525.Az

Qarabağın payızı - Salman Alıoğlu yazır


 

Qarabağın payızı -<b style="color:red"> Salman Alıoğlu yazır</b>

Bu yerlərdə, elə bil, torpaq da nəfəsimizi hiss edir, ayaq səsimizi eşidir, uzun ayrılıqdan sonra bizə qucaq açır. Qarabağda qəribliyə düşən daş da sevinir. Sanki yal-yamac da dil açıb deyir: "Əzizim vətən yaxşı..."

Adımız yurdumuza, ocaq yerimizə, izimizə, torpağın üstünə, ağacların gövdəsinə, sal qayaların sinəsinə əbədi həkk olunub. Nahaq yerə deməyiblər ki, Vətənə gəldim, imana gəldim. 

Doğma diyar, yeni büsatın mübarək!

Bu yerdə günəş aydın, göy durudur. Bu torpaqda daş da əksən bar verər. Azad edilən torpaqlarda yeni həyat yaranır, təzə-tər arzular baş qaldırır. Bu yerlərin yol çəkəni, ev tikəni, igid oğulları, Qalib Sərkərdəsi var!

İndi Qarabağa Zəfər soraqlı, cənnət ətirli payız gəlib. İlahi bu yerlərin təbiətini elə bəzəyib ki, onu təsvir etməyə sözün gücü çatmır. Bu gözəlliyə, rənglərin harmoniyasına baxdıqca baxmaq istəyirsən, göz dincəlir, ruh təzələnir, həyat eşqi, yaşamaq həvəsi insanı vəcdə gətirir. 

Mənim üçün düşmənin xarabalığa çevirdiyi, Qafqazın Xirosiması adlandırılan Ağdamın viranəliyi də əzəmətli görünür. Nə qədər dağıtsalar da, bu əzəməti yıxa bilməyiblər. Ağdamın işığı daha da gur yansın deyə həyatımı qurban verməyə hazıram. 

Ağdamı ana təbiətin nadir incisi hesab etmək olar. Bəlkə də, yeganə rayon olub ki, həm dağları, təpələri, gen dərələri, yaylaqları, həm də qora bişirən aranı olub. Buz kimi sərin bulaqları bu yerlərə mehman olanlara sərinlik, rahatlıq və yüksək əhval-ruhiyyə bəxş edib. Adi otu, çiçəyi, şır-şır axan çayları, bulaqlar, hər dərdə dərman olan havası, qara torpağı da təbiətinin zənginliyindən xəbər verir. Xaçınçayın dumduru suyu ilə üz-gözümüzü doyunca yuyuruq, Şahbulağın bal dadan suyundan da doyunca içirik. Qalanın yaxınlığındakı Xan çinarın beşbarmaq yarpaqları torpağın üstünə xalı kimi döşənib. O yarpaqları tapdalamağa qıymırsan, bir qədər aralıdakı nar ağacında bir neçə narın bağrı çatlayıb, "payımız özünü budaqlardan asıb". Dəririk, dənələri bal dadır, şirəsindən doymaq olmur...

Bir sözlə, Qarabağın payızı bir özgə aləmdir. Bu gözəlliklərdən doymaq qeyri-mümkündür...

 





26.11.2021    çap et  çap et