525.Az

Musiqi sənətimizin fəxri Elnarə Dadaşova - Zümrüd Dadaşzadə yazır


 

Musiqi sənətimizin fəxri Elnarə Dadaşova -<b style="color:red"> Zümrüd Dadaşzadə yazır</b>

Bəstələdiyim musiqini insanlara bəxş etməkdən zövq alıram”. Bu sözlər müasir Azərbaycan sənətinin ən maraqlı simalarından biri Elnarə Dadaşova ilə müsahibədəndir.  Elnarə xanımın  ovqatını  bariz ifadə edən həmin sözlər onun  həyat devizi ola bilər. Neçə ildir ki, o, fəal  yaradıcılıq ömrü sürür,  yazıb-yaradır,  dərs deyir,  tədqiqat işləri aparır – hamısını da  sevgi, şövq və ürəklə.

Bakının  ürəyi –İçərişəhərdə  dünyaya göz açan Elnarə xanım  nəsil şəcərəsinə görə içərişəhərli soyunun  səkkizinci nəslinin təmsilçisidir. İndiyədək  o, Şuşa əsilli ana nənəsi Rəxşəndə xanımın  nağıllarını, onun toxuduğu xalıları, ata nənəsi Püstə xanımın tikmələrini xatırlayır.  İxtisasca inşaatçı olan atası Rəhim-Ağanın rəsmləri,  anası –tibb elmləri doktoru, “Şöhrət” ordenli əməkdar həkim Sayalı xanımın kövrək poetik misraları da uşaqların ruhunu  qidalandırmışdır.    Ailənin böyük övladı Minarə (hazırda ADPU-nun “Musiqi alətləri fənlərinin tədrisi metodikası” kafedrasını müdiridir) artıq Konservatoriya nəzdində onillik musiqi məktəbində  (Bülbül adına orta ixtisas musiqi məktəbində) təhsil  aldığından  evdə  daim səslənən musiqi ortancıl bacının ürəyini riqqətə gətirir, onu uca səslə oxumağa ruhlandırırdı.  Bir neçə il sonra Elnarənin də sənədlərini həmin məktəbə verirlər: o, məktəbin əfsanəvi direktoru  Kövkəb xanım Səfərəliyevanın qəbul zamanı apardığı sorğudan mükəmməl eşitmə qabiliyyətinə görə müvəffəqiyyətlə keçib, istedadlı pedaqoq İvetta Adolfovna Qudelisin sinfində pianoçu kimi oxumağa  başlayır və tezliklə gözəçarpan  uğurlar qazanır.

Tədris proqramını  qısa müddətdə mənimsəmək qabiliyyətinə malik Elnarəni tədricən eyni əsərlərin təkrar-təkrar  ifası  darıxdırırdı. O, atasının  alıb evə gətirdiyi  opera, balet klavirlərini maraqla “mütaliə” edib çalar,  çox zaman da piano arxasında   xəyallar aləminə dalıb, təxəyyülünün məhsulu olan  musiqini səsləndirərdi. Elnarənin  improvizasiyaları İ.Qudelisin  diqqətini cəlb edir və müəlliminin tövsiyəsi ilə o, hələ məktəbin ibtidai siniflərində oxuyarkən bəstələrini nota almağa  çalışır. Amma  kompozisiya ilə ciddi məşğul olmaq istəyinə evdə müqavimət göstərilir. Anasının fikrincə,  səhhəti o qədər də möhkəm olmayan zərif qızağır bəstəkarlıq peşəsinin öhdəsindən gələ bilməzdi.  Lakin yaradıcılığa sevgi hər şeyi üstələyir: artıq  9-cu sinifdə o, daha bir əfsanəvi insan – Üzeyir bəyin yetirməsi, ilk qadın bəstəkarlarımızdan biri olan Ədilə Hüseynzadənin  sinfində kompozisiya üzrə məşğul olmağa başlayır. 

Bu gözəl,  nəcib, xeyirxah sənətçi haqqında daim  sevgi ilə söz açan Elnarənin xatirələrinə üz tutaq. “İlk dəfənilli musiqi folkloruna diqqətimi  yönəldən Ə.Hüseynzadə olub. Eləbirinci dərsdə o, ilk qələm təcrübələrimi dinlədikdən sonra: “Qızım, sən azərbaycanlısan?” – soruşdu. “Bəli”, - deyə astaca cavab verdim. “Bəs niyə  bəstələrin  Şopenin  üslubunu xatırladır?”

Bu sualın doğurduğu ciddi götür-qoydan sonra məqsəd müəyyənləşir:  milli qaynaqlara nüfuz edərək  sənətdə öz cığırını tapmaq. Həmin vəzifənin həlli  yolları məktəbdə yazılan simli kvartet, “Ana” romansı və piano prelüdlərində  qismən sərgilənir.

1970-ci ildə E.Dadaşova Azərbaycan Dövlət Konservatoriyasına- Qara Qarayevin  sinfinə qəbul olunur.Q.Qarayevlə görüşünü həyatının ən önəmli hadisəsi adlandıran Elnarə “ata qəlbli müəlliminin” dərslərini, onun tövsiyələrini minnətdarlıqla xatırlayır: “Həftədə üç dəfə o nəhəng sənətkarla ünsiyyətdə olmaq – bunu Tanrının  mənə  böyük  bəxşişi kimi dəyərləndirirəm.Qara Qarayev dahilik, nur, pozitiv enerji mücəssəməsi idi”.

Ötən əsrin 70-ci illəri Azərbaycan musiqi sənətində  əlamətdar  dövr idi. Q.Qarayevin nailiyyətləri hesabına  musiqimizin semiotik fəzası xeyli genişlənir. Yeni nəslin nümayəndələri – A.Cəfərova, A.Əzimov, A.Dadaşov, F.Əlizadə, F.Hüseynov, İ.Hacıbəyov, C.Quliyev, R.Həsənova, C.Abbasov  dünya musiqisinin  təmayülləri axınında özlərini yetərincə sərbəst hiss edir, çağdaş  vasitələri bədii qayənin  dolğun təcəssümünə tabe etdirməyə çalışırdılar.

Bu sırada E.Dadaşova layiqli yer tutur. Hələ təhsil illərində o, tanınır,  Tələbə Elmi Cəmiyyətinin  üzvü, sonra isə sədri kimi əzmlə çalışır,  elmi konfranslara qatılır, Ü.Hacıbəyli təqaüdünə layiq görülür. Əlbəttə, dövrün atmosferi onu da ağuşuna alır, axınlar burulğanına qərq edir. O,yeni texniki vasitələri, o cümlədən dodekafoniyanı da, sınaqdan keçirmək istəyir, amma hiss edir ki, 12 təkrar olunmayan ton əsasında musiqi bəstələmək metodu ona yaxın deyil. Müəlliminin özünəxas yumorla  deyilmiş tövsiyəsini yada salır: “Elnarə, sən düz yoldasan. Bu yoldan, çalış, sapınma! Əgər yeni texnikanın tətbiqinə ehtiyac duyarsansa, ondan faydalan.  Belə bir tələbat yaranmazsa, özünü incitmə. Cəhənnəm olsun yeni texnika!”

İlk uğurunu Elnarə Konservatoriyanın üçüncü kursunda qazanır. Dərs ilinin sonunda o, nüfuzlu professorların “məhkəmə”sinə öz Simli  kvartetini çıxarır. İmtahandan sonra musiqimizin ağsaqqalı Cövdət Hacıyev Q.Qarayev sinfinin assistenti  Fərəc Qarayevə: “Yeni bəstəkarın dünyaya gəlməsi münasibətilə Sizi təbrik edirəm!”söyləyir. Beləliklə, tələbə yeni səviyyə fəth edir, bəstəkar adlandırılmaq şərəfinə layiq görülür.

İstəklər gerçəkləşməyə başlayır,  Q.Qarayevin təbirincə, “istəyirəm” və “bacarıram” arasında çarpazlaşma nöqtəsi müəyyənləşdirilir.

Bəstəkarlar İttifaqı qurultayının konsert proqramına daxil edilən Simli kvartet “Sovetskaya muzıka” jurnalında (1974, №5)tanınmış musiqişünas L.Karagiçeva tərəfindən müsbət dəyərləndirilir.

Əsər E.Dadaşovanın  iri formada işləmək,  hər bir hissənin janr ampluasına uyğun dəqiq, qabarıq material  taparaq həmin yığcam materialı   son həddəcən inkişaf etdirmək, hissələr arasında incə  bağlantılar qurub dramaturji  baxımdan inandırıcı bədii tam  yaratmaq bacarığını  üzə çıxardı.  Buradaca bəstəkarın  məxsusi musiqi dilinin əlamətlərini sezmək olar:  milli   musiqidən qaynaqlanan  intonasiya və ritmlər bir növ neoklassisizm estetikası süzgəcindən keçirilir, bu cərəyana xas vasitələr kompleksi ilə birləşərək  qeyri-adi simada təqdim olunur. Sankizamanın ahəngi ehmallıca  Elnarənin  musiqi dilinə müdaxilə edib onu təravətləndirir.

Mənə simli kvarteti 2000-ci ildə Bakıya gəlmiş məşhur polyak bəstəkarı, Köln Ali Musiqi  Məktəbinin professoru, Şostakoviç irsinin  bilicisi  Kşiştof Meyerlə birgə dinləmək nəsib olmuşdur. K.Meyer əsərdə“kvartet texnikasının mahiranə tətbiqini”xüsusi qeyd etmişdir.

Sənətdə harmoniya axtaran E.Dadaşovanın  ötən əsrin 60-70-ci illərinin üslub əlvanlığı şəraitində məhz neoklassisizmə maraq göstərməsi səciyyəvidir.  O, Q.Qarayevin  bədii kəşflərindən təkan alır, həmkarlarının  uğurlu təcrübəsini də nəzərdən qaçırmır. Keçmişin  üslub modellərinə üz tutan  Elnarə  onları  milli musiqinin idiomları  hesabına təravətləndirməyə çalışıb. “Yaradıcılığımda iki əzəmətli sütuna – muğam və aşıq musiqisinə dayaqlanıram”, - deyən bəstəkar   bu yöndə daha inadkar axtarışlar  aparıb.

Həmkarları E.Dadaşovanın  buraxılış imtahanı üçün bəstələdiyi Konsert-simfoniyanın uğurunu, Dövlət imtahan komissiyasının sədri  professor A.N. Dmitriyevin əsər haqqında yüksək rəyini indiyədək xatırlayırlar.Dmitriyev istedadlı  gənc xanıma təhsilini Leninqradda davam etdirməyi məsləhət görür.  Lakin Elnarə  üçün alternativ variant ola bilməzdi:  assistent-stajçı kimi yalnız və yalnız Qarayevin sinfində oxuyacaq. Belə də olur:  yaradıcılıq əziyyətləri və sevincləri ilə dolu daha iki  il – istəkli ustadının rəhbərliyi altında -  onun peşəkartək püxtələşməsində əvəzsiz rol oynayır, buraxılış işi kimi tammetrajlı simfoniyanın  yazılması ilə nəticələnir.  Bu əsər, habelə Konsert-simfoniya Elnarəni ən ciddi yaradıcılıq vəzifələri həll etməyə qadir olan bir  sənətçi kimi  səciyyələndirir.

Bəllidir ki,  konsert instrumental musiqinin teatr, oyun  poetikası ilə bağlı  parlaq bir janrıdır. Elnarədə öz  Konsert-simfoniyasında məhz bu məqamları qabardır, əsas diqqətini fortepiano və  orkestr  arasında münasibətlərin orijinal tərzdə quraşdırılmasına yönəldir, müxtəlif tembr kombinasıyaları yaratmaqda   ixtiraçılıq sərgiləyir. Özü də fortepiano ön planda olsa da, o, hər zaman  orkestri  “dinləyir”,onun – qoy əsas olsun – amma səslərindən biri kimi çıxış edir.

Əsərin janr atribusiyasını unutmayaq: Konsert-simfoniya. Yəni əsər həm də o dövrün təmayüllərindən birinə – konsertin simfonizm  prinsipləri ilə uzlaşdırılması təmayülünə gözəl illüstrasiyadır. Musiqi dilində isə Elnarə maraqlı bir mikst təqdim edir: aydın eşidilən  milli intonasiyalar bir növ  “klassisist” süzgəcdən keçirilir, üstəlik  xəfif caz boyaları ilə zənginləşir.

Üçhissəli Simfoniya  o zaman  “fəlsəfi ümumiləşdirmələr” janrında ərsəyə gələn  əsərlər arasında  dramaturji relyefin məxsusiliyi ilə seçilir.

Simfoniyanın dramaturji mərkəzi- Andantedə aşıq musiqisindən qaynaqlanan mövzu  əvvəldə sanki təbiət mənzərəsini canlandırır. Həmin mövzu inkişaf əsnasında tədricən dramatik çalarlar əldə edir: burada bir növ məxsusi obraz modulyasiyası- “elegiyadan faciəyə” (Sollertinski) dönüş baş verir. Sonda  tənha  violinin muğam səpkili həyəcanlı monoloqunda səslənən suallar cavabsız qalır: haqq sözünə hay verən  tapılmır... 

Q.Qarayev simfoniyanın “Azərbaycan musiqisi üçün yeni və əhəmiyyətli” olduğunu, onun  partiturasının mürəkkəbliyini qeyd edirdi.

İki fortepiano və zərb alətləri üçün KonsertinodaE.Dadaşova  Azərbaycan xalq çalğı ifaçılığı – sazəndə dəstəsinə xas üsul və fəndləri  quraşdırdığı ansambla proyeksiya edir, konsert janrının tələblərinə uyğun olaraq yarış elementini  önə çəkir.

Beləliklə,  təhsil illəri bəstəkarın iri formalıyaratmaları ilə əlamətdar olur.  Qara Qarayev öz  rəyində Elnarəni olduqca çalışqan, “parlaq fərdiyyətə malik” musiqiçi kimi səciyyələndirir. Cövdət Hacıyev isə gənc bəstəkarı “yeni şəraitdə folklor dalğasının ağıllı, istedadlı, məlahətli nümayəndəsi” adlandırır. Tezliklə E.Dadaşova Azərbaycan musiqisinin  özgün simalı  təmsilçilərindən biri  kimi tanınır.

Əlli il ərzində bəstəkar E.Dadaşova  musiqinin müxtəlif janrlarında onlarla əsər yazmışdır: baletdən  instrumental miniatürlərəcən, simfoniyadan  uşaq pyeslərinəcən, konsert tipli opuslardan mahnılaracan.  “Axtarışlarımın  əsas yönü artıq tələbəlik dövründə müəyyənləşdirilmişdir. Hazırda bütün musiqi ideyalarımı  daha aydın və şəffaf  dillə ifadə etməyə can atıram, fakturanın ifaçı üçün  mümkün qədər rahat olmasına xüsusi diqqət yetirirəm. Hər bir nota görə özümü cavabdeh hesab edirəm”, - deyə bəstəkar vurğulayır.

İllər ötür, amma E. Dadaşovanın musiqisində elə əvvəlcədən özünü göstərən cəhətlər – pozitiv enerji, melodik obrazın görümlülüyü, intonasiyanın səmimiliyi, tembrlərə həssas münasibət,  ritmik ixtiraçılıq,  musiqi alətlərinin “söhbətini”  ustalıqla təşkil etmək bacarığı  yenilməz qalır.

Bəstəkarın palitrasında işıqlı boyalar üstünlük təşkil etsə də, burada məhdudiyyət yoxdur. Azərbaycan cazının ən parlaq siması Vaqif Mustafazadəyə həsr olunmuş orqan üçünPostlüdünün  birinci bölümündə müəllif Vaqifin səciyyəvi çalğı ədasını, mövzularla  davranmaq yollarını sanki “bərpa” edir, onun füsunkar portretini  ustalıqla yaradırsa, matəm xarakterli ikinci bölümdə Vaqif itkisindən doğan  kədəri eyni qüvvə ilə ifadə etməyə müvəffəq olur. Həyat və ölüm  obrazlarını təcəssüm etdirən  iki təzadlı bölümün qarşılaşdırılması üzərində qurulan Postlüd bir növ sənətkarın şərəfinə ucaldılan musiqi abidəsidir.  Xalq musiqisi  idiomları    burada da özünü  incəliklə büruzə verir: biz yalnız təhlil əsnasında  musiqi toxumasında çox üzvi, təbii şəkildə yer alan  “Gözəlim sənsən” nəğməsinin intonasiyasını ayırd edə bilirik.

Bəstəkarın yaradıcılığı nə qədər çoxçeşidli olsa da, burada müəyyən məntiq  aşkarlamaq mümkündür.

Sevilən, refrentək vaxtaşırı təkrarlnan janrlar sırasında prelüd, romans, müxtəlif ansambllar, uşaqlar, tədris repertuarı üçün əsərlər qeyd  olunmalıdır.

Prelüdlər haqqında E.Dadaşova belə deyir: “Hələ məktəb illərində, Ədilə xanımın sinfində oxuyarkən məhz fortepiano prelüdü timsalında milli musiqi dilinin,saz harmoniyasının Avropa harmoniyası ilə uzlaşdırılması yollarını arayıbaxtarırdım.  Məncə, bəzi hallarda axtarışlarım əbəs olmamışdır”.

Prelüdlərdə bəstəkarın aforistik yazı ədası, minimum ifadə vasitələrinin köməyilə cazibədar obraz yaratmaq bacarığı üzə çıxır.

E.Dadaşova illər uzunu Bəstəkarlar İttifaqında “Uşaq musiqisi” bölməsinə rəhbərlik etmişdir. Elnarə xanımın öz uşaqları musiqi ilə məşğul olmağa başlayanda tədris vəsaitlərinin kasadlığı problemi onun diqqətini çəkmişdi: “Zənnimcə, balalarımızın elə ilk çalışmaları zəngin, çeşidli materiala əsaslanmalıdır.  Onlar  lap əvvəldən musiqini  ana dilində  qavramalıdır”.

Elnarə xanım tədris repertuarında mövcud  “ağ ləkələri” ləğv etmək  məqsədilə bir sıra opuslar, o cümlədən  musiqidə ilk kövrək addımlarını atan balalar üçün  icadçılıq  aşılanmış  əsərlər  bəstələmişdir.  Məsələn, “Uşaqlara” silsiləsində   bəstəkar sözün yardımına arxalanır. O, A.Şaiqin “Ala-bula boz keçi”, “Xoruz” şeirlərinə və s. bu kimi dillər əzbəri olan nümunələrə üz tutaraq,  pyeslərin ifasına oyun elementləri qatır. Musiqi ilə hələ təzə-təzə tanış olan uşaqlara pyeslərin ifasında iştirak etmək – təkcə bir  barmaqla çalmaq, müxtəlif səsləri, küyləri təqlid etmək imkanı  yaradaraq, o,  məşğələlərin  yeknəsəqliyini aradan götürür, eyni  zamanda şagirdlərə ilk çalğı vərdişləri aşılayır.Ümidvaram, bu şagirdlər gələcəkdə musiqiçi olmasalar da, sonralar sənətə, səslər dünyasına maraq göstərəcəklər.

E.Dadaşovanın əsərləri 1990-cı ildə  Ukraynanın Vorzel Yaradıcılıq Evində SSRİ Bəstəkarlar İttifaqının repertuar  komissiyasının iclasında dinlənilib, ekspertlərin  müsbət rəyini qazanmışdır: bu əsərlərin  bütün keçmiş sovet məkanında icbari musiqi tədris proqramlarında geniş istifadə olunması  tövsiyə edilmişdir.

Bəzən həmkarları: “Nə üçün qiymətli vaxtını uşaqlar üçün musiqiyə sərf edirsən?”- deyə Elnarəni xəfifcə tənbeh edirlər.  O isə  tərəddüd etmədən cavab  verir: “Bugünkü uşaqlar sabahAzərbaycan musiqisini təmsil edəcəklər, ölkəmizin  vətəndaşları olacaqlar”.  Bu  sözlər  bəstəkarı tək bu günü üçün  yaşamayan əsl vətənpərvər kimi çox gözəl səciyyələndirir.

E.Dadaşova nadir hallarda solist qismində çıxış edən orkestr alətlərinin böyük əksəriyyəti, o cümlədən faqot, truba, valtorna, hətta tuba kimi “epizodik personajlar” üçün musiqi yazmışdır. Yadımdadır, 2002-ci ildə BMA-da ustad dərsi verən İndiana Universitetinin professoru tubaçalan Kenion Uilson (KenyonWilson) E. Dadaşovanın tuba üçün pyesini eşitmiş, bəyənmiş,  tədrisdə istifadə etmək üçün  vətəninə aparmışdır.

Xalq çalğı alətləri də Elnarə xanımın həmişə həvəslə araşdırdığı  sahədir.  Tar, kamança,qanun üçün virtuoz, konsert tipli əsərlər yazılıb, amma bəstəkar bu yöndə də işini davam etdirmək niyyətindədir. 2011-ci ildə II Beynəlxalq “İpək yolu”  Musiqi  Festivalında səslənən qeyri-adi bir kvintet – zurna,balaban, ney, tütək və fortepiano üçün “Diptix” kompozisiyası təbii melodikliyi və alətlərin obrazlı təfsiri ilə diqqəticəlb etmişdir.

E.Dadaşova vokal  musiqiyə xüsusi önəm verir. O, vokal əsərlərinə küll halında ümumi bir ad da fikirləşib tapıb: “Qadın ömrününsəhifələri”. Bəstəkar əmindir ki, söz intonasiya ilə ahəngdar birləşərsə, onun təsir qüvvəsi birə-on artar.

Elnarə xanım  Nizamiyə,  Füzuliyə də üz tutmuş, XX əsr poeziyasından da (H.Cavid, Ə.Cavad,Ə.Cəmil,M.Müşfiq, S.Vurğun, B.Vahabzadə,T.Elçin) vaz keçməmişdir.

Vokal musiqinigözəl duyan E.Dadaşovanın  romanslarında ilk əvvəl təbii intonasiyanın, yaddaqalan melodik obrazın mövcudluğu önəmlidir. Təsadüfi deyil ki,  Şövkət Ələkbərova, Elmira Rəhimova, Rauf Adıgözəlov, Mobil Babayev, Gülnaz İsmayılova, Ramil Qasımov kimi müğənnilər bəstəkarın musiqisinə  diqqət yetiriblər.  Əməkdar artist  Fəridə Məmmədova bu romansları xüsusi bir şövqlə təfsir edir. “Məhz vokal musiqidə bəstəkar qəlbinin  zərifliyi, səmimiliyi açılır”, - söyləyən F.Məmmədova oxuduğu  mahnı və romansların  forma biçimliliyini, vokal  xəttinin rəvanlığını  vurğulayır.  Onun təbirincə, bəstəkar hər bir miniatürü şeir mətninin xarakterinə uyğunlaşdırır ki,  bu da son nəticədə  vokal əsərlərin bir-birindən fərqli simada təzahür etməsinə səbəb olur. Həqiqətən, E.Dadaşovanın vokal lirikasının  obraz diapazonu genişdir: nurlu elegiya, hicran dərdi,  doğma torpağa məhəbbət, təbiətin  seyrindən doğan ruh yüksəkliyi. “Məncə, bütün əsərlərində, mövzusundan asılı olmayaraq, Elnarə xanımın  səsi - qoy pəsdən olsun- eşidilməkdədir. Çünki  həmin romansların  əsas personajı elə o özüdür – gah şıltaq qız, gah  ismətli xanım, gah fədakar  ana,  gah  da qayğıkeş  övlad: bütün bu rollarda  sanki bəstəkar özü çıxış edir. Ən əsası isə  hər bir vəziyyətdə sevib-sevilən, hər şeyə ürək yanğısı ilə yanaşan, könlünün hərarətini insanlara bəxş etməyə hazır Qadın...”

Romansların  konkret bədii həlli hər dəfəözünəməxsusdur. Məsələn,  bütün inkişaf xətti kulminasiyaya  yönələn  “Rəngimdöndü sənsiz” (Füzuli) romans-rübaisi və  ya prototipi, zənnimcə, “Çal, oyna” el havası olan - dolğun lirikanı şux ritmlərlə uzlaşdıran “Vüqarlı dağları sevirəm” (H.Sözlü),  “Sana düşüb meylim” (Ə.Cavad) miniatürləri bir-birindən necə də fərqlənir! Yazın vəsfinə həsr olunmuş “İlk bahar” (H.Cavid) isə  aşıq musiqisi ruhunda bəstələnmış nikbin, gümrah, daxili coşqu doğuran bir mahnıdır. Bu  mahnını dinlədikcə  S.Raxmaninovun “Bahar suları” romansını xatırlayır və düşünürdüm ki, eyni mövzunu – təbiətin oyanışı mövzusunu  tamam  fərqli vasitələrlə təcəssüm etdirmək olar...

Nədən yazırsa-yazsın, hansı janra üz tutursa-tutsun, E.Dadaşova bütün  əsərlərində xalq musiqisi çeşməsindən su içir. Qeyd edək ki, Elnarə xanım vaxtilə Azərbaycan Konservatoriyasının  Folklor Kabinəsində saxlanılan   milli musiqimizin   müxtəlif  nümunələri – layla, ağı, rəqs, aşıq havalarının səs yazılarını nota köçürmüş, təhlil  etmişdir.O,həmin işi bu gün də davam etdirir,növhə, ağı, mərsiyə, oxşama və laylaları nota salır.  Bəstəkar el havaları üzərində həvəslə çalışaraq onları al-əlvan naxışlarla bəzəyir.  R.Adıgözəlovun ifasında  yadda qalan “Sarı gəlin”i,  kamera orkestri üçün “Tərəkəmə”ni, “Süsən  sünbül” mövzusu əsasında orqan üçün variasiyaları   xatırladaq.

E.Dadaşova xalq musiqisi ilə  bağlı işinə ciddi yanaşır: “Axı sənə əsrlərin süzgəcindən cilalana-cilalana  keçərək kamil bir formada  təzahür edən  sənət nümunəsi həvalə olunub. Bacarırsansa, ona rövnəq ver, amma el nəğmələri ilə naşı rəftaretməyəixtiyarın  yoxdur!”

İyunun 23-də  “Qarabağ rənglərinin musiqisi”  konsertində Səidə Tağızadə tərəfindən ifa olunan  “Sarı gəlin”in xoral janr adına malik fortepiano versiyasında əsas melodik   xəttin  səs-şaxələrlə əhatə olunması  ərsəyə gələn musiqi toxumasının məxsusiliyini doğurub  fərqli bir təəssürat yaratdı, bəstəkarın el havasına “rövnəq vermək” bacarığını əyani sərgilədi.

2008-ci ildə E.Dadaşova vaxtilə Məmməd Saleh İsmayılov kimi nüfuzlu etnomusiqişünasın tövsiyəsi ilə araşdırmağa başladığı işi bitirib, “Azərbaycan rəqslərində melodik yönəlmə və modulyasiyalar” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. E.Dadaşova  isbatlayır ki, melodik rəsmin gözəlliyi, təbiiliyi  ilə seçilən  rəqs havalarının   melodik quruluşunu ciddi məntiq “idarə edir”.  Məqamdaxili, paralel və ya I, II dərəcəli qohumluq  münasibətləri əsasında  baş verən yönəlmə və modulyasiyaları  üzə çıxararaq, E.Dadaşova onların təzahür hallarının müxtəlifliyinin sadalanması ilə kifayətlənmir, mühüm ümumiləşdirmələrə gəlib çıxır.

İllərdir, Elnarə xanım bəstəkar, araşdırıcı kimi işini müəllimliklə uzlaşdırır. O,  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının  nüfuzlu pedaqoqlarındandır, müxtəlif  fənləri –solfecio, harmoniya, musiqi əsərlərinin təhlili, partitura qiraəti, ən əsası da illər uzunu polifoniyanı uğurla tədris edir. Elnarə xanım zəngin təcrübəsini ümumiləşdirərək faydalı elmi-metodik işlər – 7 dərs vəsaiti, 5 fənn proqramı, bir sıra metodik tövsiyələr yazmışdır. E.Dadaşovanın “Solfecio” fənni üzrə tərtib etdiyi  dərs vəsaitləri  musiqi məktəblərinin şagirdlərinəAzərbaycan musiqisinin məxsusi məqam  çalarlarını duymaq vərdişinin aşılanmasına xidmət edir. Elnarə xanımın rəhbərliyi altında onlarla diplom işi yazılmışdır. Bir müddət o, bəstəkarlıq kafedrasında “İxtisas”  fənni üzrə də dərs demişdir: bəstəkar-məzunları sırasında iki gözündən əlil olan İlqar Əhmədov, xarici ölkə  tələbələri də var.

“Bu həyatda nə ilə məşğul oluramsa olum,  nə dinləyirəmsə dinləyim, təəssüratlarım, əldə etdiyim məlumatlar sonucda yaradıcılığımda  əksini tapır”, - deyən Elnarə xanım   elmi qənaətləri və polifoniya sahəsində biliklərini bir növ ortaq məxrəcə gətirən “21 fuqa” silsiləsi haqqında söz açır. 

Bəllidir ki, XX əsrdə  neoklassisizm, neobarokko təmayülü məcrasında polifonik musiqiyə  maraq bərpa olunmuşdur: Şostakoviç, Hindemit, Şedrin ilk əvvəl yada düşən  isimlərdir.  Q.Qarayevin elə son opusu  seriya texnikasında yazılmış 12 fuqadır. Elnarə xanımın polifonik silsiləsinin özəlliyi ondadır ki, o,  major-minor ardıcıllığı prinsipindən imtina edərək, fuqaları  Azərbaycan məqamlarının qohumluq əlaqələrinə əsasən düzənləyir:    bəstəkar  I dəftəritəşkil edən 15 fuqanı  üç-üç -  Rast, Şur, Segah kimi  paralel qohum məqam-tonallıqlarda  bəstələyib,  kvarta dairəsi üzrə hərəkət edir. Silsilənin II dəftərində  fuqalar məqam-tonallıqların I  dərəcəli  qohumluq prinsipinə uyğun  olaraq  Bayatı-Şiraz ailəsinə mənsub Müxalif, Zabul, Hümayun, Şüştər, Çahargahda   yazılıb.  Beləliklə,   silsilə quruluşunun hələ  çox-çox əvvəl bərqərar olmuş  qaydalarını E.Dadaşova milli musiqi qanunauyğunluqları hesabına dəyişdirir, texniki vəzifələrin həllini bədii qayənin  təcəssümünə tabe etdirir.

Düşünürəm ki, E.Dadaşova  XXI əsrin zirvəsindən Üzeyir bəyin məqamlar əsasında musiqi bəstələmək təliminə üz tutaraq, həmin təlimin hələ də aktual olduğunu, onun yaradıcı tətbiqi sayəsində inandırıcı, gözəl bədii nəticələrin əldə olunmasının mümkünlüyünü isbat etməyə çalışır.

2012-ci ilin dekabrında   bəstəkarın ən böyük arzusu reallaşdı: 36 il əvvəl Q.Qarayevin xeyir-duası ilə üzərində çalışmağa başladığı “Sayalı” baletiAzərbaycan Dövlət  Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyuldu.  Valideynlərinin  əziz xatirəsinə  ithaf etdiyi bu baletin mövzusu (əsas personajlar  Sayalı və Rəhim Elnarə xanımın ata-anasının adlarını daşıyır)  ülvi məhəbbət  hissinin vəsfidir. Novruz ərəfəsində, təbiətin oyanışı fonunda cərəyan edən hadisələr (iki gənc - Rəhim və Kərim Sayalının sevgisini qazanmaq naminə mübarizə aparırlar) baletin məxsusi nurlu, el avazları və ritmlərindən yoğrulmuş musiqisini doğurmuşdur: təravəti, geniş nəfəsi ilə seçilən lirik melodiyalar şux, şıltaq ritmli  rəqs parçaları ilə ardıcıllaşaraq sonda orkestr boyaları günəş şüalarıtək bərq vuran Apofeoza gətirib çıxarır. Simli kvartetin III hissəsinin musiqi materialına əsaslnan Adajionun (bu fraqmentin   baletə daxil edilməsi  xoreoqraf Pulumb Aqilliunun təşəbbüsüdür) musiqisi isə adamı həyəcanlandırır, kövrək emosiyalar doğurur.  Bəstəkarın anası vaxtilə  bu musiqini dinlədikdən sonra duyğulanaraq onun dərin hüzn obrazı ilə bağlılığını sezmiş və Elnarə xanıma:“Düşünmüsən ki, mən həyatda yoxam və ona görə də bu qüssə dolu  musiqini yazmısan?” sualını  ünvanlamışdır. Bəstəkar o zaman  anasını əmin etməyə çalışmışdır ki, bu qəmli obraz yalnız  konsepsiya ilə bağlıdır.  Lakin   Sayalı xanımın vəfatından az sonra onun adını daşıyan  baletdə  həmin musiqinin orkestr təfsirində yer alması  kədərəhvalını  daha da  dərinləşdirir:  Adajio “vida nəğməsi” kimi səslənirdi...

E.Dadaşova Azərbaycan  Dövlət  Xor Kapellası (bədii rəhbər və baş dirijor Gülbacı İmanova, xormeyster Yulizana Kuxmazova)  ilə də müntəzəm əməkdaşlıq edir.  Onu da deyək ki, vaxtilə  C.Cahangirov  kimi xor sənətinin xiridarı Elnarə xanıma diqqətini məhz   bu sahəyə yönəltməyi məsləhət görmüşdür. Bəstəkarın xorla  “görüşü”  yaradıcılıq arsenalında polifonyanın ifadə imkanlarının fəxri yer tutması  ilə  bilavasitə bağlıdır.

Elnarə xanımın  musiqi palitrasında ən müxtəlif  - dramatik, bəzən düşüncə, həyəcan,  bəzən qəhrəmanlıq, mübarizlik, bəzən də yumor, zarafat aşılanmış “rənglərə” yer var. Lakin sonucda, bütün maneələrə baxmayaraq, günəş şüaları zülməti yarıb keçir. 2021-ci ilin noyabrında Zəfər  gününə  həsr olunmuş “Qarabağ –Azərbaycandır” adlı əzəmətli konsert proqramında   E.Dadaşovanın   “Vətən sağ olsun” döyüş cəngisi Ramil Qasımov və Fəxrəddin Kərimovun idarə etdiyi simfonik orkestr tərəfindən uğurla ifa olundu. Bu əsər Elnarə xanımın qəlbində çağlayan yurd-oba sevgisini, doğma torpağın  azad olunmasından doğan hədsiz sevinci, qalibiyyət ovqatını çox gözəl  təcəssüm etdirirdi.

Yeri  gəlmişkən, E.Dadaşovanın xalq, nəfəs alətləri orkestrləri üçün  marşları da var. Onlardan biri  2004 -cü ildə ANS TV-nin “Qızıl marş” mükafatına layiq görülmüşdür.

Bəstəkarın  əsərlərini  dinlədikcə onun aşağıdakı fikrini xatırlayıram: “Musiqi obrazı  ürəkdə yaranmalı, onun  təcəssümü - ən xırda detallaracan - beyində götür-qoy olunmalı, ərsəyə gələn yenidən ürəyə ötürülüb, duyğular süzgəcindən keçirildikdən sonra insanlara çatdırılmalıdır”. Yəqinelə bunagörədir ki, bəstəkarın musiqisi   peşəkarları  da qane edir, dinləyicilərin də könlünə yol tapır.

Elnarə xanım  musiqi həyatında həmişə çox fəal mövqe tutmuşdur.  “İş otağımın divarları mənə darlıq edir”,- deyən bəstəkarhələ lap cavan yaşlarından dinləyicilərlə -məktəblərdə, uşaq evlərində, klublarda görüşüb, musiqi haqqında söhbətlər aparmış, auditoriyanın heyətindən asılı olaraq məxsusi ünsiyyət forması seçməyi bacarmış, özünün və həmkarlarının əsərlərini çalıb təbliğ etmişdir.  E.Dadaşova maarifçilik ruhlu fəaliyyətinə görə çeşidli mükafatlarla, o cümlədən   1986-cı ildə ÜmumittifaqBilik Cəmiyyətinin sədri,  Nobel  Mükafatı laureatı akademik N.G. Basov tərəfindən imzalanmış Fəxri Fərmanla  təltif olunmuşdu.

Elnarə xanım vaxtaşırı iri elmi konfranslarda çıxış edir, televiziya verilişlərinə  qatılır, burada müxtəlif  məsələlərə dair öz mövqeyini  bəyan etməkdən çəkinmir. Onu abidələrimizin qorunması, milli-mənəvi dəyərlərimizin gələcək  nəsillərə çatdırılması, səslənən məkanımızın durumu da narahat edir. Müsahibələrindən birində “Analaylasını eşitməyən uşaqları gələcəkdə mankurta çevrilmək təhlükəsigözləyir, - deyən bəstəkar daim uşaqların təlim-tərbiyəsi ilə bağlı məsələlərə ictimaiyyətin diqqətini cəlb etməyə çalışır.

Elnarə xanımın parlaq  natiqlik qabiliyyətini,həmsöhbətlərini  enerjisi ilə alışdırmaq bacarığını da vurğulamalıyam. Yadımdadır ki,  aparıcısı olduğum “Xaqani, 27” verilişində Elnarə xanımı görən  Bəxtiyar Vahabzadə mənə zəng  vuraraq qonağımın  musiqisindən, sualları dolğun cavablandırmaq bacarığından, nəhayət, səlis azərbaycancasından aldığı xoş təəssüratları bölüşmüşdür.

Bəstəkarın musiqisi həmişə ifaçıların  diqqət mərkəzindədir, vətəndən xaricdə  - ABŞ, Kanada, İtaliya, Fransa, İsveçrə, Almaniya, Ukrayna, Türkiyə, Rusiyanın  konsert salonlarında, məsələn, “Gaudi” (Simli kvartet), “Doppler” (İki fleyta və fortepiano üçün “Səda” pyesi) kimi məşhur  ansamblların, tanınmış Azərbaycan artistlərinin təfsirində səsləndirilib. Əsərlərinin  İtaliyada “Donne in Musica” təşkilatının xətti ilə təbliği  də səciyyəvi faktdır.  2022-ci  ilin aprelində  ABŞ-da yaşayıb çalışan həmyerlimiz  fleytaçalan Ceyran Həsən “Odlar yurdunun musiqisi” konsert proqramı çərçivəsində  Elnarə Dadşovanın “Muğamsayağı” əsərini uğurla ifa edib.

E.Dadaşovanın yaradıcılığını musiqişünaslar həvəslə araşdırır,  jurnalistlər diqqətlə izləyirlər.2015-ci ildə “Azərbaycanfilm”  kinostudiyasında  Elnarə xanıma həsr olunmuş “Bəstəkar” adlı  sənədli film  (ssenari  müəllifi və rejissor - Aydın Dadaşov) çəkilmişdir. Şadam ki, mənə  E.Dadaşovanın yaradıcılığını araşdırmaq, onun haqqında kitab və məqalələr yazmaq, onunla televiziya verilişləri hazırlamaq, illər ünsiyyətdə olmaq nəsib olub. Belə ki, “Azərbaycan musiqi tarixi”nin  (layihənin rəhbəri – akademik Zemfira Səfərova)  beçinci cildində bəstəkar haqqında oçerki yazmaq məhz mənə həvalə olunmuşdu.

Onun yazıb-yaratmaq eşqi bir an belə səngimir. “İşləməyəndə ağırlaşıram”, – söyləyən bəstəkar  indi vaxt qıtlığını daha kəskin duyur, musiqi bəstələnməsinə mane olan nə varsa, ondan özünü kənarlaşdırmağa çalışır.

Elnarə Dadaşova  bu gün həm bəstəkar, həm alim, həm də pedaqoq kimi nəzərəçarpan uğurlar qazanıb. Həmin uğurları  fəxri və elmi adlar da təsbit edir: o, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professordur. Bəstəkar İttifaqının İdarə heyətinin üzvü,  İttifaqın “Kamera -vokal musiqi” şöbəsinin sədridir. 2013-cü ildə E.Dadaşova Azərbaycan kütləvi informasiya işçilərinin Həmkarlar İttifaqının “Qızıl qələm” mükafatı ilə təltif olunub. Yubiley ilində isə Elnarə xanım “Azərbaycanın Milli Lideri Heydər Əliyevin anadan olmasının 99 illik yubileyi münasibətilə dövlətə və dövlətçiliyə sadiq ziyalı” kimi“Qafqaz- Media” İctimai  Birliyinin “Heydər zirvəsi 99”  fəxri diplomu və medalı  ilə mükafatlandırılıb.

Elnarə xanım işlərinin bolluğuna baxmayaraq, ailəsini heç zaman diqqətsiz qoymur, mehriban həyat yoldaşı və anadır.Onun yoldaşı Vaqif ali təhsilli mühəndisdir. Böyük oğlu Rüstəm  informasiya texnologiyaları üzrə ali təhsilli mühəndisdir.Kiçik oğlu Fəqan isəAzərbaycan Dövlət Rəssamlıq Akademiyasını heykəltəraş kimi (akad.Ö.Eldarovun sinfi) bitirib,Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvüdür. Ümumiyyətlə, Elnarə xanım gözəl simalı, gülərüz, geniş qəlbli bir insandır, hamıya yardım etməyə hazırdır. Nə deyək, belələri bizim yaradıcı adamlar arasında  nadir hadisə!

Hələ sənət yolunun əvvəlində “Azərbaycan gəncləri” qəzetində (28 aprel, 1973) E.Dadaşova haqqında səciyyəvi başlığa malik məqalə dərc olunmuşdur: “Səslər sorağında”. Bəli, 50 il bundan əvvəlki kimi E.Dadaşova ecazkar, ahəngdar səslər sorağındadır. Nadir istedadı, əməksevərliyi, inadkarlığı sayəsində arayıb tapdığı yaradıcılıq cığırı ilə inamla addımlayır.  Çalışır öz ürəyini dinləsin, fikirlərini mümkün qədər aydın, şəffaf dildə ifadə etsin.  Ən vacib olan mətləbləri  - Vətənə, anaya, övlada, təbiətə sevgini musiqi dilinə çevirməyə çalışır. Bir şey şübhəsizdir:  nədən yazırsa yazsın, janrından, mövzusundan asılı olmayaraq, bəstəkarın əsərlərindəki ovqat işıqlı, boyalar parlaq, əlvan, duyğular nəcib və xeyirxahdır. Qoy gələcəkdə də ünlü bəstəkar, nəcib və xoşniyyət insan, gözəl xanım Elnarə Dadaşovanın musiqisindən nur, günəşli enerji, nikbinlik,  rəngarəng, dolğun emosiyalar əskik olmasın!

 





24.06.2022    çap et  çap et