525.Az

Ədəbiyyatımızda yeni qələm, yeni obraz, yeni ruh - Əminə Yusifqızı


 

Ədəbiyyatımızda yeni qələm, yeni obraz, yeni ruh - <b style="color:red"> Əminə Yusifqızı</b>

Dəyərli həmkarım, dostum, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovu həm insan kimi, həm jurnalist kimi cəmiyyətimizə tanıtmağa ehtiyac yoxdur. Hamı onu ağırbaşlı, istiqanlı, səmimi, mətbuatda böyük nüfuza sahib ziyalı, həmişə haqqın yanında olmağa çalışan insan kimi tanıyır. Amma yaxın zamanlarda "Mücrü" nəşriyyatının çap etdiyi "Qanıq, Hasan, bir də Qaragöz" kitabı Əflatun müəllimi cəmiyyətimizdə, ədəbi mühitimizdə biraz başqa cür şəkilləndirdi, təqdim etdi. Hətta ürəyimdə Amaşovu belə istedad sahibi ola-ola bədii yaradıcılığa gec başladığına görə qınadım da. Hər uşaq yaşadığı ortamın dəyərləri və düşüncəsi ilə böyüyür. Kövrək duyğu və düşüncələr o ortamdan toxum kimi uşağın beyninə səpilir, oradan rişələnib böyüyür, bir erroziyaya uğramazsa, çiçək-çiçək böyüyüb ətrafına saçılır. Zaman keçdikcə o düşüncə və xatirələr uşağın gələcəyini yönləndirir, nəsihətçi kimi həyatına işıq tutur. Bizi insan edən körpəliyimizdən qazandığımız əxlaqımız, təbiətimiz, xarakterimizdir ki, müəllifin  dediyi kimi, hər insan uşaqlıq xatirələrindən ibarətdir. Və əlavə edir ki, Qoşa Qar mənim üçün yaranışın mərkəzidir. Çünki uşaqlıq dünyası oralarda rişələnib. Kitabı oxuyub başa vurduqdan sonra düşündüm ki, müəllif həyatı hecalamağa başladığı ilk günlərdən bütün gördüklərini zay etmədən şüuraltına yığmış, zamanı gəldiyində usta və mahir əllə işləyib bizə çatdırıb.

Çox da böyük olmayan roman janrındə yazılmış, yeni və fərqli bir qələm olduğuna başından inandım, üslubu və ifadə şəkli də özünü mənə birnəfəsə oxutdu. Əflatun müəllim bütün obrazlara özünün fəlsəfi dünyasından baxıb, dostum özünün saflığından da əlavə edib işin içinə. Kitabın bu qədər az oxunduğu bizim kimi cəmiyyətdə insanların zövqünə, ruhuna, marağına xitab edə bilmək asan iş deyil. Nə yazıq ki, kitabdan uzaq düşəli yönümüz nəyə sarıdır bilmirik, bəzən də düşünürəm ki, getməyə yolumuz qalmayıb, ülgüyə sarı gedirik. Ülgüdən qurtuluşumuz olacaqsa kitabla, oxumaqla, öyrənməklə olacaq. Əminəm ki, səmimiyyətlə yazılmış bu kitab insanlarımızın, xüsusilə də gənclərimizin ruhuna xitab edəcək.

Qaragözlə Qanığın yaşantıları uşaq kimi ağlatdı məni. Bəlkə indi bəzi, daha dəqiq desəm, çox insanlar arasında yaranmış soyuqluq, özgə dərdini anlamaq hissinin öləziməsi, görmək istəməyənə nəyisə göstərməyin çətinliyi, başqalarına badalaq vurmaq səriştəliyimizin artması... Qaragözlə Qanığı belə sevdirdi mənə?! Hətta Qanıqla Qaragözün bir-birinə olan sədaqət və məhəbbətlərinə köks ötürərək həsəd də apardım. Və müəllif məni yaşayaraq yazdığına inandırdı. Qərara aldım ki, fərqli janrda yazılmış bu əsər haqqında şəxsi düşüncələrimi qələmə alım. Tənqidçi kimi, ədəbiyyatçı kimi deyil (haşa, bu fikirdən çox uzağam), sadə bir oxucu kimi, kitabdan nə alqıladımsa, onu ifadə edim. Gəldiyim ilk qənaət ondan  ibarətdir ki, heç bir yaradıcılıq işi onun sayı ilə ölçülməməli və dəyərləndirilməməlidir. Məsələn, Servantes bədii yaradıcılığına "Qalateya" romanı ilə başlasa da, dünya ədəbiyyatına yalnız  "Don Kixot"la möhür basıb. Etiraf edək ki, bu əsər bütün zamanların  müasiridir, dünyanın ən yaxşı sənət əsəri hesab olunur. Fikrimcə, əsərin bunca bəşəri olmasının əsas səbəblərindən  biri yüksək bədii üslubu, ispan dilinin və ispan milli mədəniyyətinin dünyada tanınmasında oynadığı roludur. Çünki bəşəri idealları, meyarları və ənənələri milli mədəniyyətlər yaradır, yəni etnogenetik yaddaş mədəniyyətin toxumundadır. Bu baxımdan Azərbaycan mədəniyyətinin operadan tutmuş meyxanasınacan, dərviş toyundan modern poeziyasına, hər bir əsərinə qədər zəngin dünyası var. Bir də ola o mədəniyyətin nüvəsində uşaqkən qoynunda qaçıb oynadığın yurdun təbiəti, havası, suyu, insanları, heyvanları, acı yaşantıları, gözünlə gördüyün və içində yaşadığın fərqli həyat hekayələri. "Qanıq, Hasan, bir də Qaragöz"ü oxuduqca eyni qənaətə gəldim. Bu kiçik əsərdə insanın iç dünyasının zənginliyini hər vərəqdə oxudum, gördüm.    

İlk baxışda müəyyən məlumata malik olduğumuz hadisələr burada yeni, cəlbedici obrazda və epizodlarla təqdim olunub. Əsər uşaqlıqda eşitdiyim  nağıllarla üz-üzə qoydu məni. Qarabağ bölgəsindəki, Cinlidərə, Narlıdərə, Qızıllıtəpə, Dəlikdaş, Vadyom, Səsverən kimi toponimlərimizi xatırlatdı, uşaqlıq xatirələrimi oyatdı, qəribə müqayisə etdim, necə bənzərik, eyniyik. Hər biri haqqında da maraqlı əfsanələr danışılırdı. Keçmişdə kimin heyvanı axşam örüşdən gəlmir, çöldə qalırdısa, sahibi tez kəndin mollasına gedib qurd ağzı bağladırmış ki, canavar gecə heyvanına yaxın gəlməsin. Hava işıqlaşanda bir də görürlərmiş ki, inək döşüdolu südlə dayanıb darvazaya. Cinlərlə bağlı hətta o qədər əfsanələr eşidirdik ki, şər qarışandan sonra yanımızda böyük olmadan evin digər otağına keçə bilmirdik. Eyni ənənəyə, inanca burda da rast gəldim: "Buraların adamları indi də elə fikirləşirlər. Kiminsə nəyisə çöldə qalanda onu qurdun cəddinə tapşırır". Özümü bu fikirlərin varisi kimi hiss elədim, yəni kitab ruhuma xitab etmişdi.

Doğrudan da dünya mədəniyyətinin elə böyük abidəsi varmı ki, milli özəlliklərdən məhrum olsun? Xeyr, yoxdur, olması mümkün deyil. Ən böyük sənəti milli mədəniyyətlər yaradır. Əsər o qədər orijinal üslubda, rahat ifadə vasitələri ilə qələmə alınıb ki, oxucunu nəinki yormur, kitabı oxuya-oxuya keçmişə səyahət edir, dincəldir, özünü Qoşa Qarın təmiz havasında hiss etdirir, gözəl Faxralını tanıtdırır. Müəllif yaşadığı, böyüdüyü ortamın, mühitin içsəl dəyərlərini, insanların həyatını, ömürlüyünü, obrazların daxili təlatümlərini dramatik çalarla verməyə nail olub. XX yüz ildə xalqımızın necə əzab-əziyyətlərə, ağır sarsıntılara, təhqirlərə məruz qaldığını, bir göz qırpımında xain güllələrin qurbanı olduğunu öyrədici dillə ifadə etmişdir. İnsan nə qədər güclüdürsə, o qədər acı çəkib, fikri xalqımızın ən doğru ifadəsidir. Hələ uşaqlıqdan görüb eşitdiyi bir çox həyat hekayələrindən bəhs edir müəllif. Kimlərinsə danışmaq istədiyi, amma ona bu fürsətin verilmədiyi, kimlərinsə də, içinə atdığı, danışmaq istəmədiyi rəngli hekayələri. O hekayələr ki, arzu ilə ümidin arasında qalıb yorulub yorğun düşüblər, aydın bir sabahı gözləməkdən gözlərinin kökü saralıb kədərdən.      

Baş verən bütün hadisələrdə insan təbiətlə, can dostu heyvanlarla iç-içədir. İstər Qaragözlə Qanığın yaşadıqlarını, istərsə də Qoja ilə Güllünün həyatını oxuduqca müəllifin daxili həyəcanını, bəzən qəlb sıxıntısını, kədərli duyğularını, hətta göz yaşlarını hiss edirdim. Bədii ədəbiyyatımızda və türk mədəniyyətində köpək obrazı hər zaman fədakar, sədaqətli, sahibinə vəfalı dost kimi ifadə olunub. Mahatma Gandi "Bir ulusun böyüklüyünü və əxlaqi gəlişimini heyvanlarla necə davrandıqlarına baxaraq öyrən" demişdi. "Qanıq, Hasan, bir də Qaragöz"ün əsas qəhrəmanı qanıq dostu Qaragözün faciəsinə sonuna qədər onun arxasınca gedərək, ulayaraq üsyan edir.   

Anladığım qədər müəllif kitabın sonrakı bölümlərində yaşadığı uşaqlıq xatirələrini daha da olqunlaşdırıb, içinə ilahi sevginin dadını qatacaq. İçərisində qurulan gözəl xəyallar da olacaq. Nə gözəldir xəyal qurmaq. Bu gün qurulan xəyallar sabahkı gerçəkliyimiz, yaşantımızdır. Gənc Güllü ilə daha yaxından tanış olacaq, nakam Güllü nənəsinin, Qojanın keçmişini, duyğularını, acılarını, sevgilərini arayacaq. Biz də onun aradıqlarını oxuyacağıq.

 





26.06.2022    çap et  çap et