525.Az

Məchul və məlum "İmperator" - Xəyal Rza yazır


 

Məchul və məlum "İmperator" -<b style="color:red"> Xəyal Rza yazır</b>

Uşaqlıqda haqsızlığa uğramış, doğma hesab etdikləri tərəfindən ailəsinin əlindən hər şeyi alınmış naməlum adam. Ədalətsizliyi uşaq yaşlarından tanımaq, qisas hissiylə böyümək, ədalətin gec-tez bərqərar olcağına inanmaq və bu böyük inamın, səbrin, təmkinin qarşılığında arzuların gerçəkləşməsi... İmperatora çevrilməsi, qətiyyətli addımları, ağıllı davranışlarıyla itirdiklərini əldə etməsi...  

Hadisələr 2021-ci ilin yaz aylarında, bir məkanda cərayan edir. Dəbdəbəli malikanə və onun güllü-çiçəkli həyəti. Naməlum adam səhərlərin birində həyətdə yatmış vəziyyətdə peyda olmaqla imkanlı ailənin güzəranını dəyişir, rahatlığını pozur. Naməlum adamı ilk görən malikanənin xanımıdır. Daha sonra səs-küyə evin kişisi, sahibi oyanır. Və üçlüyün söhbətilə əsərdəki hadisələr başlanğıc götürür. 

Qadın 30 yaşlarında, azacıq dolubədənli, gözəgəlimli, xanım-xatındır. Evdar xanımdır. İmperatorun uzaq qohumlarından biridir. Özündən 15-20 yaş böyük adama ərə gedib. Həmin adamın imkanlı olması ailəsinin bu evliliyə razılıq verməsinə səbəb olub. Qadının özü də bu evliliyə könüllü olub. Çünki bu evdə, bu malikanədə yaşayacaqdı. Bu evlə bağlı onun uşaqlıq xatirələri var idi. Və hər zaman bu xatirələrlə yaşayır, uşaqlıq günlərinin həsrətini çəkirdi. 

Hər şey naməlum adamın malikanənin həyətində yatmış vəziyyətdə tapılmasıyla başladı. Bu adam kimdir? Burada niyə yatıb? Özgə həyətinə niyə soxulub? Tüfeyli? Oxşayır... üz-gözünü tük basıb, cırcındır içindədir. Yox! Həm də oxşamır! 

Evin xanımı onunla rastlaşanda ağlından min fikir keçdi. Səs-küy saldı. Sorğu-sual elədi. Evin kişisi səs-küyə yuxudan oyandı. O da bu naməlum adama yaxınlaşdı. Və hər şey başladı. Kişinin şübhələri artdıqca artdı. Qadınına şübhəli suallar yağdırmağa başladı. Naməlum adam isə qadına komplimentlər söyləyirdi. Beləliklə, düyün vuruldu və konfliktlər başladı. Naməlum adamın evdən getmək istəməməsi konfliktləri qızışdırdı.  Naməlum adam 35 yaşında, hündürboy, yaraşıqlıdır. Ziyalı və imkanlı ailədə anadan olub. Uşaqlıq illəri gözəl keçib. Ancaq yaxın və doğma sandıqları adamların onları aldatması nəticəsində hər şeyləri əllərindən çıxıb. Buna baxmayaraq, təhsilini yüksək səviyyədə tamamlaya bilib. Orta məktəbi də, ali məktəbi də fərqlənməylə bitirib. Ağlı kəsəndən ədalətə inanıb. Gec, ya tez hər şeyin düzələcəyinə əmin olub. Qisas hissi səbir kasasını doldura bilməyib. Təmkinlə, ağılla hərəkət edib. 

İmperatora çevrilən naməlum adamın ev sahibinə borc verməsi və bunun qarşılığında evin ona girov qoyulması... borc qaytarılmadığı üçün evin məhkəmənin qərarıyla İmperatora verilməsi əsərin kuliminasiyası, İmperatorun kimliyinin gün üzünə çıxması isə əsərdəki düyünlərin açılmasına səbəb oldu. Sən demə, İmperator evin əsl sahibi imiş. Bu həyətdə böyüyüb, evin hər küncündə, bucağında ayaq izləri var, evin əsl sahibidi. 
Bax belə! Haqq nazilər, ancaq üzülməz! Dələduzun sonu budur! Bəs necə?! Kələklə gələn, küləklə gedər! 

Ev sahibi - uğursuz biznesmendi. Onu biznesmenden daha çox dələduz adlandırmaq olar. Bütün əldə etdikləri haram yollarla əldə olunub, həyatı təpədən-dırnağa yalan üzərində qurulub. Hətta ən yaxın, doğma adamlarına belə mərhəmət etməyib. 50 yaşında, yeyib-içən, tez sərxoş olub özündən çıxan, özündən güclülərdən çəkinən, qorxan, özündən zəiflərə yuxarıdan aşağı baxan biridir. Ortaboylu, qadınından gödək, qarınlı, lopa bığlı biridi. Bu evi də onu özlərinə doğma bilən, tez-tez qonaq gəldiyi, yeyib-içdiyi yaxınlarından çırpışdırıb. Qadınından ehtiyat edir. Onu hər şeydən, hər kəsdən qısqanır. Zaman keçdikcə qadının onu tərk edə biləcəyindən daha çox qorxur. Uşaqları yoxdur deyə, bunun hər an baş verə biləcəyi fikri onu rahat buraxmır. Son vaxtlar işləri də yaxşı getmir. "Atmağa" yeni adamlar tapa bilmir. Və yalan üzərində qurulan var-dövlət uçub dağılmaq üzrədir. Tükdən asılı olan vəziyyətini isə hələ ki, məharətlə arvadından gizlədə bilir. 

Əsərin finalı olduqca maraqlı və gözlənilməzdir. İmperator - evin əsl sahibi dələduzları evdən qovur. Ancaq uşaqlıqda onunla bu evdə tez-tez oynamış, əylənmiş, onunla eyni məktəbdə oxumuş, ürəyində ona qarşı gizli məhəbbət bəsləmiş qadın daha bu yekəqarın, dözülməz kişiylə ömürünü çürütmək istəmir və çoxdan gözlədiyi arzusuna çatmaq istəyirmiş kimi qərarını verir: "Mən qalıramm!!!"

Qadın onu gözlərindən tanımışdı. Bu adamın doğma bir adam olduğuna aid içində qəribə hisslər yaranmışdı. Elə buna görə əri onu evdən qovmaq istəyəndə hər dəfə onu dolayı yollarla müdafiə edib, malikanədə qalmasına köməklik etmişdi. İndi uşaqlıq məhəbbətinə qovuşmuşkən səhvlərini təkrarlamaq istəmirdi. 

Bəs niyə İmperator? Yaramaz ev sahibi bu adı ona lağlağıyla deyəndə, naməlum adamın ürəyincə olmuşdu. Uşaq vaxtı məktəbdə tamaşalardan parçalar hazırlayarkən ona İmperator rolunu verərmişlər. Həmin bu evin xanımı da Kleopatra olurmuş. 

Bəs protoqonist və antoqonist kimdir, kimlərdir? Əsərdə hər üç iştirakçını, obrazı protoqonist və ya hər üçünü də antoqonist adlandımaq olar. Ancaq söhbət ədalətdən gedirsə, o zaman ədalətli olaq. Çox da ki, hərənin özünə görə həqiqətləri var, nə olsun?! Antoqonist - doğmalarına divan tutan, onların var-yoxunu əlindən alan yekəqarın "iş adamıdı". Hərçənd rəhmli olub naməlum adamın evdən qovulmasına o qədər də qətiyyət göstərməmişdi, hərçənd sonda hətta bu evdə nökər kimi işləməyə də razı olmuşdu, ancaq o, çox pis əməllər törətmiş, dostluğa, duz-çörəyə xəyanət etmişdi.   

Qadın! - ah qadınlar, qadınlar! Onun əməllərini kimin ayağına yazaq görən? Antoqonist olsunmu? Axı zamanında bu evdə başqa simada, başqa obrazda qonaq olmuşdu. Bəs xatirələrə xəyanət edən adam xəyanətkar sayılmır? Ancaq bir həqiqət də var ki, ziyanın yarısından qayıtdı. Qadının israrları, ürəyiyumşaqlığı olmasaydı, heç naməlum adam İmperator ola bilərdimi? Bir də saf, ülvi məhəbbət - hansı ki, qadın heç vaxt o gözləri unutmamışdı. Elə İmeratoru da gözlərindən tanımışdı. Onu bağışlamaq olarmı? İmperator bağışlayıbsa, bizə nə düşüb bağışlamayaq?!   

Naməlum adam və ya İmperator - Ədalətə inanan - ədalət üçün çarpışan və sonunda buna nail olan protoqonistimizdir. Bəs görəsən, İmperator özünə, ailəsinə qarşı deyil, başqasına edilmiş belə bir dələduzluğa, ədalətsizliyə qarşı da eyni şövqlə mübarizə aparardımı?  

Görkəmli yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin bir hissəli, səkkiz şəkilli bu sadə, ancaq dərin mənalara köklənmiş pyesini oxuyanda ağlımdan fikirlərimi qələmə almaq keçdi. Pyes nə zamansa səhnələşdirilib. Əfsus ki, mən bu tamaşanı izləməmişəm. Tamaşanı mənim kimi izləməyənlər üçün, məncə, bu yazı pyeslə yaxşı bir tanışlıq yaradacaq. 

Yeri gəlmişkən, məqalədə obrazların uydurma tarixçələri qələmə alınıb. Bu, əsərə rejissor yanaşması, rejissor yozumudu. Siz əsəri oxuyarkən obrazlar haqqında fərqli düşünməkdə sərbəstsiniz.  

 





25.12.2021    çap et  çap et