525.Az

 Türklər Ərəb Xilafətinin dövlət və ordu idarəçiliyində - Mübariz Ağalarlı yazır


 

 Türklər Ərəb Xilafətinin dövlət və ordu idarəçiliyində - <b style="color:red"> Mübariz Ağalarlı yazır</b>

Yeni bir din və ya mədəniyyətin qəbulu nəticəsində cəmiyyət içərisində inanc, düşüncə və yaşam tərzində meydana gələn dəyişiklik və inkişaf bir etnosun tarixində ən mühüm hadisə kimi xarakterizə olunur. Həqiqətdə din dəyişmə və yaxud yeni dinin qəbulu bir fərdin və ya xalqın həyatında qarşılaşdığı ən ciddi fakt və önəmli hadisədir. Çünki bir dindən çıxmaq və yaxud bir dini qəbul etmək yeni bir həyat tərzinin başlanğıcı deməkdir. Bu baxımdan türklərin islamiyyəti qəbulu, türk dünyasında yeni bir sivilizasiyanın və dünyagörüşün əsasını qoymuş, siyasi, sosial-iqtisadi və maddi-mənəvi dəyərlər sistemində nəzərəçarpacaq dərəcədə dəyişikliklər meydana gətirmişdir. 

Azərbaycan və Qafqaz bölgəsində islamiyyətin yayılması

İslam dini 630-cu ildə Ərəbistan yarımadasında təşəkkül tapsa da, türklərin ərəblərlə birbaşa təmasları və türklər yaşayan bölgələrdə İslam dininin yayılması əsasən ikinci xəlifə Ömər dövrünə (642-644) təsadüf edir.  

642-ci ildə Nihavənd və Həmədan döyüşlərindən sonra Sasani imperiyasına ağır zərbə vuran ərəb orduları şimala doğru Azərbaycan (Atropatena) istiqamətində hərəkət etdilər. VII əsrin ortalarında Azərbaycanın cənub hissəsi (Atropatena), 705-ci ildə isə Azərbaycanın şimalı (Albaniya) tamamilə ərəblərin nəzarətinə keçdi. Beləliklə, Azərbaycan Ərəb xilafətinin tərkibinə qatıldı.

Ərəblər Azərbaycan ərazilərini ələ keçirdikdən sonra Dərbənddən şimalda olan Xəzər türklərinin torpaqlarını da tutmağa cəhd göstərdilər. Xəzər-ərəb müharibələri VII əsrin II yarısından IX əsrin I yarısına qədər fasilələrlə davam etmişdi. Əsasən Azərbaycan, Dağıstan və onlara bitişik digər ərazilərdə baş verən Ərəb-Xəzər müharibələrində strateji baxımdan Azərbaycanın böyük rolu olmuşdu.  

Azərbaycanın Ərəb xilafətinin tərkibinə qatılması və Şimali Qafqaz istiqamətində  baş verən yürüşləri bu bölgələrdə İslam dininin yayılmasına səbəb oldu. Ərəb sərkərdəsi, xilafətin Azərbaycan canişini Məsləmə ibn Əbdülmalik hicri tarixi ilə 115-ci ildə (miladi 733-734-cü il) tarixi Azərbaycan şəhəri olan Dərbənd şəhərində Qafqazda ilk cümə məscidi olan ümumşəhər Cümə məscidini inşa etdirdi. Həmçinin, Məsləmə ibn Əbdülmalik 743-cü ildə Şamaxı şəhərində Qafqazın ikinci cümə məscidini tikdirmişdi.

Xorasan və Türküstan bölgəsində İslamiyyətin yayılması

642-ci ildə qazanılan və İslam tarixində "Fəthul-fütuh" (fəthlər fəthi) adlanan Nihavənd qələbəsindən sonra ərəb ordusunun bir qolu Azərbaycan və Qafqaz istiqamətində, digər bir qolu isə ərəb sərkərdəsi Əhnəf ibn Qeys komandanlığında Xorasan istiqamətində Mərvə doğru hərəkət etdi. 
Sonuncu sasani hökmdarı III Yezdəgərd Ceyhun çayının şimalına keçərək Türk Xaqanından kömək istədi. Lakin ərəb qoşununa məğlub olaraq geri çəkildi. 

Ərəb tarixçisi ət-Təbəri (840-923) "Tarix ər-rusul və əl-muluk" ("Peyğəmbərlərin və hökmdarların tarixi") əsərində qeyd edir ki, "Hz. Ömər öncə Əhnəf ibn Qeysin qazandığı qələbələrdən duyduğu məmnunluğu dilə gətimiş, ancaq daha sonra türk ordusu ilə qarşı-qarşıya gələcək müsəlman əsgərlərinin itki verməsindən narahat olaraq "keşkə Xorasana ordu göndərməsəydim, keşkə Xorasanla aramızda oddan bir dəniz olsaydı demiş və Ceyhun çayını keçərək fəthlərə davam etmək istəyən Əhnəfə "Qətiyyən çayın qarşı tərəfinə keçməyin, dayandığınız yerdə qalın" deyə xəbər göndərmişdi.

Xəlifə ömərin ölümündən (644) sonra Xorasan və Toxaristanda baş verən siyasi qarşıdurmalar nəticəsində bəzi şəhərlər türklər tərəfindən geri alınsa da, Abdullah ibn Əmir daha sonra bu bölgəni təkrar ələ keçirmişdi.

Xorasanda və Türküstan bölgəsində İslamiyyətin yayılması Ərəb xilafətində əməvilər sülaləsinin hakimiyyəti dövründə (661-750) də davam etmişdi. 

663-664-cü illərdə Əbdürrəhman ibn Səmunə Sistan bölgəsinə yürüş edərək Kabil, Bəlx və Büst şəhərlərini ələ keçirdi. Bu ərəfədə ərəb sərkərdəsi Abdulla ibn Səvvar Sind bölgəsinə yürüş etsə də, türklər tərəfindən məğlub edilərək geri çəkli. Lakin yeni ərəb sərkərdəsi Mühəlləb ibn Sufra 664-cü ildə türkləri məğlub edərək Sind bölgəsində İslam hakimiyyətini bərqərar etdi. Bu dövrdə ərəblər Mərv və ətraf şəhərlərdə böyük ordugah quraraq, Kufə və Bəsrədən 50 min nəfər əsgər gətirmiş, Xorasanın Mərv, Herat, Nişapur kimi şəhərlərində yerləşdirmişlər. Artıq Türküstana edilən hərbi yürüşlər buradan idarə olunurdu. 

671-ci ildə Xorasan valisi Rəbi ibn Ziyad əl-Harisi Bəlxdə başlayan bir üsyanı yatırdıqdan sonra Kuhistan üzərinə bir yürüş etdi və Eftalit türklərini məğlub edərək Ceyhun çayına qədər irəlilədi. Burada Eftalit hökmdarı Nizek Tarxanı məğlub etdi.

707-ci ildə ərəblər Soğd, Kiş və Nəfəs şəhərini ələ keçirib Buxara istiqamətində yürüşə başladı və Buxaranı mühasirəyə aldı. Buxaranın mühasirəsi zamanı Türkeş Xaqanının və Səmərqənd hakimi Tarhunun rəhbərlik etdiyi birləşmiş Türk ordusu köməyə gəldi. Baş verən şiddətli döyüşdən sonra ərəblər qələbə çaldılar. 

Bu məğlubiyyətdən sonra Buxara hakimi ilə əldə edilən razılaşmaya görə, buxaralılar tərəfindən Xilafət sarayına ildə 200 min, Xorasan valisinə isə 10 min dirhəm vergi ödənəcək və şəhərdə müsəlman mühafizəçiləri yerləşdiriləcəkdir. Beləliklə, Buxarada islam hakimiyyəti bərqərar oldu (707-708).   

Buxaranın fəthi ilə Mavərənnəhr qapıları İslam ordusunun üzünə açılmış oldu. Səmərqən hakimi Tarhun ərəb sərkərdəsi Küteybə ilə müəyyən şərtlər daxilində razılaşma əldə edərək ərəb hakimiyyətini qəbul etdi. 711-712-ci illərdə Xarəzm, Şaş və Fərqanə bölgəsi də ərəb ordusu tərəfindən fəth edildi.

Xəlifə I Validin ölümündən (715) sonra ərəblərin Türküstan bölgəsində siyasi hakimiyyəti qismən zəiflədi. Xorasan valisi Müslim ibn Səid Türküstanda ərəblərin siyasi mövqelərini möhkəmlətmək üçün 723-724-cü ildə yürüşə başladı. Daşkənt üzərinə yürüş edən ərəb ordusu Türkeş Xaqanı Su-lu Xaqanın müqaviməti nəticəsində geri çəkildi. Onları təqib edən türk əsgərləri Seyhun çayı sahilində onlara çatdılar. "Yevmul-Atş" döyüşü adı ilə tarixə düşən savaşda ərəblər ağır məğlubiyyətə uğradılar. Bu hadisə Mavərənnəhrdə ərəb hakimiyyətinə güclü zərbə vurdu. Türklər itirdikləri torpaqları geri almaq üçün səfərbər oldular. Ərəblər bir neçə dəfə Mavərənnəhrə yürüş təşkil etsələr də, türkeşlər tərəfindən məğlub edildilər. 

Bu dövrdə ərəblərin türklər yaşayan bölgələrdə həyata keçirdiyi yanlış iqtisadi və vergi siyasət də İslamiyyətin yayılmasında ciddi problemlər yaradırdı.

720-ci ildə ərəblərin Xorasan valisi təyin edilmiş Səid ibn Harisin türklərin üsyanını yatırdıqdan sonra onları təqib edərək öldürmək istəyən ərəb döyüşçülərinə dediyi, "Qətiyyən onları təqib etməyin. Onlar Möminlərin Əmirinin vergi qaynağıdırlar. Onların öldürülməsi verginin yox olması deməkdir" fikirləri də Xilafətin əyalətlərdəki qeyri-humanist və qeyri-islami siyasətinin bariz göstəricisi idi. 

Ərəb xəlifələrinin və ərəb valilərinin əyalətlərdəki yanlış siyasəti hələ insanlar tərəfindən tam mənimsənilməmiş İslam dəyərlərinə və xilafətə qarşı aqressiya yaradır, həmçinin, bu bölgələrdə hələ də hökm sürən islamaqədərki dinlərin öz mövqelərini qorumasına səbəb olurdu. Heç də təsadüfi deyildi ki, Azərbaycan, Xorasan və Türküstanda ərəb zülmünə qarşı baş verən, ümumi adla Xürrəmiyyə hərəkatı adlandırılan bu hərəkatlarda dini-ideoloji çalarlarla yanaşı, sosial-iqtisadi istismara qarşı etiraz amilinə də rast gəlinirdi. 

Türküstan bölgəsində İslamiyyətin hərb gücünə yayılmasının olduqca çətin olduğunu anlayan Xəlifə Hişam ibn Əbdülməlik (724-743) Türkeş xaqanı Su-lu xaqana bir elçi heyəti göndərərək İslama dəvət etdi. Lakin Xaqan bu təklifi qəbul etmədi. 

Artıq VIII əsrin ortalarına doğru ərəblər türk bölgələrində yeni fəthlər əvəzinə yerli əhali ilə daha çox ticarət və mədəni əlaqələr qurmağa üstünlük verirdilər. Ərəblərin bu fəaliyyəti İslam dininin yayılması üçün daha münbit şərait yaradırdı. Bu bölgələrdə İslamı qəbul edən türklər öz irqdaşlarını da yeni dini qəbul etməyə təşviq edirdilər. Bu təbliğatın nəticəsi idi ki, artıq Orta Volqa bölgəsindəki Bulqarlar və Mavərənnəhr xalqı öz istəkləri ilə İslam dinini qəbul etmişdi.

Türk xalqları yaşayan bölgələrdə İslam dininin yayılmasında Xəlifə Ömər ibn Əbdüləzizn (717-720) həyata keçirdiyi dini siyasətin də böyük rolu var idi. O, əvvəlki xəlifələrdən fərqli olaraq Mavərənnəhr və Türküstanda qənimət məqsədilə həyata keçirilən fəthləri dayandırdı. Onun məqsədi yerli xalqla normal münasibət qurmaq və İslam dininin könüllü olaraq yayılmasını təmin etmək idi. Bunun üçün yerli xalqın təhqir edilməsini və əlavə vergilərin alınmasını qadağan etdi. Bu məqsədlə xəlifənin Xorasan valisi Cərrah ibn Abdullaya göndərdiyi məktubda, "İslamiyyəti qəbul edənlərdən alınan cizyə və xəracın ləğv edilməsini" tələb etdi. Xəlifənin bu addımı Mavərənnəhr və Türküstan bölgəsində İslam dininin sürətlə yayılmasına səbəb oldu.

Ümumiyyətlə, Abbasilərin hakimiyyəti dövründə (750-1258) ərəblərin türklər yaşayan bölgələrə hərbi yürüşləri olmadı. Bu dövrdə Türküstan bölgəsində baş verən ən ciddi hadisə türk və müsəlman tarixində olduqca böyük önəm daşıyan Talas meydan savaşı idi. 
Abbasilər hakimiyyətə gəldikləri zaman Qərbi Türküstanda siyasi mövqelərini gücləndirməyə çalışan çinlilərlə qarşılaşdılar. Bu dövrdə Qərbi Türküstanda güclü türk dövləti olmadığı üçün çinlilərin bölgəyə siyasi təsiri güclənmişdir. Bu da Türküstan uğrunda ərəb-Çin qarşıdurmasına səbəb olmuşdur. 

Türküstanda türk siyasi hakimiyyətinin zəifləməsindən istifadə edən Çinin Kuça valisi 747-ci ildə böyük bir ordu ilə Mavərənnəhr üzərinə yürüş edərək, Daşkəndə qədər irəlilədilər və Daşkənd hakimi Bağatur Tudunu öldürdülər. Daşkənd hakiminin oğlu karluklardan və ərəblərdən kömək istədi. Abbasilərin Xorasan valisi Əbu Müslim Ziyad ibn Saleh çinlilərə qarşı böyük bir ordu göndərdi. 751-ci ilin iyul ayında Talas (Alma-ata  yaxınlığında) şəhəri yaxınlığında qarşılaşan ərəb-türk və Çin ordusu arasında baş verən beş günlük savaşda Çin ordusu ağır məğlubiyyətə uğradı. Xüsusilə döyüşün son günündə karlukların arxadan Çin ordusuna vurduğu ağır zərbə döyüşün taleyini həll etmişdir. Bu döyüşdə 70 minlik Çin ordusunun böyük bir qismi məhv edilmiş, 20 min döyüşçü əsir götürülmüşdür. Çin ordusunun başçısı Kao-Sien kiçik bir qüvvə ilə qaçıb canını qurtara bilmişdir. Talas qələbəsi nəticəsində Qərbi Türküstan bölgəsi Çin təhlükəsindən tamamilə xilas oldu. Bu qələbədən sonra bölgədə zəifləmiş türk nüfuzu yenidən güclənmiş, nəticədə 766-cı ildə karluk türkləri yeni bir dövlət yaratmışlar. Həmçinin, türk-ərəb qoşununun Talasda qazandığı bu qələbə türk xalqları arasında ərəblərə olan inamı möhkəmləndirmiş və İslamiyyətin könüllü yayılmasına böyük imkan yaratmışdır. 
Talas savaşı zamanı əsir alınan çinlilərdən istifadə edilərək Səmərqənddə kağız istehsal edilməyə başlanmış, bu sənaye məhsulu Bağdad, Misir, Siciliya, İspaniya vasitəsilə Avropaya yayılmışdı. 

Ümumiyyətlə, İslamın yayılışı dövründə ərəblər Türküstan bölgəsini tamamilə ələ keçirə bilmədilər. Lakin bu dövrdə bölgənin siyasi və mədəniyyət mərkəzlərindən olan Buxara, Səmərqənd, Daşkənd, Peykənt, Xarəzm kimi şəhərlər ərəblərin nəzarətinə keçdi və sonrakı dövrlərdə bu şəhərlər müsəlman dünyasının siyasi və dini mərkəzlərindən birinə çevrildilər.

Ərəb Xilafətinin idarəetmə və ordu sistemində türklərin rolu

Əməvilərin hakimiyyəti dövründə Ərəb Xilafətinin idarəçiliyində əsasən ərəblər təmsil olunurdular. Lakin idarəetmə sistemində az sayda qeyri-ərəb mənşəli məmurlara da rast gəlinirdi. Xüsusilə ordu sistemində ərəb olmayan xalqların nümayəndələri xidmət edirdilər. Abbasilərin hakimiyyəti dövründən etibarən xilafət idarəçiliyində məvalilərin (qeyri-ərəblərin) təmsilçiərinin sayı artdı.  

Xilafətin ilk vaxtlarında türklərin əsasən ordu sistemində mövcudluğunu görürük. Ərəblərin türk bölgələrinə yürüşləri zamanı əsir düşən və yaxud qənimət olaraq alınan çox sayda türkü orduda xidmətə götürdükləri məlumdur. 

674-cü ildə I Müaviyənin Xorasan valisi Übeydullah ibn Ziyad Buxara hakimi məlikə Kabaç Xatun ilə əldə etdiyi razılaşma nəticəsində, Buxaralı iki min türk gənc döyüşçü savaş qəniməti olaraq Bəsrəyə gətirilmiş və öz adları ilə adlandırılan Buxaralılar məhəlləsində (əs-Sikkətül-Buxariyyə) yerləşdirilmişdi. Tarixi qaynaqlarda, Xəlifə Osmanın oğlu Səid ibn Osmanın Səmərqənddən Bəsrəyə gətirdiyi minlərcə türk gənci haqqında da məlumatlar vardır.    

Ərəb mənbələrində, mərkəzi əyalətlərə gətirilən bu türk döyüşçülərdən yerli üsyanların yatırılmasında istifadə edildikləri haqqında məlumatlar vardır. 

Abbasilər dövründə türklərin xilafət idarəetmə sistemində və orduda nüfuzları daha da artdı. Abbasilərin hakimiyyətə gəlməsində mühüm rol oynayan türk əyanları Məhəmməd ibn Sul, Tarhun ibn əz-Zai, Tarhun əl-Cəmmal, abbasi idarəçiliyində önə çıxan ilk türk əyanlarıdır. 
Talas savaşında (751) türk-ərəb etimadının güclənməsi Abbasi idarəçiliyində və xilafət ordusunda türklərin nüfuzunun yüksəlməsinə səbəb oldu. 
Tarixçi əs-Səmaninin məlumatına görə, ilk dəfə türklərə dövlət xidmətində vəzifə verən xəlifə Cəfər əl-Mənsur (754-775) olmuşdur. Onun dövründə idarəçilikdə təmsil olunan türklər arasında Züheyr ət-Türki, Mübarək ət-Türki və Həmmad ət-Türkinin adları məlumdur. 

Türk əyanları içərisində ən nüfuzlu şəxslərdən biri olan Mübarək-ət-Türki əl-Mənsurun xəlifəliyi dövründə böyük nüfuz sahibi olmuşdu. O, xəlifə Mehdi-Billahın (775-785) və Hadinin (785-786) dövründə də vəzifədə olmuşdur. Mübarək ət-Türki xəlifə Mehdi tərəfindən Qəzvin canişini təyin edilmiş, o, burada Mübarək (Mədinat əl-Mübarək) şəhərinin əsasını qoyur. Onun oğlu Abdulla bin Mübarək bütün müsəlman aləmində məşhur idi. Mübarək ət-Türki 786-cı ildə Mədinədə imamilərin üsyanını yatırmağa göndərilmiş, lakin müvəfəqiyyət qazana bilmədiyi üçün bütün əmlakı xəlifə Hadinin əmri ilə müsadirə edilmişdi. 

Mənbələrin məlumatlarına görə, Harun ər-Rəşidin (786-809) mühafizə dəstəsi tamamilə türklərdən ibarət idi. Həmçinin, xəlifə Harun ər-Rəşid Bizansla sərhəddəki Suğur bölgəsinə türk döyüşçülərini yerləşdirərək, Əbu Süleym Fərəc əl-Hadim ət-Türkini bu bölgələrin ümumqoşun başçısı və valisi təyin etmişdi.

Xəlifə Məmun (813-833) xilafət hakimiyyətində İran mənşəli bürokratiyanın mövqeyinin güclənməsinin qarşısını almaq üçün türklərin xidmətlərindən geniş şəkildə yararlanmışdır. Xəlifənin bu mövqeyi türklərin abbası hakimiyyətində mövqeyini xeyli artırmışdı. 
Xəlifə Məmun qardaşı Mötəsimin vasitəsilə xilafət ordusuna və xəlifənin mühafizə dəstələrinə türk ölkələrindən çoxlu sayda muzdlu əsgər cəlb etmişdi.   

Tarixçi Yaqubi qeyd edir ki, "Məmunun xəlifəliyi zamanında Mötəsim məni Nuh ibn Əsəd ibn Samanın yanına göndərdi. Hər il bir miqdar türk toplayıb Mötəsimə göndərirdim. Beləliklə, Məmunun xidmətində təqribən üç min türk əsgəri  xidmətə cəlb edildi". 
Tarixi məlumatlara görə, Xorasan valisi Abdullah ibn Tahir xilafət mərkəzinə bölgənin xəracını göndərərkən oğuzlara mənsub iki min əsiri də yollamışdı. Qısa zamanda bunların Bağdadda sayı 18 min nəfərə çatmışdı. Xəlifə Məmun bu əsgərlərdən Bizansa qarşı səfərlərdə və üsyanların yatırılmasında istifadə edirdi. 

Xəlifə Məmunun ordusunun sərkərdələrindən olan Afşin, Əşnas ət-Türki, Boğa əl-Kəbir, Hakan Urtuc türk əsilli sərkərdələrdən idi. 
Qeyd edək ki, Xəlifə Mötəsimin hakimiyyətə gəlməsində (833-842) türk əyanlarının önəmli rolu olmuşdu. Onun dövründə türklər xilafət ordusunda böyük təsirə malik oldular. Bu dövrdə on minlərlə türk öz vətənlərini tərk edərək İslam ordusuna qatılmışdı. 

Xəlifə Mötəsim türklərin (sayları təqribən 25-30 min) Bağdad əhalisi ilə münasibətlərinin gərginliyindən ehtiyat edərək, 836-cı ildə Samirə şəhərini saldırdı və paytaxtı bura köçürdü. Artıq bu dövrdə türklər ərəb xilafətində imtiyazlı bir təbəqə halına gələrək xəlifə üzərində böyük təsirə malik idilər. İslam tarixinə Samirə dövrü kimi düşən bu dövr (836-892) ərəb xilafətində türk hakimiyyətinin zirvə mərhələsi kimi xarakterizə olunur.  
Mötəsimlə başlayaraq digər səkkiz xəlifə dövründə də davam edən 56 illik (836-892) bu dövrdə türklər təkcə hərbi sistemdə deyil, siyasi və dövlət idarəçiliyində də böyük mövqelər əldə etdilər. Türk bürokratiyasının siyasi mövqelərinin güclənməsi ərəb elitasını ciddi narahat edirdi. Bu səbəbdən türk əyanlarla digər siyasi qruplar arasında gizli və ya açıq mübarizə gedirdi. Bu dövrdə Afşin (841), İnak ət-Türki (849), Vasif ət-Türki və digər türk əyanlarının qətlə yetirilməsi qruplaşmalar arasında baş verən gizli və açıq mübarizənin məntiqi nəticəsi idi.

Türklərə qarşı başlanan bu hərəkatın hədəfi xəlifə Mötəsim idi. Ərəb elitası türk elitasını himayə edən xəlifə Mötəsimi hakimiyyətdən uzaqlaşdıraraq türklərin siyasi mövqelərini zəiflətməyə çalışırdı. 

Mötəsimin yerinə keçən Vasıq (842-847) də türkləri himayə edərək onların dövlət sistemindəki mövqelərini qorudu. Türklərin dəstəyi ilə hakimiyyətə gələn Mütəvəkkil (847-862) türk əyanlarından ehtiyat edir onların mövqelərini zəiflətməyə çalışırdı. Bu dövrdə dövlətin ən güclü şəxslərindən biri İnak ət-Türki hiylə ilə öldürüldü (849). Xəlifə Mütəvəkkil bu siyasətini davam etdirərək onları mühafizə dəstələrindən və ordudan uzaqlaşdırır, onların yerinə digər etnik ünsürləri yerləşdirirdi. 

Xəlifə Mütəvəkkilin bu siyasətinin qarşısını almaq istəyən türk əyanlar ona sui-qəsd təşkil etsələr də, lakin əslən türk olan Boğa əl-Kəbirin müdaxiləsi ilə bu sui-qəsd uğursuzluqla nəticələndi. Lakin bir müddət sonra Boğa əs-Sağır, Musa ibn Boğa əl-Kəbir, Harun ibn Suvartəkin, Bağır ət-Türkinin təşkilatçlığı ilə Xəlifə Mütəvəkkil öldürüldü (861). 

Xəlifə Müntəzirin hakimiyyətə gəlişi (861-862) türk əyanlarına qarşı münasibəti dəyişdi. Bu dövrdən etibarən siyasi qruplar arasında mübarizə daha da gücləndi. Bu dövrdə türk əyanları öz mövqelərini qoruyub saxlasalar da, 889-890-cı illərdə yenidən paytaxtın Bağdada köçürülməsi xilafət idarəçiliyində türklərin mövqeyinə böyük zərbə vurdu. 

Xəlifə Razinin (934-940) 936-cı ildə Raik əl-Xəzəri əmirül-üməra təyin etməsi ilə xilafətdə türk nüfuzu yenidən güclənməyə başladı. 
Ərəb xilafətində türklər əsasən ordu sistemində aparıcı qüvvə olsalar da, həmçinin, dövlət idarəçiliyində vəzir, vali, amil vəzifəsini daşıyan onlarla türk əyanı haqqında da məlumatlar vardır. 

Übeydulla ibn Yəhya ibn Hakan ət-Türki (ö. 876) Abbasi xilafətində vəzirlik mərtəbəsinə çatmış ilk türk olub Mütəvəkkil (847-861), Müstəin (862-866) və Mütəmidin (870-892) xəlifəliyi dövründə bu vəzifəni uzun müddət yerinə yetirmişdir. Onun oğlu Məhəmməd və nəvəsi Abdullanın da xəlifə Müqtədir dövründə (908-932) vəzirlik vəzifəsində olduqları haqqında məlumatlar vardır. Ərəb xilafətində vəzirlik vəzifəsini tutmuş türk əyanlarından biri də Müstəin (862-866) dövründə bu vəzifəyə təyin edilən Otamışdır.

Abbasi xəlifələri əvvəllər türkləri kiçik vilayətlərə vali təyin etsələr də, xəlifə Mötəsimin dövründən daha böyük vilayətlərə türk əyanları vali təyin edilməyə başladılar. Uzun müddət Əşnas ət-Türki, İnak ət-Türki, Uzcur ət-Türki, Tolunoğlu Əhməd və digərlərinin Misirdə vali vəzifəsində xidmətdə olması bu bölgədə türklərin mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi. 

Xilafətdə türklərin Misirdən sonra daha çox vali və amil təyin edildiyi bölgə Suriya və Suğur bölgəsi idi. Xilafətin Bizansla sərhəd olan bu bölgələrin təhlükəsizliyi demək olar ki, türklərin nəzarətində idi. Bölgənin müxtəlif mərkəzlərində Əşnas, Boğa əl-Kəbir, Fəth ibn Hakan, Amacur ət-Türki və digərləri vali və amil vəzifəsini tutmuşdur. Türk əyanlarının vali, amil vəzifələrində daha çox xidmət etdikləri üçüncü bölgə Azərbaycan, Ərməniyyə (Şərqi Anadolu) və Xorasan  bölgəsidir. Bu bölgələrdə Afşin, İnak, Boğa əs-Sağır, Təkin əl-Buxari, Ağartmış ət-Türki, Asatəkin, Kuncur ət-Türki və digərlərinin adı məlumdur. 

Abbasilər xilafətində Mötəsimin hakimiyyəti dövründən başlayaraq haciblik (ərəb xilafətində mərkəzi aparatda ən yüksək vəzifələrdən biri idi) vəzifəsi tutan türk əyanlarından Vasif ət-Türki, Sima əd-Dəməşqi, Əşnas, İnak, Musa ibn Boğa, Yarcuh ət-Türki, Bəytemir, Hotarmış və digərləri uzun müddət bu vəzifədə çalışmışdı. 

Ümumiyyətlə, islamiyyətin yayılmasında və ərəb xilafətinin hərbi və mülki idarəçilik sistemində türklər əhəmiyyətli dərəcədə rol oynamış, xilafətin bürokratik sistemində təmsil olunmuş onlarla türk mənşəli əyan, vali və sərkərdələr xəlifə sarayında, ordu sistemində böyük nüfuzu və siyasi təsir imkanlarına yiyələnmişdi. 

 





29.06.2022    çap et  çap et