525.Az

Tezliklə qapımızı döyəcəyinə söz vermişdi...


 

UNUDULMAZ HƏMKARIM TƏRANƏ MƏMMƏDOVANIN ƏZİZ XATİRƏSİNƏ

Tezliklə qapımızı döyəcəyinə söz vermişdi...<b style="color:red"></b>

Arıq, sarışın, gülərüz, hərbi geyimli o xanımı ilk dəfə 1992-ci ilin soyuq bir payız günündə görmüşdüm. Forma ona çox yaraşırdı, o da formaya yaraşıq verirdi. İkisi bir-birini tamamlayırdı. Həmin günlərdə Daxili Qoşunların "Əsgər" qəzetinə işə düzəlirdim. Hər dəfə lazımi sənədləri redaksiyaya gətirəndə onunla rastlaşırdıq. İşə düzələndə öyrəndim ki, bu gülərüz hərbçi qadın Təranə Məmmədovadır, "Əsgər" qəzetinin redaktor müavinidir. Deməli, işə başlayandan sonra onunla bir yerdə işləyəcəyik, necə deyərlər, külüngü bir yerə vuracağıq. 

Həmin soyuq dekabr günlərində həm Qarabağda, həm də bütün sərhəd boyu ərazilərdə qanlı döyüşlər gedirdi. Erməni qəsbkarları addım-addım kəndlərimizi, şəhərlərimizi ələ keçirir, sakinlərini yurd-yuvasından didərgin salırdı. Belə çətin bir vaxtda torpaq qeyrəti çəkən oğullar ordu sıralarına gəlir, döyüşlərə yollanırdılar. Onda Təranə xanım  da kişilərlə bərabər əyninə hərbi forma geyinib xidmətə başlamışdı. Daxili Qoşunların orqanı olan "Əsgər" qəzetinə xidmətə gəlmiş, qələmini süngüyə çevirmişdi, düşmənlə odlu-alovlu sözləri ilə döyüşürdü. Bu, çox çətin döyüş idi, amma Təranə xanım bu savaşda qalib gəlməli idi. Gəldi də!

Hərbi həyatdan, döyüşlərdən yazı hazırlamaq, məqalə yazmaq bizim üçün yenilik, ilk addım idi. Nədən yazacağıq, necə yazacağıq, işə necə və haradan başlayacağıq, bunu heç də hamımız dəqiq bilmirdik. Ortada hərbi sirrin qorunması məsələsi də var idi. Bizdən bir müddət əvvəl xidmətə başlayan Təranə xanım yeri düşdükcə bizə bəzi dəyərli məsləhətlər verir, yol göstərirdi. Bu məsləhətlər həm cəbhə xəttinə ezamiyyətə gedəndə, həm də material hazırlayanda əlimizdən tuturdu. Redaksiyanın kollektivi qısa müddət ərzində bir-birinə qaynayıb-qarışmışdı. Mehriban atmosferin yaranmasında Təranə xanımın da əməyi az olmamışdı.

Səkkiz aya yaxın Təranə xanımla bir redaksiyada çalışdıq. Sonra ölkədə yaranmış vəziyyətlə əlaqədar olaraq yollarımız ayrıldı. Mən xidmətimi ordu sıralarında davam etdirdim. Təranə xanım isə redaksiyada qalıb xidmətini davam etdirdi. Necə deyərlər, sanki əsgər kimi "Əsgər" qəzetinin keşiyini çəkdi. 

İşdən çıxsam da, yenə də zəngləşirdik. Bir-birimizdən hal-əhval  tuturduq. Hərdən yolum "Əsgər" qəzetinin redaksiyasından düşürdü. Hərdən də Təranə xanım bizim redaksiyaya gəlirdi. Təranə xanım Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri idi. Arxada qalmış illər ərzində Təranə xanımın rütbəsi də artmışdı. Bu sarışın, gülərüz qadın çiynlərində polkovnik-leytenant rütbəsi daşıyırdı. Bu rütbə də, vəzifə də ona yaxşı yaraşırdı.

Təqaüdə çıxandan sonra da Təranə xanımla bir-iki dəfə görüşdük. Artıq Təranə xanım hərbi formanı çıxarmışdı. Amma nədənsə mən həmişə onu formada təsəvvür edirdim. Təranə xanım yaddaşıma hərbi geyimdə həkk olunmuşdu. Təqaüdə çıxandan sonra Təranə xanım bir müddət Bakı Baş Təhsil İdarəsində və Respublika Tərcümə Mərkəzində çalışdı. Sonuncu dəfə 2019-cu ildə M.F.Axundov adına Milli Kitabxanada rastlaşmışdıq. Tələsdiyindən atüstü söhbət etdik, qısa da olsa, ötənləri, keçənləri xatırladıq. Bayramlarda, əlamətdar günlərdə zəngləşib hal-əhval tuturduq. Sonuncu dəfə zəngləşəndə bir az xəstələndiyini, müalicə olunduğunu dedi. Söz verdi ki, yaxın vaxtlarda bizim iş yerinə gələcək. Dediyi sözlər indiki kimi yadımdadır: "Vahid, bir də gördün ki, iş yerinizdəyəm, qapınızı döyürəm". Onun qapımızı döyməsini çox gözlədik. Amma sarışın, gülərüz Təranə xanım ilk dəfə olaraq verdiyi sözə əməl etməyərək, redaksiyaya gəlmədi. Düzdür, qapımız döyüldü. Amma qapımızı  Təranə xanım deyil, onun ölüm xəbəri döydü. Bu xəbər onu tanıyanlardan biri kimi məni də çox kədərləndirdi. Necə deyərlər, indi bizim dost itirən vaxtımız deyildi. Soyuq payız günlərində mətbuatımız bir hərbi jurnalistini də itirdi. Qələmimizin gözü nəmləndi. Amansız ölüm onu əlimizdən çox tez aldı. Təranə xanımdan bizə yazdığı kitablar və acılı-şirinli xatirələr qalacaq. 

1992-ci ilin keşməkeşli çağlarında əyninə hərbi forma geyinmiş  bu sarışın, gülərüz qadın onu tanıyanların yaddaşında əbədi yaşayacaq. Biz onu heç vaxt unutmayacağıq, tez-tez anacağıq, xatırlayacağıq.
 

 





25.11.2021    çap et  çap et