525.Az

Baş nazir Hüseyn Cavidin 130 illik yubiley tədbirinə qatılıb (FOTOLAR)


 

Baş nazir Hüseyn Cavidin 130 illik yubiley tədbirinə qatılıb<b style="color:red"> (FOTOLAR)</b>

Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük şair, dramaturq Hüseyn Cavidin 130 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

525.az-ın məlumatına görə, tədbiri giriş nitqi ilə açan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ədəbi və bədii irsimizin formalaşmasında Hüseyn Cavidin misilsiz xidmətə malik olduğunu söyləyib:

“Milli ədəbiyyatımızın Şekspiri hesab olunan Cavidin yubleyinin burada qeyd olunması rəmzi xarakter daşıyır. Dramaturqun əsərləri ilk dəfə olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub".

Mədəniyyət naziri 2012-ci ilin ölkəmiz üçün ədəbiyyat ili olduğunu deyərək bildirib ki, bu il bir çox ədəbiyyat adamlarının yubiley mərasimi yüksək səviyyədə qeyd olunub:

“Nizami Gəncəvi, Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundov, Xurşidbanu Natəvan, Əhməd Cavad, Məhəmməd Səid Ordubadi, Mirvarid Dilbazi, Xəlil Rza Ulutürk və Hüseyn Cavidin yubileyləri dövlət səviyyəsində təntənəli şəkildə həyata keçirilib”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxışında böyük dramaturqun xidmətlərindən, onun sürgün həyatından danışıb:

“Hüseyn Cavid 130 illik ömrün yarısını da yaşamadı. Sovet hökuməti onu Azərbaycan ədəbiyyatından silmək üçün uzaq Sibirə sürgün etdi. Bu dövrdə dramaturqun əsərləri qadağan edildi. Onun Cavid təxəllüsünü seçməsi də təsadüfi deyil. Cavid əbədi deməkdir. O yaşayır və həmişə də yaşayacaq”.

Professor Nizamməddin Şəmsizadə isə Hüseyn Cavidin romantizmə yeni nəfəs verdiyini qeyd edib:

“Onun əsərlərində uçmaq sözünə tez-tez təsadüf edilir. Uçmaq türkcə cənnət deməkdir. O, ”Şeyx Sənan” əsərinin sonluğunu da bu cür bitirərək sevən cütlükləri cənnətdə qovuşdurub. 20-ci illərdə sovet hökuməti onu neft və pambıq haqda əsərlər yazmağa məcbur etsə də, Cavid onlara baş əymədi. “Topal Teymur”, “Peyğəmbər” kimi yeni-yeni əsərlər yaratdı”.

Yubiley mərasiminin bədii hissəsində Cavidin məşhur obrazları Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları tərəfindən canlandırılıb.

Xalq artistləri Mənsum İbrahimov və Alim Qasımov şairin sözlərinə yazılan mahnıları ifa edib.

Qeyd edək ki, repressiya qurbanı olan sevilən dramaturqun nəşi 1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycana gətirilib.

Tədbir ümummilli liderin Naxçıvanda Cavidin məqbərəsinin açılışındakı nitqi ilə yekunlaşıb.

Tədbirdə Baş nazir Artur Rəsizadə, baş nazirin müavini Elçin Əfəndiyev və bir sıra hökumət nümayəndələri də iştirak ediblər.

Nigar Məhərrəm

 





25.10.2012    çap et  çap et