525.Az

Cəhalətin yaratdığı fəlakət - Türkan Turan yazır


 

Cəhalətin yaratdığı fəlakət -<b style="color:red"> Türkan Turan yazır</b>

Parisdə keçirilən "Eurovision Junior 2021" yarışmasının finalından sonra bir qrup insan iki azyaşlı qıza "hücum" çəkib. Azərbaycan təmsilçisi Sona yarışın qalibi olan Ermənistan nümayəndəsi Malenanı təbrik edib, qarşı tərəf bu davranışa həmyerlimizi qucaqlayaraq cavab verib. Görüntü sosial şəbəkədə yayıldıqdan sonra verilən reaksiyaları heyrətlə izlədim. Bığıburma kişilərin, nəvə-nəticə sahibi qadınların yeniyetməni, ailəsini, nəsil-kökünü "vətən xaini" çıxarmaqları, ən çirkin kəlmələrlə məsum bir qızcığazı aşağılayıb, təhqir etməkləri kim bilir növbəti dəfə yaşadığımız cəmiyyətlə bağlı xəyal qırıqlığına uğratdı məni. Ağzına gələni deyən, kin qusan, nifrət saçan insanlar təhlükəlidir. Bunu "sosial şəbəkədə belə hallar normaldır" deyib bəsitləşdirmək olmaz. Kim bilir, həmin insanlar hansı şəraitdə, necə böyüdülüblər ki, bu hala düşüblər. Çünki onların sərgilədikləri adi hirs, ani öfkə deyil, kökü dərinlərə gedib çıxan travmadır.

İnsanların bir-birini tənqid etməsi, mübahisəsi mədəniyyətdir. Burada dava-dalaşı, qışqır-bağırı nəzərdə tutmuram. Mübahisə düzgün olmayanda şiddətə, cinayətə gedib çıxa bilər. Fəqət, doğru aparılırsa, münasibətlərin kökünün sağlamlaşmasına səbəb olur. Mübahisə susuz qalmış ağacın dibini belləyib nəfəs aldırmaq, canlandırmaq kimidir. Əsas məsələ mübahisəyə imkan yaratmaq və ona dözüm göstərməkdir. Bu isə artıq bacarıq, qabiliyyət məsələsidir. Hətta insanın öz dünyası və digərləri ilə dərin münasibət qura bilməyinin təməllərindən biri mübahisə bacarığı və cəsarət məsələsidir. Bu proses doğru icra edildikdə təməli zəif olan nə varsa dağılır, yerinə yeniləri gəlir. Məsələn, insan özünə mübahisə icazəsi verdikcə, özünü küncə qoyub danladıqca daxilindəki ayaq dəyməyən dəhlizlərdən keçir, içində daha əvvəl görmədiyi "yerləri" kəşf edir və özünü yavaş-yavaş inşa edir. Yaşadığımız coğrafiyada mübahisə, tənqid mədəniyyətinin inkişaf etmədiyi aşkardır. Vəziyyət belə olunca hər kəs rahatlıqla bir-birinin quyusunu qazır, bir-birinin arxasınca ağzına gələni deyir. Buna görə də passiv-aqressiv münasibətlər baş alıb gedir. Bir insanın duyğu və düşüncəsinə yiyə çıxıb bunu digərinə söyləmə azadlığı və fərqli düşüncələrə rəğmən, birinin digəri üzərində iqtidar qurmadan münasibətdə qala bilmə qabiliyyəti aşağı səviyyədədir. Bu vəziyyəti cəmiyyətin bütün təbəqələrində müşahidə etmək mümkündür. Bir-birimizlə uzlaşmayacağımız gerçəyini də qəbul etməliyik. Robot olmadığımızı, özümüzə məxsus fikirlərimiz olduğunu anlamalayıq. Bu, sosial şəbəkədə insanları təhqir etmək, aşağılamaq, alçaltmaq anlamına gəlməsin. İkincisi, mədəniyyətsizlik və xəstəlikdir. Əksinin isbatı mümkün deyil. Özünə hörmət edən, dəyər verən insan belə ucuz davranışlar sərgiləmir. Mövcud durum sonradan yaranmayıb, həmin insanları araşdırsaq, işarələr bizi onların uşaqlığına qədər aparıb çıxarar. Məsələn, insanın mübahisəyə can atdığı ən güclü dönəm ərgənlikdir. Ərgən fərd valideynlərinə qarşı çıxır, ona savaş açır, "gedərəm", "qaçaram", "özümü öldürərəm" deyərək onları təhdid edir. Ana-atanın dözdüyünü görəndə isə özü ilə tanışlığı başlayır, sərhədlərini müəyyənləşdirir. Sakit, susqun bir yeniyetmədə isə bu, daxilə döşənmiş mina kimidir. İçində basdırdıqları bir gün partlaya-partlaya gedir.

Bu günlərdə izlədiyim bir filmdə maraqlı bir epizod vardı. Uzun illər sonra həbsdən çıxan və ona hirsli olan qızını qarşısında görən ana deyir ki: "Bəlkə də anan sənin üçün bir xatirə idi, bunu dəyişdirə bilmərəm. Amma bil ki, bir xatirə sən yıxılanda səni qaldıra bilməz, xəta etdiyin zaman səhvini deyə bilməz. Xatirə ilə dalaşa bilməzsən. Lakin qarşında duran ananla bunları edə bilərsən".

Bundan sonra qız əlindəkiləri divara çırpır, qışqırır, anası "bax belə, əla" deyir. Qadın qızının hiddətinə dözür, qarşısında dayanır, onun özü ilə savaşmağına imkan yaradır. Əsl hekayə buradan başlayır. Alt-üst olmuş münasibətlər bu səhnədən sonra inkişaf edir; gah nifrət, gah heyranlıq, gah sevgi ilə... Filmdə diqqət çəkən digər məqam anadan qıza ötürülən qadınlıq təcrübəsi - travmalar, münaqişələr, gözləntilər, xəyallardır. Acı da olsa, fərqinə varırsan ki, övladlar valideynlərin başına gələn faciəvi hadisələrdən payını mütləq alır. Sonra da bəzən ömür boyu, bəzən də ömrünün yarısı valideynlərindən onlara ötürülən həmin düyünləri açmağa çalışmaq qalır. O düyünləri aça bilməyənlərdir, bu gün qucaqlaşan qızcığaza nifrət fışqıranlar, özündən güclülərin qarşısında əyilib, bükülüb, özündən zəifləri tapdayanlar. Əlinə klaviatura keçən kimi güc dalğasına məruz qalıb, özünü dünyanın sahibi zənn edənlərdir həmin travmalı insanlar. Təkcə övlad-valideyn münasibətində belə deyil, siyasət meydanında da belədir. Danışa bilməyən və ya susdurulan hər kəs travma almış sayılır. Travmalı insan - travmalı ailə, travmalı ailə - travmalı cəmiyyət, travmalı cəmiyyət - travmalı xalq, travmalı xalq isə travmalı dünya deməkdir. Ona görə belə insanların yaşadığı yerlərdə şiddət, qadın qətilləri, təcavüzlər, uşaq zorakılıqları tüğyan edir. Sorğulamaq, götür-qoy etmək, ölçüb-biçmək insana xasdır. Kor-koranə "hə", "oldu", "yaxşı" demək insanı cəhalətə, cəhalət isə fəlakətə sürükləyir. Mübahisənin, tənqidin nə olduğunu öyrənmədikcə heç nə düzələn deyil. Balaca Sona haqqında yazılanla isə tənqid yox, mədəniyyətsizlikdir.

 





26.12.2021    çap et  çap et