525.Az

Qadınlar zamanın yaddaş cədvəlində (davamı)


 

Qadınlar zamanın yaddaş cədvəlində <b style="color:red"> (davamı)</b>

Orucun üçüncü günü Ester öz çariça xalatını geyinib, sarayın həyətində dayandı. Çarın diqqətini cəlb edəndə, onu otağına çağırtdı. O, içəri keçdi. Çar ona “Nə olmuşdur?” sualını verdikdə, onu da əlavə etdi ki, “Sən nə istədiyini mənə de və sən ona malik olacaqsan. Əgər bu imperiyanın lap yarısı da olsa”. Ester çarı və Hamanı özünün hazırladığı axşam ziyafətinə dəvət etdi.

 

Haman həmin ziyafətdən çox yaxşı əhval-ruhiyyədə getdi, lakin ona baş əyməyən Mordexayı sarayın qapısı ağzında görəndə çox qəzəbləndi. Mordexayı asdırmaq üçün iyirmi iki metr hündürlüyündə dar ağacı qurdurmuşdu.

 

Çar isə gecə yata bilmirdi, Mordexayın onu öldürmək üçün düzəldilən qəsdi açmasını yadına saldı. Ancaq o, Mordexayı buna görə mükafatlandırmamışdı.

 

Haman Mordexayı asmaq barədə xahiş etmək üçün saraya gələndə, çar onu yanına çağırdı və bir adamı şərəfləndirmək istədiyini bildirdi. Haman güman etdi ki, bu adam elə onun özüdür. Sonra çar əlavə etdi: “Bax, gör çar şərəfləndirmək istədiyi adamı necə mükafatlandırır!” Bundan sonra dedi: “Tez get, xalat və at gətir, yəhudi Mordexayı şərəfləndirmək üçün bu mükafatları ona verək”. Haman belə də etdi. Xalatı Mordexaya geyindirdi və axırıncı atın belinə qalxdı.

 

Çar və Haman Esterin öz xahişi əsasında ikinci dəfə onun ziyafətinə gəldilər. Çar əvvəlki alicənab sözlərini təkrar edəndə, Ester cavab verdi ki, əgər Əlahəzrət mənim istəyimə görə nəyisə vermək istəyirsə, mənim arzum özümün və xalqımın yaşamasıdır. Xalqım və mən qırılmaq üçün satılmışıq. Bu qul olmağa satılmaqdan da betərdir. Mən sakit dayanacaq və zəhlənizi tökməyəcəyəm.

 

Çar Esterdən soruşdu ki, “Kim belə şeyi etməyə cürət etmişdir? Haradadır o adam?” Ester cavab verdi ki, “Bizim düşmən, bizi təqib edən bu bəd adam Hamandır!” Bu sözləri eşidəndə Haman dəhşət içərisində çara və çariçaya baxırdı. Çar qəzəblənib, otağı tərk etdi. Haman özünü, Esterin hiddətindən uzandığı divanın üstünə atıb, ondan mərhəmət diləyirdi. Bu vaxt qəflətən otağa qayıdan çar bunu görüb qışqırdı: “Bu həmin adamdır ki, elə buradaca, mənim gözümün qabağında, mənim sarayımda çariçanı zorlamaq istəyir?”

 

Hərəm xidmətçiləri Hamanın başını pərdə ilə örtdülər, onlardan biri dedi ki, Haman hətta öz evinin həyətində dar ağacı qurmuşdur ki, Sizin həyatınızı xilas edən adamı ondan asdırsın. Çar əmr etdi ki, “Hamanı oradan asın!” Beləliklə, Mordexay üçün qurdurduğu dar ağacından Hamanın özü asıldı. Yalnız bundan sonra çarın acığı soyudu.

 

Çar Ksperks çariça Esterə Hamanın bütün mülkiyyətini verdi. Çarın yanına gəlməyə Mordexaya icazə verildi. O, möhür üzüyünü də Mordexaya bağışladı. O, çardan sonra rütbəcə ikinci adama çevrildi və öz xalqına daha səylə xidmət göstərməyə başladı.

 

Çarın göstərişi ilə hər bir şəhərdə yəhudilərə özünü mühafizə etmək üçün təşkilatlanmağa icazə verildi. Yəhudilər öz düşmənlərindən qisas almaq imkanına malik oldular. Kütləvi qırğından xilas olma gününü onlar bayram kimi qeyd etməyə başladılar və Purim yəhudilərin ən müqəddəs bayramlarından biridir.

 

   

 

Tomris

 

   

 

Tarixin atası sayılan Herodotun doqquz cildlik “Tarix” kitabında massagetlərin çariçası Tomirisin Persiya çarı Böyük Kir üzərində tam qələbə çalmasından bəhs edilir. Böyük Kir Massaget çarlığını ələ keçirmək istəyirdi. Herodot bu sahədə baş verən hadisələri yüz il sonra qələmə almışdır. Tomirisin şəxsiyyətinin və onun Kir üzərində qələbə çalması əhvalatı antik dünyada yaxşı məlum idi və əfsanəyə çevrilmişdi.

 

Herodot məlumat verir ki, Kir Araz çayını keçdikdən sonra (o, çayın Xəzər dənizinin şərq tərəfində axdığını göstərir) massagetlərin ərazilərinin içərilərinə doğru bu günə qət edilən məsafədə irəlilədi. O, işğal etdiyi Lidiyanın keçmiş çarı Krezin məsləhəti ilə massagetlərə tələ qurdu. Perslər xeyli şərab ehtiyatı olan düşərgəni tərk edib, onu qorumağa yararsız bir hissə qoydular, əsas qoşunlar isə geri – çaya tərəf çəkildi. Massagetlər düşərgədəki düşmənə qalib gəldikdən sonra, oturub yeyib-içməyə başladılar, bol qidadan və şərabdan məstləşib, yuxuya getdilər.

 

Perslər isə gəlib onlardan bir hissəsini öldürüb, daha çoxunu isə əsir götürdülər. Əsir götürülənlərin arasında çariça Tomirisin oğlu, massagetlərə komandanlıq edən Sparqanif də var idi.

 

Tomiris bundan xəbər tutduqda Kirə məktub göndərdi: “Qana susayan Kir,... mənə oğlumu qaytar və hələ cəzalandırılmamış bu ölkədən çıx get. Əgər sən bunu etməsən, massagetlərin hökmranı olan Günəşə and içirəm ki, sənə qan içirdəcəyəm, baxmayaraq ki, sən heç doyan deyilsən”.

 

Əsir götürülmüş Sparqanif Kiri dilə tutdu ki, onu buxovlardan azad etsinlər, bu baş verdikdə isə, o, azad olan kimi özünü öldürdü.

 

Tomiris Kirin onun sözünə məhəl qoymadığını görüb, bütün qoşunlarını toplayıb, Persiya ordusu ilə döyüşə girdi. Persiya qoşunlarının çox hissəsi elə yerindəcə məhv edildi. Kirin özü də həlak oldu. Tomiris onun başını insan qanı doldurulmuş şərab tuluğuna soxdu və bu sözləri söylədi: “Oğlumu hiyləgərliklə tutub, döyüşdə sənin üzərində qələbə çalan məni diri ola-ola məhv etdin. Mən isə sənə məhz hədə göndərdiyim qaydada qan içirdəcəyəm”.

 

Daim müxtəlif xalqlar, ölkələr üzərində qələbə çalmağı ilə qürur duyan Kir həqiqətən o, Lidiyanı, Babilistanı işğal etmişdı, böyük imperiya yaratmışdı, gözləmədiyi halda çariça olan bir qadınını sərkərdəlik qabiliyyəti hesabına ağır məğlubiyyətə düçar olmaqla yanaşı, həm də öz həyatını itirdi. Tomiris isə həm də böyük imperiyanın məğlubedilməz qoşunları üzərində müqayisəyə gəlməyən bir qələbə çalmışdı.

 

   

 

Qədim Romada əxlaq

 

məsələsi

 

   

 

Qədim Roma bir vaxtlar əxlaqın möhkəmliyi, təmizliyi ilə öyünürdü, lakin respublikanın artıq üç əsrlik yaşı olanda bu şəhərdə əxlaq pozğunluğu yayılmağa başladı. Bizim eradan əvvəl II əsrin məşhur dövlət xadimi, 23 il ərzində Senatda Karfagenin dağıdılmasına çağırışlar edən Böyük Katon belə xoşagəlməz metamorfozanın baş verməsində öz nümunələri ilə vətəndaşlara mənfi təsir göstərən mühacir yunanları günahlandırırdı. Yunanlar Romaya təkcə elm, ədəbiyyat, incəsənət gətirməmişdilər, bu çox faydalı şeyləri çox zərərli təsirlər də müşayiət etmişdi.

 

Sonralar aşağı əxlaq normaları siyasətçilərin, dövlət xadimlərinin də həyatına yol açdı. Uyğun olub-olmamasından asılı olmayaraq qız verib, almaqla qohumluq əlaqələri müasir dildə deyilsə, siyasi inhisar əldə etməyin mühüm vasitəsinə çevrildi. Qay Yuli Sezar arvadı öldükdə, özünün də daxil olduğu triumvuratın nüfuzlu üzvü Pompeyin uzaq qohumu olan Pompeyaya evləndi. Pompey də öz növbəsində Sezarla ittifaqını möhkəmləndirmək üçün onun yeganə övladı olan Yuliyaya evləndi. Cavan qızın əri onun atasından da altı yaş böyük idi.

 

Qay Yuli Sezar qadınlar üçün olan bayram keçiriləndə, arvadının otağına qadın paltarında bir kişinin daxil olması barədə söhbətləri kəsmək üçün Sezarın arvadının şübhədən kənar olduğunu bildirmişdi.

 

Sezar b.e.ə. 48-ci ildəki Farsala döyüşündən sonra, məğlub olub qaçan Pompeyin arxasınca, onu tutmaq üçün Misirə gələndə, burada öz azyaşlı qardaşının arvadı hesab edilən çar qızı gözəl Kleopatraya aşiq olmuş, onu ölkəsinin taxt-tacının sahibi etmişdi. Onların məhəbbətinin nişanəsi kimi oğulları Sezarion dünyaya gəlmiş, Kleopatranın özünü intihar etməsindən sonra, Avqust öz keçmiş hamisinin yeganə oğlunun öldürülməsinə də razılıq vermişdi.

 

Kleopatra Sezarın ölümündən sonra Şərq ərazilərini idarə edən Mark Antoni ilə daha gur və ehtiraslı eşq macərası yaşamışdı. Onlar ilk dəfə Kleopatra Kind çayı ilə Mark Antoniyə qonaq gələndə, bir-birinə vurulmuşdular. Antoni 40-cı ildən Avqustun bacısı Oktavianın əri olmasına baxmayaraq, Misirdə Kleopatraya evləndiyini elan etdi və onların əkiz övladları oldu.

 

Kleopatra Antoniyə elə vurulmuşdu ki, Misirdə onun böyük nüfuz sahibi olması üçün hər vasitəyə əl atırdı. Bir dəfə o, təklif etdi ki, Nildə balıq ovuna çıxaq, axı Mark Antoni hələ bu gəzintinin ləzzətini görməmişdi. Antoninin isə bu işdə hansısa bir səriştəsi yox idi. Sarayda ciddi hazırlıq görüldü. Antoni öz yaxın adamlarına tapşırdı ki, o, qarmağı atanda onlar suyun altında əllərindəki balıqları onun qarmağına taxsınlar. Aleksandriya ətrafında Nildə gəmidə gəzinti olduqca maraqlı idi. Antoni qarmağını sudan çıxaranda, tutulmuş balığı görən Kleopatra çox sevindi, o, Antoninin tutduğu balıqları sevinclə əyanlarına göstərir, onun bütün sahələrdə istedadlı olduğunu nümayiş etdirmək istəyirdi.

 

Bir neçə gündən sonra Kleopatra sabah yenə balıq ovuna çıxacaqlarını elan etdi. Antoninin adamları hazırlıq gördükdə, mətbəxin bir cavan xidmətçisi yaxşı qəvvas olduğunu əsas gətirib, onu da gəzintiyə aparmağı xahiş etdi. Çayda balıq ovu başlananda Antoninin qarmağında duzlu balıq çıxdığını görən bir saray adamı bərkdən gülməyə başladı. Mətbəx xidmətçisi mətbəxdən götürdüyü duzlu balıqlardan birini, birinci olaraq Antoninin qarmağına taxıbmış. Misirdə isə duzlu balıq istehsal etmirdilər, bu ərzaq indiki Türkiyə ərazisində yerləşən Vifiniyadan gətirilirdi.

 

Əyanın bərkdən gülüşünü eşidən Kleopatra yaxınlaşıb, tutulan duzlu balığı gördükdə çox pərt oldu. Lakin özünü itirməyərək göyərtədə olanların hamısı eşitsin deyə ucadan dedi:

 

– Siz şəhərlər tutmağa, ölkələr, ərazilər işğal etməyə öyrəşmisiniz. Balıq tutmaq sizin yox, bizim kimi öləri adamların işidir.

 

Kleopatra müdrikliyi hesabına Antonini biabır olmaqdan qurtardı, həm də saray adamlarına bildirdi ki, özlərini belə böyük adamla müqayisə etməyə cəsarət etməsinlər.

 

Kleopatra həm də çox savadlı və ağıllı qadın idi, çox sayda dil bilirdi. O, ölkəsinin həqiqi vətənpərvəri idi. Misirin müstəqilliyini qoruyub saxlamaq üçün, buna təhlükə törədən yadellilərə bədənini təslim etmək kimi ləyaqətinə xələl gətirən əməldən də çəkinmirdi. Ona görə də, yalnız b.e.ə. 30-cu ildə Kleopatra özünü intihar etdikdən sonra Misir Roma imperiyasının tabeliyinə keçdi.

 

(Ardı var)
 





19.05.2014    çap et  çap et