525.Az

İran rəhbərliyi Azərbaycan xalqından üzr istəməlidir


 

SƏFİRLİYİMİZƏ HÜCUM TERROR AKTIDIR

İran rəhbərliyi Azərbaycan xalqından üzr istəməlidir<b style="color:red"></b>

İran aylardır ki, Azərbaycanla münasibətləri gərginləşdirən addımlar atır, ölkəmizə qarşı açıq düşmənçilik siyasəti aparır, təxribatlar həyata keçirir. Molla rejiminin bu mənfur, düşmənçilik siyasətinə hər hansı əsaslı səbəb yoxdur. Sadəcə Azərbaycanın öz torpaqlarını azad etməsini, dövlətimizin regional gücə çevrilməsini, işğala son qoymaqla bölgədə yeni əməkdaşlıq, inkişaf fürsətlərinin yaranmasını İran heç cür qəbul edə bilmir. Molla rejimi Azərbaycanı hər zaman zəif, ərazilərini işğalda görmək istəyib. Həm Birinci, həm İkinci Qarabağ müharibəsində Ermənistanın yanında olub, ona hər cür dəstək verib. Nəhayət, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyində törədilmiş terror aktı İran adlanan şər yuvası xain, düşmənçilik, terror xislətini bir daha ortaya qoymuş oldu.

"Kalaşnikov" ilə silahlanmış Yasin Hüseynzadə adlı İran vətəndaşı Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirdi, iki nəfəri yaraladı. Terrorçunu səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirməsəydi, itkilərimiz daha böyük olacaqdı. Şübhəsiz ki, törədilmiş terror aktı bu günə kimi İranda aparılmış antiazərbaycan təbliğatın və fəaliyyətin nəticəsidir. Bu terror aktı şok effekti verdi, bütün dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən qətiyyətlə pislənildi. Terrorçunun səfirliyimizə daxil olması kadrlarına baxanda hadisənin hansısa bir şəxsin sadəcə əməli olmadığı, terror aktının öncədən planlaşdırıldığı gün kimi aydın olur. Hücumun İranın xüsusi xidmət orqanları, xüsusilə SEPAH-la əlaqəli olduğuna dair hər hansı şübhə qalmır. Bunun bir sübutu səfirliyin təhlükəsizliyinə məsul olan İran polisinin terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməməsi, sadəcə müşahidəçi qalmasıdır. Hazırda İran tərəfi məsuliyyəti üzərindən atmaq, cinayəti düzgün araşdırmaqdan yayınmaq üçün teraktı məişət hadisəsi səviyyəsinə endirmək istəyir. Halbuki dediyimiz kimi, görüntülər hər şeyi deyir. Məsələnin siyasi, dövlət terroru olmasına heç bir şübhə yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyi hadisə barədə yaydığı bəyanatında bildirib ki, səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi: "İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir. Son zamanlar İranda ölkəmiz əleyhinə antiazərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik".

Diplomatlar toxunulmazdır. Bir ölkənin səfirliyinə hücum etmək həmin ölkənin ərazisinə hücum etmək deməkdir. İran kimi terror dövləti üçün isə beynəlxalq hüquq və normalar, Vyana konvensiyası işləmir. Molla rejimi beynəlxalq hüquqdan, sivil yaşamdan uzaqdır. Öz xalqının həbsxanasına çevirən rejim üçün terror dövlət siyasətini təşkil edir. İran həmişə terror yuvası olub. Bu ölkədə heç bir səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət yoxdur. İranda hücuma məruz qalmış səfirliklər, konsulluqlar, beynəlxalq nümayəndəliklər, xarici vətəndaşlarla bağlı bir neçə fakta diqqət çəkmək, dediklərimizi təsdiq edir.

İslam inqilabından qısa müddət sonra 1979-cu il noyabrın 4-də İranda Amerika Birləşmiş Ştatlarının səfirliyinə hücum olub. Bu hücumda əksəriyyəti diplomat olan 53 amerikalı 444 gün ərzində girov saxlanılıb və 1981-ci il yanvarın 20-də azad ediliblər. ABŞ-dan girovların azad edilməsi müqabilində İranda mühakimə olunmaq üçün Şah Məhəmməd Rza Pəhləvini təhvil verməsi tələb edilib. Həmin vaxt prezident Cimmi Karterin icazəsi ilə keçmiş İran şahı ABŞ xəstəxanalarından birində xərçəng xəstəliyindən müalicə olunurdu. Karterin hakimiyyətinin son iki ilində başlayan böhran Ronald Reyqanın prezidentliyinin ilk günündə Vaşinqtonla Tehran arasında Əlcəzairin vasitəçiliyi ilə imzalanmış razılaşmanın qüvvəyə minməsi ilə sona çatıb.

2011-ci ilin noyabrında Britaniyanın İrandakı səfirliyi "Bəsic" yaraqlıları, xüsusilə də tələbə qanadı tərəfindən hücuma məruz qalıb. London o zaman bildirib ki, İran rejiminin razılığı olmadan hücum baş verə bilməzdi. Hücumdan dərhal sonra Avropa İranın bank sektoruna qarşı bir sıra sanksiyalar tətbiq edib. Buna cavab olaraq İran parlamenti Britaniya səfirinin ölkədən çıxarılması və ticarət əlaqələrinin azaldılmasına səs verib. Hücum zamanı səfirliyə molotov kokteyli atılıb, səfirliyin 6 əməkdaşı girov götürülüb. Hadisədən sonra iki ölkə arasında diplomatik əlaqələr ən aşağı səviyyəyə endirilib, Britaniya İran diplomatlarını ölkədən çıxarıb. Almaniya, Fransa, İtaliya və Niderland Britaniya hökuməti ilə məsləhətləşmələr aparmaq və həmrəylik nümayiş etdirmək üçün Tehrandan səfirlərini geri çağırıb. Tehranla London arasındakı münasibətlər dörd il pozulmuş vəziyyətdə olub. Nüvə sazişinin elanından bir neçə həftə sonra Britaniyanın o zamankı xarici işlər naziri Filip Hammond Tehrana gedən siyasi və ticarət nümayəndə heyətinə başçılıq edib və orada iki ölkənin səfirliklərinin yenidən açılması və diplomatik böhranın sona çatması barədə qərarı açıqlayıb. Bundan sonra diplomatik əlaqələr konsulluq səviyyəsindən səfirlik səviyyəsinə keçib və rəsmi Tehran Britaniya səfirliyinin binasına dəymiş ziyanı ödəyib.

2016-cı il yanvarın 2-də İranın ali dini lideri Əli Xameneinin tərəfdarları və "Bəsic" üzvləri Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna hücum ediblər. Hücum edənlər səfirliyə yandırıcı maye doldurulmuş butulkalar atıb və binaya daxil olublar. Səbəb Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham edilən 47 nəfər şiə inanclı şəxsin, o cümlədən, şeyx Nimr-əl Nimrin edam olunması idi. Hücumun görüntülərində səfirliyin əmlakının talan edildiyi əks olunub. İran rejimi bu hücumun da qarşısını almayıb. Hadisədən sonra İran diplomatik missiyası Səudiyyə Ərəbistanından qovulub və Tehranla əlaqələr kəsilib. Körfəz ölkələri də Tehrandan səfirlərini geri çağırıblar.

Rusiya səfirliyinə hücumu yada salanda isə İranda diplomatik korpuslara basqının tarixinin daha "qədim" olduğu üzə çıxır. Belə ki, 1829-cu il fevralın 11-də Tehranda Rusiya səfirliyinə hücum və səfir Aleksandr Qriboyedovun öldürülməsi də unudulmayıb.

Nəhayət, ötən il avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə "Mehdinin xidmətçiləri" adlanan radikal şiə qrupunun hücumu. Bu hadisənin də alt qatında İranın olduğu şübhəsizdir.

İranın Azərbaycan şəhidlərinin qanında əli var. Qeyd etdiyimiz kimi, hər iki Qarabağ müharibəsində İran tərəfinin Ermənistana kəşfiyyat materialları ötürməsi, Azərbaycan Ordusunun irəliləməsinə mane olması və digər əməlləri ilə əlini şəhidlərimizin qanına batırıb. Tehranda azərbaycanlı zabitin qətlə yetirilməsi də bu ssenarinin davamıdır. İran dövləti birbaşa məsuliyyət daşıyır və rəsmi Bakı İrandan məsələ ilə bağlı obyektiv araşdırma gözləyir. Düzdür, buna ümid çox azdır. Çünki hadisənin ilk anlarında İranın davranışı, terrorçunun rahat şəkildə televiziya kanallarına çıxarılıb danışdırılması, mahiyyətin təhrifinə cəhd göstərilməsi terrorun öncədən hazırlanması fikrini möhkəmləndirir. Azərbaycanın İrandakı səfirliyi artıq fəaliyyətini tam dayandırıb. Hadisələrin necə inkişafı isə birbaşa tehrandan asılı olacaq. İranın ali rəhbərliyi Azərbaycan xalqından üzr istəməlidir.

Nəhayət, Azərbaycanda İrana simpatiya ilə yanaşanlar, İran bayrağı qaldıranlar, Xomenei sevdalıları, dayanmağın zamanı çoxdan çatıb. Çünki İranın təbliği dövlətə xəyanət, terrora dəstək deməkdir.

 

 





31.01.2023    çap et  çap et