçün padşaha nəsihət" və "Oğlum Məhəmmədə nəsihət" adlı tövsiyə xarakterli müraciət namələri Azərbaycan yazılı ədəbiyyatında bu ənənənin yaranmasına və inkişafına səbəb oldu. Nəsihətlərlə yanaşı, vəsiyyət də folklor motivlidir, bu üslubda yaranan bədii parçalar istəklərlə yanaşı, tövsiyə, məsləhət və öyüd-nəsihətləri əhatə edir.   

Nizami yaradıcılığında paradiqmatik təsəvvürlərin folklor janrlarındakı təzahürünə də rast gəlirik. Paradiqmatik təssəvvürlər daha çox hekayət janrında və adət-ənənələrlə bağlı ritualların təsvirində təzahür edir. Nizami dövründə inanclar janr kimi formalaşma mərhələsini yaşayırdı. Sınamalar isə bir janr kimi özünü adətlərin icrasında göstərir. Tabular da adətlərdən törəyir. Bütün bunlar Nizami əsərlərinin mifoloji qatını təşkil edir. Nizaminin mifik obraz, hadisə və süjet təqdimatı ümumtürk folklorundan qaynaqlanır, bəzi hallarda obrazlar, bəzi hallarda isə hadisələr folklor nümunələrindəki oxşar süjetlərlə eyniyyət təşkil edir.    

Nizaminin təkcə epik əsərlərində deyil, lirikasında da xalq rəvayətləri, əfsanələr, əsatiri obrazlar öz ifadəsini tapmışdır. 

Beləliklə, Nizamıinin yaradıcılığında folklorun oynadığı rol, həmçinin, şairin folklor janrlarından istifadəsi haqqında aparılan araşdırmalarda deyimlərə, məsəllərə, inanclara, türkəçarələrə, əhvalatlara, dastanlara, nağıllara, rəvayətlərə diqqət yetirilsə də, folklor janrlarının Nizami yaradıcılığındakı roluna, Nizaminin folklor janrlarının assiqmentativ seçiminə, hər bir janra uyğun üslub, ifadə, məzmun orijinallığını qoruyub saxlamasına aid sanballı əsərlər bundan sonra yazılacaqdır. Nizaminin əsərləri özülündə folklor dayanan bir xəzinədir, bu xəzinə imkan verir ki, qədim dövrlərdə Azərbaycan şifahi söz sənətinin janr çalarları yetərli şəkildə araşdırılsın, janrların yaranma, təkmilləşmə və inkişaf mərhələləri folklorşünaslığın müasir tələbləri səviyyəsində öyrənilsin. 

 





24.11.2021    çap et  çap et