525.Az

Rusiya vəziyyətə nəzarəti itirir - Xaqani Cəfərli yazır


 

Rusiya vəziyyətə nəzarəti itirir - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Rusiyanın Ukraynaya qarşı müharibəsinin 170-ci günü arxada qaldı. Müharibə başlayanda hərbi əməliyyatların bir neçə gün çəkəcəyini, Rusiyanın tam qalib gələcəyini ehtimal edənlər çox idi. Lakin artıq müharibənin 170-ci günü arxada qalıb və Rusiya heç bir strateji məqsədinə çatmayıb. Əksinə, Rusiya nəzərdə tutmadığı uzunmüddətli müharibəyə cəlb olunub.

Son zamanlar isə Rusiyanın hərb meydanındakı vəziyyətə nəzarəti itirdiyi müşahidə olunur. ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kahl bildirib ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan bəri Rusiya 70 mindən 80 minə qədər hərbçisini itirib. Buraya ölən və yaralananlar daxildir. Pentaqon rəsmisi bildirib ki, bu, Rusiyanın fevralın 24-ü ərəfəsində Ukrayna sərhədləri yaxınlığında cəmləşdirdiyi 150 minlik ordunun yarısı deməkdir. Rusiya İkinci Dünya müharibəsindən sonra heç bir zaman belə ağır itkilər verməyib. Amerikalı hərbi analitiklər arasında Rusiya ordusu haqqında bilikləri ilə məşhur olan Maykl Kofman hesab edir ki, Rusiyanın Ukraynada 10 əsgəri ölürsə, 35 əsgəri də yaralanır. Nüfuzlu analitik ölümlərin sayının çox olmasını səhra hospitallarının məhdud sayda olması və pis təhciz edilməsi ilə izah edir. Rusiya ordusunun ağır itkilərinin səbəbi kimi yüksək çinli hərbi komandirlərin peşəkarlığının aşağı olması, texnikanın yararsızlığı və yaralanan əsgərlərə dərhal ilk tibbi yardımın edilməməsi göstərilir.

Rusiya isə artıq Ukraynanın yeni işğal olunmuş əraziləri ilə yanaşı, Krımda da vəziyyətə nəzarəti itirməyə başlayıb. Avqustun 9-da günorta saatlarında Rusiya Hərbi Hava Qüvvələrinin Krımda yerləşən Saki aviabazasında baş verən nəhəng partlayışlar ağır dağıntılara səbəb olmaqla yanaşı, bir çox müəmmaların meydana çıxmasına da yol açıb. Partlayış baş verən bazada Qara Dəniz Donanmasının 43-cü Əlahiddə Hərbi Dəniz Hava Hücumu Alayı yerləşirdi. Ukrayna kəşfiyyatı hesab edir ki, alayın təyyarələri mütəmadi olaraq Ukraynanın cənubuna zərbələr endirərək, mülki əhaliyə qarşı hərbi cinayətlər törədirdi. Alay Xerson, Nikolayev və Zaporojye vilayətlərində rus qoşunlarına dəstək verən aviasiya qrupunun əsasını təşkil edirdi.

Rusiya və Ukrayna rəsmiləri bu partlayışda Ukraynanın iştirakını istisna ediblər. Fevralın 24-dən ötən 170 gündə ilk dəfədir ki, Rusiya və Ukrayna rəsmilərinin həmrəyliyi müşahidə olunur. Belə qənaət yaranır ki, hər iki tərəfə bu hadisədə Ukraynanın iştirakının istisna olunması sərf edir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, partlayış aviasiya sursatlarının partlaması nəticəsində baş verib. Partlayışa isə "yanğın təhlükəsizliyinin pozulması" səbəb olub. Ancaq Rusiya tərəfinin partlayışın ehtiyatsızlıqdan baş verməsi iddiası ciddi qəbul edilmir. Hadisə yerindən çəkilmiş videolarda eyni zamanda bir neçə partlayışın olduğu görsənir. Aydın görünür ki, Saki aviabazasında baş verən nəhəng partlayışa kənar təsir səbəb olub. Çünki bir-birindən təxminən 750 metr məsafədə eyni zamanda baş verən partlayışın ehtiyatsızlıqdan olmadığı tam aydındır. Ukrayna ordusunun mövqelərindən 200 kilometr məsafədə yerləşən Rusiya hərbi bazasında baş verən partlayışın üzərində sirr pərdəsi mövcuddur. Krım ərazisindəki Rusiya hərbi bazasının Ukrayna ərazisindən raketlə, xüsusilə də Qərb istehsalı olan texnikadan istifadə etməklə vurulmadığını sübut etməyə də ehtiyac yoxdur. Hətta Rusiya da Ukrayna ərazisindən raket zərbəsi endirilməsini təkidlə təkzib edir.  Qərb mediasında isə anonim mənbələrə istinadən belə məlumat yayılıb ki, Rusiya hərbi bazasına zərbə Ukrayna xüsusi təyinatlıları tərəfindən vurulub. Bu zaman Ukraynada istehsal olunmuş silahlardan istifadə edilib. Bu iddia daha ağlabatan görünür. Ancaq Rusiya ordusunun hərbçiləri və ya Krım partizanları tərəfindən təxribat edilməsi də istisna edilə bilməz.

Rusiyanın rəsmi dairələri bu ehtimalları qətiyyətlə təkzib edirlər. Çünki bu, Krımda da vəziyyətin nəzarətdən çıxdığının etirafı olar. Buna görə Rusiyanın rəsmi mətbuatı partlayış nəticəsindəki itkilərin miqyasını azaltmağa çalışır. Ancaq müstəqil mənbələr Rusiyanın itkilərinin böyük olduğunu qeyd edirlər. Məsələn, media nəhəngi CNN-in partlayış nəticəsində ən azı yeddi təyyarənin məhv edildiyini bildirib. BBC, “The New York Times” və Amerika Müharibənin Tədqiqi İnstitutu (ISW) ən azı səkkiz təyyarənin məhv edildiyini bildirirlər. Ukrayna prezidenti Volodimir Zelenski doqquz təyyarənin məhv olduğunu iddia edib. Məhv edilən təyyarələr isə əsasən Su-30 qırıcıları və Su-24 bombardmançılarıdır. Prezident Volodimir Zelenski bildirib ki, müharibə Krımda başlayıb və Krımda da bitməlidir. Belə görünür ki, Saki aviasiya bazasında partlayış müharibədəki vəziyyəti kökündən dəyişəcək. Bir çox ekspertlər bu hadisəni Ukrayna ordusunun əks hücumunun başlanması kimi dəyərləndirirlər.

Krımdakı hərbi bazada baş verən partlayışdan sonra Moskva yaxınlığındakı Dolqoprudnıda hərbi hissənin ərazisində bina yanıb. Orada 4-cü Hava Hücumundan Müdafiə Diviziyası yerləşdirilib. Rəsmi məlumata görə, yanğın 1,2 min kvadratmetr sahəni əhatə edib. Diviziya S-400 və S-300 raket kompleksləri ilə silahlanıb. Bu məlumatın ardınca Belarusun Zyabrovka hərbi hava limanında partlayış olduğu haqqında məlumatlar da yayılıb. 

Bütün bunlar Rusiyanın işğal etdiyi Ukrayna torpaqlarında vəziyyətə nəzarəti itirdiyini göstərir. Belə görünür ki, nəzərdə tutulmayan uzunmümüddətli müharibə Rusiyanın resurslarının tükənməsinə səbəb olub. Rusiya resurslarını itirdiyi halda Ukrayna ordusu sürətlə silahlanır. ABŞ prezidenti Co Bayden bir neçə gün öncə Ukraynaya bir milyard dollarlıq hərbi yardım edilməsi haqqında sərəncam imzalayıb. Danimarkanın paytaxtı Kopenhagendə keçirilən genişləndirilmiş Rammstein formatında Ukraynaya yardım üçün 1.5 milyard avro yardım yığılıb. Bu pula Ukrayna ordusu üçün silah alınacaq. Qərbin yüksək dəqiqliyə malik silahları ilə silahlanmış Ukrayna ordusu Rusiya ordusuna ağır zərbələr vurmaqda davam edir. Siyasi şərhçilər isə hərb meydanında proseslərin belə inkişafının Rusiyada siyasi sabitliyin pozulmasına səbəb olacağını düşünürlər.

 





13.08.2022    çap et  çap et