525.Az

Əxlaqlı olmağın asanlığı və çətinliyi - Əlisəfdər Hüseynov yazır


 

Əxlaqlı olmağın asanlığı və çətinliyi -<b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

NECƏ EDƏK Kİ, ƏXLAQLI OLAQ?..

Bu günlərdə Niyazi Mehdinin "Fəlsəfə tarixində fəlsəfə" kitabını təkrarən vərəqləyəndə İ.Kantın (yenə də Kant!) Niyazi müəllimin təhlili kontekstində anladığım əxlaq konsepsiyası ilə bağlı düşündüklərim belə bir sonuca gətirib çıxardı ki, müasir çağımızda əxlaqi dəyərlərin deqradasiyaya uğraması, əxlaq libasında efirə, mətbuata, sosial şəbəkələrə soxulub cəmiyyətdə öz dağıdıcı missiyasını yerinə yetirən bic (yəni mənsubiyyəti, kökü məlum olmayan) "əxlaq etalonları"nın at oynatmağı adi bir səhvin - əxlaq anlayışını düzgün anlamamağın nəticəsidir və belə getsə, biz "əxlaq" deyə-deyə əslində, nadanlığın qurbanlarına çevrilə bilərik...

Bəzi düşük "mütəfəkkirlərin" əxlaqdan danışmağın əxlaqın ilkin şərti olması barədə elə özləri kimi düşük fəlsəfəsini bir kənara atıb belə bir sual ətrafında fikirləşək: "Nədir əxlaq, əxlaqlı olmaq?"

Bizdə bu sözü çox vaxt "tərbiyəli olmaq", "namus", "abır-həya" anlayışlarının sinonimi kimi yozmaq o qədər dəbdədir ki, küçəyə çıxıb bu sualla müraciət edəcəyin 10 adamdan 9-u elə bu sözlərlə də cavab verəcək. Əslində isə əxlaq çox geniş bir anlayışdır, onun məzmununun əhatə dairəsi təkcə bu sözlərlə məhdudlaşmır. O, daha böyük məna daşıyan fəlsəfi-etik bir kateqoriyadır.

Kantın konsepsiyasına görə, əxlaq  - kökündə, fundamentində əxlaqi qanun dəyəri dayanan davranış, yaşam tərzidir, hamının qəbul və əməl etməli olduğu etiketlər məcmusudur. Əxlaqlı olmaq istəyən insan ilk növbədə belə bir suala cavab verməlidir: "Mən nə edirəm və nə üçün edirəm?" Cavabın isə ən optimal variantı belədir: "Mən ona görə belə edirəm ki, sabah başqalarının da mənə qarşı belə davranmalarını normal və əxlaqi hesab edim". Əxlaqi davranışın bumeranq effekti daşıyan təməl prinsipi bax, budur! Yəni atdığın bumeranq qayıdıb öz üstünə gələndə sən qaçıb gizlənməməlisən, çünki həmin trayektoriyanı sən özün seçmisən və bilirsən ki, geri qayıdıb sənə dəyən bumeranq ağrı yaratmayacaq. 

Bunu konkret nümunələrlə belə açmaq olar: Əgər birisi başqasının qadınına pis gözlə baxmağı, yaxud oğurluq, yaltaqlıq etməyi, yalan danışmağı... qeyri-əxlaqi hesab etmir, öz davranışında bu əməllərə yol verirsə, deməli, razılaşır ki, sabah bir başqasının onun da arvadına eyni gözlə baxmasını, yaxud özünün oğurluğun, yalanın, yaltaqlığın... qurbanına çevrilməsini əxlaqa zidd hesab etməyəcək. Çünki o, öz əməlləri ilə belə davranışa haqq qazandıraraq ona hamı tərəfindən qəbul olunan qanun mahiyyəti verib.

Mən ona görə pislik edirəm ki, sabah mənə qarşı da pislik ediləcəyindən narahat deyiləm; ona görə rüşvət verirəm ki, sabah özümün də rüşvət almağa haqqım olsun - çox təəssüf ki, bu da bir "əxlaq" modelidir.

Kantın əxlaq konsepsiyasının diqqətəlayiq cəhəti ondadır ki, əxlaq anlayışı ilə manipulyasiyaya və spekulyatsiyaya imkan vermir - hər kəs ağzı köpüklənə-köpüklənə əxlaqın şərəfinə dediyi sağlıqlarla yox, etdiyi, haqq qazandırdığı əməllə hansı yuvanın quşu olduğunu ortaya qoyur. Doğrudur, xüsusilə çağdaş cəmiyyətlərdə "əxlaqlı adam" roluna girib bu rolu oynaya-oynaya əslində, əxlaqlı adamları küncə sıxışdıran, əxlaq anlayışından öz əxlaqsızlığını ört-basdır etmək üçün bir bəzək əşyası kimi istifadə edənlərlə də qarşılaşırıq. Belələrinin ən sevimli məşğuliyyəti tez-tez, yeri gəldi-gəlmədi əxlaq haqqında danışmaq, bu xüsusda başqalarına dərs keçmək, necə deyərlər, moizə oxumaqdır. Lakin kimə aydın deyil ki, belələri ən yaxşı halda  riyakarlığı da əxlaqi dəyər statusu verən dələduzlar və saxtakarlardır!

Bunun bir modelini biz "Bir cənub şəhərində" filmində görürük. Xatırlayırsınızsa, məhəllənin əxlaq təəssübkeşləri olan, küçədə öz qadını, yaxud qadın dostu ilə gəzməyi əxlaqa zidd hesab edən "əxlaqlı" kişilər məhəllədən kənara çıxan kimi olurlar başqalarının arvadlarına söz atan, onlara girişən cüvəllağı. Belə əxlaq balanssızlığının sonu isə filmdəki kimi bıçaqlaşma, qətldir...

Əxlaqlı olmağın birinci şərti umacaqsızlıqdır, niyyətlə əməlin üst-üstə düşməsi, məsələn, bir yad qadının gözəlliyi haqqında danışanda işlətdiyin "anam, bacım olsun" sözlərində ifadə olunan səmimiyyətinin dərəcəsidir...

Xülasə, əxlaq öz başlanğıcını fərdin seçimindən, iradəsindən, istəyindən götürür, hansı əxlaqın qulu olmaq istədiyini cəmiyyət, insanlar özləri seçir. Bu mənada, Qərbə inteqrasiya yolu tutan Azərbaycanın xüsusilə ailə-məhəbbət sferasında öz milli əxlaq ənənələrini Qərbin davranış paradiqmalarına təslim etməsi ciddi müzakirə predmetinə çevrilməlidir (Qərbin hamı tərəfindən qəbul olunmuş ailə- məhəbbət modeli belədir: Ailə birgə təssərrüfatın, büdcənin idarə olunduğu, tərəflərin birlikdə yaşadığı sosial institutdur və orada məhəbbətin hökmranlığı vacib şərt deyil. Ona görə də ailə üzvlərinin ailədənkənar məhəbbət macəraları başadüşülən və qəbulediləndir. Bir çox ölkələrdə məsələnin bu tərəfi tərəflərin öhdəlikləri kimi hətta  nikah sazişində rəsmiləşdirilir (?!).

"Yarımştat" tamaşasında deyildiyi kimi, haça-paça vəziyyətdə qalmağımız göz qabağında deyilmi?

Bu vəziyyətdən çıxmağın düzgün yolu əvvəldə dediyim kimi, bir suala verəcəyimiz cavabdan keçir: "Biz nə istəyirik və nə üçün istəyirik?"

P.S. Mən filosof deyiləm və çoxları kimi başqalarına əxlaq dərsi vermək niyyətim də yoxdur. Sadəcə, Niyazi müəllim demişkən, Kantın fikirlərindən itələnib öz düşüncələrimi sizinlə bölüşdüm.

BAYRAĞIMIZLA NECƏ RƏFTAR ETMƏLİ?

44 günlük Vətən müharibəsi başa çatandan bir az sonra Ağdama səfər edən bir qrup din xadiminin jurnalistlərə verdikləri müsahibələr televiziya ilə nümayiş olunurdu. Yəhudi din icması nümayəndəsinin maskasına Azərbaycanın Dövlət bayrağını imitasiya edən kiçik maketin əlavə olunması bu mənzərəni izləyən dostlarımdan birini əsəbləşdirdi: "Bayrağımıza bu nə hörmətsizlikdir? Niyə bu biabırçılığa göz yumurlar?"...

...Və ardınca qızğın bir mübahisə başladı...

Mən o mübahisənin detallarına varmayacağam. Amma dövlət bayrağımızla rəftar məsələsi mövzusıuda bəzi fikirlərimi bölüşmək istəyirəm.
Əvvəla, deyim ki, dostumun xoşuna gəlməyən həmin jest barədə mən tamamilə başqa fikirdəyəm və düşünürəm ki, bu, bayrağımıza təhqir yox, əksinə, hörmət, bununla da dövlətimizlə, xalqımızla həmrəylik əlamətidir. Bayrağın maketinin məhz maskaya əlavə olunmasından da narahat olmağa dəyməz. Maska artıq bizim geyim aksessuarlarımızdan birinə çevrilib və əgər pencəyimizin yaxasında bayrağımızın şəklini gəzdirmək qəbahət deyilsə, bu şəkli maskanın üstündə görəndə niyə əsəbiləşməliyik ki?

O ki qaldı maska köhnəlib istifadəyə yaramayanda şəklin taleyinə, onu müvəqqəti yapışdırıldığı maskadan ayırıb "problemi" həll etmək bir neçə saniyəlik işdir.

Məni əsəbiləşdirən başqa məqamlardır.

Əgər bu xoşməramlı jest belə xətrimizə dəyirsə, onda nəyə görə qürurumuza belə süni şəkildə yox,  əsl həqiqətdə toxunmalı olan hallara göz yumuruq?

Bayraq müqəddəsdir. O, salona gətiriləndə cinsindən, yaşından asılı olmayaraq hamı, hətta dövlət başçısı da ayağa qalxır, prezident öz fəaliyyətinə bayrağın qarşısında çöküb onu öpəndən sonra başlayır.

Heç rəvamıdır ki, bu boyda hörmətə layiq olan bayrağın rənglərini imitasiya edən köynək, şalvar-pencək geyib onu bu qədər aşağılayasan?..

Bayraq ondan tikilmiş paltarı kiminsə öz eybəcər əndamına zorla pərçim edib dolayısı ilə bayrağı da eybəcərləşdirməsi üçün deyil axı!

Müqəddəs dövlət bayrağına münasibət də bu müqəddəslik səviyyəsində olmalıdır, daha pencək-şalvar, yubka-kofta səviyyəsində yox.

Bayrağa münasibət dövlətə və xalqın ruhuna olan münasibətin ifadəsidir. Onu qurşaqdan aşağı səviyyəyə salmaq günah və cinayətdir!

Unutmayaq ki, bayrağın "parçasından" tikilmiş paltarı əyninə geyən hansısa bir şəxs kənardan baxanda ən azından bayraqla spekulyatsiya edən cüvvəllağı təsiri bağışlayan bir kimsənədir və onu saxlayıb bu özbaşınalığın səbəbi ilə maraqlanmamaq bu dövləti, bu bayrağı həqiqətən sevən hər bir şəxsin mənəvi borcu olmalıdır.

İdmançılarımız yarışda qələbə çalanda guya sevinclərinin ifadəsi kimi bayrağı bədənlərinə sarıyırlar. Amma fikirləşmirlər ki, tərini bu bayrağa hopdurmaq, onunla mələfə kimi rəftar etmək heç də yaxşı effekt doğurmur (ələlxüsus da bir azdan o bayraq himnimizin müşayiəti ilə ucaldılacaqsa)...

Körpə uşaqların bayrağı ayaqlaya-ayaqlaya burdan-ora, ordan-bura qaçmasını əks etdirən şəkilləri, videoları səxavətlə sosial şəbəkələrdə paylaşanlar düzmü hərəkət edir?.. (düşünək: o uşaqların yaddaşında bayraq ilk növbədə ayaqladıqları bir nəsnə kimi qalacaq).

Dövlət bayrağı sadəcə ağaca bağlanmış üçrəngli parça deyil, Dövlət Himni səviyyəsində dövlətin varlığını nümayiş etdirən, dövləti əvəz edən rəmzdir, simvoldur. Dövlət Himni çalınanda hamı ayağa qalxır, əlini ürəyinin üstünə qoyur, sevincdən kövrələ-kövrələ himni oxuyur və heç kimin də ağlına gəlmir ki, hansısa bir tədbirdə himnimizin melodiyaları altında qol götürüb oynaya, rəqs edə. 

Bəs onda bayrağa münasibətdə bu sərbəstliyin, özbaşınalığın səbəbini harda axtaraq?

Dövlət bayrağı ilə bu sayaq məsuliyyətsiz rəftar tabutunun üstünə bayraq salınan şəhidlərin ruhuna ən azından (!) hörmətsizlikdir.

Bunlar məni əsəbiləşdirir. Çünki bayrağa məhəbbət, sayğı pərdəsi arxasında onunla spekulyatsiya, manipulyasiya etməkdən başqa bir şey deyil. 
Unutmayaq ki, Dövlət Bayrağı yalnız ümumxalq hüzn günlərində və yalnız prezidentin sərəncamı ilə endirilir (!!!)

Çox qorxduğum bir şey də var - kim bilir, bir də gördün satışda bayrağı imitasiya edən alt paltarları, yaxud cib dəsmalları satılır.

Allah o günü göstərməsin.

...Mən gördüyünüz bu fotonu dünyanın ən gözəl, ən təsirli fotosu hesab edirəm və hər dəfə bu fotoya baxanda ilk növbədə kövrəlirəm, sonra kövrəldiyim qədər sevinirəm... və nəhayət, sevindiyim qədər də qürurlanıram...

 





26.11.2021    çap et  çap et