525.Az

“Müharibə vaxtı Ağdamın 30 faizini ruslar təşkil edirdi”


 

Nadir Əliyev: "Anamın xahişiylə bal "posılka"sını evimizin zirzəmisində qazıb yerə basdırdıq"

“Müharibə vaxtı Ağdamın 30 faizini ruslar təşkil edirdi”<b style="color:red"></b>

Ağdama  virtual gəzintimizi davam etdiririk. Bu dəfəki həmsöhbətimlə doğma Quzanlıdakı köçkün mənzilində söhbət edəsi olduq. İki saatdan artıq çəkən söhbətdə xeyli qiymətli  məlumat əldə edə bildim. Onunla Ağdamsız Ağdamlı günlərə qayıtmışdıq. Həyatın ən çətin sınaqlarına belə sinə gələn həmsöhbətimin gözündəki sevinc hissini duymamaq olmurdu. Gah ailə üzvlərindən, gah Axundov küçəsindəki qonşularından, gah da Ağdamda eşitdiyi şahid olduğu hadisələrdən həvəslə danışırdı. Demək olar ki, bir-bir qonşularının kimliyini, harada işlədiyini yada salır, səbrlə danışır bilirdi ki, danışdıqları  Ağdamsız böyüyən ağdamlılar üçündür.  Həmsöhbətim əslən Quzanlı kəndindən olan  Əşrəf Əliyevin oğlu Nadir Əliyevdir...

Altı qardaş olmuşdular. Böyükləri Həmid idi.  Sonra Əli, Sabir, Kamil, Nadir, Adil gəlirdi. İki qardaşını müharibədə itirmişdi. Həmid Pedaqoji texnikumu bitirsədə, təhsilini əsgərlikdən sonra Vladivostokda davam etdirmişdi:

- Babamın adını daşıyan Həmidə hətta müharibənin ən ağır günlərində belə "posılka" göndərərdik. Sonuncusu isə geri qayıtmışdı. Hiss etdik ki, artıq  o həyatda yoxdu. Anamın xahişiylə geri qayıdan bal "posılka"sını evimizin zirzəmisində qazıb yerə basdırdıq. Anam bu hadisədən sonra xeyli müddət özünə gələ bilməmişdi...

Balı isə Quzanlıda yaşayan babam Kəblə (Kərbəlayı) İsgəndər gondərmişdi. Həmsöhbətim deyir ki, Həmid 1943- ildə Kirovoqrad vilayətinin Venilovka kəndində artileriya diviziyasında döyüşürdü. Onun xidmət etdiyi hərbi hissə 1943- ilin fevral ayının 23- iki tərəfdən düşmənin hücumuna məruz qalır. Bir tərəfdən benderlər, digər tərəfdən faşistlər diviziyanı mühasirəyə almışdılar.  Sovet İttifaqı Qəhrəmanı, mayor Flerovun diviziyasında xidmət edən Həmid əsir düşməmək üçün silah-sursatlı, komandirli özlərini partlatmaqla düşmənin çoxsaylı canlı qüvvəsini məhv etmişdilər...

Digər qardaşı Əli isə 1945-ci ilin aprel ayının 27- Varşavada faşist gülləsinə tuş gəlmişdi...

Söhbəti burda yekunlaşdırıb şəhərə yaşadıqları küçəyə keçirik...

M.FAxundov küçəsi Qafar Qədirovun evindən başlayırdı. Əvvəl həmin həyət  tam şəkildə Namazovlara məxsus olmuşdu. Akademik Adilə Namazova da həmin ailənin üzvüdür. Küçə ilə Hindarxı tərəfə gəldikdə  sağ tərəfdə, bazarda baytar həkimi işləyən Nərimanovgilin evi gəlirdi. İdeal,  Nəriman   İqbal Nərimanov  qardaşları bu həyətdə yaşayırdılar. İdeal Nərimanov Akademiyanın müxbir üzvü seçilmişdi. Arxeoloq kimi Qarabağda bir çox qazıntı işlərinin müəllifi idi.

Sonra aqronom Hacı  Mustafayevgilin seyid Kamran Ağamirovgilin  evi gəlirdi. Ondan o tərəfə Ağdamın  baş memarı olmuş Firdovsi İbrahimovun bacısının evi idi. Bacısının əri  dərzi işləyirdi. Onlardan sonra "Qorpo"da  "montyor" işləyən Kamalın evi gəlirdi...

Qurbanovların evi,  rayonda ikinci katib işləmiş Sabir Niyazovun qayınatasının evi, kürd Qaraşın evi Məhbubə müəllimənin evi bu sırada idi. Sonra şapqaçı Vahidin evi,  ondan sonra maarifdə işləyən İnqilabla Məhəmmədəlinin evi gəlirdi...

Söhbət edə-edə  həmsöhbətimlə körpünün başına, yolların kəsişdiyi yerə çatırıq. Buradək isə əvvəlcə dalan, sonra isə  Məşədihacılıq məhəlləsi gəlirdi...

Burada olan kommunal evdə Sərhəd həkimin babası yaşayırdı. Əmimoğlu Səyyaf Həmidov demokrat Soltanda həmin kommunal binada yaşayırdı. Gəlirik biz tərəfə. Dükançı, kitab mağazasının müdiri Tağı kişigilin evi həmin binanın o biri tərəfində idi. Dəmir dükanında işləyən Mahmud, Haqverdiyev Həsənqarada burada yaşayırdı. İqtisadçı Oqtay  Haqverdiyev onun bacısı ilə ailə qurmuşdu. Haqverdiyevlərin bir tərəfi şuşalı, o biri tərəfi Üçoğlan bəylərindən idi. Oqtay Haqverdiyev  Əbdürrəhim bəy Haqverdiyevin qardaşıoğludur. Ondan sonra Xanların evi idman müəllimi Çərkəz Firudinovun evi gəlirdi...

X.B.Natəvan  küçəsinə çatırıq. Bir az əvvəl isə körpünün yanından Əzizbəyov küçəsi başlayırdı...

Natəvan küçəsini keçəndən sonra təxminən o səmtin sağ tərəfində iki qardaş- Hüseynov Səməd Üsaməddinin,  Behbud Əsədovun  Bayram Bayramovun qardaşı Soltan Bayramovun  evi gəlirdi. Orada bir dalanda var idi. Bu dalanın çıxışı yox idi...

Sonra Firudin Şuşinskinin əmisi Qədir kişinin evi, sonra Usub Quliyevin uşaqları-Xanlar, Əsəd, Ağalar, Manafın evi gəlirdi. Manaf Quliyev oğlu Aydın Quliyev Ağdamda bir çox məsul vəzifələrdə çalışmışdılar...

Mütəllimin evi bu arada idi. Həyat yoldaşının adı Atikə idi. Mütəllimin iki qardaşı-Məzahir Cəmil bu həyətdə yaşayırdılar. Sonra baş-ayaq satan Səltənətin maarifdə  mühasib işləyən Mehdiyev Xasayın evi burada idi. Qardaşı Əsgər Rasimin burada hərəsinin 2 otağı var idi. Sonra Əsədin  evi gəlirdi. Əsəd bankda inkassator işləyirdi, həm ət satırdı. O ev qurtarırdı, o biri dalan başlayırdı. Onun bir tərəfi  Rəcəb Gözəlova, "İmarət"in arxasına Şura məhəlləsinə çıxırdı. Buradan ikimərtəbəli binalar başlayırdı. Asif, Nadir, əməkdar artist Tofiq Qarayev, Məşədi Hüseynin əmisi oğlu Babaş kişi burada yaşayırdı. Kommunal ev idi. Demokrat Billun Hüseynin evi, Pərdixuram Əvəzin evi ilə küçə qurtarırdı. Rəcəb Gözəlovla kəsişməyədək küçənin sağ tərəfi başa çatır.

Küçənin sol tərəfi "Qorpo" nun binası ilə başlayırdı.  "Qorpo"dan sonrakı birinci ev  Şəmilgilin evi idi. Şəmil, Cəmil, Sabir qardaşları  bir həyətdə yaşayırdılar. Sonra Balabəyimgilin evi gəlirdi. Eyvazov Nurəddinin,  Qurbanov Surxayın qardaşı Fərmanın evi bu sırada idi. Sonra gəlirdi "ala" Hürünün evi. Onun Krupskaya ilə Klara Setkinlə şəkilləri var idi. Qadınlar qurultayında iştirak etmişdi...

Körpünü keçəndən həkim Həsənov Cəlilin evi gəlirdi. Həyat yoldaşının adı Ofeliya idi, oğlu Qarabağ müharibəsində həlak olmuşdu. Yuxarıda qeyd etdiyim Mütəllimin bacanağı olan Əşrəf Hacıyevində  evi  küçənin sol tərəfində  "Kötəl arxının" üstündə idi.  Mərkəzi poçtun rəisi işləyən Ə.Hacıyevin həyat yoldaşı Dilruba Mustafayeva uzun müddət Ağdamda müxtəlif məsul vəzifələrdə çalışmışdı. Ovçu Məhişin qardaşı Əhədin evi, Məşədi Məhəmmədəlinin Hüseynin  evi bu sırada idi.  Sonuncunun Akif, Arif, Həsən, Əbülfət adlı oglanları, Xalidə, Validə adlı qızı var idi. Nəhayət çatdıq bizim evə Mirzə Fətəli Axundov 41-ə. Sonra bir dalan gəlirdi, orada qardaşlarım Sabir Kamil, o cümlədən Süleyman müəllim, Tovuz xala Səfərovlar ailəsi bu dalanda yaşayırdı. Dalan  Aydın Quliyevin əmisiqızı Sənubərgilin evi ilə başa çatırdı. Sonra qaçaq Əsədullanı öldürən uzun müddət Ağcabədidə milis rəisi işləmiş  Şafa Hüseynovun evi ilə küçə davam edirdi. Yenə kiçik dalan gəlirdi. Dilbər xala Səriyyə burada  yaşayırdı. Əvəzin evi çayçı Quliyev Mürşüdün evi burada idi. Oradan  Süleyman Sani Axundov  küçəsi ilə kəsişmə başlayırdı. Bura ilə "Soyuztras" tərəfə  ayaqla da getmək olardı. Süleyman Sanini isə birinci  Səməd Vurğun küçəsi kəsirdi. S.Vurğun küçəsi isə buradan düz  R.Gözəlovadək uzanırdı.

Axundovların kəsişməsində Əziz  xalanın evi, dalınca üçoğlanlı İsgəndərov İsgəndərin evi gəlirdi.  Sonra İsanın, Yavərin, Humay arvadın , ondan sonra  Camal kişinin evi gəlirdi. Ondan sonra qaynım Habilin evi gəlirdi. Sonra Səriyyənin qardaşı evi gəlirdi. Səriyyə o evi kirayə verirdi. Sonra satdı çolpasatan Tamaraya. Ondan sonra isə  Seyid Həşimin eviydi. O evi satmışdı  Əziz xalanın oğlu Rafiqə. Sonra Gülüstanın evi,  bazarda işləyən Qara Qəmərin evi gəlirdi. O biri ev Sosialist Əməyi Qəhrəmanı Mülayimin ata evi idi. Hazırda Beyləqanda yaşadığı deyilir. Sonra gəlirdi Yusifin qardaşının evi. Vəssalam.  Çatdıq Rəcəb Gözəlova. Bu yol "Rapo"ya dirənirdi. Orada da iki ev var idi. Milliyəti tatar olan Valiyev Şuranın evi burada idi. Sonra da Mamed kişinin qızı Nadyanın evi. Əri zootexnik idi. Üzbə-üzdə iki ev vardı. Onun birinin sahibi heç orada yaşamırdı. Beyləqanda işləyirdi. Familiyası da deyəsən Fərhadov idi...

Mirzə Fətəli Axundov küçəsi başdan Əşrəf Əliyev küçəsi ilə başlayıb, Rəcəb Gözəlovu, Natəvanı Əzizbəyovu kəsərək "28 aprel" küçəsi ilə qurtarırdı...

Bundan sonra həmsöhbətim çay içə-içə şəhərlə bağlı eşitdiyi şahidi olduğu xatirələrini bizimlə bölüşdü:

 - "Azərenerji"nin birinci vitse-prezidenti  Marlen Əsgərov sinif yoldaşımdır. Atası savadlı fizik idi. Ondan çox savadlı fizik ola bilərdi. Amma təəssüf ki, bədbəxt hadisə nəticəsində tez dünyasını dəyişdi. Elmi işini sona çatdıra bilmədi.  Atam onun xətrini çox istəyirdi, hər qış onun  evinə iki maşın odun göndərərdi... 

-Həsən Həsənov mənim riyaziyyat müəllimim olub. Həsən müəllim Qori seminariyasını bitirənlərdən idi. O dövrün ziyalılarının bir qrupu inqilabdan əvvəl "Ağcorablılar" cəmiyyəti yaratmışdılar. O adam cavan vaxtında pristavın yanında tərcüməçi olmuşdu. Şəhərdə bir dəfə qarşılaşdıq, xeyli söhbət etdik. Alman, fransız, ərəb fars dilini mükəmməl bilirdi.  Oğlanları ikisi elmlər doktoru olmuşdu. İyirminci illərdə "Ağcorablılar" quruluşa qarşı olanlar idi. Sonra yollarından çəkildilər...

- Ağdamda məsul vəzifələrdə çalışmış Kubra Əliyeva əslən Şıxbabalı idi. Onun qızını Əli Vəliyev oğluna almaq istəyirdi, alınmadı...

- Həmidə xanımı   Cavanşiri 1946- ildə görmüşəm. O çox mərd qadın idi. Bizə gəlmişdi.  Bacım Şəhlanı görəndə tanıdı. Nənəm (anası-Ağdamda anaya bəzən nənə deyə müraciət edirlər-V.T.) səhər-səhər süfrəyə qoz ilə bal düzdü. Burda deyirlər ki, bəy-xan yeməyidi. Dedi məni hara apardın ay Firəngiz xanım. Nənəmdə dedi ki, Həmidə xanım bizim gözümüzdə elə həmin adamsan. Evdən Həmidə xanıma pay olaraq bir dəst çust, yaylıq, 15 kiloya qədər ət,  30-40 ədəd yumurta   un verdilər. Atam həmişə deyərdi ki,  Həmidə xanım mənə analıq edib. Ona çox borcluyam. Sonra cibinə pul qoyub, maşınla Ağdamdan Yevlaxa, ordanda qatara bilet alıb Bakıya yola saldı...

-Yazıçı Çingız Abdullayevdə ağdamlıdı, Müsəvilər nəslindəndir. Babası Abdulla kişi  hüquqşünas olub. Peterqburqda oxuyub. Atası Akif hüquq elmləri doktoru, Naxçıvanın prokuroru olmuşdu. Əmisi Bahadur zavod direktoru idi. Nənəsi Minaxanım mənə 4- sinifdə dərs deyib. Bildiyim qədər Mozambikdə  xüsusi qrupda xidmət zamanı yaralanmışdı. Bir gün görüşəndə soruşdu ki, məni tanıyırsan. Dedim niyə tanımıram.  Gülə-gülə dedim ki, babanızla neçə dəfə məhkəməyə çıxmışam. Əminiz Bahaduru yaxşı tanıyırdım. Hətta iki əmisi müharibəyə gedib qayıtmamışdı...

Bu arada söhbəti atasından salır:

- Şuşada baş verən hadisə atamı kommunist ideologiyasını  qoşulmaga məcbur etmişdi. Dədəm (Atası nəzərdə tutulur- Ağdamda bəzi hallarda ataya dədə  deyirlər: V.T.) dərzi olub. Deyir bir dəfə özümə yaxşı kostyum tikib, Şuşaya dincəlməyə getmişdim. Orada klub var imiş. Gedir  kluba. Sarıcalı Böyük bəyin adamı gəlib onu oradan çıxarır ki, çıx buradan sən rəiyyət oğlusan. Rəhmətlik deyirdi bu hadisə məni çox üzdü. Onlardan yaxşı geyinmişəm, cibimdə onlarınkından çox pul var. Amma məni qəbul etmirlər. Atam bu haqsızlığı qəbul edə bilmirdi. Kommunist ideologiyasına düzlüyünə etibar edirdi. Biri var kommunist, bir var bolşevik. Bunlar başqa-başqa şeylərdi. Atam çox düz adam olub. Həm dövlətin, həm xalqın yazılmamış qanunlarını hər daim gözləyib. isə həmin gecə  Ağdama qayıdır. Mehmanxanada gecələyir.  Mehmanxana isə Xasay bəy Usmiyevin evi olmuşdu. Sonra onun yerində Lenin bağı saldılar...

-Lenin parkının içindəki yeməkxana müharibədən sonra tikilib. İlk dəfə orada bolqar nümayəndələrinə qonaqlıq  verilib. Sonra mağaza oldu. Tağının kitab dükanının arxasında idi. Ocaqoğlunun evinin üstündə müharibə vaxtı radio verilişləri komitəsi yerləşirdi. Traxtenberq müdir idi. Zirəddin Göyüşovda veriliş aparırdı...

-Ağdamda bəy evləri çoxuydu. Qara bəyin evində Mexanizasıya Texnikumu idi. Bəy onu qayınanası üçün tikdirmişdi. Öz evi bir az yuxarıda idi. Baxşəli bəyin evi Tibb Texnikumu idi. Naibov Musanın evi isə Muradbəylinin girişində idi. Muradbəylinin içində vərəm xəstəxanası ilə üzbəüz Əfrasiyab Bədəlbəylinin atası Bədəl bəy Bədəlbəylinin evi idi. Qaplan Muradov da onların dayısıoğluydu. Keçəllər bolnitsası (Dəri-zöhrəvi xəstəxana)  Əliverdibəyovların evi idi. O gedirdi Qulular Qaradağlısına tərəf. Hərbi hissəni keçirdin. Hərbi hissəyə bitişik  müğənni  İldırım Həsənovun atasının evi idi. Fərrux bəyin evi bulvarın  yanında idi. "Voenkomat"ın binası Kəlba Vəlinin, professor Teymur Vəliyevin atasının evi. Onun  iki bacısını dədəm göndərmişdi Bakıya dərzi kursuna, hətta  6 ay maaş da verdirdi. Qayıdandan sonra onlar sexdə işləməli idilər. Atam qoymadı. Dedi, gedin, evdə işləyin qazancınız olarsa qardaşınız Teymura göndərərsiniz...

- Bulvarın ortasında hovuz var idi. Hovuzun böyründə müxtəlif rəngli güllər əkilmişdi. O güllərdən Bakıda da yox idi.  Məşədi Abbas  gülləri Krasnodardan, bütün ağacları isə Krım Nəbatat bağından gətizdirmişdi. Ağdamdakı "Bulvar" 1930-cu ildə salınmışdı. Yerli ağac bulvarda az idi. Fısdıq, meymun alması ağacı var idi. Qarmonçalan var idi, Kərbəlayi Bəyim. Qardaşı cavan yaşında rəhmətə getmişdi. Ağlamaqdan gözləri kor olmuşdu. Öz dəstəsiylə konsert verərdi. Bu olub 1945-55-ci illərdə, kinoteatr tikilməmişdən qabaq. Kənarında su köşkləri var idi. Qalanları meyvə ağacları idi.  O vaxtlar bulvarda qovurulmuş noxud, şabalıd  da satılardı. Məşədi Abbas Səttərxanın yaxın silahdaşı olmuşdu.  Hətta bulvarda rəqs meydançası da var idi. Burada  müharibədən sonra Ağdamda məskunlaşan ruslar üçün hərbi orkestr rəqs təşkil edərdi. Biletin qiyməti bir manat idi. Ruslar Ağdamda müharibədən qabaq da yaşayırdılar. Amma müharıbə vaxtı Ağdamın 30 faizini ruslar təşkil edirdi. Krasnodar, Jitomer, Zaporojets, Stavropol, Krım tatarları, Kazan tatarları, yəhudilər almanları müharibə vaxtı müvəqqəti olaraq şəhərə köçürmüşdülər...

Beləliklə, ürəyi Qarabağla  döyünən daha bir ziyalıyla söhbətə yekun vurduq. Həmsöhbətim niyyət edib ki, işğaldan azad edəcəyimiz günü Ağdama, Mirzə Fətəli Axundov küçəsi 41-dəki ata yurduna  gedib, öz əliylə  zirzəmiyə basdırdıgı balı çıxarıb, küçənin sadiq sakinlərinə paylayacaq...  

 





16.05.2014    çap et  çap et