525.Az

Yumurta boyda dən (hekayə)


 

Yumurta boyda dən <b style="color:red">(hekayə)</b>

Yarısı çınqıllı yamacda, yarısı çox da geniş olmayan çala-çuxur düzənlikdə  yerləşən yüz-yüz əlli evli Əliquluuşağı quşqonmaz qayalarla, seyrək kol-kosla örtülmüş dik təpələrlə əhatə olunmuşdur. Havalar qarışanda, qara buludlar cövlan eləyəndə, ildırımlar çaxanda kəndin yaxınlığından keçən Çaylaq bozarır, bulanır, aşıb-daşır, məcrasına sığmır. Və leysan yağışları səngiyəndə, səma təmiz olanda  sakitləşir, durulur, büllurlaşır, ətrafa   xoş ovqat yayır.

lll

Əkin-biçin işləri başlayanda kişi, qadın sübh tezdən yerlərindən qalxıb mal-heyvanı naxıra qoşur, ev işlərini  qaydaya qoyur. Və sonra da hamı ellikcə belini, dəhrəsini, yabasını, ketmənini, kərəntisini, orağını götürüb şən əhval-ruhiyyə ilə bağ-bağata, biçənəklərə, taxıl zəmilərinə, çəltik ləklərinə yollanır. Kənddə qocalardan, hələ dizi bərkiməmiş uşaqlardan başqa bir bəni-insan görünmür.  Yumurtasının üstündən təzəcə qalxan toyuqların qaqqıltısı, dimdiyində çör-çöp daşıyıb divarların yırtıq deşiyində yuva quran,  ağacların budağında dolaşan   boz sərçələrin ciggiltisi, qanadlarını gərib, tüklərini qabardıb fərələrin yanında lovğalanan hinduşkaların  təkəbbürlü səsi,   cücələrə qənim kəsilən  qara qarğaların  qarıltısı...  qızmar günəş altında sükuta dalan həyət-bacanın qərəmətini dağıdıb kənddən uzaqlaşdırırdı. Və  mənə elə gəlir ki, bu doğma hənirtilər, radiosuz, televizorsuz, telefonsuz, işıqsız kəndimizin – böyük-böyük şəhərlərdə  bir-birinə qarışan benzin qoxulu maşın-mexanizmlərin tükürpədici səsindən, bahalı-bahalı mersedeslərin, tayotaların... zəhlətökən siqnallarından min kərə xoş səslərdi.

Fatma qocam bütün bunlara məhəl qoymadan çatmadan açdığı və bayaqdan bəri o baş-bu başa yelləyib çalxaladığı nehrəni yavaşıdıb asta-asta yırğalamağa başladı. Səliqə ilə yağı ayırıb iri badyaçaya yığdı. Ayranın yarısını  çürüdüb şor eləmək, dovğa bişirmək, qalanını ehtiyacı olan qonum-qonşuya vermək üçün təzəcə qalaylanmış mis sərniclərə boşaltdı. Sonra da obaşdan ot çalmağa gedən atamın günorta yeməyi üçün təndir çörəyindən, nehrə yağından, bişmiş yumurtadan, dələmədən... dəstərxan bağlayıb qoltuğuma verdi və:

– Günortaya az qalıb – dedi. – Bir az cəld tərpən ki,  vaxtında çatasan.

İmtahan verib dörddən beşə keçəndə qiymətimin biri “4” olduğundan valideynlərimin yanında dili gödək, gözü kölgəli davranırdım. Ona görə də mənə  yeri deyəndə yüyürürdüm. Hara buyururdular, daha əvvəlki kimi dağallıq eləmirdim. Qəbahətimi yuyub, yüngülləşdirmək üçün üzüyola tərpənirdim.

Balaca olmağıma baxmayaraq, yol boyu ağır bağlamanı gah sağ əlimə, gah sol əlimə alır, gah da çiynimə qaldırırdım. Çarığım düyə gönünün yançağından olduğu üçün altı çox nazik idi. Yolun qızmar qumsallıqları ayağımı yandırırdı. Hərdən  kənara çıxıb ot basmış cığırlarla gedirdim.

İrəlidəki qoşa təpəni aşanda, yaz, yay, payız  mer-meyvəsi əskik olmayan Çay bağları göründü. Sifətimə sərin meh dəydi. Addımlarımı yeyinlədib  çəpərdən bağa  addadım. Əlimdəki bağlamanı yerə qoyub, alnımın tərini sildim. Bir anlığa dincimi aldım.  Meyvələrinin ağırlığına tab gətirmədiyindən qanadları yana əyilən ağaclara heyranlıqla göz gəzdirdim. Qanadlardan sallanan gilasın, gilənarın uzun saplaqları mənə bəstəkarların not kitablarındakı işarələri  xatırlatdı. Səs-səsə verən quşlar sanki   bu not  vərəqlərinə baxıb,  təbiətin bəstələdiyi mahnıları məlahətlə  oxuyurdular.  Yuxarı tərəfdən qulağıma kərənti səsi gəlirdi. Arxlardan süzülən lacivərd suların zümzüməsini dinləyirdim. Bir-birinə qarışan  bütün bu səslər mənə simfonik musiqi təsiri bağışlayırdı. Bərgüşad, incə qəlbimi ehtizaza gətirən bu simfoniyanı ilıq ləpələrinə büküb Xan Araza, Dəli Kürə, Mavi Xəzərə  səxavətlə ərməğan aparırdı. Xəyal  dünyamın pəncərəsindən bu  mənzərəni seyr etdikcə riqqətə gəlirdim. Və özümü oruc-namazından qalmayan  Fatma qocamın  danışdığı nağıllar aləmində hiss edirdim.

lll

Böyürtkən kolları basmış  daş hasarların  qurtaracağında ot çalanların  səs-küyü gələn biçənəyə döndüm. Atam ayağının birini irəli, birini  geri qoyub iri kərəntisi ilə çiçəkli  yoncanı lay-lay yerə sərirdi. Kərənti yoldaşları cərgə ilə onun arxasınca  irəliləyirdilər. Söz yox ki, atamın günorta yeməyini vaxtında çatdırmışdım. Əlimdəki bağlamanı dibindən  arx dolu su axan qarımış ağacın  budağından asdım ki,  qarışqa daraşmasın. Özüm qalın kölgə düşən və çiçəkləri coluxmuş ot laylarının üstündə oturub,  kürəyindən tər süzülən ot çalanların nə vaxt günorta çörəyinə gələcəklərini gözlədim.

Günün duran vaxtı hamı kərəntisini kənara qoyub, arxın suyu ilə əl-üzünü yuyub, ağacların qalın kölgə saldığı yumşaq otun üstündə qabaq-qənşər bardaş qurdu. Atam əlindəki kərəntisini gözucu nəzərdən keçirib öz-özünə –ağzı yellənib, yoncanı dibdən   götürmür, gərək əməlli-başlı əl gəzdirəm – deyib, bizə tərəf yönəldi. Və iş yoldaşlarının yanında əyləşdi. Hərə öz bağlamasını açıb  ortalığa qoydu. Onlar kövşən ətirli “yaşıl stolun” üstünə sərilmiş yemək süfrəsini dövrəyə aldılar.     Hamı bir ağızdan –Bismillah- deyib  çörəyə əl uzatdı. Atamın mərhəm baxışlarında özümə qarşı çətin sezilən bir inciklik hiss edirdim. “Yəqin  illik qiymətlərimin hamısı “5” olmadığından və əlaçılıqdan düşdüyümə görədir” – öz-özümə düşündüm. Atamın madar oğlu olmağıma baxmayaraq, kiçik bir səhvimi belə bağışlamırdı. Üzümə bir söz deməsə də,   incə   eyhamla mənə qarşı incikliyini büruzə verirdi. Göydən od tökülə-tökülə ona günorta çörəyi aparmağıma baxmayaraq, əsla üzümə gülmürdü. Atamın belə bir soyuq münasibətini özümə dərd eləyib ürəyimə salırdım. “Sentyabr tez gəlsəydi, gecə-gündüz canıma cəfa basıb dərslərimin hamısından “5” alıb, yenə də əvvəlki kimi əlaçı olardım, şəklim Şərəf lövhəsinə vurulardı. Atam da eşidib şad olardı”- daxilən düşünüb daşınırdım.  

lll     

Ot çalanlar günorta çörəklərini yeyib qayışlarının altını bərkitdikdən sonra yanlarını yerə verib olub-keçənlərdən, gələcəkdən, yaşadıqları zəmanənin  keşməkeşlərindən söhbət açdılar. Onlar maraqlı-maraqlı əhvalatlar danışırdılar. Ötkəm xasiyyəti olan Əbil kişi incikli halda:

– Ə, düzdü e, atalar deyib ki, çox bilirsən, az danış. Axı necə danışmayasan?! Elə şeylər var ki, vallah yadıma düşəndə cin vurur təpəmə. Niqolay  bizə bir gün ağlamadı, Şura hökuməti gələndə də şad olduq ki, kəndi ağ günə çıxaracaq. Gərək haqqı danmıyasan, keçmişə nisbətən indi hər yerdə əmin-amanlıqdır. Heç kəs bir-birinə dəyib-dolaşmır. Qurd quzuynan otluyur. Bir ətək pul töküb uşaqlarımız üçün təzə məktəb tikib.  Buna sözüm yoxdur. Di gəl ki,  bu hökumətin elə işləkləri var ki, nə yerə sığır, nə də ki, göyə. Bizə deyir bircə inəkdən artıq saxlamaq qadağandır. Onun da südünü uşaqların boğazından kəsib, yağ eləyib hökumətə veririk. Altının buzovunu çəkib aparır ki, ət hazırlığına getməlidir. Gündoğandan günbatanın hökuməti, keçinin qəzlinə, toyuğun  yumurtasına göz dikir. Əməyimizə beş-altı pud çəltik düşür, onun da  düyüsünü satıb pul  eləyirik ki, istiqraza verək. Deyir, paraya dəymə, bütövü də kəsmə, doğra, doyunca ye. İndi, Əbil, get, canın çıxsın, acından öl! Bu əllərimlə saldığım bağları da  haqq-nahaq danaboyun eləyib əlimizdən alıb. Uşaqlarımız meyvə üzünə həsrətdi.                                                                                                          

Əbil kişi danışdıqca həyəcanlanırdı. O, üzünü həmsöhbətlərinə tutaraq:

– Bu dediklərimin hansı yalandırsa, durun tüpürün üzümə, deyin, Əbil, şər danışırsan, səndən axmaq adam yoxdur.

Əjdər qımışaraq:

– Pahoo! Guya ki, Əbil təzə söz icad eləyib!!! Ə,  dediklərini kim bilmir?! İndi biz duraq  hökumətlə kəllə-kəlləyə gələk?! Əbil, bu sözləri  burda dedin, bir də dilinə gətirmə. Orda-burda çərənləyərsən, mərdiməzarın biri aparıb qoyar yuxarıdakıların ovcuna. Ondan sonra gəl ölünü qoy, dirini ağla.  Həzrət Abbas haqqı, o çiyni paqonlular, səni Həbib bəy kimi haqq-nahaq gecəynən qulaqlayıb elə yerə göndərərlər ki, heç yerin-yurdun da bilinməz.

Hamı:  – Doğrudur – deyib Əjdərin sözünü təsdiq etdi.

Atam təmkinlə:

– Əbilin  sözünü qəribliyə salmayın – dedi. – Kişi olanı danışır.  Bu hökumətin yaxşı işləri də var, onu danmaq olmaz, ancaq at işləməz yolları da çoxdur. Ancaq  bir söz ki, xeyirdən çox ziyan gətirə, onu deməsən yaxşıdır. Bir də ki, havayı yerə ha danış, yel qayadan nə aparır. Ona görə gəlin hökumətin işinə qarışmayaq. Özümüzə aid olan söhbət edək.

Əbil hövsələdən çıxdı:

  İldırım kişi də bağışlasın, onun yanında alt-üst danışmaq bizə yaraşmaz. Ancaq bunu deməsəm, bağrım  çatlayar. Zülmnən abad olan, adilnən bərbad olar!! Vallah-billah, simi-vallah, belə hökumətin axırı yoxdur!  Şuranın axırı-aqibəti niqolayınkından betər olmasa, bu qulaqlarımın ikisini də dibindən sivirərəm. İntəhası, tezi-geci var...                         

lll

Atam bu yerli-yersiz dedi-qoduları eşitmək istəmirmiş  kimi ayağa  qalxıb dalda bir yerə  keçdi. Və tərli paltarını dəyişib geri döndü. Əvvəlki yerində əyləşib söhbətin istiqamətini dəyişdi:

– Qədim zamanlarda  bir padşah xəzinələrini gəzib dolaşanda gözünə bilək yoğunluğunda sünbül sataşır. Padşah sünbülün birini qırıb ovcunda ovanda nə görsə yaxşıdır?! Yumurta boyda iri dən. Padşah gözlərinə inanmır. Öz-özünə fikirləşir ki, xudaya, bu boyda da dən olar?! Məsələdən hali olmaq üçün tez vəzirini çağırır ki, onu bu sirrdən agah eləsin. Vəzir yumurta boyda dəni görəndə onun özü də mat-məəttəl qalır.

Xeyli məsləhət-məşvərətdən sonra padşah buyurur ki, nəyin bahasına olur-olsun, bu sirri öyrənməliyik. Üzünü vəzirinə tutub deyir ki, ancaq sənə inanıb etibar eləyirəm. Bu möcüzəni  doğru-dürüst öyrənmək üçün bir ay da möhlət verirəm.

Vəzir evə qayıdanda arvad-uşağını başına yığıb əhvalatı onlara danışır. Deyir ki,  günü sabahdan bir aylığa səfərə çıxmalıyam. Heç biriniz də məndən nigaran qalmayın. Padşahımızın buyruğunu  yerə sala bilmərəm.

Beləliklə, vəzir səhərisi pay-piyada  düşür yolun ağına. Neçə gün, heçə həftə gecəni gündüzə qatıb kəndi-kəsəyi vurur bir-birinə. Ancaq bir mətləb hasil olmur ki, olmur. Çox gəzib dolaşdıqdan sonra   uzaq məmləkətdə yaşayan, hər şeydən hali olan Canəli adlı dünyagörmüş ahıl bir qocanı ona isnad verirlər. Vəzir soraqlaşa-soraqlaşa üç gün-üç gecə yol gedəndən sonra, axır ki, Canəlini tapır. Beli bükülmüş, gözləri çuxura düşmüş, heysiz-hərəkətsiz qoca taxtın üstündə  uzanıb o dünyayla əlləşirdi. Ayağa durmağa taqəti qalmamışdı. Onun başına yığışanlar hörmətli qonağın bu evə nə məramla təşrif gətirdiyini  qocaya başa salırlar. Canəli bir çətinliklə  özünü cəmləşdirib yönünü vəzirə tərəf çevirir. Nəfəsini çiyinlərindən ala-ala:       

– Vəzir sağ olsun – deyir. – Əvvəla, bu evə xoş gəlib səfa gətirmisən. O ki, qaldı yumurta boyda dən məsələsinə, mənim filan məmləkətdə Hacıəli adlı qardaşım var. O, yaşca məndən böyükdür. Əgər zəhmətə qatlaşıb Hacıəlini  tapa bilsən, bu barədə o, daha səhih məlumat verər...

Vəzir  vaxt itirmədən ayağa qalxıb ev sahibləri ilə xudahafizləşir. Üz qoyur Hacıəlinin yaşadığı ikigünlük at mənzilində olan kəndə. Ancaq vəzir yol boyu çox nigarançılıq keçirir. Düşünür ki,  o dünya ilə əlləşən, güc-bəla ilə danışan bu qocanın böyük qardaşı, yəqin ki, Canəlidən betər vəziyyətdədir. Belə olan halda onunla nə danışacaq?! Necə danışacaq?!

Əlqərəz, vəzir fikirləşə-fikirləşə  addımını yeyinlədib, varid olur Hacıəlinin yaşadığı kəndə. Vəzir kəndin  ayağında at, qatır, öküz nallatdıran adamlara yaxınlaşıb onlardan Hacıəlini soruşur. Ona yamac yerdə, qaratikan  kolundan qalın çəpəri olan həyəti göstərirlər. Deyirlər, Hacıəlinin evi, bax, odur.

Vəzir həmin səmtə yönəlib Hacıəlinin evinə çatanda həyətdə balta ilə odun  doğrayan, sir-sifətindən gümrahlıq yağan, dolu bədənli bir qoca ilə üzləşir. Ev sahibi qonağı görəndə əlindəki baltanı kənara qoyub irəli yeriyir.

– Salam.

– Əleykəssalam.

Onlar əl tutub görüşürlər. Əvvəlcə vəzir dillənir:   

– Bağışlayın, bu kənddə mənə Hacıəli lazımdır.

Ev sahibi ehtiramla gülümsəyib:

– Hacıəli mənəm. Nə buyurursunuz? – cavab verir.

Vəzir axtardığını tapdığı üçün  məmnun qalır. Hacıəliyə üzünü tutub:

– İcazə versəydiniz, vaxtınızı alıb sizdən bir-iki kəlmə söz soruşardım.

Hacıəli:

– Tanımaza-bilməzə qapıma ayaq basmısan. Gözüm üstə yerin var. Əziz də qonağımsan. Ona görə də ayaq üstə durmayaq. Keçək içəri, söhbətimizi eləyək. Mənlik nə işin olsa, köməyimi əsirgəmərəm.       

Onlar evə keçib qabaq-qənşər əyləşirlər. Qonaq əsl mətləbə keçib gəlişinin səbəbini  yerli-yataqlı Hacıəliyə ərz edir. Ev sahibi əlini nurani saqqalında gəzdirib bir qədər  fikrə gedir. Sonra başını qaldırıb:

  Vəzir sağ olsun, – deyir. – Düz buyurursan. Haçansa yumurta boyda  dən olub. Bunu, mən də uzaqdan-uzağa eşitmişəm. Ancaq hansı zəmanədə?! Necə?! Nə təhər?! Desəm ki, bu suallara doğru-dürüst cavab verə bilərəm, onda qarşında yalançı olaram. Əsl həqiqəti bilmək istəyirsənsə, gərək zəhmətə qatlaşıb Xanəlinin yanına gedəsən. Biz üç qardaşıq. Yaşca Xanəli hamımızdan böyükdür. Ağıl-kamalda da  biz iki qardaş ona çata bilmərik. Xanəli burdan otuz-qırx  verstlik aralıda, günbatan  tərəfdəki qoşa dağın arasında, balaca bir kənddə yaşayır. Amma bu tüfəng qarovuldan düşən vaxtı səni buraxa bilmərəm. Çünki o yerin eniş-yoxuşu çoxdur. Bir də ki, şər deməsən, xeyir gəlməz. Allah eləməmiş, qarşına vəhşi heyvan-zad  çıxar, sənə xəsarət yetirər, arada peşmançılıq olar. Həm də atalar demişkən, axşamın xeyrindənsə, səhərin şəri yaxşıdır.  Sağlığına, geniş otaqlarımız, tərtəmiz yorğan-döşəyimiz var. Bu komanı öz evin hesab elə. Arın-arxayın gecələ, dincini al. Sabah, Allah qoysa, düşərsən yola.  Onu da deyim ki, and olsun bizi yaradana, iki dünya bir olsa da, gecənin bu zülmət qaranlığında  səni heç hara buraxan deyiləm. Təvəqqe eləyirəm, saqqalımın bu çal vaxtı sözümü yerə salma...

Vəzir görür ki, ev sahibinin təklifi sidq-ürəkdən gəlir. Odur ki, sözünü yerə salmır...

Səhərin gözü açılanda vəzir yerindən qalxıb qıs-qıvraq geyinir. Çayını içib, çörəyini yeyib düzəlir yola. Qonaq yolağadan çıxanda Hacıəlinin abırlı-həyalı yoldaşı Güldəstə onun  arxasınca bir parç su atır. Hacıəlinin böyük oğlu da ədəb-ərkanla qonağın qabağına düşüb kənddən çıxana qədər bələdçilik edir, atlını atdan salan, piyadanı yoldan eləyən qanıx itlərdən sovuşdurur.  

Vəzir  qalın-qalın meşələrdən, dərin-dərin  dərələrdən, təpələrdən keçib həmin kəndə çatanda görür ki, yaxın həyətdə bir nəfər boylu-buxunlu adam ata qaşov  çəkir, tumar vurur. Həmin evə tərəf dolaylanır. Çəpərin bu tayından, köhlən  atının yal-quyruğuna sığal çəkən hündür boylu, enli kürəkli, başında qara quzu dərisindən qulaqlı papağı olan  adamı səsləyir. Ev sahibi yad adamın hənirtisini  eşidən kimi atdan aralanıb onun  qabağına yeriyir. Onlar salamlaşıb görüşürlər. Xoş-beşdən sonra vəzir soruşur:

– Bağışlayın, bu kənddə mənə Xanəli lazımdır. Canəlinin, Hacıəlinin böyük qardaşı.

Ev sahibi əlini sinəsinə qoyub:

– Elə düz tapmısan – deyir. – Canəlidən, Hacıəlidən böyük qardaş mənəm. Nə qulluğunuz?!

Vəzir axır ki, məqsədinə çatdığından xoşhal olur. Xanəli qərib qonağı evinə dəvət edir. Onlar yanaşı oturub söhbətə başlayırlar. Vəzir yumurta boyda dəndən, Canəli və Hacıəli qardaşları ilə görüşündən ətraflı danışır. Xanəli qonağın gəlişinin səbəbini, məramını biləndə əvvəl fikrə gedir. Sonra təmkinli görkəm alıb tələsmədən belə nəql edir:

– Qədim zamanlarda Tanrıverdi adlı  mülk sahibi ata-babadan qalma minillik torpağını həmkəndlisi Bəşiralıya satır. Payıza dönəndə Bəşiralı  aldığı torpağı şumlamağa başlayır. Sahənin ortasında  cütün ucu harasa ilişir. Bəşiralı öküzləri nə qədər qısnayır, cüt yerindən tərpənmir ki, tərpənmir. Bəşiralı macı buraxıb,  cütün ucu ilişən yeri eşməyə başlayır. Nə görsə yaxşıdır?! Baxıb görür ki, xışın gavahını paslı bir zəncirə ilişib. Belini, düsərini işə salıb zəncirin ucunu axtarır. Müəyyən edir ki, yerin altında qızılla dolu qırx küp zəncirlə bir-birinə bənd olub. Bəşiralı şumu dayandırıb, öküzləri də açıb  buraxır. Və qaçır Tanrıverdinin üstünə. Başına gələn bu əhvalatı  ona danışandan sonra  deyir ki, əmoğlu, mən səndən torpaq almışam, qızıl yox.  Gəl malına sahib  dur. O da deyir ki, bu torpağı ata-babadan üzü bəri  min ildən çoxdur ki, əkib-becəririk. Allah-taalanın məsləhəti olsaydı, qızıl küplər bizim bəxtimizə çıxardı. Əgər çıxmayıbsa, deməli,  mənim qismətim deyilmiş. Qismətdən artığına tamah  salıb göz diksəm, Tanrının qəzəbinə gələrəm. Ona görə də qızılları uzaq elə, məni günaha batırma. Bəşiralı da iki ayağını bir başmağa dirəyir ki, canım-gözüm,  mən sənə torpağın haqqını vermişəm. Aramızda qırx küp qızıl söhbəti olmayıb. Səni göydəki Allaha and verib yalvarıram, gəl mağduruna sahib dur.

Beləliklə, nə Tanrıverdi ipə-sapa yatır, nə Bəşiralı. Heç biri inadından dönmür ki, dönmür. Məsələ böyüyür, axırda qazi işə qarışır. Xeyli məsləhət-məşvərətdən sonra qazi öyrənir ki, Tanrıverdinin ərə getməli qızı, Bəşiralının evlənməli oğlu var. Qazi ölçüb-biçib belə qərara gəlir ki, Bəşiralının oğlu ilə Tanrıverdinin qızı nikah bağlayıb, ailə qursunlar. Qırx küp qızıl da ortalıqda onların övladlarına verilsin. Beləliklə, torpaq satanla torpaq alanın  deməyə sözləri qalmır. Onlar qazinin dediyi qaydada razılığa gəlirlər. Söz-söhbət bununla da qurtarır. Qazinin qərarından mübahisə edənlər də, bu əhvalatı eşidib-bilənlər də razı qalırlar.

Xanəli sözünü tamamlayıb yönünü  qonağa tərəf çevirir:

– Vəzir sağ olsun – deyir, – dən ruzudur. Çörək Qurandan qabaq gəlib. Onda insanlar tamahlarının qulu deyildi. Halallıq, düzlük zamanasıydı. Ona görə də Allah-taala yaratdığı bəndələrinə yumurta boyda dən qismət eləmişdi. Halallıq, düzlük olmayan yerdə xeyir-bərəkət olmaz.

Xanəli söhbətinə ara verib, təəssüflə başını buladı və kədərli ah çəkib sözünə  davam etdi:

– İndi, qonaq qardaş,  zəmanə ilbəil xarablaşır. Burnunun ucundan o tərəfi görmək fəhmi olmayan fərsiz hökmdarlar möizən-billah allahlıq iddiasındadırlar. İnsanların dünya malından   gözü doymur. Kişilər getdikcə qeyrətsizləşir, qadınlar fitnə-fəsad törətməkdən usanmırlar. Ağsaqqalı, qarasaqqalı saya salan yoxdur. Övladlar  onları nə zillətlə böyüdüb, boya-başa çatdıran valideynlərin qədir-qiymətini bilmir. Oğul atanın üzünə ağ olur, gəlinlər qaynatadan, qaynanadan həya  eləmirlər. Yalan, böhtan baş alıb gedir. Dünən yumurtadan çıxıb təsadüfdən əlinə bir vəzifə keçirənlər özlərini ağıl dəryası hesab edirlər... Hansını deyim?!. Amma yeri-göyü yoxdan var eləyən Allahın səbri böyükdür. Bütün bu günahlarımızdan keçib, bizə bir loxma çörək verirsə, ona da gərək min kərə şükür eləyək.

Vəzir aldığı cavabdan məmnun olub ev sahibinə minnətdarlığını bildirir. Ancaq yenə də dərin-dərin fikrə gedir. Xanəli tükü-tükdən seçən adamıydı. Hiss eləyir ki, vəzirin yenə də deməyə nə isə sözü var. Ancaq üzü  gəlmir. Ona görə də Xanəli qərib qonağa xoş nəzər salıb:

– Vəzir sağ olsun – deyir,– lovğalıq olmasın, mən arif adamam. Üz-gözündən belə başa düşürəm ki,  nə isə demək istəyirsən?! Neçə-neçə kəndi-kəsəyi  keçib, uzaq-uzaq yol gəlmisən. Təvəqqe eləyirəm, çəkinmə, ürəyində nə  var, de.

Vəzirin qırışığı açılır və:

– Bağışlayın, – deyir, – soruşmağa da dilim gəlmir. Təvəqqəm  odur ki, bir sirrdən də məni agah elə.

– Buyurun, buyurun!

– Buyurmağım odur ki,  Allahdan gizlin deyil, bəndədən nə gizlin. – Vəzir sözə başlayır. – Sizin ən kiçik qardaşınız Canəli çox qocalıb, dili söz tutmur, gözləri nurdan düşüb, qulağı ağır eşidir, oturub-durmağa da heyi-hərəkəti qalmayıb. Ondan bir-iki kəlmə sözü gücnən qopartdım. Ortancıl qardaşınız Hacıəli ona nisbətən  çox gümrahdır. Siz isə – maşallah, göz dəyməsin, hər ikisindən böyük olsanız da, cavan oğlan kimisiniz. Bax, bu məsələyə mat qalmışam.

– Vəzir sağ olsun, burda  mat qalmağa bir şey yoxdur. – Xanəli cavab verir. – Ərz eləyim ki, əslində evin daxili sirrini kənara çıxartmazlar. Ancaq bir halda ki, maraqlanıb soruşursan, düzünü deməliyəm. Yalançı Allahın düşmənidir. Xırda qardaşım Canəlinin bəxtinə əsli-nəsli, nəcabəti olmayan bir arvad çıxıb. Çox paxıl, hikkəli, hiyləgər, fitnəkar qadındır. Allah-taala o cür arvadı heç kafir bəndəsinə də qismət eləməsin.  Gündə-günaşırı evlərində dava-dalaşdır. Canəlinin  də yediyini-içdiyini zəhrimara döndərib. Heyləsinin qarnından çıxan nə olar?! Məsəl var ki, siçandan olan dağarcıq kəsər. Üç oğlu var, biri-birindən səfeh.  Evə qazanc gətirib atalarına dayaq olmaları o yana dursun, heç öz başlarını girləyə bilmirlər. Kasıbçılığın üzü qara olsun.  Canəlinin dolanışığı da yaxşı deyil.  Qapısında dördayaqlıdan bir pişiyi də yoxdur. Düzdür,  kiçik qardaş kimi mənim də, Hacıəlinin də ona azdan-çoxdan köməyimiz dəyir. Ancaq qonşu payıyla qarın doymaz. Bax, bu səbəblərdən də Canəli kiçiyimiz olsa da, vaxtından əvvəl qocalıb əldən düşüb. Ortancıl qardaşım Hacıəliyə gələndə, onun güzəranı babatdır. Bir  yastığa baş qoyduğu da pis qadın deyil. Di gəl ki, zürriyyət sarıdan bəxti gətirməyib. Övladları həlləm-qəlləmdir. Qardaşıma baştöhməti gətirirlər.  Onu da Hacıəli ürəyinə salıb xiffət çəkir. Mənim də siz deyən kimi, yaxşı qalmağımın səbəbi odur ki, şükür İlahinin kərəminə, küflətim nəcabətli, əhli-hal, haracan desən abırlı-həyalı qadındır.

Xanəli bu sözü deyəndə yüngülvari gülümsündü. Və əlavə etdi:

  El arasında belə bir məsəl var: kişi atını tərifləyər, nakişi arvadını. Bunu dilimə gətirməzdim. Bir halda ki, soruşursunuz, mən də  olanı deməliyəm. Yüzü keçmişəm, bu çağacan aramızda giley-güzar, qan qaraldan söz-söhbət olmayıb. Oğlanlarım da, üzləri ağ olsun, bir sözümü iki eləməzlər. El-oba arasında da elə davranırlar ki, onlara görə  xəcalət çəkmirəm. Yemək-içmək sarıdan da şükür Tanrının kərəminə, korluğumuz  yoxdur. Gördüyünüz kimi, altımda yəhərli-yüyənli köhlən atım, sürüynən mal-heyvanım. Heç vaxt da təknəmdən çörək əskik olmayıb. Vəzir sağ olsun, bax, buna görə də kiçik qardaşım Canəlidən də, ortancıl qardaşım Hacıəlidən də gümrah qalmışam.

Vəzir Xanəli ilə söz-söhbətindən razı qalıb, şad-xürrəm öz məmləkətinə dönür.

lll

Atam yumurta boyda dən hekayətini tamamlayandan sonra – Allah, Məhəmməd, ya Əli – deyib ayağa qalxdı. Sanballı çəkici ilə iki-üç girvənkə ağırlığında  olan balaca zindanını köhnə bir kötüyə pərçim  edib zərgər dəqiqliyi ilə kərəntisinin ağzını döyüb, yelini almağa başladı.

Bayaqdan onu dinləyən kərənti yoldaşları isə hələ də xəyala dalmışdılar. Atamın söylədiyi yumurta boyda dənin yetişdiyi zəmanədən ayrıla bilmirdilər.

lll

İllər keçdi... Uşaqlıq dünyam neçə onilliklərin arxasında qaldı. Lev Tolstoyun əsərlərini nəzərdən keçirəndə, onun “Yumurta boyda dən” hekayəsinə təsadüf etdim. Atamın gül-çiçək ətirli kövşəndə söylədiyi eyni adlı, lakin müxtəlif məna kəsb edən hekayətini xatırladım. Onun   kərəntisinin, çəkicinin, balaca zindanının cingiltisini dinlədim. Və atamın söylədiyi həmin ibrətamiz kəlamları yenidən qələmə aldım.

19 mart 2014-cü il

 





19.05.2014    çap et  çap et