525.Az

Azərbaycan parlamentində M.Ə.Rəsulzadənin açılış nitqi


 

Azərbaycan parlamentində M.Ə.Rəsulzadənin açılış nitqi<b style="color:red"></b>

Məhəmməd Əmin Rəsulzadə-Əsərləri (V  cild)
 (1918 – aprel 1920)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın  əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov

Transliterasiya redaktorları: professor  Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev),

(Əvvəli 9 may sayımızda) 

Azərbaycan Məclisi-Məbusanında
Birinci iclas

Nikolayevski küçədə iki zirehli avtomobil dayanmış, küçədə ingilis və Azərbaycan fəxri qarovulu durub Bazarnı küçədən Persidskiyədək, Nikolayevskidən şəhadətnaməsi olmayanı buraxmıyorlar. Parlaman binasının qapısından salonadək qarovullar durub, küçədən salonadək xalılarla bəzənmişdir. Parlaman binasının üstündə və lojada Azərbaycan bayrağı vurulmuşdur. Tamaşaçılar üçün təyin edilmiş yerlər doludurlar. Tamaşaçılar içində bir çox xanımlar dəxi vardır. Ümumiyyətlə ruh yüksəkligi hökmfərmadır.

İclas açılmadan əvvəl məbuslar və sairləri dəstə-dəstə, topa-topa yığışaraq əhvali-hazirə və övzai-siyasiyyə həqqində danışıyorlar. Parlamanın vəzifəsi, gələcək Məclisi-Müəssisan, hazırki hökumət və sairə həqqində mübadiləyi-əfkar icra olunur.

Diplomasi nümayəndələr lojalarında İran, Dağıstan və Gürcüstan nümayəndələri əyləşmişlərdir.

Nəhayət saət ikinin yarısında iclas açılıyor. İclası Məhəmməd Əmin Rəsulzadə cənabları nitqi-iftitahilə açaraq Azərbaycan istiqlalının müxtəsər tarixindən, elani-istiqlaldan əvvəlki haldan və rus istibdadından incimiş, zənciri-əsarət altında əzilmiş və bittəbii bundan dolayı rus hökumətinə nifrətlə baxmaqda olan müsəlmanların və xüsusən Azərbaycan türklərinin rus milləti və rus mədəniyyətinə qarşı məhəbbət və dostluqdan başqa bir fikri olmadığını qeydlə nəhayət Azərbaycanın yaşamasına ətfi-kəmal ediyor. Bütün millətlərin amal və gedəcək yolları bir olduğunu göstərərək bu gün bu binada qaldırılmış olan bayrağın enmiyəcəginə haman bu amillərin dəlil və azərbaycanlıların şüarı olaraq istiqlal və hürriyyət uğrunda göstərdikləri və göstərməgə hazır olduqları fədakarlıqların bir istinadgah olduğunu, paytaxtımızda bulunan müttəfiqlər nümayəndələrinin də münasibat və rəftarını qeydlə diyor ki, vicdani-bəşər heç vəqt böylə zülmü işləməz ki, bizi bu səadətdən məhrum qılsın. Binaənileyh natiq cənabları azərbaycanlıları ittihad və ittifaqla çalışaraq müstəqil yaşamağa qail, müstəid və müstəhəqq olduğumuzu isbat etməgə çağırıyor. (Nitq kəraətlə gurultulu alqışla kəsiliyor).

Nitqinin axırında sədr cənabları bir sədr ilə bir baş müavin seçməgi təklif ediyor. Beş dəqiqə tənəffüsdən sonra “Müsavat” və bitərəflər namindən Şəfi bəy Rüstəmbəyov sədrligə, Əlimərdan bəy Topçubaşovun və baş müavinligə Həsən bəy Ağayevin namizədligini təklif ediyor.

Təklif ümumiyyətlə qəbul olunur.

Həsən bəy Ağayev sədr yerini tutaraq böylə tarixi gündə bunca nəsibinə böyük şərəf və ehtiram düşdügündən izhari-etimad edərək seçənlərə təşəkkürünü bəyan ediyor. Sonra müvəqqəti bir katib intixabı lüzumunu qeydlə parlaman adətincə katibligə ən cavan məbusu seçmək qaidəsini bəyan binayi-aliyə Rəhim bəy Vəkilovun namizədligini təklif ediyor. Təklif qəbul olunur.

Sonra Azərbaycanın hər yerindən və ümum millətlər və siniflərdən alınmış olan təbrik teleqraflarını qismən oxuyur. (Teleqraflar dünki sayımızda dərc edilmişlərdi).

Teleqraflardan sonra hökumət rəisinə söz verilir.

Fətəli xan Xoyski uzun gurultulu alqışlar altında kürsi-xitabətə çıxaraq ibtida böyük, əziz mübarək gün münasibətilə parlaman əzasını hökumət namindən təbrik ediyor. Sonra hökumətin məsuliyyət və fəaliyyətindən bəhslə hər nazirin öz nəzarəti həqqində müfəssəl bəyanat və məruzə verəcəgini vəd ediyor. Kəndisi isə Azərbaycan hökumətinin heyyən təşkilindən bu vəqtədək nə kibi daxili və xarici şərait altında nə surətlə çalışdığını, o vəqtki anarşi, yolsuzluq, müxabirəsizlik, pulsuzluq, əskərsizlik və ümumiyyətlə bir dövlət və hökuməti yaşada biləcək amillərin ümumiyyətlə yoxluğunu zikrlə hökumətin fəaliyyətini təsvir ediyor və şükr eliyor ki, ən mühüm məsələlər qüsurla da olsa həll edilmiş: pul kəsilmiş və əsl Azərbaycan pulu bu yaxınlarda hazırlanacaqdır, yollar, post-teleqraf münasibat və müxabiratı açılmış, paytaxtımız hüquq və ədalət bayrağı altında hüquqi tapdayanların əlindən alınmışdır. Natiq həzrətləri türklərin dəvəti qonşu millətlər və hökumətlər ilə münasibatımıza və sairlərini açıq təsvir etdikdən sonra diyorlar ki: şimdi artıq parlaman dəvət olundu. Heç hökumət bundan sonra bir dəqiqə belə iş başında qalmaq istəməz. Binaənileyh hökumət istefa veriyor.

(Gərək Məhəmməd Əmin bəy və gərəksə Xan Xoyski həzrətləri nitqlərinin təfsilatı sabahkı nömrəmizdə olacaqdır).

Məhəmməd Əmin bəy təklif ediyor ki, yeni hökumət təşkilinədək sabiq hökumət məmləkəti idarəsiz buraxmayaraq iş başında qalsın.

Təklif qəbul olunur.

Sədr etibarnamə, nizamnamə və təsərrüfat komissiyaları seçmək lüzumunu göstərərək namizədlər göstərilməsini təklif ediyor.

Bu namizədlər göstəriliyor:

“Müsavat” və bitərəflərdən: Şəfi bəy Rüstəmbəyov, Məhəmməd Yusif Cəfərov, Abbasqulu Kazımzadə.

Sosialistlər İttifaqı (müsəlman) tərəfindən: Məhərrəmov, Səfikürdski, Hacınski.

“Hümmət” firqəsindən: Qarayev, Camalbəyov və Şeyxülislamov.

“İttihad” firqəsindən: Vəzirov Zeynal bəy, Məhəmmədbəyov və Qara bəy Qarabəyov.

Gürcülər, lehlər, yəhudilər və almanlar nümayəndələri tərəfindən Qoxman, Vanseviç və Tsixaqaya.

Rus slavyanları tərəfindən: Mixaylov, Klınyevski və Krınqo.

Namizədlər qəbul olunur.

Sonra “İttihad” firqəsi təklif ediyor ki, parlaman güşadı münasibətilə siyasi məhbuslara əfvi-ümumi elan olunsun.

Sosialistlər İttifaqı, Müsavat və Hümmət bu təklifi təbrik ediyorlar. Əsas etibarilə etiraz edən olmuyor. Fəqət bu təklifin qanun layihəsi surətində təqdimi və müəyyən bir komissiya, ya fraksiya tərəfindən verilməsi məsələsi qaldırılaraq nəhayəti-ara ilə 5 nəfərlik bir komissiyaya məhvəl edilməsi təhti-qərara alınıyor.

Komissiyaya aşağıda ismləri yazılan məbuslar daxil oluyorlar:

Müsavatdan – Qardaşov

Sosialistlər İttifaqından – Səfikürdski

Hümmətdən – Ağamalov

Bitərəflərdən – Əfəndiyev

İttihad firqəsindən – Zeynal Tağıyev

İclas saət 5 radələrində qapanıyor.

Gələcək iclas düşənbə günü saət 12-yə təyin ediliyor.

“Azərbaycan”, 8 qanuni-əvvəl (dekabr) 1918, №59

     

Məsrur – elan, xatırlama

Müstəid – istedadlı, bacarıqlı

Müstəhəqq – layiq

Heyyən – heyəti

    

Azərbaycan parlamentində M.Ə.Rəsulzadənin açılış nitqi

Möhtərəm məbuslar! Azərbaycan Cümhuriyyətinin ilk Məclisi-Məbusanını açmaq yövmi-səadəti, siz möhtərəm məbusları təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə müftəxirəm (Alqışlar). Əfəndilər, Rusiyada zühur edən inqilabi-kəbir digər həqiqətlər arasında bir həqiqəti-bahirəyi dəxi elan etmişdi. Bu həqiqət millətlərin həqqi-hürriyyət və istiqlalı idi. Rusiya inqilabı təbiətində mövcud olan ruhə sadiq qalaraq təbii yolu ilə inkişaf etsəydi, millətlərin hüququnu təmin ilə muxtariyyətlərdən mütəşəkkil azad və demokratik bir Rusiyayi bir an əvvəl təsis edəcək idi. O vəqt təbii idi ki, Rusiyada yaşayan müsəlmanların da həyati-siyasiyyələri digər məhkum millətlərlə bərabər başqa bir təriqdə cərəyan edəcəkdi. Millətlərə kəndi müqəddəratlarının təyinini pək səmimanə bir surətdə Rusiya Məclisi-Müəssisanından gözlədilər. Fəqət Rusiyada inqilab və demokratizm naminə zühur edən məkus bir istibdad nə kibi xarablıqlar yaratdığını bilirsiniz. İnqilab naminə hökmfərma olan anarşi və millətlərin hüququ elanından sonra yeridilən qatı mərkəziyyətçilik Zaqafqasiya millətlərini kəndi başlarının çarəsinə baxmaya sövq etdi. Zaqafqasiyadan Rusiya Məclisi-Müəssisanına intixab olunan məbuslar kəndilərini vəkil edən cəmaətin hüququnu Zaqafqasiya “Seymini” təşkil və onun istiqlalını elan etməkdə gördülər.

Eyni məntiq nəhayət Azərbaycan əhalisi tərəfindən seçilən vəkillərin Şurayi-Milli təşkilinə sövq, bu Şurayi-Milli isə Azərbaycan istiqlalını elan etmək zərurəti qarşısında qaldı. Azərbaycan istiqlalı elan olundu. (Alqışlar).

Bu gün əqəliyyət təşkil edən millətlərin nümayəndələri dəvət olunmaq üzrə iştə bu məclis təşəkkül etmişdir. Bu məclis ümumi seçki üsuli ilə toplanacaq Azərbaycan Məclisi-Müəssisanı toplanıncaya qədər məmləkətimizin sahibi olacaq. Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların nümayəndələri olduğundan bu məclis vətənimizi tamamilə təmsil edə bilər.

Əfəndilər, bilirsiniz ki, bizim Rusiya cəmaətinə qarşı heç ədavət və nifrətimiz yoxdur. Bezar olduğumuz Rusiya çarizm Rusiyası, Rusiya istibdadıdır. Rusiyaya nifrətimiz Rusiya istibdadı altında inləyən Rusiya cəmaətinə nifrət demək degildir. Bizcə mənfur olan, millətləri əzən və hüquqlarını verməyən rəsmi Rusiyadır. Hər bir millət müstəqil və hürr olmalı, hürr olduqdan sonra digər millətlərlə ürək istədigi kibi əqdi-ittifaq etməlidir. Bütün dünya millətlərinin bir “Cəmiyyəti-Əqvam” vücuda gətirməsi bizim ən müəzzəz fikirlərimizdəndir. Bu “federasyon” cəbrlə degil, təbii bir meyl və arzu ilə hasil olmalıdır. (Alqışlar).

Ərz etdim ki, biz Rusiya cəmaətinin də düçar olduğu fəlakətdən qurtarılmasını ürəklə istəriz. Biz Rusiya hökumətinin həqiqi rus demokratiyası əlinə keçməsi tərəfdarıyız. Çünki Qafqasiya dağlarının şimalında təşəkkül edən müstəbid və təcavüzkar bir hökumətə biz laqeyd qala bilməriz. (Alqışlar). Biz Rusiyanın səadətini istəriz. Rusiya cəmaətini sevəriz. Fəqət kəndi istiqlalımızı da əziz tutarız. (Alqışlar). Cəbr ilə qəbul etdirilən bir şeydə qətiyyən səadət olamaz. Çünki səadət hürriyyət və istiqlaldadır.

İştə bunun üçün əfəndilər, müstəqil Azərbaycanı təmsil o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış. Türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa əfkari-əhraranəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. (Məbuslar yerlərindən qalxıyor, şiddətli alqışlar mədid bir surətdə davam ediyor).

Mən buna iman edirəm. Mənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırıyor. Bu günəş bir daha üful etmiyəcək. Bən vicdani-bəşəriyyətə inanıyoram. Milyonlarla insan bahasına mal olan qitali-ümumidən sonra vicdani-bəşər qazandığı həqiqətləri asanlıqla əlindən verməz. “Cəmiyyəti-Əqvam” fikri bu gün hər kəscə qəbul edilmiş bir fikirdir. Bu bənə ümid veriyor. Qüvvətlə inanıyoram ki, artıq milləti öldürmək, millətin hüququnu paymali-zəval etmək qətiyyən mümkün degildir. Qaliblər də, məğlublar da millətlərin hüquqi təslim edilməlidir diyorlar. (Alqışlar). Yaxında açılacaq sülhi-ümumi konfransında bu fikir qətiyyən hakim olacaq. Bu gün əhvalə hakim olanlar müttəfiqlərdir. İngilis, Amerika, Fransa dövlətlərinin bayraqlarında millətlər təmini-hüquqi və “Cəmiyyəti-Əqvam” şüarı yazılıbdır. Dövlətlərin Bakıda bulunan nümayəndələri naminə general Tomson Qafqasiya məsələlərinin sülhi-ümumi konfransında həll olunacağını rəsmən elan etmişlərdir.

Biz azərbaycanlılar bütün mövcudiyyətimizlə kəndi müqəddəratımızı, kəndi istiqlalımızı müdafiə və mühafizədə israr edər, səbat və mətanət göstərirsək heç şübhəsiz ki, Azərbaycan Cümhuriyyəti payidar olur. Fəqət bunun üçün təkrar ediyorum səbat və mətanət, fədakarlıq istər. İstər ki, biz kəndimizin istiqlala layiq olduğumuzu isbat edəlim. Bu oldumu sizi təmin edirəm ki, kimsə həqqimizi təslim etməmək cəsarətində bulunamaz. Hanki vicdandır ki, istiqlalı istəyən və ona ləyaqətini isbat edən bir milləti qəhr etsin. (Alqışlar).

Əfəndilər, biz Qafqasiya əqvami ruhumda hər zaman hürriyyət və istiqlal fikri hakim olmuşdur. Hürriyyət fikrinin müməssili olan “Prometey” Qafqasiya dağlarında zəncirə bənd edilmişdi. O, daima zəncirlərini qırmaq təşəbbüsündə idi. “Prometey”in ruhu Qafqasiyanın bütün millətlərində vardır. Qafqasiya millətlərinin istiqlalı və bərabərlikdə müstəqil olaraq yaşamaları bir xəyali-bəid degildir. Qardaş millətimiz olan Şimali Qafqasiya, qapıbir qonşumuz ermənilər, münasibati-dostanəmiz bütün cüziyyatə rəğmən daima səmimi qalan gürcülər, bizə bir çox mədəni xidmətləri toxunmuş rus cəmaətinin mühüm bir qismi ilə əl-ələ verərək biz Qafqasiyanın müqəddəratını qitə üzərində yaşayan millətlərin arzusu vəchilə təmin edə biləriz. (Sürəkli alqışlar. Diplomasi lojalarına müraciətlə təkrar alqışlar).

Əfəndilər, bən buraya qədər sizə ümidli sözlər söylədim. Buna iman ediyoram. Fəqət nəzərinizi əhvalın ağırlığına dəxi cəlb etməzsəm vəzifəmi hüsni-ifa etməmişəm deməkdir. Zaman ağır, gedəcəgimiz yol çox tikanlı və arizəlidir. İləridə bir çox müşkülat və maneələri dəxi gözə almalıyız. Bu maneəli yolları keçmək və sərmənzili-məqsudə irmək üçün siz məbus əfəndilər bir çox fədakarlıqlar ibraz etməli, təmsil etdiginiz millətə səbat, mətanət göstərmək üzrə bir nümunəyi-əmsal təşkil etməlisiz. Bu nümunəyi göstərəcək iqtidar və istedada malik oldunuzsa, yolun yarısı gedilmiş deməkdir.

Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi qərəzləri və bütün bu kibi vətən və millət qayəsi qarşısında səqil qalan qərəzlər atılmalı, vətən qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır. (Sürəkli alqışlar).

Əfəndilər, bu gün Azərbaycanın paytaxtında Məclisi-Məbusan iftitahındayız. Azərbaycan bir atəş mənbəyidir. Vətənimiz hər zaman kəndi sinəsində bir atəşi-müqəddəs bəsləmişdir. Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər bir şöləyi-ümid və iman təşkil eləmişdir. O atəş ki, bu gün də sərvət və saman səbəbi və baisi-təməddündür. Qəvi bu atəş Azərbaycan övladının sinələrinə dolsun, milyonlarla ürəyi yaxan bu atəş əbədiyyən sönməz bir məşəl təşkil edib də hürriyyət və istiqlala doğru getdigimiz maneəli yolları işıqlandırsın! (Sürəkli və mədid alqışlar).

“Azərbaycan”, 9 qanuni-əvvəl (dekabr) 1918, №60

Məsun – toxunulmaz

Məkus – tərsinə dönmüş

Müəzzəz – əziz

Mədid – uzun

Üful – qürub

Təmin – xatircəm

Bəid – uzaq

Səkil – çirkin

    

Bütün Azərbaycan vətəndaşlarına!..        

Millətdaşlar, vətəndaşlar!..

Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanının açıldığı münasibətilə sizləri təbrik ediyoruz.

Təbrik ediyoruz Azəri türklərini ki, ürəklərinin dərin guşələrində əzizlədikləri böyük amalları hasil olubdur.

Təbrik ediyoruz müsavat məfkurəsi ilə mənus olan millətdaşlarımızı ki, bu gün onlar Azərbaycan fikrinin qövldən-felə keçməsini göstərən bir böyük vəqeyi dəxi seyr ediyorlar.

Təbrik ediyoruz firqəçi yoldaşları ki, qaldırdıqları Azərbaycan bayrağı bu gün millət vəkillərinin başları üzərində pərçəməndaz oluyor.

Təbrik ediyoruz bütün vətəndaşları ki, həqq, ədalət və müsavat nigəhbanı olan bir müəssisəyi-hürriyyət təşkil olunuyor.

Əvət, böyük fikrin, fikri-istiqlalın, Azərbaycan hürriyyət və istiqlalının arzukeşləri sevinsin, bu arzu yolunda şəhid düşən, bu arzu ilə ölən millətdaş və vətəndaşların da ruhu şad olsun.

Azərbaycan Məclisi-Məbusanı açılıyor. Fəqət vətəndaşlar, biliniz ki, bu gündən bizə böyük və olduqca müşkül imtahan günləri başlayır. Azərbaycan Məclisi-Məbusanı bizə bir imtahandır. İmtahan göstərməliyiz, həddi-rüşd və büluğə yetmiş vətəndaşlar olduğumuzu isbat etməliyiz. Bu imtahanı millətin vəkilləri, vəzirləri verdikləri kibi millət özü də bu imtahana girməlidir. Millət Məclisinin dalında durmaz, onun qərarlarına tabe olmaz, onun ehtiramını saxlamazsa, biliniz ki, vətəndaşlar, Məclis özü-özünə heç bir şey edə bilməz.

Bu gün hər şeydən əvvəl Azərbaycan istiqlalını qurtarmaq lazım, çünki olduqca ağır bir vəziyyət, müşkül bir əmr altındayız. Bunun üçün də daxili nizaları şiddətləndirməyərək bütün firqələr birləşməli, Vətən və Hürriyyəti-Vətən naminə birləşməlidirlər.

Beşinci ilə varan millətlər qovğası indi xitamə iriyor. Bu müharibənin nəticəsində o müharibə qədər müəzzəm bir hadisə zühur ediyor.

Millətlər hürriyyət və istiqlal bayrağı açıyor. İstibdadlar yıxılıyor. Dünya xəritəsi yeni hökumətlərlə boyanıyor.

Millətlər azad və müstəqil olacaq. Dünya azad millətlərdən ibarət bir “Cəmiyyəti-Əqvam” şəklinə girəcək!

Millətlərin hürriyyəti, millətlərin cəmiyyəti!

İştə bu günün siyasəti, bu günün şüarları!

Paytaxtımızda bulunan müttəfiq dövlətlərin bayraqlarında dəxi bu cümlələr yazılıbdır.

Müttəfiqlər bu gün bayraqlarında yazılı bulunan bu şüarı bilfeil həqqimizdə tətbiq etməmişlərsə də, bilmisal bunun sülhi-ümumi konfransında həll olunacağını rəsmən elan etmişlərdir.

Sülhi-ümumi konqresi, vətəndaşlar, istiqlal paylıyacaq – deyə düşünülməsin. Çünki bu kəndisini aldatmaq olur. Konqres israr və istehqaqla istənilən istiqlalları təsdiq edəcək!

Bunun üçün çalışalım. Hər növ şəxsi mənfəətlərin üstünə çıxalım, özümüzü unudalım, millətimizi düşünəlim, məclisimizlə müttəhid olalım, işlərimizi, idarələrimizi yoluna qoyalım. O zaman əmin olalım ki, həqqimizi alırız!

Vətəndaşlar! “Cəmiyyəti-Əqvam” 5 sənəlik qital nəticəsində millətlərin vicdanından doğmuş öylə aləmləri işıqlandırıcı bir günəşdir ki, feyzi bütün aləmə şamildir.

Çalışalım, səy edəlim, qardaşlar ki, Azərbaycan üfiqi bu günəşin üzünə hail olacaq buludlar və dumanlarla örtülməsin!

Bu isə bizim əlimizdədir.

Bunun üçün bütün firqələr müttəhid olmalı, bütün təbəqələr təhəmmül etməli, Məclisi-Millinin dalında Səddi-İskəndər kibi durmalıdır.

İştə vətəndaşlar, bu gün Azərbaycan Məclisi-Məbusanının açıldığı gündə sizi fədakarlığa, ittihada dəvət ediyoruz. Müttəhid və fədakar olalım, tainki:

Yaşasın Azərbaycan Cümhuriyyəti!

Yaşasın Cəmiyyəti-Əqvam!

Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat” Mərkəzi Komitəsi

“Azərbaycan”, 10 qanuni-əvvəl (dekabr) 1918, №61     

Nigəhban – gözətçi
Rüşd – doğru yol tapma
Büluğ – yetginlik
Niza – çəkişmə, tutuşma
Pərçəməndaz – dalğalanmaq    

Azərbaycan Məclisi-Məbusanında Türk Ədəmi-Mərkəziyyət “Müsavat” firqəsi Məclisi-Məbusan şöbəsinin bəyannaməsi        

Məhəmməd Əmin Rəsulzadə: Möhtərəm məbuslar! Türk Ədəmi-Mərkəziyyət “Müsavat” firqəsinin Məclisi-Məbusan şöbəsi tərəfindən hüzurunuza ərz etməliyəm ki: “Müsavat” firqəsi bu vəqtə qədər gərək Rusiya Məclisi-Müəssisan seçkilərində, gərək Zaqafqasiya “Seym”ində bitərəf adilə məruf olan müstəqilüləfkar cəmaət xadimləri ilə bir fraksiyon təşkil edərək onlarla birlikdə hərəkət etmişdir. Bu gün isə firqə müstəqil bir fraksiyon şəklində hüzurunuza çıxaraq məruzatda bulunuyor.

Möhtərəm məbuslar, yəqin ki, siz “Müsavat” firqəsinin bu hərəkətində bir tərzi-hərəkət dəyişikligi görürsünüz, həqqa ki, öylədir. Əcəba, bu böyük Məclisi quran müxtəlif firqələrdə proqram dəyişikligi görmüyormusunuz?!..

Biz yaxın məqsədlərimizdən biri olan Azərbaycan muxtariyyətini tələb edərkən həm sağdan, həm də soldan hücumlara düçar oluyorduq. Sağdakılar bir nöqtədən, soldakılar da başqa bir nöqtədən Azərbaycan muxtariyyətini inkar ediyordular: sağdan diyordular ki, – Azərbaycan, Azərbaycan deyə-deyə müsəlmanları parçalıyor, türklük bayrağı qalxızırkən – nəuzubillah – İslama rəxnə vuruyorsunuz. Soldan dəxi iddia ediyordular ki, Azərbaycan davası bizi inqilabçı və hürriyyətpərvər Rusiya demokratiyasından ayırıyor, xan və bəy hökuməti düzəltməgə səbəb oluyor.

Fəqət bu gün nə görüyorsunuz? Onlar da, bunlar da azərbaycançı, Azərbaycan istiqlalını, bizim bu, dünki münəqqidlərimiz, bu gün olunca qüvvətləri ilə, bir baxışda hətta bizdən daha ziyadə bir şiddətlə müdafiə ediyorlar. Biz bununla əlbəttə ki, iftixar edəriz!

Azərbaycan muxtariyyəti şüarını ilk dəfə ortalığa atan Türk Ədəmi-Mərkəziyyət “Müsavat” firqəsi – bu gün 5 ilə yaxın aləmşümul bir döyüşdən sonra qalib və məğlub, bütün zehinlərdə yerləşmiş “Cəmiyyəti-Əqvam” fikrinə inanmışdı. “Müsavat” firqəsincə bu cəmiyyət milli dövlətlərin ittifaqından ibarət olmalı, bu dövlətlər də ədəmi-mərkəziyyət və muxtariyyət əsasları üstündə qurulmalıdı.

Bu idrakatə ürəgi ilə inanan firqəmiz Rusiya inqilabının bəlli aylarında Petroqrad mərkəziyyətinə şiddətlə arzukeş olan sosialist cərəyanlarına uymadığı kibi, əksər zehinləri tutan və bir növ ruh xəstəligi kibi şiddətli surətdə sirayət edən “ilhaqçılıq” mərəzinə də mübtəla olmadı. Öz-özünə sadiq qalaraq həmişə ədəmi-mərkəziyyətçi qaldı.

Əvvəla ədəmi-mərkəziyyət, sonra muxtariyyət, daha sonra cərəyanə tabeən istiqlaliyyət tərəfdarı, daima Azərbaycan məfkurəsinin müdafei olan firqəmiz üçün bu gün o böyük məqsəd hasil olmuşdur. Çünki artıq nə sağlar, nə də sollar Azərbaycanı inkar degil, var qənaətləri ilə isbat ediyorlar. Çünki artıq Azərbaycan fikri üzərinə müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki artıq cəmaətimizin zehnində Azərbaycan istiqlalının fikri yer tutmuş, yerləşmişdir. Çünki üç rəngli o müəzzəz bayraq artıq siyasətən həpimizi birləşdirmişdir.

Əvvəlcə firqə Azərbaycan fikrini yalnız xaricdə degil, daxildə də isbat etmək məcburiyyətində idi. Bu gün isə firqəmiz daxilən isbat olunmuş müstəqil bir Azərbaycanın Məclisi-Məbusanında bulunuyor. Şimdi firqə felən mövcud olan Azərbaycan istiqlalının hüquqca möhkəmləşməsi, xaricdə müdafiəsi, daxildə də təşkili üçün çalışmalıdır. Əgər bu vəqtə qədər “Müsavat” başlıca məqsədi olan Azərbaycan fikrinə maddi bir vücud qazandırmaq niyyətilə sabit bir mərkəz vücudə gətirmək üçün bu məsələdə kəndisilə müttəfiq bulunan bitərəflərlə bir qəlibdə bulunuyordusa, şimdi artıq buna ehtiyac yoxdur. Azərbaycan hər kəs üçün müdafiə olunur qüdsi və müştərək bir sitareyi-ümid halına gəldikdən sonra təbiidir ki, mərkəzi-məbusan təbdil, proqramlarda tələblər təqdim etməlidir.

Firqə proqramımız ilə tanış olanlar biliyorlar ki, biz federalist, türkçü və demokratız. Məsləkimiz milli-demokrat məsləkidir. Demokratlığımız radikalizm dərəcəsinə qədər varıyor.

Millətin qüvvətli bir cəhəti-cameəsini yalnız dində degil, xəlqin “dili dilimdən, dini dinimdən” – deyə kəndinə məxsus sağlam hədislə dərk elədigi düsturda görüyoruz. Bu mülahizə ilə biz məfkurəmizdə böyük türk millətini bir gün gəlib də bir türk federasyonu qurmaqla bütün görmək istəriz. Bu ittihadın mədəniyyəti-bəşəriyyə sərgisinə qiymətdar bir hərs (kültür) bəxş edəcəginə əminiz. İştə məqsəd əqsamızın digər dərəcəsi. Fəqət bu məqsədlərin fövqündə ülvi bir məqsədimiz daha vardır ki, o da bütün cahan federasyonu və “Cəmiyyəti-əqvam”dan ibarətdir.

Bunun bir müqəddiməsi olmaq üzrə Rusiya inqilabı zamanında yazılan firqə proqramımız Rusiyada milli və məhəlli muxtariyyətlər əsası üzərinə qurulu Qoşma Xəlq Cümhuriyyəti üzərində israr ediyordu. Müsaid bir zamanda, mətlub şərtlər altında təkrar böylə bir ittifaq əqd eləmək bizcə yabançı bir fikir degildir. Bilxassə ki, proqramımız vəchilə muxtariyyətlərini tələb etdigimiz Türküstan, Qırğızıstan, Başqırdıstan, Volqaboyu və Krım türkləri ilə biz bu surətlə təkrar əlaqə və irtibat peyda edə biləriz. Müstəqil Azərbaycan digər müstəqil Rusiya millətləri ilə azadanə bir surətdə bağlaşaraq qoşma bir hökumət vücudə gətirə bilər. Yalnız bu qədər var ki, ittifaqı azərbaycanlılar degil, Azərbaycan yapa bilər. Vəziyyəti-beynəlmilliyəmiz aydınlaşmayınca, kəndi həqqimizi kəndimiz təyinə səlahiyyətdar olduğumuzu Rusiya ilə bərabər bütün cahan mədəniyyəti qəbul etməyincə toplanacaq sülh konfransında dilədigimiz istiqlal təsdiq olmuyunca – bir kəlmə – hürriyyətimiz beynəlmiləl bir təminata alınmayınca bittəb heç bir ilhaqdan, heç bir federasyondan bəhs olunamaz.

Azərbaycan məsələsi, kim nə deyirsə-desin artıq beynəlmiləl bir məsələdir. Müstəqil Azərbaycanın xaricən müdafiəsi, hüquqən təsdiq etdirilməsi yenidən düzələcək hökumət məramnaməsinin baş sətrini təşkil eləməlidir. Məclisimiz açıldığı gündə söylənmiş “bir dəfə yüksələn bayraq endirilməz!” sözü dildə degil, işdə də görülməlidir. Bu xüsusda ciddi çalışmaq əzmində bulunan hökumət vəziyyətə hakim bulunan müttəfiq dövlətlərin həqqimizdə göstərdikləri dostanə təvəccöhdən son dərəcə istifadə edə bilər. Amerika rəisi-cümhuri Vilson əsasları Azərbaycan kibi kiçik məmləkətlərin də böyük məmləkətlər dərəcəsində həqq və ehtibara malik olacaqlarını elan eləmişdir. Amerika rəisi-cümhurinin elan etdigi əsaslara iştirak edən İngiltərə ilə Fransa düvəli-müəzzəmələri dəxi qurulacaq sülh konfransında millətlərin kəndi müqəddəratlarını həll etmək ixtiyarında olduqları düsturunun hakim olacağını elan etmişlərdir. Buna əlavə olaraq paytaxtımızda əmniyyət və asayiş təmini üçün müsafir olaraq gələn müttəfiq ordusu komandanı general Tomson Qafqasiya məsələlərinin sülh məclisində həll olunacağını rəsmən bəyan etmişlərdir. Böylə müsaidkar bir əsəri-təvəccöhi istifadə etmək və bir vəsilə ilə bütün cahan mədəniyyət hüzurunda, bilxassə düvəli-müttəfiqə məhafilində müstəhəqq-istiqlal olduğumuzu isbat eləmək Azərbaycan hökumətinin “bismilə” siyasətini təşkil eləməlidir. Bu məsələdə qəvi bir əzm və sarsılmaz bir səbatla hərəkət edəcək hökumət hər hankı firqəyə mənsub olursa-olsun hər növ müavinət və müzhirətimizə əmin olsun.

(Ardı var)

 





20.05.2014    çap et  çap et