525.Az

"Əlbət bir gün görüşəcəyik" - Türkan Turan yazır


 

"Əlbət bir gün görüşəcəyik"  -<b style="color:red"> Türkan Turan yazır</b>

...Üç saatdan artıq gəzdiyim Bodrum Qalasından sonra getmişdim Qumbaxçaya. Qala ilə müqayisədə kifayət qədər kiçik sayılan köşkün qarşısında bir qədər dayandım. Hiss etdim ki, köşkə daxil olan məqamda yaranan bu tərəddüdün səbəbi 1523-cü il ab-havasından, Sent Con Cəngavərlərinin yaratdığı əsrarəngiz Qalanın sehirdən çıxmaq istəmədiyimə görədir. Ancaq vədələşdiyimiz saatda dostlara yetişmək üçün vaxt itirməməyə qərar verərək içəri daxil oldum. İlk addımı atar-atmaz yanıqlı bir səs:

"Yıllar var ki biz seninle

Bakışarak konuşuruz

Sevdalanmış kalbimizle

Rüyalarda buluşuruz" - deyərək bütün ruhumu qucaqladı. İsti, canlı, təmiz, səlist, doğma olan bu səs Zəki Mürənin idi. Olduğum yer isə Zəki Mürən küçəsində yerləşən, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 8 iyul 2000-ci ildə sənətçinin xatirəsinə Zəki Müren Sənət Muzeyi olaraq açılan, böyük ustanın həyatının son illərini keçirdiyi Bodrumdakı evidir.

Dəvətsiz gələn qonağa qollarını açan, onu məmnun etmək üçün dəridən-qabıqdan çıxan qonaqpərvər ev sahibi təsiri bağışlayan Zəki Mürənin səsi, içimdə olan tərəddüdü saniyələr içində buxar etdi. Girişdə bilet alıb, baxıl geyindikdən sonra birinci mərtəbədə yerləşən mətbəxti, qonaq otağını gəzdim. Sonra taxta pilləkənlərlə yuxarıya qalxdım. Təkcə 90-ları deyil, yaşamadığım illəri də hiss etdim canımda. Evin hər küncündən, hər bucağından altmışlar, yetmişlər, səksənlər fışqırır. Saralmış mətbəx mebelinin qoxusu, 26 ildir qəhvəsiz qalan fincanların, yeməksiz qalan boşqabların, sahibinin ölümündən sonra yanmayan və bir daha heç vaxt yanmayacaq olan sobanın kimsəsizliyini iliyimə qədər hiss etdim. Böyük ölümlərin taleyi də budur, yaşarkən şöhrət tənhalaşdırır, ölərkən adın! Hətta qabın-qacağın belə yalqızlaşır.

Türkiyənin Sənət Günəşi idi Zəki Mürən. Yaşadığı dönəmin sənət dünyasında inqilab idi onun varlığı. Musiqidən rəsmə, rəsmdən şeirə dövr edən bir həyatı vardı. Ard-arda vallar, konsertlər, televiziya proqramları, filmlər, sərgilər və bir də şeir kitabı daxil olmuşdu həyatına. Bəzən isə uşaqlıq arzusu olan Amerika kimi nəhəng ölkələrdə bir müxbir kimi qeydlər aparıb, yazılar yazırdı. Təkyönlü insan deyildi, heç vaxt da olmadı. O illərdə bəzən amerikalı Libereslə, bəzən isə ingilis David Bovi kimi sənətçilərlə müqayisə edilirdi, məsələ burasındadır ki, Zəki Müren onlardan qatbaqat üstdə idi. Məsələn, onu bir gün konsert verərkən, bir gün film ulduzu olaraq ekranlarda, bir gün teatr səhnəsində, bir başqa gün isə özünə məxsus parfüm və mücəvhər mağazasının satış bölümündə görmək olardı.

Səhnəyə və sənətə mərhələli olaraq gətirdiyi yeniliklər bu gün onu inqilabçı kimi təqdim etməyə əsas verir. Türkiyənin milli mentalitetinə zidd addımlarına, seçimlərinə rəğmən sevilirdi. Məsələn, muzeydəki vitrinlərdən birində "Uzaydan gələn şahzadə" geyimi və ayaqqabısı o məşhur fotosunu xatırlatdı. Ağ, mini ətəklə çıxmışdı səhnəyə, par-par parıldayırdı üzündəki makiyaj, dodağındakı boya ilə meydan oxuyurdu standartlara, ənənələrə, kiflənmiş beyinlərə, mentalitetə... Çox danışılan bu konsertdən sonra xalqın ona olan sevgisi əksilməmişdi, əksinə daha da artmışdı. Hətta dərgilərdən birində qısa ətək geyinməsi ilə bağlı verilən suallardan birini belə cavablayır: "Əgər bir gün lazım olarsa, dünya səviyyəli bir revyuda Adəm ilə Həvvanın Adəmini təmsil edər, sadəcə yarpaqla çıxaram səhnəyə. Bu bir cəsarət məsələsidir".

İşə bax ki, o dövrdə qadın-kişi sorğulaması, cinsiyyətçilik günümüzdəki kimi acınacaqlı deyildi. Bugünkü Türkiyədə belə bir açıqlama verib, eyni cəsarəti sərgiləyə bilərdimi? Gedişata baxanda mümkünsüzlüyü görür insan. Sezen Aksunun "Nə şahanə" mahnısında Adəm və Həvvanın adını çəkdiyi üçün məruz qaldığı linçin üstündən heç üç ay keçməyib. Çünki Zəki Mürən dövrünün insanı üçün öncəlik sənət idi. Xalqa səs, söz, musiqi idi maraqlı olan, ətəyin ölçüsü, onun altındakı deyil. O dövrdə siyasət sənəti üstələməmişdi. İnsanların düşüncələri indiki kimi korşalmamışdı.

Muzeyi gəzərkən istəsən də, istəməsən də dövrlərin müqayisəsini aparırsan. Daşlı-qaşlı, zərli-zibalı geyimlərini gördükcə, göyqurşağının bütün rənglərini üzərində və ruhunda daşıyan yeganə sənətçilərdən olduğuna əmin olursan. Zərif, kübar, şux, baxımlı və ən çox da dəbdəbəli idi görkəmi, eynilə daxili dünyası kimi! Bunlara rəğmən toxunulmazlığı vardı, əl üstündə tutulurdu, çünki xalqdan biri idi, xalqla iç-içə idi. Zəki Müreni Zəki Mürən edən ən böyük özəlliklərdən biri də elə bu idi. Bəzən yalnızlığa qaçırdı, amma ən böyük istəyi insanlarla birlikdə olmaq idi. Ona görə, hər fürsətdə xalqın arasında idi.

Yataq otağında sərgilənən dərmanları, təzyiq aparatı isə ömrünün yarıdan çoxunun xəstəliklərlə mübarizə apararaq yaşadığının sübutudur. Həkimlər yorğun bədəninin dincliyə, sakitliyə ehtiyacını olduğunu söylədiyində sığınacağı yer bəlli idi; Bodrum! Bodruma ilk dəfə gedəndə "Tanrının lütfü Bodrumda insanlar çox zərif və qonaqpərvərdilər" demiş, İstanbula döndüyündə isə "Bodrumda beş yaş gəncləşdim" söyləmişdi. Haqlıdır!

Muzeydə gəzmək insanı çox uzaqlara aparır. Köhnə televizorlar, radiolar, İstanbuldan gətirilən yataq, taxta beşiyi, anasının tikiş maşını, saralmış məktublar hamısının qoxusu, nəfəsi bambaşqadır. Artıq çəkidən əziyyət çəkən sənətçinin trenajor aləti də çarpayının yanındadır. Güzgünün önündəki yarımçıq qalmış parfümlər isə insanı faniliyini üzünə çırpır sanki. Bir gün anidən öləcəyik və hər şey yarımçıq qalacaq vahiməsi beyni bürüyür. Bu düşüncənin fonunda isə Zəki Mürenin bütün köşkə yayılan səsi bir ümid kimi yetişir dada: "Elbet bir gün buluşacağız, Bu böyle yarım kalmayacak" deyir sənətçi.

Yataq otağında divardan asılmış ayna da diqqətimdən yayınmadı. Bir vaxtlar Mürenin baxdığı aynada özünü seyr etmək gözəl hiss etdirir insanı. Muzeyin ən diqqət çəkən yani isə tablolardır. Bütün otaqlarda öz çəkdiyi tablolar, rəsm əsərləri yer alıb. Hər birinə isə adlar verib, "Pərdələr sirdaşdır", "Qəsəbəyə sirk gəldi", "Barışaq", "İçimdəki yanğın" və.s əsərlər adları ilə canlanıb sanki. "Göndərdiyin çiçəklər" adlı rəsm isə xüsusi maraq yaradır. Fikirləşirsən ki, görəsən kim göndərib, həmin çiçəklər sənətçidə necə bir hiss, həyəcan yaradıb ki, rəsmin çəkmək qərarına gəlib.

Yarım saatlıq ziyarət etməyi nəzərdə tutduğum muzeydən düz iki saat sonra qarmaqarışıq duyğularla, nəmli gözlərlə ayrıldım. Anladım ki, içəri daxil olmaqda tərəddüd etdiyim kiçik köşkdə sadəcə bir sənətçinin xatirəsi, əşyaları yoxdur, həqiqət, keçmiş, bu gün, gələcək nəhəng bir sənət dünyası var. Dərinliyində ruhun çaşıb qaldığı bir dünya!

Gəldiyim qənaət isə budur; XX əsr Türkiyəsində heç kim Zəki Müren qədər olduğu kimi görünməyib, göründüyü kimi olmayıb. Səhnə kostyumları, rəngləri, işıltısı, cinsi seçimi çox da önəmsənməyib, səsi, sözü, duruşu ilə sənətə damğasını vurub. Köhnələr boş yerə deməyib ki, ən çox sevdiyin insanın belə görüntüsünün yaddaşdan silinməsi mümkündür, amma səsinin zehinlərdən silinməsi əsla! Burada başqa bir həqiqət də var, Zəki Mürenin nə görüntüsü yaddaşlardan silinəcək, nə səsi. Dünya var olduqca yaşayacaq, Sənət Günəşi! Və özünün dediyi kimi, "Elbet bir gün buluşacağız, Bu böyle yarım kalmayacak".

 





16.05.2022    çap et  çap et