525.Az

Dul qadının tənhalığı - Telman Orucov yazır


 

Dul qadının tənhalığı - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə saylarımızda)

Dövlətlərin "böyüklüyü" də göz önündə aşağı düşməyə başlayır. Əgər əvvəllər onlar işğalçıya havadarlıq edirdilərsə, yeni, ədalətli müharibədə onun ağır məğlubiyyətə düçar olması, hamilərini əvvəlki səhv mövqelərindən çəkinməyə məcbur edir. Vaxtilə təcavüzə məruz qalmış dövlətin öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməsi istəyi reallaşdırıldıqda, könüllü qaydada olmasa da, əvvəlki mövqelərinin tam əksi olan bir varianta keçməli olurlar. Onlar addımbaşı hər iki düşmən tərəfi məsələni sülh yolu ilə həll etməyə çağırmaqla, əslində, təcavüzün davam etməsinə şərait yaradır və əsl təqsirkarla yanaşı, haqsızlığın məsuliyyətini öz üzərilərinə də götürürdülər. 

30 il ərzində onlar məğlub tərəfin heç nəyə məhəl qoymadan öz qüvvəsinə güvənib, bir gün düşməndən tutarlı qisas alacağını, təcavüzkar ordunu darmadağın edəcəyini ağıllarına da gətirmirdilər. Lakin bu ədalətli hadisə baş verdikdən sonra, məsələnin hərb yolu ilə həll edilməsinə modus vivendi şəklindəki özünü doğrultmayan mövqedən çəkilməli oldular. Azərbaycan Respublikasının düşməni əzməyə qadir olan hərbi qüdrətinə inamsızlıq bir andaca yoxa çıxdı. Özünü hörmətdən salmış fəaliyyətsizliyin rəmzinə çevrilmiş ATƏT-in Minsk Qrupunun üzvü olan yeganə bir dövlət yenə də işğalçını müdafiə qaydasında uğursuz vəkili kimi çıxış edirdi, lakin sonralar vəziyyətlə barışıb, o da bu mövqedən çəkilməli oldu. 

"Böyük" dövlətlər əlahəzrət fakt qarşısında əvvəlki mentor bəyanatlarını tərk etməli oldular, qəyyumluq etdikləri təcavüzkar dövlətin arxasından üstüörtülü qaydada qaçmaq yolunu tutdular. Azərbaycanın Ermənistan ordusu üzərində qəti qələbəsi "böyüklərin" də öz siyasətlərini təftiş etmələrinə gətirib çıxardı. 

Bir vaxtlar nümunə kimi bəzi dövlətlərin simasında siyasi modellər təbliğ olunurdu. Lakin zaman keçdikcə həmin guya cazibədar sayılan nümunələr devalvasiyaya uğramağa başladı. Demokratiyadan dəm vuranlar avtoritarizm bataqlığına yuvarlandıqlarından artıq başqalarına dərs verə bilmirlər. "Qaydasız oyun" növü siyasətə heç cür yaramır. Onların liderlik etmək istəkləri arxada qaldı, əvvəlki cəngəllik qaydaları - "kim güclüdürsə haqlıdır" prinsipi eroziyaya uğramağa başladı. ABŞ-ın Əfqanıstanı demokratik respublikaya çevirmək cəhdləri fayda vermədiyindən 20 il sonra bu tənəzzülə uğramış, müxtəlif dövlətlərin təcavüzünə məruz qalmış ölkəni onun hərbçiləri tərk etmək məcburiyyətində qaldı. 

Dinlərin də təsiri əvvəlki tək güclü deyildir. Prinsip kimi silahlı terrora əl atılması onu mücadilə silahına çevirən dinə münasibətin də radikallaşmasına gətirib çıxarır. Dini ən çox gözdən salan din xadimlərinin özüdür. Xristian dini XI əsrdən başlayaraq səkkiz dəfə Şərqə, müsəlmanlara qarşı Səlib yürüşü təşkil etmişdi və hərbçi dini ordenlər böyük var-dövlətə sahib olmuşdu. Bu yürüşlər guya Sahibin qəbrini "kafirlərdən" xilas etmək pərdəsi altında getsə də, əslində, ərazi işğalı hesabına varlanmağa xidmət edirdi.

Qədim dünyada və orta əsrlərdə həm Avropada, həm də Afro-Asiya dünyasında qızıla hərislik geniş yayıldı. Axı bu metalı nə yemək olardı, nə içmək və ya nə də onu toxumaq olardı, çox yumşaq olduğundan alət və ya silah qayırmağa da yaramırdı. Ernan Kortes Meksikaya ilk dəfə gələndə yerli sakinlər olan attseklər qızıldan yalnız bəzək şeyləri və heykəlciklər düzəldirdilər. Buraya gələn ispanlar isə bu sarı metala qızğın entiras bəsləyirdilər. Bunun səbəbini yerlilər Kortesdən soruşanda, həmin konkistador belə cavab verdi: "Çünki mən və yoldaşarım ürək xəstəliyindən əziyyət çəkirik, onu isə ancaq qızılla müalicə etmək olar". Hiyləgərlik qaydasında deyilsə də, bu sözlər mahiyyətə bütünlüklə uyğun gəlirdi.

Qızıla yiyələnmək həqiqətən də epidemik xəstəlik xarakteri daşıyırdı. Meksikanın işğalından üç əsr əvvəl Kortesin əcdadları və onların ordusu İberiyada və Şimali Afrikada Müsəlman səltənətinə qarşı qanlı dini müharibə aparmış, tarlaları viran qoymuş, inkişaf etmiş şəhərləri xarabazara çevirmişdilər. Məqsəd isə şərqlilərə məxsus qızılı ələ keçirmək idi. 

Müasir dövrdə bəzi din xadimlərinin dəbdəbədən xəbər verən fərqli həyat tərzi, varlanmaq üçün hər cür vasitələrə əl atmaları da inancı gözdən salır. Belə din xadiminin nüfuzu ən aşağı səviyyədən xəbər verir. Onlar Allah yolunda xidməti, haram qazanc yolunda axıtdıqları tərlə əvəz edirlər. Dinin aliliyinə hörmətin pula sitayişlə əvəz olunması dindar kütlənin də narazılığına səbəb olur. Heç bir moizə iyrənc əməli gizlədə bilmir. Din xadimlərinə məxsus olan saraylar az qala dəbdəbəsində və möhtəşəmliyində məscidləri də kölgədə qoyur. Mollalara, keşişlərə hörmət azalır, onların ritual baş örtüyünə, Türkiyədə Atatürk islahatından sonra mərakeşlilərdən götürülmüş fesə olan şəkildə münasibət bəslənir. 

Din zabitlərinin, qvardiyaçılarının xoşa gəlməyən davranışı müvafiq kütləvi rəyi formalaşdırır. Lakin Allaha, Yaradana inamı bilavasitə dinlə qarışdırmaq yolverilməzdir. İnam, nisbətən az sayda ateistlər nəzərə alınmasa, əksəriyyətin malik olduğu böyük mənəvi qüvvədir. Heç kəs inamı tərbiyə etmir, o, hər kəsin özünə məxsusdur, özəldir, toxunulmazdır, sırf intim bir işdir. Burada hansısa müdaxilə fayda vermir, inamın formalaşmasında mollanın, keşişin, ravvinin heç bir rolu olmur. Diqqət verdikdə görürük ki, inam heç də nə bazar piştaxtasıdır, nə də nəzir qutusu vasitəsilə aldanmışlardan yığılan ianə deyildir, məhz ruhun axtarışının, nəticə etibarı ilə, mükafatıdır. 

Zamanın özünün də ölçüsünün qiymətdən düşməsi müşahidə olunur, varlığın bu mühüm amili də inflyasiyanın qurbanına çevrilir. Yer kürəsinin, bəşər övladının keçdiyi inkişaf yolu əvvəllər nə qədər ləng gedirdisə, sonra sürətini dəyişdi. Tarixdəki Daş dövrü olduqca böyük zaman məsafəsini əhatə etmişdi. Quldarlıq, feodalizm nisbətən az müddət yaşadı, baxmayaraq ki, hər birinin min ildən yuxarı tarixi vardır. Kapitalizmin ömrü müqayisədə hələ qısadır. Kommunizm isə necə hay-küylə tarix səhnəsinə gəlmişdisə, görünməmiş böyük siyasi, sosial kataklizmlərə səbəb olmuşdusa, xəstə uşaq kimi uzun yaşamadı, doğulduğu XX əsrdə də səssiz-küysüz sıradan çıxdı. Onun yoxa çıxmasını məşhur amerikan filminin adından götürülən sözlə - "küləyin sovurduğu" tarixin tozu kimi mənalandırmaq olar. Həyata indi daxil olan dəyişikliklərin uzunömürlü olacağına da ümid azdır. Bu dəyişikliklər əsasən texnoloji tərəqqiyə əsaslanır, texnologiya isə daha sürətli yeniləşməyə məruz qalır. Son əsrlərdə hətta dekadalar texnologiyanın inkişafına görə bir-birindən fərqlənirdi. 

Tarixə nəzər saldıqda, zaman insan ömrünü yada salır. Adama elə gəlir ki, onun uşaqlığı uzun çəkdi, onu tərk edən ömür faytondan fərqlənən avtomobil sürətini göstərməyə başladı, ömrün finalı yaxınlaşanda isə illər günlərin, ayların dəyişilməsini andırır. İnsan ömrü belə qısadırsa, həyatın mənasına daha böyük əhəmiyyət vermək, onu həyatın özündən daha artıq qiymətləndirmək lazımdır. 

Lakin təkamül adamlara həm müsbət, həm də mənfi təsir göstərir. Ən kədərli cəhət adamların özünün inflyasiyaya uğramasıdır. Əhalinin sayı artır, bu, demoqrafik inkişaf hesab olunur, müxtəlif maddi tədbirlərlə dövlətlər buna can atır və artımı nailiyyət kimi qələmə verdiyi kimi, depopulyasiyanı - əhali sayının azalmasını reqress əlaməti hesab edir və həqiqətən də, bu, olduqca ciddi məsələdir. Təəssüf ki, adamlar sadəcə olaraq qiymətdən düşürlər, burada dialektikanın qanunu - kəmiyyətin keyfiyyətə keçməsi özünü müxtəlif yollarla büruzə verir. Ən pis cəhət odur ki, yaradıcı sənətlər hörmətdən düşür. Alimlər, aktyorlar əvvəlki tək ehtiram obyekti, ictimai nüfuz sahibləri deyillər. Saysız-hesabsız şit, bayağı filmlər çəkilir, onlarda yüzlərlə artistlər rol ifa edirlər. Ölkəmizdə müğənni olmaq həvəsi şkalanın lap yuxarı dərəcəsinə çatırdı, indi də kino artisti olmaq, bu yolla tanınmaq və çörək qazanmaq dəbi meydana çıxmışdır. Fiziki qüsurdan da bu sənətə daxil olmaq üçün istifadə edilir. Müğənnilər özünü reklam xatirinə villaları ilə, mebelləri, mətbəxləri ilə öyünürlər, bir azdan onlara guya yeni Çarli Çaplin, Rac Kapur, Elizabet Teylor ardıcılları qoşulacaqdır. Lakin onlar rəqabətdə daim zəif görünəcəklər, çünki şadlıq evlərindəki toyları müğənnilər işğal etmişlər, öz inhisarlarına keçirmişlər, kino artistlərə isə ən yaxşı halda nimdaş paltar kimi tamada səlahiyyətinə yiyələnmək qalacaqdır. 

İstedad qiymət meyarı olmaq funksiyasını itirdikdə, şöhrət üçün daha çox maddi fayda gətirən vasitələrə əl atılır. Bayağı mahnılar yarmarkası bolluqdan xəbər verdiyi kimi, primitiv filmlər də yağışdan sonrakı göbələk kimi çoxalacaqdır. Biz rekordlara can atan xalqıq, dünyanın heç yerində paytaxtımızdakı qədər şadlıq evləri yoxdur, hökmən başqa incəsənət sahələrində də nailiyyətlərimizlə öyunməliyik. 

Adətən ağac qocalanda, onun meyvəsinin böyüklüyü, rəngi, dadı da dəyişir. Təəssüf ki, inkişaf adlandırdığımız prosesdə də daha çox istehlakı cəlb etməyən meyvələrə rast gəlinir. Təkamül bəşəriyyətin keçmişdən bugünə keçdiyi və gələcəyə istiqamətlənən magistral yoldur. Ondan sapmaq yalnız ziyan gətirir və əslində, onun başqa alternativi yoxdur. Lakin təkamülün meydana gətirdiyi xoşagəlməyən şeylər də vardır. Bu münbit torpaqda alaq otları da bitir. Onları məhv etməyi, sıradan çıxarmağı unutmamalıyıq. Buna diqqət verilsə, "rəngindən" asılı olmayaraq heç bir inqilaba ehtiyac duyulmayacaqdır. 

Ruhiyyəyə məqalə güclü təsir göstərdi, görünür, onun üzərində işləməyə dərin zəhmət çəkilmişdir. Ona görə də müəllifin telefonunu öyrənib, ona zəng vurdu və geniş araşdırmalardan məmnun olduğunu bildirdi. Professor cavabında dedi ki, mən Südabə xanımın məktəbini keçmişəm, onun üsyankar ruhu daim mənim üçün yolgöstərən ulduz rolunu oynamışdır. Təkcə özümüzdə deyil, dünyada gedən proseslərə tənqidi münasibətimin də bünövrəsində böyük müəllimimin irsi təsiri özünü büruzə verir. Biz gənc qızları o, daim axtarışlar aparmaq, iti düşüncələrə malik olmaq ruhunda tərbiyə edirdi, nikbin olmağa səsləyirdi. Onun öyrətdiyi kimi, mən gələcəyə heç də naümid yanaşmıram, onu major tonda görürəm.

Tabloda əgər hansısa rəng tünd görünürsə, mən yalnız gerçəkliyə əsaslanmışam, bəlkə də impressionistlər kimi plener üslubundakı yaxmalara üstünlük vermişəm. 

Ruhiyyə bu qadının söylədiyi mülahizələrdən də çox razı qaldı.
(Ardı var)  
 

 





26.06.2022    çap et  çap et