525.Az

DMA: Dövlət Məşğulluq Agentliyi və ya Daim Məşğul Adamlar...


 

DMA: Dövlət Məşğulluq Agentliyi və ya Daim Məşğul Adamlar...<b style="color:red"></b>

Statistika - 1: Beynəlxalq Əmək Təşkilatının açıqlamasına görə, 2019-cu ildə dünyada 187 milyon insan işsiz idi. Təəssüf ki, indi bu rəqəmlər xeyli böyüyüb.

Ölkəmizdə isə vəziyyət fərqlidir...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyində çalışan təxminən 1000 nəfər insan ölkədə 300 min nəfərə yaxın insanın məşğulluğunu təmin etməklə məşğuldur. Sizə qəribə gəlməsin. Bu, statistikadır...

İlk məşğul adamlar...

Ən primitiv əmək alətləri - təqribən bir neçə milyon il əvvəl - ən qədim daş dövrü hesab edilən Paleolit dövründə yaradılıb. Bu dövrdə insanlar bütün alətlərini daşdan, ağacdan və sümükdən hazırlayırmışlar. Paleolit dövründə insanın əsas məşğuliyyəti ovçuluq və yığıcılıq olub.

Əlbəttə, müasir dövrü qədim daş dövrü ilə müqayisə etmək fikrindən xeyli uzağam. Ancaq onu da qeyd etmək lazımdır ki, 21-ci əsrdə texnoloji kəşflər insan əməyindən birbaşa istifadəni xeyli məhdudlaşdırıb. Bu mənada, günümüzdə insanlara məşğulluq tapmaq daha çətin və mürəkkəb qlobal məsələyə çevrilib.

Kapitalizmdən əvvəlki dövrdə bugünkü kimi kütləvi işsizlik müzakirə mövzusu deyildi. İşsizliyin dağıdıcı insani-sosial problem halına gəlməsi sənaye kapitalizmi ilə başladı. Hətta bəzi iqtisadçılar hesab edirlər ki, kapitalizm formasiyası davam etdikcə işsizliyin, səfalətin qarşını almaq mümkün olmayacaq. 

1929-cu ildə Dünya iqtisadi krizisi kapitalist sistemin qarşılaşdığı ən böyük krizis idi. Həmin dövrdə milyonlarca insan işini itirmiş, ölkələrin milli gəlirləri azalmış, iqtisadiyyat kiçilmiş, qarşılıqlı ticarət böyük ölçüdə iflasa uğramışdı. Eyni zamanda, bəzi dövlətlər xarici valyuta ilə istənilən prosesin aparılmasını qadağan etmişdi. Nəticə etibarilə beynəlxalq ticarət məhdudlaşmış, məşğulluq və yaşam standartları sürətlə enməyə başlamışdı.

İşsizliyə səbəb olan faktorlar fərqli olsa da, istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə işsizlik ən önəmli sosial-iqtisadi problem olaraq qalmaqdadır. Bu gün bir sıra ölkələrdə gedən iqtisadi inkişaf prosesinə rəğmən, işsizlik faizi artmaqda, ya da lazım olduğu qədər azalmamaqdadır.

Dünyanın fərqli coğrafiyalarında gedən sosial-iqtisadi inkişafın, texnoloji yüksəlişin fonunda dövlət başçıları, siyasətçilər, mütəxəssislər işsizlik səviyyəsinin minimuma endirilməsi istiqamətində müxtəlif yollar axtarır, bu xüsusda çeşidli üsullar tətbiq edirlər.

Azərbaycanda da işsizliyin aradan qaldırılması yönündə hər il bir sıra sərəncam və fərmanlar imzalanır, yol xəritələri çəkilir, strateji planlar hazırlanır.

Statistika - 2: Bu günə qədər Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti nəticəsində 164 min 769 nəfər işlə təmin edilib.

Son illər ölkə başçısının fərman və sərəncamlarına uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi, insanların həyat şəratinin yaxşılaşdırılması məqsədilə görülən əyani işlər, həyata keçirilən tədbirlər, inklüziv məşğulluğun təmin edilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir. Dövlət Məşğulluq Agentliyinin vətəndaş yönümlülüyünü, əlçatımlılığını xüsusi qeyd etmək yerinə düşər. Agentliyin regionlarda uğurla həyata keçirdiyi özünüməşğulluq tədbirlərini, müxtəlif istiqamətlərdə əhaliyə göstərdiyi xidmətləri, kənd sakinlərinə yaratdığı imkanları yüksək qiymətləndirmək lazımdır.

Yaxın tarixə nəzər salsaq, 1985-ci ildən 2000-ci illər arasında məşğulluq siyasətində uğurlu olan ölkələr sıralamasında öndə gələn Yaponiya və Almaniyanın 2001-ci ildə məşğulluq-işsizlik baxımından böyük çətinliklərlə qarşı-qarşıya qaldığını görmüş olarıq. Həmin illər Yaponiya iqtisadi böhranla üz-üzə qalmış, Almaniya isə məşğulluq və işsizliklə bağlı müsbət göstərici ortaya qoyacaq iqtisadi dinamizm əldə edə bilməmişdi.

Fiziokratlara görə, yalnız kənd təsərrüfatı sektoru hər zaman xərclənəndən daha artığını geri verir və kənd təsərrüfatı iqtisadi böyümənin təməlini təşkil edir. Dolayısıyla iqtisadi böyümə kənd təsərrüfatı sektorundakı istehsal artımıyla mümkündür.

Statistika - 3: Bu günə qədər Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti nəticəsində 73 min 34 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Tanınmış iqtisadçı Adam Smit deyirdi ki, dövlət hər bir əmək qabiliyyətli insana münasib şərait yaratsa, o, heç vaxt cəmiyyətə borclu qalmaz. İnsanların əməyi, yaradıcı fəaliyyəti kənd, qəsəbə, rayon, şəhər, ölkə və dünya miqyasında düzgün təşkil edilməli və istiqamətləndirilməlidir. Smitrin bu fikrini böhranlardan çıxış yolu kimi də qiymətləndirə bilərik. Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə dairəsi hər il genişlənir və bu proqrama yeni iqtisadi fəaliyyət sahələri əlavə olunur. Bölgələrdə yaşayan yüzlərlə vətəndaşa müvafiq biznes paketi təqdim edilir ki, bunun da nəticəsində vətəndaşlar öz kiçik təsərrüfatlarını qura bilirlər.

Demokratik, insan hüquqlarına əsaslanan ölkələrdə ictimai iştirakçılıq mühüm rola sahibdir. Dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində ictimaiyyətlə məsləhətləşmələr, ictimai rəyin nəzərə alınması dövlət üçün böyük əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, DMA-nın intensiv fəaliyyəti nəticəsində sosial dialoq və ictimai iştirakçılığı təmin etmək prosesi ölkədə sürətlə irəliləyir.

Ölkənin gələcəyinin təminatı olaraq göstərilən və toplumun ən dinamik fərdləri olan gənclər haqqında ciddi siyasətin aparılması qabaqcıl dövlətlər üçün hər zaman ön planda olub. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri də gənclər siyasətidir. Hər il ölkə çapında gənclərə yüksək şəraitin yaradılması üçün dövlət proqramları qəbul edilir. Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq sahədə bir sıra tədbirlər həyata keçirilir ki (gənclərin sosial müdafiəsinin gücləndirilməsi, bilik və bacarıqlarının artırılması, ideyalarının reallaşdırılması, o cümlədən, məşğulluqlarının təmin edilməsi, gənclərin əmək bazarında rəqabətə davamlılığının artırılması, mövcud potensiallarının reallaşdırılması kimi vacib məsələləri qeyd edə bilərik), bu da özlüyündə Azərbaycan gəncləri qarşısında yeni üfüqlər açır, böyük imkanlar yaradır. Bütün bunların nəticəsində ölkəmizdə gənclik cəmiyyətin aparıcı qüvvəsinə çevrilib.

Bir məqamı xüsusilə vurğulamaq istəyirəm. DMA müharibə iştirakçılarının, şəhid ailələrinin məşğulluq proqramı ilə əhatə olunması kimi vacib məsələyə həssas yanaşır. Agentliyin rəhbər vəzifəli şəxslərinin şəhid ailələri, müharibə əlilləri ilə yaşadıqları ünvanlarda görüşlərinin də tez-tez şahidi oluruq. Bu qrupdan olan şəxslər növbədənkənar özünüməşğulluq proqramlarına cəlb edilir, onlar üçün iqtisadi fəaliyyət növləri üzrə təsərrüfat və kiçik ailə müəssisələri yaradılır.

Yuxarıda qeyd olunanlar Dövlət Məşğulluq Agentliyinin çoxşaxəli fəaliyyətinin kiçik bir hissəsini təşkil edir. Ancaq düşünürəm ki, Agentliyinin fəlsəfəsini anlamaq və fəaliyyətini lazımi şəkildə qiymətləndirmək üçün kifayətdir.

Statistika - 4: Bu günə qədər Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti nəticəsində 25 min 557 nəfər özünüməşğulluq proqramından yararlanıb.
Şübhəsiz ki, bundan sonra da Azərbaycan dövlətinin mövcud iqtisadi siyasəti və inkişaf strategiyasına uyğun olaraq Dövlət Məşğulluq Agentliyinin davamlı fəaliyyəti, həyata keçirəcəyi aktiv məşğulluq tədbirləri, dayanıqlı məşğulluğun təmin edilməsi istiqamətində atacağı addımlar ölkə iqtisadiyyatının rəqabət gücünü artıracaq, vətəndaşların həyat şəraitini yüksək səviyyədə təmin edəcək. 

Məşhur iqtisadçı Adam Smitin fikrinə əsaslansaq, bu gün Azərbaycan dövlətinin cəmiyyət qarşısında öz vəzifəsini layiqincə yerinə yetirdiyini görmüş olarıq...

 





26.11.2021    çap et  çap et