525.Az

“Oğlum şəhidliyi ilə hər şeyi sübut etdi”


 

“Oğlum şəhidliyi ilə hər şeyi sübut etdi” <b style="color:red"></b>


Bəşər cəmiyyətində bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə anlar, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca Allahın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Allaha, Vətənə, millətə sevgisi olduğu üçün sonda Allahın rızasını qazanaraq şəhadət mərtəbəsinə ucalırlar. Bu şərəfli oğullarmızdan biri də Ağayev Naim Süleyman oğludur.

Naim Süleyman oğlu Ağayev 29 avqust 1998-ci ildə Saratov vilayətində doğulub. Şəhidimiz əslən Ağcabədi rayonunun Muğanlı kəndindəndir. 2004-cü ildə Azərbaycana köçən Naim elə həmin il Ağcabədi rayon Muğanlı kənd Sarvan Quliyev adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur.  2015-ci ildə 11-ci sinfi bitirib. Orta məktəb vaxtı “Ölkəmizi tanıyaq” layihəsində bacısı ilə birlikdə iştirak edib.  2016-cı ildə hərbi xidmətdə olan Naim, manqa komandiri idi. O, 2020-ci il iyunun 7-də müddətdən artıq həqiqi hərbi xidmətə geri qayıdıb. 

Şəhidin atası Ağayev Süleyman deyir ki, oğlum Bakıda ticarətlə məşğul olurdu, eşitdi müharibəyə hazırlıq var, işini yarmıçıq qoyub gəldi.  Dedi, mən hökmən getməliyəm, Vətən çağırır:

"Bütün müəllimlər həmişə balamdan danşardı, çox istiqanlı uşaq idi. İndi müəllimləri deyir ki, onun haqqında danışmaq çox çətindir. Babaları Ağayev Mülük Məmmədqulu oğlu, Əliyev İbiş Salman oğlu da İkinci Dünya müharibəsində döyüşüblər. Q əhrəmanlıqda babalarına oxşayırdı balam. Xasiyyəti, xarakteri, qoçaqlığı eynilə Mülük babası idi.

Mənim işlədiyim yerdə iki çeçen vardı. Deyirdi siz necə dözürsünüz erməni işğalına? Biz olsaq, sapandla çıxardardıq onları. Bu sözlər ona çox pis təsir etmişdi. Deyirdi ki, ata, biz elə millət deyilik axı çeçen o sözü deyə... Bu torpaqları azad edəcəyik, başmızdan bu dərdi-səri bu acıları biz aparacağıq.

Ümumilikdə 400 nəfər idilər xüsusi təlimlərdə sıx iştirak etdilər. Beyləqanda Haramı düzünə apardılar onları. Təlimi Azərbaycan və Türk hərbçiləri birlikdə keçirdilər. 1  ay təlim keçdilər,  daha sonra döyüş istiqamətinə yollandılar". 

Şəhidin anası Ağayeva Lalə xanım deyir ki, çox yer-yurdun bilən uşaq idi. Səhhətimlə bağlı problemlərim olurdu deyə, həmişə mənə yardım edirdi:

"Çox diqqətcil idi. Kursda  axşam saat 10-da gəlirdi, gələndə də mənə  hədiyyə alırdı. Axırıncı dəfə bura döyüş yoldaşı ilə gəlmişdi. Bir gün dedi, ana, o döyüş yoldaşım şəhid oldu. Çox pis olmuşdum. Deyirdi hələ özümüzü qorumaqla deyil, od-alov gəlib üstümüzə düşür az qala. Burda mərmilər sel kimi oynayır. Allah bildiyi məsləhətdir. Sən dualarını əskik etmə, mənim əsgər yoldaşlarmı da unutma, ana! 30 oktyabrda böyük oğlum Xəyala toy edəcəkdik. Naim toy üçün bütün evi özü təmir etmişdi, yasına qismət oldu... Axırıncı dəfə 12 oktyabrda danışdıq. Bacısının ad günün təbrik etdi. Ayın 30-da dedi, ana, hökmən qardaşım Xəyalla sənin ad gününə gələcəyəm. Həmin günü bayrağımıza bükülmüş özü gəldi. (red. ağlayır)"

Süleyman ata deyir ki, onlar Füzuli istiqamətində səddi ala bilmirdilər. O səddi alana kimi 17 gün mühasirədə qalıblar, odun-alovun içində idilər: "Naim ürək nahiyəsindən yaralanmışdı. Bütün sənədləri üstündə düşmən mərmisindən deşik-deşik idi. Onun haqqında söz tapıb, danışmaq çox çətindir. O hərəkəti ilə hər şeyi sübut elədi. Bizim üçün nə qədər acı olsa da, o qədər də qürurvericidir. Ayaq üstə ürəyindən yaralanıb, qəhrəman kimi öndə gedib balam. Orda-burda qaçıb gizlənən olmayıb, Mənim balam igid olub. O mənim and yerim, fəxr yerimdir".


Şəhidin anası Lalə xanım o günləri bir də yada salaraq danışır ki, axşam saat 17:00-18:00  radələri olardı. Oğlum Xəyalla söhbət edirdik. Dedim bala, ürəyim partlayır, dur zəng et döyüş yoldaşına:

"Neçə gün idi zəng çatmırdı. Əsgər yoldaşına zəng etdi oğlum, durdu çıxdı çölə. O xəbər verdi ki, bəs mən yaralandım, Naim şəhid oldu. Oğlum ağlaya-ağlaya girdi içəri, dedi qardaşım şəhid olub. Özümdən getdim, bilmədim o an üçün necə oldum... (red. ağlayır)
Ayın 29-u atasıgil Beyləqana gedib nəşini gətirdilər, 30-u dəfn etdik. 
Sevdiyi qıza  üzük almışdı, mənə verib dedi ki, ana, bunu saxla qayıdanda səndən götürəcəyəm".

Azərbaycan Ordusunun əsgəri olan Naim Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Naim Ağayev 30 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Naim Ağayev ölümündən sonra "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə",  "İgidliyə görə" medalları ilə təltif edilib.


Qeyd edim ki, şəhidin atası Ağayev Süleyman Mülük oğlu ikinci dərəcəli dövlət qulluqçusudur. Hazırda Muğanlı kənd icra nümayəndəliyində baş məsləhətçi işləyir. Şəhidin anası Lalə Süleymanov isə Muğanlı kənd xalq yaradıcılıq evində mədəni təşkilatçı vəzifəsində çalışır.


 
Muğanlı kəndinin mərkəzi küçəsi şəhidin şərəfinə adlandırılıb. Həmçinin kəndin ümumi Birnici və İkinci Qarabağ müharibəsi şəhidlərinin adına xatirə bulaq kompleksi var. 

Allah rəhmət etsin!
 

 





06.10.2022    çap et  çap et