525.Az

"Bir ulduz azalsa..."- "YÜz Gözəl Sevgi Şeiri


 

PƏRVİNin təqdimatında

"Bir ulduz azalsa..."- <b style="color:red">"YÜz Gözəl Sevgi Şeiri</b>

Sevdiklərinə nə qədər bağlısansa, həyata, dünyaya da bağlılığın o qədərdi. Yaşadıqca adiləşir çox şey. Elə həyatın özü də. Məhəbbəti bitmiş, hissləri soyumuş aşiq bir vaxt çılğın eşqlə sevdiyi qadına baxan kimi baxırsan həyata... Hansısa bir doğmalıq, məhrəmlik var, işıqlı xatirələr, keçmişdə qalmış fərəh, sevinc, xoşbəxtlik... hamısı var. Amma indi o bağlar gün-gündən zəifləyir, nazilir, üzülür...  Ölüm elə sabah sənə eşq elan eləsə, ardınca gəlsə, əl-ələ tutub gedə bilərsən onunla. Həyata sevgin azalıb, bitib, ona görə! Amma həyatı elə-belə bilmə... Həyat   gözlənilməzlikləri ilə gözəldi! Heç ağlına da gətirməzdin, yatsan yuxuna da girməzdi, desələr inanmazdın, danışsalar kinayə ilə gülümsəyərdin. Hə! Sən qapatmışdın eşq səhifəni! Həyatın bu üzüylə vidalaşmışdın artıq. Qələm çəkmişdin o duyğularının üstündən. Bundan sonra nə düşündürə, təəccübləndirə, heyrətləndirə bilər ki səni?!

 

Heç nə! Heç nə?

 

Elə-belə bilmə həyatı... Sənə xoş bir sürprizi var! Ürəkli ol bir az! Çətinliklərdən qorxma. Əziyyətdən qaçma. Axı sevgi də, yaşamaq da hər şeydən öncə zəhmət istəyir, bilirsən! Sən də zəhmətkeşsən. Qorxaq deyilsən yaxşı ki... İkinci nəfəs açılır həyatında. Vurulursan, sevirsən. Taleyin bu şirin, göylərdən göndərilmiş  payına açırsan qollarını... Bu, həyatla sonuncu bağdı. Onu sevdiyin üçün, həyatı da sevirsən, ondan ötrü yaşamaq istəyirsən! Hər gün bir az daha bağlanırsan dünyaya. Bu dünyada o var, sevdiyin var, ona görə! Dünənki biganəliyindən, ölümü səsləyən şikayətlərindən əsər-əlamət qalmayıb. İndi əksinə, qovursan o düşüncələri... Hələ çox yaşayacam, min il ömür sürəcəm – deyirsən! Meydan oxuyursan: yaşa, mühitə, qadağalara, dedi-qodulara, paxıllara, yazıqlara... hamısına, hər şeyə. Ancaq qəfildən qəribə bir təlaş alır içini. Birdən! Bəlkə! Yox, ola bilməz... Amma olsa... Hə, yenə ölümü düşünürsən. Bu dəfə başqa cür baxırsan ona. Daha ölümün də mənası başqadı. Dünyanı dəyişmək, bioloji varlığa son qoymaq, vəfat eləmək, nə bilim daha nə anlamını vermir... İndi ölüm ayrılıq mənasını daşıyır! Sevdiyinlə ayrılıq! Təkcə ona görə yaşamaq istəyirdin, yalnız ona görə ölmək istəmirsən... Axı necə tərk edəsən, nə cür  tək qoyasan onu... Sənsiz neyləyəcək, necə yaşayacaq bu zalımlar arasında?! Hərdən vahiməli yuxular da görürsən. Tabutun başında görürsən sevgilini... Ürəyin dağılır, için sızıldayır, hövlnak durursan yuxudan... Sevinirsən yuxu olduğuna. Amma bir gün gerçəkdə olsa?! Özünü düşünmürsən artıq. Onun əzab çəkəcəyini fikirləşib dəli olursan. Yoxluğunun acısını indidən, var ikən ovutmaq istəyirsən. Ağlına gələn təsəlliləri düzürsən sapa... Vəsiyyət yüngüllükdü – deyib elə hey danışırsan... Xalq şairi Sabir Rüstəmxanlının “Vəsiyyət” şeirindəki kimi... Şeirin elə ilk misraları təsəlli ilə başlanır. Üzülmə! – deyir şair... Qəribə bir təmkin duyulur aşiqin vəsiyyətində. Ölümü adi, gündəlik bir xəbərə bənzədir Sabir Rüstəmxanlı. Amma o təmkinin, sakitliyin arxasında, gizlində, lap dərində kədər də, qorxu da duyulur. “Bir ulduz axsa vətənin göylərindən, bir nəğmə sussa dodaqda...” Axı doğrudan da, sevirsənsə, yaşadıqların nəğmədi, hər günün bayramdı, hər anın sevincdi... Və bir gün ölüm o bayramı matəmə çevirirsə, nəğmələr də rekviem kimi səslənir... Amma Sabir Rüstəmxanlı düşünmür bunu, hər halda bu şeirində. Şairin uğurlu bir priyomu görünür “Vəsiyyət”ində. Təbiəti, yurdun gözəlliklərini sevgilisinə tapşırmaqla, ona vəsiyyət eləməklə peyzaj yaradır şair. Aşiqin vətəninə sevgisi, doğma yerlərə bağlılığı qadına sevgisiylə paralel verilir burda. Amma bəlkə əslində, Abşeron, Xəzər, tut, əncir, meynələr, şanı, bağların kimsəsizliyi və hətta neft qoxuyan hava da, hamısı, hər şey bu Qadına görə gözəldi, sevimlidi. Aşiqi elə bu yazdığı təbiətlə, yerlərlə də bağlayan sevgidi, Qadındı. Dünyayla bağlayan odu, ona görə.

 

Şeirin əsas üstünlüyü səmimiliyidir. Sabir Rüstəmxanlı özünə, sözünə, üslubuna sadiqdi bu əsərdə. Həmişəki ictimai mövqeyi, xalqına görə narahatlığı sevgi şeirində də öz yerindədi. Aşiqin sevgidən başı gicəllənsə belə, savaşı, şəhid qəbiristanlarını unutmur. Dərdləşir sevgilisi ilə, ağrılarını bölüşür. Gözləri yol da çəkir bu anlarda... 

 

Məncə, şeirin ən qəmli anı, həm də vida məqamı “Adını yaz qumlara... Göz yaşımla yuyulacaq şübhəsiz...” misralarındadı... Şairin ağrısı burda görünür, məhz bu misralarda, bütün şeir boyu sevgilisini üzməməkdən ötrü qoruduğu təmkini də həmin misralarda pozulur. Elə bil ürəyi partlamağa gəlir... Hisslər bir-birinə qarışır. Həm sevdiyi qadını tərk eləməyin ağrısı, həm də ona qoşulub öz yoxluğuna ağlaması... Qumlara yazılmış adı yuyan göz yaşları!

 

Və son! İndən belə dağlara qalxmağın, güzgülü bulaqlara baxmağın, çəmənləri gəzməyin bir anlamı yoxdu... Çünki şair özü dediyi kimi – sevgisiz qalmaq çətindir, sevgini yaşatmaq qədər!

 

Amma həyatı elə-belə bilmə! Bir də gördün o dünyada görüşdüz... bu dəfə çox gözlətməz!  

 

 

Sabir Rüstəmxanlı:  “Yorulma yaşamaqdan!”  

 

... Və günlərin birində... 
 Üzülmə! 
 Qəfil Bakı küləyinə bənzər bir söz 
 Uçub keçsə başının üstündən 
 Yüz-yüz yeni xəbərtək, 
 Tellərin qırmac-qırmac çırpılsa xatirələrimizə 
 Bir ulduz azalsa vətənin göylərindən, 
 Bir nəğmə sussa dodaqda... 
 
 Kimsə kimsənin ömrünə şərik deyil 
 Yorulma yaşamaqdan! 
 Tam tərsinə! 
 Dünyaya mənim gözümlə də bax! 
 Özəlliklə sübh çağı... 
 Günəşin Xəzərdə yuyunub çıxmasına... 
 Qupquru budaqların yaz ağzı 
 Yarpaqdan öncə tut, əncir doğmasına. 
 Abşeron mənim də qara sevdamdı, 
 Bilirsən! 
 Qışda bağlarının kimsəsizliyində 
 Boy atan bahar həvəsiylə... 
 Dağıtdı dünyamı savaş, 
 şəhid qəbiristanları 
 və “xlor var” səsiylə... 
 
 Bir daha çək sinənə neft qoxuyan havanı 
 Sənin nəfəsin hər zaman sevgi qoxuyardı. 
 Bir salxım şanı dərdin, 
 Mənim yerimə də dər! 
 Üstümüzə çətir hörən meynələrə 
 Anamın barmaqları kimi toxunardım. 
 
 Mənim əllərimlə də toxun mavi sulara, 
 Səninlə bir məni də alsın qoynuna dəniz... 
 Adını yaz qumlara, 
 Göz yaşımla yuyulacaq şübhəsiz! 
 
 Vaxtın yetsə hər mövsüm qalxa bilsən dağlara, 
 Salsan doğma rəsmini güzgülü budaqlara, 
 Dodaqlarım səssizcə öpəcək dodağından. 
 Hər şeh damlasında görəcəksən gözümü 
 Çəhlimli çəmənlərə çıxan zaman... 
 
 Əziyyətin artacaq bilirəm... 
 İtki, gizli yaşanan kədər! 
 Sevgisiz qalmaq çətindir, 
 Sevgini yaşatmaq qədər... 
 





19.05.2014    çap et  çap et