525.Az

Naxçıvan - doğmalığın və gözəlliyin fövqündə - Dilarə Adilgil yazır


 

Naxçıvan - doğmalığın və gözəlliyin fövqündə - <b style="color:red"> Dilarə Adilgil yazır</b>

Bu qədim diyar məni uzun zamandan bəri "çağırırdı" sanki. Amma özümdən asılı olmayan səbəblər üzündən qarşılıq verə bilmirdim. Nəhayət, gözəl bir may səhəri görüşümüz baş tutdu. Görüş də deməzdim... Böyük buluşma! Bu məkanın adı hələ yunan alimi Ptolomeyin əsərlərində keçirdi. Qədim əfsanəyə görə, Naxçıvan Nuh əyyamında böyük kufənkufdan sonra yaranıb və qədim insan məskənlərindən biri sayılır. Hamının bildiyi (bəlkə də bilmədiyi), tarixin üstündən qısa keçid bu qədər...

Enişdən dərhal sonra Saat meydanında yerləşən otelimizə yollanarkən şəhərlə ötəri tanış oldum. Nuhun torpağında ilk gördüyüm onun simvollarından biri - İlandağ (Haçadağ) oldu. Taksi sürücüsü: "Arxasında da Əlincə yerləşir", - dedi. İlandağ şəhərin, demək olar hər yerindən görünən, hansı tərəfə getsən, ona döndüyün oriyentir olsa da, Əlincəni görə bilmədim. Haçadağ onu arxasında bir gözəl gizlədir, Əlincə də ona arxalanıb başı buludlarda göyə meydan oxuyurdu. Qeyd edim ki, Naxçıvanın dağları başqa bölgələrimizdəki dağ silsilələrindən köklü şəkildə fərqlənir. Elə əfsanə ilə həqiqətin qarışdığı zirvəsi haça dağ... Əsatirə görə, böyük daşqın zamanı, göz-gözü görməyəndə Nuhun gəmisi bu dağa toxunub və zərbdən dağın zirvəsi ikiyə haçalanıb. Mənə əzəmətli olduğu qədər müdrik gəldi. Yəqin ki, xarici görünüşündən, duruşundan dolayı... Yaşıl deyil. Boz da deyil... bəyaz-sədəfi... Eləcə tək dayanıb. Sanki bulud yerə düşüb. Rayonların dağlarla əhatə olunması adi haldır. Lakin böyük, müasir şəhərlərin, hətta meqopolislərin dağlarla şəkillənməsi elə bilirəm ki, onların şəhər statusuna bir qədər uyğun gəlmir. Bu mənzərədə şəhərə baxmaq nə qədər xoş olsa da... şəxsən mənim üçün ekzotikadır. Baxmayaraq ki, dağların əhatəsində kürəmizin necə və necə böyük şəhərləri salınıb... Uzağa getməyək, tarixi-mənəvi paytaxtımız Təbriz qırmızı torpaqlı dağlarla əhatələnmiş boşqaba bənzəyirsə, Tiflis üç tərəfdən dağlarla örtülmüş çökəklikdə və Qafqaz dağlarının tən ortasında yerləşir. Tyan-Şan dağlarının ətəyində yerləşən Qırğızıstan paytaxtı da "Tanrı dağları" ilə çərçivələnib. Naxçıvan şəhərinin dağları isə qonur, gümüşü rəngdədir.

Şəhərdə ikinci diqqətimi çəkən məqam Koroğlunun heykəli oldu. Niyə məhz Koroğlunun? Naxçıvan heykəllər şəhəridir... Üç səbəbdən. Şəhərin girişində qoyulub və onun əsas aksessuarlarından biridir... Bu, ancaq üçüncü səbəbdir... İkincisi, Koroğlunun daş həllinin paytaxt Bakıdakı heykəlindən daha uğurlu alınmasıdır. İndi gələk birinci və əsas səbəbin üstünə... 1980-lərin sonlarında mənfur düşmənlərimiz Qarabağda baş qaldıranda Muxtar Respublika təcili bu olaya reaksiya verdi. Bakıda danışırdılar ki, naxçıvanlılar Koroğlunun abidəsini düzəldiblər. Şahə qalxmış Qıratın üstündə, əlində də Misri qılınc! Üzünü də çeviriblər Ermənistana sarı... Düşmənin gözünün odunu almaq üçün. Şəhərin keşiyini çəkir. Zəfərimizdən sonra xüsusi təbəssümlə xatırladım...

Naxçıvanla yaxından tanışlığım isə onu bütün dünyada tanıdan müqəddəs Əshabi-Kəhfin ziyarəti ilə başladı. Hər ziyarətin məqamı var, onsuz olmaz. Necə can atsan da... Ziyarət sahibinin dəvəti olmalıdır. "Dəvətnamə"m... 1 mayda gəldi. Əshabi-Kəhfi, Duzdağı, ümumiyyətlə, Naxçıvanı gəzib, görüb, tanıyandan sonra haqqımızda formalaşmış qənaəti mən də təsdiqlədim... Biz doğrudan da, tariximizi, mədəniyyətimizi, eləcə də ədəbiyyatımızı dünya bir tərəfə qalsın, heç öz içimizdə tanıda bilmirik, bunun üçün lazımi qədər çalışmırıq. Lap sadəsi, ətrafımdan, yaxınlarımdan bu qədər adam Naxçıvana gedib, gəlib. Elə Naxçıvandan olanların özləri... Axı kitabdan oxumaq ayrı şeydir, gözü ilə görənin söhbətini dinləmək ayrı. "İstidir, soyuqdur, təmizdir, səliqəlidir"lə bitmir axı... Maraqlandırmaq, cəlb etmək, dəyərləri qabartmaq, dəvət etmək lazımdır. Buradan durub dünyanın o başına gedirik, vəsait, zaman xərcləyirik, amma öz ölkəmizdən xəbərimiz yoxdur (Düzdür, rahat quru yolun olmaması da böyük maneədir. Necə deyərlər, Naxçıvana qonaq yalnız "göydən düşür"). Bu barədə böyük Türkiyə həsəd aparılasıdır. Birinci yerdə - öz ölkələri, məmləkətləri! Əshabi-Kəhfi gəzərkən 2018-ci ildə səyahət etdiyim, dünyanın "Yeni 7 möcüzəsi"ndən biri olan möhtəşəm Petranı xatırladım və düşündüm ki, İordaniyanın vizit kartı sayılan, "daş tapmaca, daş akvarel, daş şahid" kimi adlarla mifləşdirilən Petra bəzi məqamlarda bizim Əshabi-Kəhfə əməlli-başlı uduzur... ("Xəzinənin öz evində basdırıldığını anlamaq üçün, hərdən dünyanı dolaşmaq lazım gəlir" - P.Koelyo). Subyektiv yanaşmanın mənə yad olduğunu bir tərəfə qoyub, Petranın əzəmətini kiçiltməməklə fikrimi əsaslandırmağa çalışım... Petranın ərazisi geniş, sıldırımları sıx və nəhayətsizdir. Amma yolu rahatdır, düppədüz. Heç yerə dönmürsən, burulmursan, qalxmırsan, düşmürsən. Eləcə təbiətin gücünə heyrətlənə-heyrətlənə gedirsən. Əshabi-Kəhfin yolu o qədər uzun olmasa da çətindir, daşlıqdır, yoxuşdur, bəzən dar, bəzən sürüşkəndir. Belə riskli şəraitdə ritualları həyata keçirmək də var. Ziyarətgahın ən yüksək nöqtəsi olan "Cənnət bağı"na aparan yolun solundakı qayada nazik keçid var. Niyyəti olanlar buradan keçib 3 dəfə qayanın başına dolanır, hacət istəyirlər. Bu dağlıq-daşlıq yerin bizim düşündüyümüz "Ədn", ya "Firdövs" cənnəti ilə bir əlaqəsi görünmürdü. "Hikməti dərindədir", - deyə düşündüm. Çətinliklə qalxıldığından cənnət qapısına bənzədilməsi səbəbindən imiş. 

Naxçıvanın ikinci dünyayla bir məşhur yeri "Duzdağ" şəfa ocağıdır. Onun haqqında çox eşitmişdim. Amma o da mənə Əshabi-Kəhf kimi barəsində danışılanlardan, edilən təsvirlərdən müqayisəedilməz dərəcədə güclü təsir bağışladı. Hər ikisi Allah-Təalanın insanlara ərmağanıdır. Dağların qəlbi ovulmuş, yeraltı tunellər salınmış, qədim duz mədənlərinin bazasında əsl sağlamlıq mərkəzi yaradılmışdı. Məna etibarı ilə mənə Alaniyanın "Damlataş" mağarasını xatırlatdı, lakin forma, məzmun bambaşqa idi (Dünyada bu tip sanatoriyalar mövcud olsa da, nümunəni gördüyümdən, bildiyimdən çəkirəm). Əslində, Damlataş bir az Duzdağa "oxşamağa" can atırdı. Mağaranın duzlu mühiti müalicəvi olsa da, daha çox muzey xarakterlidir. Tavanından, divarlarından sallanan mineralların, kristalların 15000 il yaşı var. Duzdağa da turist kimi daxil olub istədiyin qədər gəzə bilərsən. Alaniyanın sahil mağarasından fərqli olaraq, pulsuz-pənəsiz (Ancaq Naxçıvanda müşahidə etdiyim xoş nüansı ayrıca qeyd etmək istəyirəm. Burada böyük-kiçikliyindən asılı olmayaraq bütün muzeylər ödənişsizdir). "Damlataş"da özünü müalicəxanadan çox nağıllar aləmində hiss edirsən. Mağara Ələddinin mağarası. Özü də yerləşir məşhur "Kleopatra" plyajında. Dənizdən çıxan sərinlənmək üçün özünü verir mağaraya. Özü də Damlataşın əsas salonu çox alçaqdır, irəliləmək ancaq dizi üstə mümkündür. Duzdağda isə fənərlərlə işıqlandırılmış enli "küçələr" müasir palatalara aparır. Yuxarı tənəffüs orqanlarının xəstəliklərindən əziyyət çəkən heç kəs buradan "əliboş" qayıtmır. Hər ikisini təbiət yaradıb, insan isə əl gəzdirib. "Duzdağ"ın müalicə üsulu isə çox sadədir... Yeraltı şaxtalarda gecələyirsən... Çarpayıda uzanıb bütün gecəni duzlu-yodlu hava ilə nəfəs alırsan. Vəssalam. Və şəfa tapırsan. 

Möminə xatun türbəsinə xalq arasında Atabəy məqbərəsi, Atabəy günbəzi də deyilir. "Nəinki yaxşı qalıb, həm də dünən tikilmiş kimi təzə görünür". Akademik V.M.Alpatovun "Möminə xatun"a verdiyi qiymət və dəyərə nəsə əlavə etmək çox çətindir. "Bu cür kamillik o dövrlərdə Orta Avropa arxitekturasında rast gəlinmir... Firdovsinin "Şahnamə", Nizaminin "Leyli və Məcnun"u kimi Naxçıvandakı bu məqbərə də bəşəri mahiyyəti ilə fərqlənir". Əcəminin, onun özündən xatirə qoyduğu "Möminə xatun"un ətrafında gör kimlərin adları çəkilir, hansı ruhlar dolaşır... Atabəy Şəmsəddin Eldəniz, onun oğlu Cahan Pəhləvan, Azərbaycan intibahının nümayəndələri, memarın müasirləri - Qətran Təbrizi, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti... Əcəmidən 300 il sonra yaşamış davamçısı - məşhur memar Sinan... "Qılınc və qələm"i yenidən oxumaq istədim... Əlimi qədim daşlara çəkirəm, (bəlkə elə bu daşlara yuxarıda adlarını sadaladıqlarımın əli dəyib?) səsini dinləyirəm. Mən bunu kortəbii, instinktlə edirəm. Amma son zamanlar arxeoloji obyektlərin səsini professionallar dinləyir. Daim inkişafda olan arxeologiyanın arxeoakustika adlanan yeni sahəsi elm aləmində inanılmaz nəticələr göstərir. Bir anlığa özünüzü türbənin inşa olunduğu zamanın içərisində görün... Fəhlələrin danışığı, memarın göstərişləri, atların, itlərin səsi ümumi bir fonda qarışır və divarlara hopur. Və akustik fizika və ya areologiya kompüter texnologiyaları vasitəsilə keçmişin səsini bərpa edir... Türbənin sərdabə hissəsində 1953-cü ilə qədər xatunun məzarı olub. Arxeoloji qazıntı adı ilə nəşin qalıqları, habelə bir sıra qiymətli əşyaların Sankt-Peterburqa aparıldığı söylənilir. 

 

Naxçıvanda nə qədər heykəl varmış!.. Bu torpağın görkəmli övladları daş abidələrə dönüb qədim şəhərin yeni küçələrində əbədi düşüncələrə dalmışlar. Xalqın mənəviyyatı və estetikası yaratdığı monumentlərdən də məlum edir. Bir var üzdəniraq qonşularımız kimi köhnə və yeni faşistlərə abidə ucaldasan, bir də var, işıqlı düşüncə, təfəkkür sahiblərinə. Cəlil Məmmədquluzadənin, Bəhruz Kəngərlinin abidələrinə baxarkən bu fərqi bir daha hiss elədim... Bəs bu türk qardaşlarımız demiş, hansı mübarək dəhadır? Əcəmi ibn Əbubəkr Naxçıvani... Təxmin etdiyim kimi, türbəyə, "Əcəmi seyrəngahı" deyilən əraziyə yaxın. Dədə Qorqudun abidəsi həm sadə, eyni zamanda, emosional düşünülmüşdür. Əlində qopuzu kötük üzərində oturub. Ümumiyyətlə, Naxçıvandakı heykəllər tam fərqlidir. Ölçüsü, rəngi, əlavə komponentləri, ətrafının dizaynı ilə... Və əlbəttə ki, Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan heykəli. Bu möhtəşəm abidədən başqa, Heydər Əliyevin hələ sağlığında, o dövrdəki rəsmi ənənəyə əsasən və istisna hal olaraq öz razılığı ilə Naxçıvanda büstü də qoyulmuşdu. Möminə xatun meydanında qoyulan büstün hündürlüyü 3 metr olmasına baxmayaraq, daha uca təsir bağışlayır. O qədər ki, dağlar belə büstdən alçaq görünür. "Böyük heykəllərin kölgəsi də böyük olur". Həm də unutmayaq ki, dövlətimizin memarı gəncliyində memar olmaq arzusunda idi. Bura, eyni zamanda, onun çox sevdiyi, Naxçıvana hər gəlişində ziyarət etdiyi məkan olub. 

Vll əsrə aid edilən Naxçıvanqala "Köhnəqala" adı ilə də tanınır. Kompleksin kaha-sığınacaq hissəsi mənə zindan, işgəncə yeri kimi gəldi. 300 nəfərin yerləşə biləcəyi uzun, alçaq, qaranlıq tunel çox qorxulu idi. Dedilər, sonu Naxçıvançaya çıxır (Doğrudan da dərinlikdən su şırıltısı eşidilirdi). Divarda elektrik düyməsini görüb basdım. Kaha zəif işıqlansa da, yarısından o yana getməyə ürək eləmədim. Sığınacaqda əsrlərə şahidlik edən hər daş, hər hörgü turistləri tarixin və zamanın ucqarlarına aparırdı. "Görəsən, o zamanlar burada nələr baş verib", - deyə özümə sual edincə, dərhal da, "yaxşı heç nə" cavabı ağlıma gəlir və tez yerin altından işıqlı dünyaya çıxmağa tələsirəm. Həssas natura üçün həmişə çətindir... Düşüncələr qarşısında özünü dərhal müdafiəsiz hiss edirsən. Bəzən insanın şüuraltısı daha tez reaksiya verir. Bakıya qayıdandan sonra öyrəndim ki, bu tunel zamanında "daş tələ" adını qazanıbmış. Nə qədər dövrandan narazılıq etsək də, zəmanənin qədri tarixə toxunanda bilinir.

Naxçıvandakı muzeyləri və ev-muzeyləri gəzib qurtara bilmədim...

Naxçıvanın fərqli təbiətə və relyefə malik olduğu ilk baxışdan diqqətimi çəkdi. Buranın dağlarının başqa yüksəkliklərə bənzəmədiyini demişdim... Batabata gedərkən Şahbuz rayonunun dağları məni heyran etdi. Yazda qış günəşi çıxmışdı. Zirvələrdə bərq vururdu. Yalı qarlı dağlar çox görmüşəm. Amma bu yerlərin dağlarının başı bəyaz çalmalı deyildi. Sanki təbiət əlinə ağ marker götürüb dağların sinəsində heroqliflər çəkmişdi. Ara-sıra döşdə qardan iri "çiçəklər" də görünürdü. May ayı olmasına baxmayaraq, yerdə qar qalırdı, əriməmişdi. Təbiətin gözəllikləri gözəllik yerində, səliqə-sahman, baxımlılıq ondan geri qalmırdı. Çox vaxt mərkəzi abadlaşdırıb, gözdən uzaq yerlərə əhəmiyyət vermirlər. "Üzü bizə sarı başıaşağı gələn adamı görürsüz?" - deyə sürücümüz izahat verir: - Hər yerin təmizliyini yoxlayır. Hər gün belə... "Əlbəttə, heç nə yox yerdən olmur, belə nəticəni ancaq davamlı zəhmət sayəsində əldə etmək mümkündür", - deyə düşünürəm. Alp çəmənliklərinin əhatəsində yerləşən füsunkar Batabat gölünə saat əqrəbi istiqamətində ümumi bir gəz gəzdirirəm. Gölün ortasında yayılıb üzən ada bu seyrəngahı daha cazibəli və ekzotik edirdi. Dekor olmadığını da anladım. Bu yaşıl adacığın gölün dibi ilə heç bir əlaqəsi yoxmuş, hərəkəti üçün yüngül səmt küləyi bəs olur, ona görə də üzməkdə sərbəstdir. Bu da təbiətin bir fenomenidir.

Qeyd etdiyim kimi, birbaşa quru yolunun olmaması səbəbindən Naxçıvan başqa regionlarımız kimi gəl-getli deyil. Buraya saf dağ havası udmağa, istirahətə, gəzməyə gələnlər elə də çoxluq təşkil etmir. Əsasən, zəvvarlar ziyarətə, xəstələr müalicəyə gəlir. Bir də, "əsgər yanına..." Naxçıvan hər tərəfdən sərhəd olduğu üçün burada 12 hərbi hissə yerləşir (Mənbə: taksi sürücüsü). Yol kənarında görünən poliqonlar da gözəl-göyçək parklara oxşayır. O qədər yaşıl, baxımlıdır yəni... Bir də, Naxçıvanda diqqətimi çəkən, məni təəccübləndirən geniş küçələri oldu. Bakıda belə enli küçələr prospekt adlanır. Köhnə Bakının dar küçələri, qədim Avropanın az qala bir-birinə toxunan eyvanları ilə müqayisədə Naxçıvan genişliyi, açıqlığı baxımından daha çox gənc Dubayla yarışar. Axı Naxçıvan qədim şəhərdir. Qədim şəhərlər isə çox tikildiyindən bir qayda olaraq kiçilir. XIII əsrə aid anonim müəllifin "Əcaib əd-dünya" əsərində oxuyuruq: "Naxçıvan Azərbaycanda yüksək bir yerdə salınmış və möhkəmləndirilmiş, əhalisi gur olan iri şəhərdir. Deyilənə görə, dünyada bundan çox məskunlaşmış şəhər yoxdur. Araz çayı şəhərin içindən keçir. El-Dənizin zamanında tamamilə əzəmətli bir görkəm aldı". Təəssüf ki, indi Araz daha şəhərin içindən axmır. Amma aydın görünür... Gündüz şahanə mənzərəsi, gecə o tayın sayrışan işıqları ilə. İşıqlarının kölgəsi də Araza düşür. Özü də Naxçıvan şəhərinin payına çayın enli hissəsi düşüb. Amma kədər bütün zövqü aparır. Kaş Qarabağ həsrətimiz kimi güney nisgilimizə də son verilə... 

Əsl Naxçıvan toyunda iştirak etmək də var imiş bu qısa səfərimin qismətində. 5 dəfə "barı Naxçıvan" çalındı, 7 dəfə "bakılı balası". Yeni qastrohisslər keçirdim. Ərəb xurması ilə hazırlanmış şirin aş-qaranı çox sevdim. Burada aşın qarasına "üz-göz" deyirmişlər, onu da öyrəndim. 
Naxçıvanda may çox gözəlmiş. Hava ətirli nəfəsi ilə sevindirir, günəş ilıq şüaları ilə isindirirdi. Naxçıvanın antik qalalarına, nadir abidə və muzeylərinə heyranlıqla tamaşa etdim. Dağından, daşından, ağacından zövq aldım, hər nəsnədə möcüzə, gözəllik axtardım, tapdım, gördüm. Bəyənmək duyğusunun özündən zövq aldım.

Bu, Naxçıvan haqqında demək istədiklərimin hamısı olmadı... İstədim deyəm, "qalanı gələn dəfəyə", yadıma Kəhf (Mağara) surəsi düşdü... "Və heç bir şey barəsində: "Mən onu sabah edəcəyəm" - demə! Rəbbini yadına salıb ancaq, əgər Allah istəsə (qoysa); edəcəyəm - de". Azərbaycanın və bütünlükdə Şərqin qədim şəhərlərindən olan Naxçıvana bir daha yolumun düşməsi arzusu ilə Nəqşi-Cahandan ayrılıram.    
 

 





29.06.2022    çap et  çap et