525.Az

Müharibə(lər) necə başlayır? - Xaqani Cəfərli yazır


 

 Müharibə(lər) necə başlayır? -<b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Ötən həftə NATO 40 minlik Çevik Reaksiya Qüvvələrini (NRF) döyüş hazırlığı vəziyyətinə gətirib. Bu barədə Almaniyanın "Die Welt" qəzeti dekabrın 22-də Şimali Atlantika Alyansındakı diplomatik mənbəyə istinadən məlumat yayıb. Şərhçilər belə halın "soyuq müharibə"dən sonra ilk dəfə baş verdiyinə diqqət çəkirlər. NATO rəhbərliyinin başqa bir qərarına görə, NRF-in strukturlarından biri olan Çox Yüksək Hazırlıqlı Birləşmə (Very High Readiness Joint Task Force, VJTF) ehtimal olunan böhran bölgəsində əvvəllər nəzərdə tutulduğu kimi, 7 gün ərzində deyil, 5 gün ərzində mövqe almalıdır. VJTF Rusiyanın Krımı ilhaq etməsindən sonra Avropada dəyişmiş təhlükəsizlik mühitinə cavab olaraq 2014-cü ildə, Uels Sammitində yaradılıb. Şimali Atlantika Alyansına üzv olan ölkələrin 6400 hərbçisinin daxil olduğu qrupa komandanlıq rotasiya əsasında həyata keçirilir. Hazırda VJTF-ə Türkiyə rəhbərlik edir.

NATO-nun bu addımları Rusiyanın Ukrayna sərhədinə 100 min nəfərlik ordu cəmləşdirməsinə cavab olaraq atılıb. Rusiyanın Ukraynaya 2022-ci ilin yanvar ayının sonunda, yəni bir aydan sonra hərbi müdaxilə edə biləcəyi ilə bağlı Qərbin xüsusi xidmət orqanları və yüksək vəzifəli rəsmiləri xəbərdarlıq edirlər. Belə görünür ki, Azərbaycanın da daxil olduğu geosiyasi məkanda müharibə ehtimalı artıb. Siyasətçilər, ekspertlər və jurnalistlər müharibə ehtimalı ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Ancaq belə fikirlər də var ki, müharibəni istisna edən şərtlər mövcuddur. Həmin şərtlərin məntiqinə görə, böyük müharibə Rusiyanın maraqlarına uyğun deyil. Buna görə Moskva müharibəyə başlamayacaq.

Ancaq tarixdən məlumdur ki, məntiqi əsaslandırmaya görə son yüz ildə dünyada baş verən əksər müharibələr ümumiyyətlə, olmamalı idi. Faşist Almaniyası ilə Böyük Britaniya arasında müharibə 1940-cı ilə başlamışdı və Sovet İttifaqının rəhbərliyi bu müharibənin sonuna kimi almanların SSRİ-yə hücum etməyəcəyinə əmin idi. Çünki Hitlerin hələ 1923-cü ildə yazdığı "Mənim savaşım" kitabında Böyük Britaniya və Rusiyaya qarşı eyni zamanda müharibədə heç kimin qalib gələ bilməyəcəyi ilə bağlı əsaslandırılmış fikirlər var. Faşist Almaniyasının hərbi rəhbərliyi də Böyük Britaniya və Sovet İttifaqına qarşı eyni zamanda müharibə aparılmasının qəti əleyhinə idilər. Buna görə də Stalin Hitlerin SSRİ-yə qarşı hücuma hazırlaşması haqqında kəşfiyyat məlumatlarına inanmırdı. Hətta 1941-ci il iyunun 22-də Almaniyanın hücum etməsi haqqında ilk məlumatlara inanmamış, bunun təxribat ola biləcəyini və cavab verilməməsini əmr etmişdi. Hitlerin özünün strategiyasına zidd olaraq Böyük Britaniyaya və Rusiyaya (Sovet İttifaqı) qarşı eyni zamanda müharibəyə başlaması ötən əsrin ən böyük sirlərindən biridir.

Yaponiyanın Pörl-Harbor hərbi-dəniz bazasına hücum edəcəyi haqqında kəşfiyyat məlumatları olsa da, prezident Franklin Ruzvelt administarsiyası buna inanmırdı. Müharibədən sonra Pörl-Harborun qəfil hücuma məruz qalması ilə bağlı çoxsaylı ehtimallar irəli sürüldü. Həmin ehtimallardan ən çox müzakirə olunanı prezident Franklin Ruzveltin ABŞ-da müharibə əleyhinə olan ictimai rəyi dəyişmək üçün Pörl-Harbora hücuma göz yummasıdır. Həqiqət isə ondan ibarətdir ki, prezident Franklin Ruzvelt Asiyada genişmiqyaslı hərbi əməliyyatlar aparan Yaponiyanın ABŞ-a hücum edəcəyinə son ana qədər inanmırdı. Həqiqətən də Asiyada böyük miqyasda hərbi əməliyyatlar aparan Yaponiyanın ABŞ-a qarşı müharibəsi məntiqə zidd idi.

Sovet İttifaqının Əfqanıstana hərbi müdaxilə qərarının hansı məntiqlə başladığı bu gün də tam aydın deyil. Çünki Sovet İttifaqının rəhbərliyində, xüsusilə hərbi rəhbərlikdə əksəriyyət qətiyyətlə Əfqanıstana hərbi müdaxilənin əleyhinə idilər. SSRİ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, marşal Nikolay Oqarkov və onun birinci müavini, marşal Sergey Axromeyev, eləcə də ordu generalı Valentin Varennikov qətiyyətlə Əfqanıstana hərbi müdaxilənin əleyhinə çıxış edirdilər. Hətta 1979-cu il dekabrın 12-də Sovet qoşunlarının Əfqanıstana yeridilməsi haqqında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi qərar qəbul edəndə marşal Nikolay Oqarkov və marşal Sergey Axromeyev yazılı şəkildə bu qərara etiraz etdilər. Lakin müdafiə naziri, marşal Dmitri Ustinov sərt şəkildə əmrlərin müzakirə olunmadığını bildirərək iki marşalın müraciətini müzakirəyə çıxarmadan rədd etdi.

Sovet İttifaqı üçün fəlakətli nəticəsi olacaq Əfqanıstan müharibəsi SSRİ-nin xarici işlər naziri Andrey Qromıko və Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Yuri Andropurun təkidləri, Kommunist Partiyasının ideoloqu Mixail Suslovun istəyi üzərinə başlayıb. Bu şəxslər SSRİ-nin təsir dairəsinin genişlənməsi ideyasını dəstəkləyirdilər. Marşallar Nikolay Oqarkov və Sergey Axromeyev hərbi əməliyyatların ağır nəticələrini hesablamaq iqtidarında olan peşəkar hərbçilər idi. Hərbçilərin məntiqi Əfqanıstana hərbi müdaxiləni istisna etsə də, siyasi rəhbərliyin iddiaları fəlakətli müharibəni qaçılmaz etmişdi.

İndi də təxminən 1979-cu ildəkinə bənzər vəziyyət yaranıb. Rusiyanın siyasətinin müəyyənləşməsinə təsir etmək iqtidarında olan siyasətçilər Moskvanın təsir dairəsinin genişlənərək bütün postsovet respublikalarını əhatə etməsi üçün Ukraynaya qarşı hərbi əməliyyatı təşviq edirlər. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun isə Ukraynaya qarşı hərbi əməliyyatların əleyhinə olması haqqında çoxsaylı iddialar var. Peşəkar hərbçi olan ordu generalı Valeri Gerasimov məsuliyyətsiz siyasətçilərdən fərqli olaraq Ukrayna ilə müharibənin ağır itkilərə səbəb olacağını bilir. Ancaq 1979-cu ilin dekabrında olduğu kimi, bu gün də xarici işlər naziri və xüsusi xidmət orqanlarının rəhbərləri Ukraynaya qarşı hərbi əməliyyatı təşviq edirlər. Əgər prezident Vladimir Putin Leonid Brejnev kimi Xarici İşlər Nazirliyinin və xüsusi xidmət orqanlarının rəhbərlərinin təsirləri ilə qərar qəbul etsə, Ukraynaya qarşı müharibə yaxın zamanlarda başlayacaq. Birinci ehtimalın əksinə olaraq prezident Putin Brejnevdən fərqli olaraq peşəkar hərbçilərin fikirlərini əsas götürsə, müharibə olmayacaq.

Faşist Almaniyasının Sovet İttifaqına, Yaponiyanın ABŞ-a, SSRİ-nin Əfqanıstana qarşı müharibəsi sağlam məntiqə zidd idi və ona görə müharibə onu başlayan dövlətlərin ağır məğlubiyyəti ilə nəticələndi. Rusiyanın bu üç dövlətin səhvini təkrar edib-etməyəcəyini çox yaxın tarix göstərəcək. 
 

 





27.12.2021    çap et  çap et