525.Az

Keçmiş müttəfiqlərin düşmənçiliyi


 

Keçmiş müttəfiqlərin düşmənçiliyi<b style="color:red"></b>

Bir zamanlar eyni ittifaq dövlətində təmsil olunan Rusiya ilə Ukrayna arasında müharibə davam edir. Bu münaqişə Avropa qitəsində İkinci Dünya müharibəsindən sonra ən böyük hərbi münaqişə hesab olunur. Bütün bunlar az deyilmiş kimi, Rusiya ilə Baltikyanı respublikalar, Latviya, Litva və Estoniya arasında münasibətlər də sürətlə pisləşir. Tərəflər diplomatik münasibətləri kəsmək həddinə gəliblər. Litva Moskvadakı səfirini geri çağırıb, Sankt-Peterburqdakı Baş Konsulluğunu bağlayıb. Bundan bir neçə gün öncə isə rəsmi Litva Rusiyanın Vilnüsdəki səfiri Aleksey İsakovdan ölkəni tərk etməsi tələbini irəli sürüb. Bundan əvvəl, aprelin 4-də Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Rusiya ilə diplomatik münasibətlərin səviyyəsininaşağı salındığını bəyan etmişdi.

Mayın 10-da isə Litva parlamenti Ukraynaya qarşı müharibəyə görə Rusiyanın "terrorçu dövlət" kimi tanınmasına yekdilliklə səs verib. Diqqət çəkən məqam parlamentin iclasında iştirak edən 128 deputatın hamısının qətnamənin lehinə səs verməsidir. Bundan başqa, Litva parlamenti Rusiyanın hərəkətlərini Ukrayna əhalisinin soyqırımı hesab edərək dünya ictimaiyyətini Ukraynadakı hadisələrə qiymət verəcək və Rusiyanın təcavüzünü mühakimə edəcək xüsusi cinayət məhkəməsi yaratmağa çağırıb.

Latviya parlamenti isə abidələrin qorunmasına dair Rusiya ilə ikitərəfli sazişin dayandırılmasını təsdiqləyib. Parlamentin qərarında deyilir ki, Sovet ordusunun simvolları indi birbaşa və birmənalı olaraq Rusiyanın təcavüzü və onun silahlı qüvvələrinin Ukraynada törətdiyi cinayətlərlə bağlıdır. Geosiyasi şəraitin və beynəlxalq təcrübənin dəyişməsi o deməkdir ki, Latviya Sovet işğalına aid abidələr kimi strukturları qoruyub saxlamaq məcburiyyətində deyil. Moskvada hesab edirlər ki, Latviya bu qanunu qəbul etməklə Sovet ordusunun şərəfinə ucaldılmış abidələri sökmək istəyir. Artıq Moskvada Latviyaya sərt cavab verilməsi çağırışları səslənir. Lakin Ukraynada nə edəcəyini bilməyən Rusiyanın NATO-nun üzvü olan Latviyaya qarşı güc tətbiq etmək imkanı mövcud deyil. Ona görə də Latviyanın ünvanına səslən təhdidlər söz olaraq qalacaq.

Ən ciddi addımı isə Estoniya atmaq niyyətindədir. Rəsmi Tallin Rusiya Federasiyası ilə 2014-cü il fevralın 18-də imzalanmış quru və dəniz sərhədinin müəyyən edilməsi müqaviləsindən imzasını geri çəkmək niyyətindədir. Bu addım Rusiyaya qarşı ərazi iddiasının irəli sürülməsidir. Estoniyada hesab edirlər ki, 2014-cü il fevralın 18-də imzalanmış müqavilə ilə ölkə tarixi torpaqlarının 5 faizini itirib. İndi isə Tallin həmin torpaqları geri almaq niyyətindədir.

Rusiya ilə Moldova arasında münasibətlər də gərginləşib. Nüfuzlu xəbər agentlikləri və Qərbin kəşfiyyat qurumları Rusiyanın Moldovanı işğal etmək niyyətində olduğundan bəhs edirlər. Rusiya bu ittihamları rədd etmir, əksinə, Ukraynada apardığı müharibənin strategiyası Moskvanın Moldova ilə bağlı da hansısa niyyətinin olduğundan xəbər verir. Rusiyanın ən azından Moldovanın separatçı bölgəsi olan qondarma "Dnestryanı Respublika"nı özünə birləşdirmək niyyətində olduğu aydın görünür.

Rusiyanın Qazaxıstan və Gürcüstanla da münasibətləri pisləşməyə başlayıb. Tbilisi və Astananın Moskva ilə münasibətləri qorumaq niyyəti olsa da, Rusiyanın Ukraynaya qarşı müharibəsi elə vəziyyət yaradıb ki, keçmiş Sovet respublikaları arasında münasibətlər bir daha əvvəlki səviyyədə olmayacaq.

 





16.05.2022    çap et  çap et