525.Az

Milli istiqlalın böyük tərənnümçüsü - Əhməd Cavad - 130


 

Milli istiqlalın böyük tərənnümçüsü - <b style="color:red"> Əhməd Cavad - 130</b>

Aslan CƏFƏROV,
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla ədəbiyyatımızın görkəmli nümayəndəsi, tanınmış maarifçi və ictimai xadim, Dövlət Himnimizin sözlərinin müəllifi, xalqımızın istiqlal mübarizəsinə layiqli töhfələr vermiş Əhməd Cavadın 130 illik yubileyi respublikamızda təntənə ilə qeyd olunmaqdadır.

İllər keçməsinə baxmayaraq azadlıq aşiqi kimi əbədi və ictimai aləmdə özünəməxsus iz qoymuş şairin poeziyasına, ümumiyyətlə isə həyat və yaradıcılığına məhəbbətlə yanaşılır, böyük ədibə olan xalq sevgisi bitib tükənmir.

"Nə qədər ki, hakimlik var, məhkumluq var, mən də varam!" - deyən böyük istiqlal şairi Əhməd Cavad ömrünün son günlərinə kimi millətinə, milli dövlətçiliyə xidmət etmiş, xalqımızın azadlığı və xoşbəxtliyi uğrunda canını fəda etməkdən çəkinməmiş, bütün qəlbi ilə xalqına, millətinə bağlı olmuşdu.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını milli tariximizin ən parlaq səhifəsi kimi qarşılayan, bu sevinc hisslərilə müstəqil dövlətimizin Himnini yazan Əhməd Cavad yaradıcılığının əsasını milli kimlik motivləri təşkil edir. Şairin üç rəngli, ay-ulduzlu bayrağımıza böyük sevgisini "Bayrağım" şeirində də görmək mümkündür:

Türküstan elləri öpüb alnını,

Söyləyir dərdini sana, bayrağım!

Üç rəngli əksini Quzğun dənizdən

Ərməğan yollasın sana, bayrağım!

Milli istiqlal şairi Əhməd Cavad yalnız Azərbaycanın deyil, türk dünyasının taleyini düşünən, türk xalqlarının birliyini arzulayan, ömrü boyu türkçülük, turançılıq ruhu ilə yaşayan, vətənsevər və milli ruhlu bir şair kimi tanınır və sevilir. O, fikir, əqidə azadlığı uğrunda həm qələmilə, həm də bir əsgər kimi döyüşmüş, Türkiyə ordusunda savaşmaq arzusu ilə Qafqaz könüllü dəstəsinə yazılmış, Balkan müharibəsində iştirak etmiş, cəsur ruhlu, cəsur ürəkli vətənsevdalısı kimi adını tarixin qızıl səhifələrinə yazdıra bilmişdi.

Əhməd Cavad Turan dünyasının şairidir. Türk millətinə sonsuz məhəbbəti, türk xalqlarına dərin sevgisi onun yaradıcılığının əsas ideyasını təşkil etmiş, bütün türklüyə sevgisini "Çırpınırdı Qara dəniz" şeirində də əks etdirə bilmişdi:

 

Çırpınırdı Qara dəniz

Baxıb Türkün bayrağına!

"Ah!.." deyərdi, heç ölməzdim

Düşə bilsəm ayağına.

 

"Yol ver Türkün bayrağına!" - deyərək bütün dünyaya hayqıran şair Şəmkirdə doğulub. Həyatının 29 ilini Şəmkir, Gədəbəy, Zaqatala və Gəncədə müqəddəs müəllimlik peşəsinə həsr edib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında yaxından iştirak edən Əhməd Cavad haqqında Cümhuriyyətimizin banilərindən olan Məhəmməd Əmin Rəsulzadə yazırdı: "O, şeirləri ilə türk xalqlarının, doğma Azərbaycanın apardığı istiqlal mübarizəsinə bir ordudan daha çox xidmət göstərdi. Onun qələmi minlərlə süngüyə bərabər idi".

45 il ömür sürmüş Əhməd Cavad M.Ə.Rəsulzadə ilə dost olmuş, məhz onun təklifi ilə Parlamentə üzv və onun katibi seçilmişdi. O, Cümhuriyyətin Gürcüstanda, Dağıstanda fövqəladə və səlahiyyətli nümayəndəsi kimi diplomatik işlər görmüşdü.

Öz əqidəsindən, məsləkindən dönməzliyi, ən böyük türkçü olması, ədəbi-mədəni və ictimai həyatda fəallığı şair və şəxsiyyət kimi ona böyük şöhrət qazandırmışdı. Təkcə Azərbaycanda deyil, Türkiyədə də tanınan və sevilən Əhməd Cavad poeziyamızın milli istiqlal şairlərindən biri kimi tarixdə əbədi yaşamaq hüququ qazanıb.

Əhməd Cavad ruh oxşayan şeirlərilə XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərib, xalqını, millətini, onun ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən, həm də doğma xalqının yolunda pərvanə kimi yanan görkəmli ziyalılardan biri olub.

Repressiya illərinin tüğyan etdiyi vaxtlarda işsiz qalsa da, cəmiyyətdən bir növ təcrid olunsa da, fiziki repressiyadan əvvəl, psixoloji repressiyaya məruz qalsa da, Əhməd Cavad sınmadı, qorxunc rejim önündə əyilmədi, alovlu istiqlal şairi və alovlu vətənpərvər kimi şəxsiyyətinin ucalığını ləyaqətlə qoruyub-saxladı.

Yaradıcılığının və ədəbi-ictimai fəaliyyətinin çiçəkləndiyi bir vaxtda həbs edilərək güllələnən Əhməd Cavadın ömür kitabı bağlansa da, unudulmaz şair bu gün müstəqil dövlətçiliyimizin möhkəmlənməsi, millətimizin dünya birliyində daha layiqli yerini tutmasında, türk xalqlarının bir-birinə daha da yaxınlaşmasında, Turan dünyasının qurulmasında bizim müasirimiz kimi yaxından iştirak edir. O, yenə də mədəniyyətin yüksəlişi uğrunda çalışır, xalqının azadlıq təşnəsi ilə yanan ziyalılardan, Azərbaycan ədəbi-bədii fikir tarixində özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustadlarından biri kimi üç rəngli bayrağımızın ay-ulduzunda, "Çırpınırdı Qara dəniz", "Göy göl", "Susmaram" və sair şeirlərində və xalqımızın qəlbində əbədi məskən salaraq yaşayır və həmişə yaşayacaq.

 





23.06.2022    çap et  çap et