525.Az

Samuray mənəvi ruhu yaşayır - Telman Orucov yazır


 

Samuray mənəvi ruhu yaşayır - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 Yaponlar təkcə işgüzarlığı ilə deyil, həm də istehsalat intizamı ilə seçilir. Onlar işə girdikləri şirkəti özlərinin ikinci ailəsi hesab edir və nadir hallarda onu tərk edirlər. Onlarda Vətənə sevgi ilə yanaşı, həm də "firma vətənpərvərliyi" də mövcuddur və  bu, şirkətlərin istehsaldakı qazandıqları uğurda heç də az rol oynamır. 

Yapon mühəndislərinin istedadı hesabına robot texnikası və ondan istifadə sahəsində ölkə dünyada birinci yerə çıxmışdır. Yaponlar öz icadları ilə Rey Bredberinin və Ayzek Azimovun fantastik əsərlərində irəli sürdükləri ideyaları da ötüb keçə bilmişlər, robotlar artıq həm də ictimai iaşədə, məişətdə geniş istifadə olunmağa başlanmışdır. Süni intellekt yaradılması sahəsində də yapon alimləri həmçinin, dünyanın aparıcı elmi mərkəzlərindən geridə qalmırlar.

Yapon zavod və fabriklərində canlı işçi əməyindən getdikcə az qaydada istifadə olunur. Müxtəlif istehsalat funksiyalarını kompüterləşmiş sistemlər, robotlar görür. Vaxtilə görkəmli Sovet jurnalisti tətil edən şaxtaçıların arvadlarının həmrəylik şəklində onların yanına gəlib, orada ikebana düzəltmələrini kapitalizmin ifşası şəklində böyük şövqlə qələmə almışdı. İndi yəqin ki, tətilə çıxan yapon işçisi yoxdur, axı heç ağır əməyə adamların cəlb olunması da geridə qalmışdır. İndi istehsalatdan uzaqlaşan işçi qüvvəsi öz fayda verməsini xidmət sahəsindəki iş sahələrində tapır. Belə getsə, robotlar onları həmin sahələrdən də sıxışdırıb, kənarlaşdıracaqdır. 

Yaponlar nəqliyyat sahəsində də heyranedici nailiyyətlər qazanmışlar. 80 il əvvəl Tokionun küçələrində sərnişinlərə rikşələr xidmət edirdi, az sayda xarici minik maşınları da var idi. Öz istehsalı olan avtomobillərdən istifadə hesabına ağır zəhmət tələb edən rikşə tarixin zibilliyinə verildi. XX əsrin 80-ci illərində isə yapon maşınlarına Avropada və Cənubi-Şərqi Asiyada çox yerdə rast gəlmək mümkün idi. Əsrin sonunda isə yaponların istehsal etdikləri minik avtomobillərinə sərgilərdə nümayiş etdirilən tək bir nüsxə kimi deyil, dünyanın beş qitəsinin hamısında kütləvi qaydada şütüməsi ilə Afrika savannalarındakı antilopa sürülərini xatırladırdı. Vaxtilə çox inkişaf etmiş ABŞ, Böyük Britaniya, Almaniyanın avtomobil sənayesi ilə müqayisədə geridə qalan Yaponiya bu sahədəki uğurları hesabına  dünya bazarındakı rəqabətdə onları ötüb keçməyi bacarmışdır. Buna öz məhsullarının keyfiyyəti və daha qənaətli yanacaq sərfi hesabına nail olmuşdur. Ölkədə maqnit yastıqlar üzərində şütüyən qatarların sürətini az qala XX əsrin birinci yarısının turbovintli təyyarələrinin sürəti ilə müqayisə etmək olar. 

Yaponlar təkcə robotlar istisna olmaqla, digər mürəkkəb texniki məhsulların əksəriyyətinin istehsalının heç də bilavasitə ilkin müəllifləri deyillər. Onlar başqalarından ən yeni texnologiyalar əxz etmək, onun üzərində işləyib xeyli təkmilləşdirmək ustalarıdır. Yapon  məhsullarınin demək olar ki, hamısı olduqca keyfiyyətlidir, uzunmüddətli istifadəyə yararlıdır və yaxşı texniki göstəricilərə malikdir. Ona görə də orta maliyyə imkanı olan alıcı, yapon mallarına üstünlük verməklə səhv etmədiyi qənaətinə gəlir. 

Yaponlar texnoloji tərəqqidə, innovasiyada çox şeyə nail olsalar da,  özlərindən razılıq əlaməti kimi ilkin müəlliflikləri ilə öyünmürlər, onlar başqasının təcrübəsindən də ən yaxşı qaydada faydalanmağı bacarırlar. Lakin innovasiyada da Yaponiya rəqib ölkələrdən heç də geridə qalmır. 
Çox sahədə irəli çıxan yapon öz nailiyyətləri ilə öyünməkdən uzaqdır, çünki yapon öz başlıca keyfiyyətini - əməksevərliyini, işgüzarlığını, yeniliyə aludəçiliyini nəinki azaltmır, əksinə, daha da artırır.

Yaponiyanın ağır məğlubiyyətdən sonra dirçəlməsi

Yaponlar təkcə çalışqan, işgüzar xalq olmaqla qalmır, həm də sadəlikləri, təvazökarlıqları ilə seçilirlər. Onlar özlərini gözə soxmağa, irəliyə atılmağa can atmırlar, onlarda karyera pillələri ilə irəliləmək istəyi də avropalılarda olan kimi güclü deyildir. Ona görə də müasir Yaponiyada meritokratiyanın (ləyaqətlilərin hakimiyyəti - müəllif) həyata keçirilməsi də əsasən müqavimətsiz, daha asan başa gəlir. Baxmayaraq ki, meritokratiya ilk dəfə qədim Çində icad və təbiq edilmişdi, onun prinsipləri indiki yapon gerçəkliyində daha çox nəzərə çarpır.

 Bunu Yaponiyanın son bir əsrlik tarixində aydın görmək olar. Militarizmə meyl edən bir ölkə hərb sahəsində də çoxlarının heyrətinə səbəb oldu. İkinci Dünya müharibəsindəki məğlubiyyət nə qədər ağır və acı olsa da, yaponları məyusluq dənizində batırmadı, əksinə, onlarda görünməmiş bir intibah hissi yaratdı. Müharibənin nəhəng miqyasdakı dağıntılarının, digər ağır nəticələrinin ləğv edilməsi prosesi, əslində, ölkəni tam yeni, inkişaf relsləri üzərində qoydu. Qalib ABŞ-ın köməyi ilə Yaponiya öz siyasi, iqtisadi qamətini düzəldə bildi, yaşadığı fəlakət qarşısında heç də acizlik göstərib diz çökmədi. 

Yaponiyanı militarizm xəstəliyindən sağaltmaq üçün ona qarşı ciddi immunitet yaradılmalı idi. Buna xidmət edən faktorların içərisində siyasi quruluşun əsaslı dəyişikliyə məruz qalması vacib idi. Birləşmiş Ştatların köməyi ilə yaradılan dövlətin yeni Konstitusiyası da bu vəzifəyə istiqamətlənmişdi. Həmin ali sənədə görə, Yaponiya, formal monarxiya sistemi saxlansa da, demokratik prinsiplərə əsaslanan müasir respublikaya çevrilməli idi və bu baş verdi. Xalqın milli birliyinin rəmzi kimi hələ qeyd-şərtsiz təslimdən əvvəl imperator titulunun saxlanması qalib ABŞ tərəfindən göstərilən güzəşt idi, lakin mikadonun ilahi mənşəli olması barədəki əsrlərlə kök salmış və daşlaşmış ideya, əslində doqma birdəfəlik ləğv edildi. Artıq ali ilahə Amaterasu və ya hansısa bir səma qüvvəsi ilə onun əlaqəsi yox idi, müəyyən imtiyazlara sahib olmaqla yanaşı, məhz  bu məsələdə digər yaponlardan heç də fərqlənmirdi. İmperator Hirohitonun özü 1 yanvar 1946-cı ildə Yeni il münasibəti ilə  çıxış edəndə, amerikanların təzyiqi altında, Yaponiya monarxının ilahi mənşəyə mənsub olması tezisindən imtina etdiyini bildirdi. İmperator "dövlətin və xalqın birliyinin simvolu" olmaqla, xalqın iradəsi ilə meydana gəlir və suveren hakimiyyətin daşıyıcısı hesab olunur. Buna qədər isə yaponlar üçün dövlət, din və cəmiyyət bölünməyən bir tam kimi qəbul olunurdu. Müharibədən sonra isə dünyanın mənzərəsi bir andaca dəyişdi. Konservativ yaponlar  baş verən dəyişikliyi həyatın mənasının itirilməsinə bərabər hesab etdiklərindən,  ona etiraz əlaməti kimi Yaponiyada özünü intihar etmək seriyası baş verdi.

Hər sahədəki dəyişikliklər, sürətli sağalma və inkişaf bu fikri tamamilə təsdiq edə bilər ki, vaxtilə sənaye istehsalı sahəsində çox geridə qalan Yaponiya ağlasığmaz bir metamorfozaya da imza atdı, bir sıra sahələrdə, innovasiyada da irəlidə getməyi bacardı.
 

Meydzi Bərpası prosesinə diqqət verdikdə görürük ki, Yaponiya həm də qısa müddətdə qüdrətli hərbi dövlətə çevrilmişdi. 1873-cü ildə universal hərbi mükəlləfiyyət tətbiq edildi. Yaponlar həm də Qərbin imperiya modelini acgözlüklə müşahidə edirdi, bu yolu da özü üçün məqbul hesab edirdi. 1894-1895-ci illərdə Çini məğlub edib, ölkənin bir sıra ərazilərini anneksiya etdi və Çində öz təsir dairəsini qurdu. Bundan sonra onlar 1905-ci ildə rusları məğlub etdilər, Rusiya hərbi-dəniz donanmasına ağır zərbə vurdular. Bir qədər sonra isə, 1910-cu ildə Koreyanı sərt qaydalarla idarə edilən müstəmləkəyə çevirdilər. Yaponlar sübut etdilər ki, "ağ adamların" imperialist oyununu oynamağa onlar da qadirdilər və Asiyanın, Afrikanın digər regionlarında da buna qabil olan xalqın timsalında nümunələr tapıla bilər.        

Meydzi hökuməti feodalizmlə sürətlə vidalaşmaqdan ötəri samurayı aşağılamaq üçün müxtəlif vasitələrdən istifadə edirdi, ona əvvəllər gəzdirdiyi iki - uzun və gödək qılıncdan birini daşımağa icazə verdi. Həm də şəxsi dünyasına da həmlələr edilirdi, onların qeyri-adi saç formasını, başlarını öz üslublarına uyğun qaydada qırxdırmasını qadağan etdi. Sosial təzyiq samurayın qılıncdan imtina etməsinə gətirib çıxardı. Axı qılıncdan istifadə şəraitləri də yoxa çıxmışdı. Samurayın ona hörmətsizlik edəni qılıncla doğrayıb öldürməsi kimi eybəcər bir hüququnu da imperator qadağan etmişdi. Samuraya adi kəndli qadınları ilə evlənməyə icazə verildi, bu isə onun əvvəlki statusuna uyğun gəlmirdi. 

Mutsihitonun samuray klanını ləğv etməsi həm də öz hakimiyyətini möhkəmləndirmək niyyəti ilə birbaşa əlaqədar idi, çünki onlar yeni hakimiyyət qurulduqdan sonra bir sıra əyalətlərdə yenicə yaranan dövlət hərbi qüvvələrinə müqavimət göstərirdilər. Əvvəllər də hakimiyyətlərin dəyişilməsi hərbi münaqişəsiz, samurayların fəal iştirakı olmadan həyata keçirilməmişdi.

1871-ci ildə Meydzi feodal torpaq sahibliyini ləğv etdi və onun yerinə fransızlardan götürdüyü prefekturalar yaratdı. 75 prefektura meydana gəldi, onlardan dördü iri şəhərlər idi. Sonralar ölkə ərazisi yalnız 45 prefektura arasında bölündü. Daymyolar öz torpaqlarını itirdiklərindən, artıq samuraylarına da təqaüd verə bilmirdilər. 

Ölkədə həm də hərbi quruculuğa diqqət artırıldı, 4 qarnizon yaradıldı. Köhnə torpaq samurayları birləşdirilərək yeni milli orduya girməyə məcbur edildilər. Yeni hərbi mükəlləfiyyət sisteminin tətbiqi ilə yanaşı, ordu naziri postu yaradıldı. Bu, hərbi sahədə samuray ağalığının sona çatdığının əlaməti idi. Bunu isə onlar azı yeddi əsr ərzində icra etmişdilər. Bu, samurayı qəzəbləndirməyə bilməzdi, axı o, adi bir adama çevrilirdi. 
Meydzi bu tədbirlərlə kifayətlənməyib, onsuz da samuray sinfini buraxmaq üçün üç il davam edəcək prosesə başlamışdı. Samuraylar buna qiyam qaldırmaqla cavab verdilər, lakin heç nəyə nail ola bilmədilər. 1877-ci ildə axırıncı Satsuma qiyamı da yatırıldı. Onsuz da yapon döyüşçüsü olan samuray sinfinin tənəzzülü və onun davamı şəklindəki süqutu 1840-1880-ci illərdə getmişdi və inqilab onun həyat tərcümeyi-halına son nöqtəni qoydu. Tarixçilər bu məşhur sinfin sıradan çıxmasının səbəblərini müxtəlif qaydalarda yozurlar.
Yaponiyanın son 150 illik tarixi mürəkkəb hadisələrlə, ziddiyyətlərlə dolu olsa da, inqilabın qələbəsi ilə feodalizmə son qoymaqla yanaşı, dünyanın aparıcı dövlətlərindən geriliyini ləğv etməyə də nail olmuşdu. Lakin militarizmə aludə, ölkəyə və xalqa böyük ziyan vurmuş, II Dünya müharibəsinə təcavüzkar bir dövlət kimi qoşulmaqla, tarixində ilk dəfə yadellilər tərəfindən ağır məğlubiyyətə düçar olmuşdu. Məğlubiyyətin ağır acısı başqa, həqiqi inkişaf yoluna çıxmasına onu sövq etmiş və Yaponiya bir müddətə də olsa, dünyanın ikinci iqtisadi cəhətdən qüdrətli dövlətinə çevrilmişdi.

EPİLOQ

Bəzi oxucular müasir dövrdə yapon samuraylarına belə diqqət verilməsinə təəccüblə yanaşa, onu hətta anlamaya bilər. Obyektiv dünyanın idrakının inkar edilməsi kimi meydana gələn aqnostitsizm də məhz belə bir münasibətə hazırlıqla haqq qazandıra bilərdi. Bu mövzuya müraciət edilməsi 2020-ci ildə xalqımıza şərəf və şöhrət çələngi bəxş edən hadisələrlə də sıx bağlıdır. Qələbə ilə başa çatan mübarizənin uğurlu tərkibi müxtəlif olduğu kimi, ona istənilən şəkildə həsr olunma, hətta dolayı yolla olsa da, məhz aktuallığın qiymətləndirilməsinin təsviri kimi səslənir. Azərbaycan xalqı və onun ruhi bətnindən doğulmuş yeni ordu İkinci Qarabağ müharibəsində mənfur düşmən üzərində parlaq qələbə çalmış, Ermənistan ordusunu darmadağın etməklə, onu məhv olma təhlükəsi ilə üzləşdirmişdi. Əlbəttə, bu qələbənin qazanılması üçün uğurlu strategiya hazırlanmış və onun müvəffəqiyyətlə həyata keçirilməsinə böyük əmək sərf edilmişdi. Bu vəzifələr dəqiq ardıcıllıqla və yüksək səmərəliliklə həll edilmişdi. Ordumuz müharibədə ən müasir silah növlərindən, hərbi texnikadan və radio-elektron kəşfiyyat və hücum qurğularından istifadə etmiş, yeni mürəkkəb hücum taktikalarını ustalıqla tətbiq etmişdi. Yeni ordunun yaradılmasının təşəbbüsçüsü, bu vəzifəni hərtərəfli yerinə yetirməklə yanaşı, müharibə başlanandan ölkənin silahlı qüvvələrinin Ali Baş Komandanı kimi qalibiyyətli döyüş əməliyyatlarına da bilavasitə rəhbərlik etdi. Bütün bunlar müharibəyə hazırlığın yüksək səviyyəsindən, vuruşların isə hərb elminin tələblərinə uyğun şəkildə aparılmasından xəbər verirdi. 

(Ardı var)     
 

 





29.06.2022    çap et  çap et