525.Az

Halikarnas balıqçısının davam edən sürgünü - Türkan Turan yazır


 

QAPISI QIFILLI MUZEY, KABABXANAYA ÇEVRİLƏN YAZIÇI EVİ

Halikarnas balıqçısının davam edən sürgünü - <b style="color:red"> Türkan Turan yazır</b>

"Yoxuşun başına çatanda Bodrumu görəcəksən! Sanma ki, gəldiyin kimi dönəcəksən. Səndən öncəkilər də belə idilər, ancaq ağıllarını burada qoyub getdilər" deyib, Cavad Şakir Kabaağaclı və ya namidar Halikarnas balıqçısı. Şəhərin hər küncündə, hər tinində onun izinə, sözünə rast gəlməmək qeyri-mümkündür. Mavi deyincə ağla gələn ilk addır Kabaağaclı. Bodrumda böyük əməkləri olan şəxslərdən biri, hətta deyərdim ki, birincisidir.

Başda "Mavi sürgün" kitabı olmaqla yazdığı əsərlərin çoxunda bu şəhərin tərənnümü, gözəlliyi, zərafəti var. Ancaq həftələrdir getdiyim yerlərdən, ziyarət etdiyim muzeylərdən fərqli olaraq Cavad Şakir adına dərin məyusluq yaşadım. Həm yazıçının adını daşıyan muzey, həm bir vaxtlar yaşadığı evdə şahid olduğum mənzərə İbn Haldunun qulağıma sırğa etdiyim o möhtəşəm deyimini bir daha xatırlatdı, "Coğrafiya taledir!"

Giritdə doğulan Cavad Şakirin uşaqlığı Afinada keçir. İbtidai sinifə Böyükadada başlayır, liseyi Robert Kollecində tamamlayır. Ailəsinin basqısı ilə Oxsford Universitetində təhsil almağa yollanır. İstanbula qayıdanda həftəlik jurnallarda tərcümələr, rəsmlər, karikaturalar çəkərək, dərgilərə rəngli üz qapaqları hazırlamağa başlayır. Həmin vaxtlarda Hüseyn Kənan imzası ilə həyatını ömürlük dəyişən yazı yazır. Dörd fərari əsgərin başına gələnlərlə bağlı "Qaragöz" və "Akbaba" dərgilərində yazdığı, "Həbsxanada edama məhkum olanlar bilə-bilə asılmağa necə gedirlər?" başlıqlı hekayəsinə görə, Ankara İstiqlal Məhkəməsində yarğılanır. Məhkəmə sədri edam edilməyini istəyir, lakin Qılınc Əli Bəy bu qərara müdaxilə edir. Sonda hökm çıxarılır ki, Bodruma sürgün edilsin.

Jandarmalar onu Bodruma gətirmək üçün yola çıxırlar. Kabaağaclı Milasdan mərkəzə qədər yeriyir. Əslində, digərlərinə olduğu kimi, ona da at verirlər. Amma at yəhərsiz olur. Kələ-kötür yolda yəhərsiz at üstündə getməyə çətinlik çəkdiyinə görə aşağı enir. Saatlar sonra yoxuşun başına çatırlar və uzaqdan Bodrum görünür. Şəhərə daxil olarkən jandarmalar "hökumət idarəsinə çatırıq, belə piyada görünmək olmaz, atın üstündə dik oturaraq şanlı şəkildə hüzura getmək lazımdır" deyirlər və Cavad Şakiri zorla ata mindirirlər. Qubernatorun əmri ilə şəhərin hüdudları daxilində sərbəst qalacağını öyrənir. Bu cür qərara sevinə bilmir, yorğunluqdan taqətdən düşmüş bədəni oturduğu yerdə çöküb qalır və ağzından iki kəlmə çıxır, "Təşəkkür edirəm"! Bir qəhvə içib, bir siqaret çəkdikdən sonra özünə gəlir. Şəhər qubernatoruna ev kirayələmək istədiyini deyir. O da dəniz kənarında bir yer olduğunu, birlikdə gedib baxmağı təklif edir. Qubernatorla ev sahibi bir-birinin qulağına nəsə pıçıldayırlar. Əldən düşmüş Cavad Şakir də maraqla onlara baxır. Axırda Qubernator ciddi bir ifadə ilə üzünü ona çevririr və "kirası iyirmi beş" deyir. Cavad Şakir iyirmi beş lirə olduğunu düşünür. Dərhal yatmaq istədiyi üçün cibindəki son iyirmi yeddi lirənin iyirmi beşini sorğusuz-sualsız verir. Qubernator, "Cavad bəy, kira iyirmi beş quruşdur!" deyir.

Ağappaq, qutu kimi duran evin həyətinə keçərək küçəyə açılan qapını bağlayır, Ətrafa göz gəzdirir, baxışları digər tərəfdəki qapıya ilişir. Yaxınlaşıb açanda dənizlə göz-gözə gəlir və uşaqlığından bəri ilk dəfə dizləri üstünə çökərək hönkür-hönkür ağlayır. Təkcə bu hadisə Bodrumun Cavad Şakir Kabaağaclı üçün nə demək olduğunu isbat edir.

Yazıçı ən gözəl əsərlərini burada yazıb. Çünki Bodrumun dənizi və mavisi onun ilham qaynağı idi. II Dünya müharibəsinin gətirdiyi çətinlik 20 illik dönəmdən sonra onu şəhərdən ayrılmağa məcbur edir və qayığı ilə evini sataraq İzmirə köçür. Yenə şəhərdən əl çəkmir, "Mavi Yolculuk" adı altında turistləri gəzdirir və onlara İzmirdən Bodruma qədər bələdçilik edir.

13 oktyabr 1973-cü ildə İzmirdə yaşadığı "Merhaba apartmanı"da vəfat edir. Son nəfəsinə qədər "Bodrum!" deyir və mənəvi oğlu Şadan Gökovalıya vəsiyyət edir: "...İndidən deyirəm, Bodrumda basdırılmaq istəyirəm. Oranı çox sevdim, çox əmək verdim. Mindos qapısı tərəfindən bir yerə basdırsınlar məni. Qətiyyən mərmər, beton zad istəmirəm. Bir daş tapın, uzun bir daş, yazısız olsun. Filankəs oğlu, filankəs imiş, bu tarixdə doğulub, filan tarixdə öldü sözləri əsla istəmirəm. Bəsit, sadə bir daş... Dəbdəbə də sevmirəm. Dəniz görən yerlərə basdırılmağım şərt deyil, necə olsa yatdığım yerdən dənizi seyr edə bilməyəcəm, dənizi ruhumda yaşadacam. Sayğı duruşu da istəyən deyiləm. Balıqçıya bir "Merhaba" yaraşır".

Kabağaaclının Türbə Təpəsində yerləşən məzar və muzeyini ziyarətə getdim. Bir yazıçının muzeyini gəzmək dünyanın ən həyəcanlı hisslərindəndir. Hətta yolboyu beynimdə nələrlə qarşılaşacağımı xəyal edirdim. Qısa məsafədən sonra yaşıllığın, begonvillərin, daha əvvəl adını eşitmədiyim, üzünü görmədiyim bitkilərin, çiçəklərin, ağacların olduğu bir bağa daxil oldum. Ətrafa göz gəzdirdim, kimsə yox idi. Yanlış gəldiyimi düşündüm. Birdən pilləkənlərin başında dayandığım yerdən məzar gördüm. Bu, O idi! Nə mərmər, nə beton, vəsiyyət etdiyi kimi başda bir daş parçası, əllə yazılan ad, soyad, "Merhaba"  və üstündə əkilən begonvillərdən başqa heç nə yox idi. Nə gələn, nə gedən! Kimsəsizlikdi. Muzeyin qapısında isə yekə bir qıfıl vardı. Gəzərkən ağacların arasında bağın təmizliyi ilə məşğul olan qadın gördüm. Bir az danışdıq, məlum oldu ki, xeyli vaxtdır muzeyə nəzarətçi gəlməsi gözlənilir, amma bunun nə vaxt baş tutacağı bəlli deyil. Balaca bir muzeyə əməkdaş ayırmamaq yazıçıya olan vəfasızlıqdır.

Digər məyusluğum isə Cavad Şakir Kabağaaclının evi ilə bağlıdır. Yazıçının yuxarıda bəhsi keçən, Bodrumun heyranedici gözəlliyi qarşısında diz çöküb ağladığı evi "köftəçi" kimi fəaliyyət göstərir. "Barlar küçəsi" adı ilə tanınan yerdə yerləşir həmin ev. Dəfələrlə keçmişəm o küçədən. Ancaq təsadüf nəticəsində öyrəndim Halikarnas Balıkçısının evi olduğunu. Heyrətdən donub qaldım. Bir yazıçının yaşadığı evin kababxanaya, köftəçiyə çevrilməsi əlbəttə, fəlakətdir. Təsəvvür edin, Dostoyevskinin evi çayxanaya çevrilir, Hüqonun otağı dönərxana xidməti göstərir. İlahi, bunları düşünmək belə ürküdücüdür! Halikarnas balıqçısının "köftəçi" kimi fəaliyyət göstərən evinə kənardan baxdım. Mədə ilə beynin savaşında, mədə qalib gəlmiş kimi bir təsəvvür yarandı məndə. Həqiqət isə budur ki, qarnı tox, başı boş insanların sayəsində belə mənzərələrə şahid oluruq. Qarın toxluğu keçicidir, yəni hər an doldurulma ehtimalı var, ancaq boş başın belə bir şansı yoxdur. İkincini nə tarix əfv edir, nə mədəniyyət, nə ədəbiyyat!

Yeri gəlmişkən, yazıçının bəzi əşyaları, əlyazmaları yeni açılan Bodrum Dəniz Muzeyində sərgilənir. Öz adını daşıyan muzeyin qapısına qıfıl vurub, başqa bir muzeydə bir-iki əşya sərgiləmək təbii ki, məntiqsiz görünür. Sözügedən muzeyi daha əvvəl ziyarət edərkən yazıçıya aid əlyazmaları orda görəndə bir anormallıq olduğunu sezmişdim. Yüzlərlə balıqqulağının, dəniz ulduzunun arasında bunların nə işi olduğunu düşünmüşdüm. Həqiqəti gördükdən sonra aidiyyatı qurumların bunu Kabaağaclı qarşısında vicdanlarını rahatlatmaq üçün atdıqları addım olduğunu anladım.

Cavad Şakir Kabaağaclı Muzeyindən üzülərək ayrıldım. Ümid edirəm ki, haqq etdiyi dəyəri görəcək.
 

 





26.06.2022    çap et  çap et