525.Az

Edilli azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə olunub


 

ERMƏNİSTAN KÜTLƏVİ MƏZARLIQ YERLƏRİNİ VERMƏKDƏN İMTİNA EDİR

Edilli azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə olunub<b style="color:red"></b>

Ermənilər tarix boyunca xalqımıza qarşı kütləvi qətillər, soyqırım aktları həyata keçirib. 1905-1907-ci, 1918-1920-ci illərdə yüz minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib, soyqırıma məruz qalıb. Ermənilər öz vəhşi xislətini müasir dövrümüzdə də davam etdirib, həm Birinci, həm də İkinci Qarabağ müharibələrində amansız hərbi cinayətlər törədiblər. 1988-ci ildə başlayan Qarabağ hadisələri Azərbaycan ərazilərinin işğalı, kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin salınması, mədəni-tarixi irsimizin məhvi ilə nəticələndi. Ağdaban, Başlıbel, Bağanis-Ayrım, Qaradağlı kəndlərində törədilmiş vandallıqlar erməni faşizminin mahiyyətini aydın şəkildə göstərir. Ermənilərin dinc azərbaycanlılara qarşı 26 fevral 1992-ci ildə törətdikləri Xocalı soyqırımı isə xüsusi qəddarlığı, amansızlığı ilə seçilir.

Ümumiyyətlə, Birinci Qarabağ müharibəsində itkin düşən 4 minə yaxın vətəndaşımızın taleyi bu günə qədər məlum deyil, onlar itkin kimi qeydiyyatdadır. Əsir və girovlara ağlasığmaz işgəncələr verildiyinə dair çoxsaylı fakt var. Bir neçə gün əvvəl isə işğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində hərbçi olduqları ehtimal edilən 12 nəfərə aid qalıqların aşkarlandığı kütləvi məzarlıq erməni vəhşiliyinin nümunələrindən biridir. Üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir. Bundan başqa aşkarlanan qalıqlardan aydın olub ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və kəndirlə bir-birlərinə bağlanıb. Ermənilərin törətdiyi belə qətliamların sayı onlarladır. Azərbaycan xalqına qarşı vəhşilik, qətliamlar Ermənistanın dövlət siyasətinə çevrilib.

Bugünlərdə ermənilər guya Azərbaycan hərbçilərinin "əsir düşmüş" erməni hərbçiləri "güllələməsini" əks etdirən kadrları yayaraq, bundan ölkəmizin əleyhinə istifadə etməyə çalışırlar. Hərbi ekspertlər həmin görüntülərin həqiqətə uyğun gəlmədiyini, saxta olduğunu bildirirlər. Görüntülərin saxtalığını yəqin etmək üçün ekspert olmağa da gərək yoxdur. Bununla belə, Azərbaycanın Baş prokurorluğunun yaydığı məlumata görə, Hərbi Prokurorluq tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır.

Ermənistanın bu cür təxribatlarda məqsədi yenidən sülh prosesindən yayınmağa, Qərbdə Azərbaycan əleyhinə kampaniya aparmağa hesablanıb. Azərbaycan hər zaman faktla danışır, dünyaya sübutlarla erməni vəhşiliyini təqdim edir. Elə illərlə işğal altında qalmış ərazilərimizin yerlə-yeksan edilməsi, Edillidə tapılan insan qalıqları hər şeyi deyir. Təəssüf ki, ermənilərin saxta videosunu tirajlayan, Azərbaycanı ittiham etməyə çalışan Ermənistanın havadarları bu qətilləri, hərbi cinayətləri görmək istəmir. Əks halda, heç bir dəlil-sübut olmadan, üstəlik Baş prokurorluğun rəsmi bəyanatından sonra bu cür kampaniya davam etməzdi. Ermənilərin İkinci Qarabağ müharibəsi günlərində törətdikləri müharibə cinayətlərinə də göz yumulur. Baxmayaraq ki, kifayət qədər dəlil-sübut var. Ermənilər illər ərzində işğaldakı ərazilərimizi kütləvi minalamaqla daha bir müharibə cinayətinə əl atıblar. Vətən müharibəsində Ermənistanın silahlı qüvvələri döyüş bölgəsindən uzaq məsafədə yerləşən Gəncəyə, Mingəçevirə, Bərdəyə, Beyləqan və digər ərazilərimizə raket hücumu etdilər. Ermənistanın müharibə cinayətlərinə susmaq ona haqq qazandırmaq deməkdir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı tvitterdəki paylaşımında yazıb: "Edilli kəndində Birinci müharibə zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalmış-öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı müəyyən edilib. Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. 4 000 azərbaycanlı hərbçi-mülki itkin düşüb. Ermənistan kütləvi məzarlıq yerlərini verməkdən imtina edir".

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tviter paylaşımında bildirib: "12 hərbçinin cəsədlərinin qalıqları aşkarlanıb. Hərbi cinayətlər haqqında danışanların diqqətinə: Birinci Qarabağ müharibəsi dövründə 4000 azərbaycanlı itkin düşüb, onların əksəriyyətinə işgəncə verilib, öldürülüb və kütləvi qəbiristanlıqda dəfn edilib".

Siyasi şərhçi Elçin Mirzəbəyli mövzu ilə bağlı bildirib ki, Xocavənd rayonunun Edilli kəndində növbəti kütləvi məzarlığın aşkarlanması faktı onu deməyə əsas verir ki, Edilli kəndi Birinci Qarabağ müharibəsində işğalçı Ermənistan ordusunun edam "mərkəz"lərindən biri olub və çox güman ki, əsir götürülən azərbaycanlı hərbçilər Edilli kəndində və digər ətraf ərazilərdə kütləvi şəkildə edam ediliblər: "Birinci Qarabağ müharibəsi zamanı əsir götürülən və sonradan əsirlikdən azad edilmiş azərbaycanlıların açıq mənbələrdə yer alan xatirələrindən də belə anlaşılır ki, belə məzarlıqlar hazırda Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində də var".

O vurğulayıb ki, Ermənistanın Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən 4 minə yaxın azərbaycanlının taleyinə bu günə qədər aydınlıq gətirməməsi, Azərbaycanın bu məsələ ilə bağlı uzun illərdən bəri ən müxtəlif səviyyələrdə irəli sürdüyü tələblərin yerinə yetirilməməsi, bu şəxslərin xüsusi amansızlıqla edam olunduqlarını və kütləvi şəkildə dəfn olunduqlarını düşünməyə əsas verir.

"Ermənistan Birinci Qarabağ müharibəsindəki ağır müharibə cinayətlərinin izlərini torpağın altında gizlətməyə çalışır. Çünki çox yaxşı bilir ki, kütləvi şəkildə və xüsusi amansızlıqla qətlə yetirilmiş azərbaycanlıların qalıqlarının üzərində aparılacaq araşdırmalar erməni vəhşiliyinin bəşər tarixində görünməmiş nümunələrini ortaya qoyacaq. Azərbaycanlı əsir və girovların diri-diri yandırıldığı, sümüklərinin küt alətlərlə sındırıldığı, başlarına və digər əzalarına mismar vurulduğu, başlarının kəsildiyi və daha neçə-neçə ağlasığmaz erməni vəhşiliyinin nümunələri aşkara çıxacaq. Və bu zaman bir daha təsdiq olunacaq ki, özünü qondarma tarixlə "dünyanın ən qədim xalqlarından biri" elan edən ermənilər sivilizasiyanın təkamül prosesinin iştirakçısı olmayıblar, vəhşi qəbilə təfəkkürü ilə yaşayıblar və bəşəri dəyərlərin, mədəniyyət nümunələrinin formalaşmasında iştirak edən bütün xalqlara, o cümlədən, azərbaycanlılara münasibətdə nifrət və qəzəb üzərində kökləniblər", - siyasi şərhçi vurğulayıb.

O əlavə edib ki, azərbaycanlılara qarşı soyqırım aktları və digər ağır müharibə cinayətləri törətmiş Ermənistana münasibətdə beynəlxalq təşkilatların sükuta qərq olması, torpaqlarımızın işğal altında olduğu zaman kəsiyində əsir və girov götürülmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi ilə bağlı Azərbaycan tərəfinin israrlı müraciətlərinə məhəl qoyulmaması, faktaraşdırıcı komissiyaların yaradılmaması yeni presedentlərə yol açmaqla yanaşı, həm də BMT də daxil olmaqla əksər beynəlxalq təsisatların müharibə cinayətlərinə münasibətdə də belə ikili standartlardan çıxış etdiyini göstərir.

"Keçmiş Yuqoslaviya ərazisində, eləcə də hazırda Ukraynanın bir sıra şəhərlərində müharibə cinayətlərinin izinə düşən beynəlxalq təşkilatlar, nədənsə Ermənistanın 30 ilə yaxın davam edən işğal dövründə törətdiyi ağır müharibə cinayətlərini görmək və bu insanlıq əleyhinə cinayətlərin günahkarlarının aşkara çıxarılmasında maraqlı görünmürlər. Ermənilərin ağır cinayət əməllərinə münasibətdə sərgilənən yanaşma, Ermənistanla yanaşı həm də müharibə cinayətkarlarının himayə olunmasıdır.

Bu gün Azərbaycan torpaqlarında aşkarlanan kütləvi məzarlıqlar Ermənistanla yanaşı, həm də erməni vəhşiliyinə göz yuman beynəlxalq təşkilatların, onların arxasında dayanan aparıcı dövlətlərin üz qarasıdır".

 

 





06.10.2022    çap et  çap et