525.Az

Payıza yolun düşsə... - Südabə Ağabalayeva yazır


 

UNUDULMAZ NİSƏ BƏYİMİN VƏFATINDAN 1 İL ÖTÜR

Payıza yolun düşsə... -<b style="color:red"> Südabə Ağabalayeva yazır</b>

Dərdimi suya danışdım,
Od tutub alışmadı.
Ölümümlə barışdım,
Həyatım barışmadı. 
Anar

Xatırlamaq istəmədiyim hər şey kimi, o günü də unutmaq istəyirəm... Bütün yaradıcılığını heçliklər arasında tənhalıq nəğmələri kimi izlədiyim və fərqləndirdiyim Nisə Bəyimin sonuncu dəfə Yazıçılar Birliyinə gəlişini. Dördüncü mərtəbəyə - redaksiyaya qalxmağa gücü çatmayıb bir mərtəbə aşağı çağırmışdı. Gülümsəməyə çalışaraq: - Narahat etməyim, işləyirsən, - desə də, məğlub təbəssümündən acı-acı süzülən "məni belə xatırlamanızı istəmirəm..." kədərinin sarsıntısını gizləməyə çalışırdım ki, qəfil zərbə kimi ürəyimin başına sancılan xahişini söylədi: "Mən öləndə haqqımda sən yazarsan!" 

Heyrətlə gözünün içinə baxdım və diksindim. Xahişindən yox, səsindən diksindim... Səsinin ahəngindən: tərəddüdsüz, qətiyyətlə, əminliklə! Eynən mənim onun yaradıcı istedadı ilə bağlı qənaətim kimi! Şeirləri ilə ilk tanışlıqdan yaranan, heç vaxt da dəyişməyən bu qənaətimə görə sözsüz təşəkkür edirdi bu ərki ilə... 15 il əvvəl olduğu kimi. 50 yaşına yazdığım esseni oxuyub gəlmişdi redaksiyaya... Gəldi, salamlaşıb qarşımda oturdu, əlini qoydu stoldakı jurnalın üstünə. Baxdı... baxdı və gözlərini yumdu. Sükutun gücü çatmadı göyün buludundan ağır olan o göz yaşlarını silməyə... Sonra dedi ki, insanın sağlığında öz elegiyasını oxuması bilirsən nə gözəl hissdi?.. 

Və mən indi də o ürəyin çırpıntısını tənhalıq nəğmələrinin nəqəratı kimi dinləyirəm. Və həmişə belə olacaq. Hər şeirini oxuyanda olduğu kimi. 

***

Nisəbəyim Rəhimovanın yaradıcılığı şərtilikləri məğlub edirdi. Uzun illər imzasını ad-soyad əmanətilə təqdim etmişdi. Bir gün redaksiyaya şeirlərini gətirəndə, necə oldusa, təklif etdim ki, bəlkə imzanı belə qoyasan: Nisə BƏYİM?! Yenə çöhrəsi təbəssümlə işıqlandı, - olsun, - dedi. Ona Bəyimlik də, Xanımlıq da, Banuluq da yaraşırdı, təxəllüslə seçilmək ehtiyacı da yox idi. Nisə Bəyimi istedadı seçdirmişdi. Nisə Bəyimin istedadında və xarakterində türk qadını, türk gözəli və türk düşüncəsinin dəyər daşıyıcılığı ilk baxışdan hiss olunur və rəğbət doğururdu. 

Onun istedadının obrazında Ləyaqət, Ülvilik və Şəxsiyyətin ahəngi də ilk baxışdan seçilirdi və məhz bu, onun yaradıcı üslubi özəlliyini fərqləndirirdi. İstedad və ləyaqətini əmtəə predmeti kimi düşünməyi ağlından keçirmədi və elə ona görə də ədəbi vicdanına və ədəbi əxlaqına nəinki toz qondurmadı, əksinə, əsl istedadın və şəxsiyyətin dəyərinin güzəşt və imtiyaza əyilməyən vüqarda olması nümunəsi kimi seçilənlərin azsaylı cərgəsində oldu həmişə. Çünki bütün gerçəkləri söyləyən vaxtın içində yalanla gerçəyin sıyrılacağı günün sınağından qalib çıxmağın tək yolunu belə görürdü. Və Ruhunun azadlığıyla şərti belə kəsmişdi: həyat da ölüm kimidir; ikinci şansı olmur. Bəli, tale ona təkrarsız istedad bəxş etmişdi və bu istedad o qədər qürurlu və azaddı ki, kitablarına ön söz yazdırmağı, təqdimatında təşkil olunmuş coşqu, hay-küylü "tərif dilənçiliyi" arzulamadı. 

Güclü, əmin və azad düşüncəli insanlara xas olan bir keyfiyyəti ilə də çoxundan seçilirdi; nitqində, hərəkət və davranışında təmkin, əndazəni gözləmək bacarığı. 

Nisə Bəyimi haqsızlıq, ədalətsizlik, etinasızlıq  və ən dəhşətlisi, biganəlik üzə bilərdi, amma öz qiymətini bilən əsl istedadlar kimi, bir az da uşaq saflığını qoruya bildiyindən, qəlbi və düşüncəsi "Günəşə boylanan çiçəklər  kimi" (S.Rüstəmxanlı) ümidlərə gülümsəməkdən heç yorulmadı... 

Ümidlərin aldanışları yordu onu, bir də "üç nöqtələr"... 

Mən ömür bildiyim qoca zamandan
Ovcumda bir nişan qalmadı ki heç... 
Günlərin bir günü bir gün istədim,
Günlərin bir günü olmadı ki heç... 

...Günlərin bir günü... Noyabrın 26-da gecə Nisə Bəyimin göndərdiyi son şeirləri oxuyurdum. Yenə tənhalığının ağırlığını ruhumda, qəlbimdə yaşaya-yaşaya, bu şeirlərin cazibəsini düşünürdüm. Düşünürdüm ki, Nisə Bəyimin istedadı təkcə 30-a yaxın kitabında, poemalarında, son illər şeirindən kəsib canı bahasına yazdığı romanlarında, nəsr yaradıcılığında kodlanmayıb, Nisə Bəyim tənhalıqdan bəhrələnmək istedadı ilə də Azərbaycan poeziyasında təkrarsızdır. Hardansa yaddaşımda ilişib qalmış səsini eşitdim bir anlığa: 

Vaxtın gedib gəlmədiyi, 
Baxtın üzə gülmədiyi, 
Dərdin çəkə bilmədiyi 
Yük imiş, yük, tənhalığım. 

Üşüdüm və mənə elə gəldi ki, Nisə Bəyim də üşüyür. Əlimi telefona uzatdım. Adını axtarışa verəndə gözüm saata ilişdi. Gecdi, sabah mütləq yığaram. Qalxıb xəbər saytlarını gözdən keçirməyə başladım və... diksindim... Eynən son görüşümüzdəki xahişindən diksindiyim kimi... Pəncərəni açıb göyün qaşqabağına bir iltimas göndərməkdən başqa əlimdən heç nə gəlmədi:

Payıza yolun düşsə, 
Darıxdığımı söylə...

Gecənin və varlığıma çökmüş xəbərin ağırlığını aldatmaqçün məğlub bir təsəlli arayarkən qəfil bir yüngüllük hiss elədim: nə yaxşı, nə yaxşı ki, Azərbaycanın görkəmli şairi, sevimli və unudulmaz Nisə Bəyim Azərbaycan xalqının zəfər tarixini yazanlara son sözünü söylədi, Qarabağın işğaldan azad olunmasının qələbə sevincini yaşaya bildi. 

Xatirəsinə və ruhuna dərin ehtiramla...

 





26.11.2021    çap et  çap et