525.Az

“Yerdə başdaşım darıxır…” -Təranə Arifqızının şeirləri


 

“Yerdə başdaşım darıxır…” -<b style="color:red">Təranə Arifqızının şeirləri</b>

QADIN

Adın dünya yaradıb,

Dünyaya min ad qadın.

dünyanın əkizisən-

həm kədər, həm şad qadın. 

 

Musiqinin rəngiylə

Rəssam, bəstəkar qadın...

Həyat dolaylarında

əsil fədakar qadın!

 

Gözlərinin giləsi

Dəniz yoğurur, qadın!

Hər kişinin arxası,

Ömrünə uğur qadın.

 

Ömrü yarıda qalan

Bir ömrə bədəl qadın.

Bəzən tarixlər yazan,

Tarixi təməl qadın.

 

Çiçək kimi ətirli,

Incəlik , zərif qadın.

Bəzən güc, mübarızə,

Bəzən çox zəif qadın. 

 

Yaranışın simvolu,

Bircə damla ab qadın.

Açılmayan sirrilə

Vərəqsiz kitab qadın.

 

Nənə, xala, bibisən,

Sən mənin anam qadın.

Dərdimin dərd yoldaşı,

Dərdimə yanan qadın!

 

Qardaşıma arxasan,

Sevənin tacı qadın.

Hər kəs olsun bir yana,

Bacıya bacı qadın.

 

Vətənə şəhid gedən,

Vətənsiz, şəhid qadın.

Ağrılardan yoğrulan

Taleyə şahid qadın!

 

Adının zirvə yolu,

Şəhid anası qadın.

Qəhrəman şəhidlərin

Yalqız sonası qadın.

 

Bəzən cənublu, şərqli,

şimallı, qərbli qadın.

Bəzən Kiyev ağrılı, 

Xocalı dərdli qadın.

 

Hər gün sənin günündür,

Şair, jurnalist qadın...

Sevgi dolu ürəklə

Bir taleyə süs qadın.

 

Sən ki, adına şərəf,

Məhəbbət, qurur qadın.

Dünya səndən başlayır,

Səndə qurtarır, QADIN!

 

***

DARIXIR

Günü bitməyən günlərim,

Gəlməyən yaşım darıxır.

Arxamca kimlər atacaq?

Köksümdə daşım darıxır.

 

Dağlar tutur dağlığını,

Gedənlər üz ağlığını.

Atır əlim sağlığını,

Bişməyən aşım darıxır.

 

Nur tökülür gilə-gilə, 

Yağış yağır gülə, gilə,

Keçir üzümdən bir gilə,

Gözdə göz yaşım darıxır.

 

Addımımda tozun ətri,

Kül altında sözün ətri,

Ürəyimdə yazın ətri,

Çölümdə qışım darıxır.

 

Gözləyirəm, gün gələcək,

Hansı günümdür gələcək?

Deyirlər bir söz gələcək,

Almağa başım darıxır.

 

Sən darıxma, ömrüm-günüm,

Darıxmağa çoxdu günün.

Göylərdə görüşmək üçün

Yerdə başdaşım darıxır.

 

***

YOXDU GÖYDƏ YER DAHA

Ömrümüzdən keçən gün

Qayıtmaz ki, bir daha.

Tut əlimdən, gəl gedək,

Həyat deyil sirr daha.

 

Çözdük yeri, göyü də,

Duran dedi, böyü də...

Kim baxdı ki öyüdə,

Gördük mini bir daha.

 

Aldatdıq özümüzü,

Dedikmi, sözümüzü?

Yazdıq öz yazımızı,

Yoxdu göydə yer daha.

 

Qurban verdik bu canı,

Taleyindən qaçanı,

Taleyə yol açanı

Tanıdıqmı gör daha?

 

Ya sondu, ya son deyil,

Bu geydiyin don deyil,

Düzlər düzdü, yan deyil,

Tanı məni pir daha..

 

Haqqdan haqqı soruşma,

Haqqı nahaqq danışma,

Bu yola gəl qarışma,

Fikirləri yor daha..

 

Bu bir ömür payıdı,

Başqa ömr tayıdı,

Gələn geri qayıdır,

Axtarmıram dürr daha...

 

****

Biri dedi, ömrüm qum saatı, ələndi ələndikcə,

Yoxa çıxdı, çaya, suya bələndikcə...

Biri dedi, həyat şahmat taxtası...

Mənsə dalına atlı düşmüş piyada.

Şahı mat qoyan vəzirlər

hörümçək kimi beynimdə gəzirlər.

Həyat bir nərdivandı- dedi, qoca şair,

İndi qalxanda da, enəndə də yamandı, deyir.

 

Nədir bu təzadlar, aksiomalar?

Bir gündə min rəngə çalır bir üzlü simalar.

Kərpic-kərpic söküldü içimiz,
qalaq-qalaq dirildi suçumuz.

Kim qaldı, mənə gəlib, mənim olmayanlardan?

Ağlım, cismim, ruhum- üçümüz...

 

Tanrı da yoruldu yaratdıqlarından,

Bir əl palçıq eləyib yerə atdıqlarından.

Məni, səni ayaq altına salanlar, 

Palçıq döngələr, dalanlar

Danışmadı...köçdü getdi içimdəki yorğun adamlar...

Günahlı-günahsız, kimi damlanar, kimisi damlar.

 

Həyat elə Tanrı hədiyyəsidir,

Qəbul edən də var, etməyən də.

Tanrı kimi yaşayan da var,

Qul kimi dizi üstə çoküb,

Çiyinlərində Tanrı daşıyan da...

 

Eh, nə günümüzə durmuşuq yer üstündə,

Bizi bağrına basacaq ünvanımız ola-ola.

Tut əlimdən gedək daha...

-Bəlkə... Tanrı gələ, bizi yola sala...?

-Gözləmə dostum, biz onu nə zaman dinlədik ki,

O da bizim arzumuzu gözə ala...

Yubanma, tez gəl, çıxaq gedək.

Bezdim hər gün ölməkdən,

Özümü öldürməkdən

Ölümü öldürməkdən...

Bir az...yaşamaq istəyirəm.

 

 

****

şəhərdəyik  bir yay axşamı...

dopdolu küçədən yarımçıq nəfəslər keçir.

yanımdasan, nəfəs qədər yaxın,

ətrafdan pıçıltılı səslər, səssiz gülüşlər keçir.

 

səsim səsindən tutub aparır...

hər gün getdiyimiz, getmədiyimiz yerə.

bir addım öndəyəm..

yavaş yeri, gözlə məni, deyirsən...

adətkərdəyəm- deyirəm, inciyirsən...

başqa fikrim yoxdu ki...

sadəcə öndə olmaq istəyirəm

hər zaman...

qorxuram yolun sonunda qabaqlayasan məni,

yarıyolda qoyub, mənzilə çatasan...

 

Yanır rəngli işıqlar aynalanmış yollarda,

Yağış bizdən qabaq yağıb,

ay da bizdən qabaq doğub dün kimi...

getdiyimiz yolların yaddaşına yazılırıq

yağış kimi, ulduz kimi, gün kimi...

 

***

Dənizəm, dalğa- dalğa

Dolub boşalar ömrüm.

Ağacı quru-quru

Ölüb, daş olar ömrüm.

 

Unudar ovuc-ovuc

Sevinməyi əllərim.

Kiminsə sığalına

Yubanar ağ tellərim.

 

Bapbalaca uşaqlar

Içimdə qocaldılar.

Məni taxtı-rəvandan

Yarıyolda saldılar.

 

Qarışqa ömrü tapdı

Məni bu labirintdə.

Ha çalışdım, olmadı,

Pambıq canım çiyiddə…

 

Aldı bir həsrət məni

Yolun yarıyolunda.

Düşünmədən yaşarıq

Dünyanın sol qolunda.

 

Qdsan, bütsən, ya heyvan,

Məndə olan cansanmı?

Sual verdim Tanrıma-

Məni tanıyırsanmı?

 

****

Bir köynək yuxu yatdım

Ay doğanda bu axşam.

ətirləndi ulduzlar,

yandı uzadqda bir şam.

 

Gecələr gün doğarmış,

Bilmirəm, necə oldu?

Aynalandı qaranlıq,

Gündüzlər gecə oldu.

 

Çəkib tozunu getdi

Ağappaq karvan yolu.

Yayın isti günündə

Dəvəni vurdu dolu.

 

Hürgüc-hürgüc gülüşlər

Diksindirdi yolçunu.

Yovşan kolu ayaqda…

O, iylədi ovcunu..

 

 





29.06.2022    çap et  çap et