525.Az

Liderlər görüşəcək: Zelenski Baydenlə “dil tapmalıdır” - Kənan Novruzov yazır


 

Liderlər görüşəcək: Zelenski Baydenlə “dil tapmalıdır” - <b style="color:red">Kənan Novruzov yazır</b>

Bu ayın sonunda Polşada ABŞ Prezidenti Cozef Baydenlə ukraynalı həmkarı Volodimir Zelenskinin görüşü gözlənilir. Görüşün dəqiq tarixi açıqlanmayıb. 

Dövlət başçıları sonuncu dəfə bir neçə ay əvvəl görüşmüşdülər. Həmin müzakirələr zamanı Kiyevə silah tədarükünün artırılması barədə razılıq əldə olunmuşdu. Düşünmək olar ki, bu dəfəki görüşdə də hərbi yardımın artırılması gündəmdə olacaq. 

Liderlərin görüşü müharibənin birinci ildönümünə təsadüf edəcək. Yəqin ki, prezidentlər savaşın gələcəyi barədə fikir mübadiləsi aparacaqlar. 

Bu ay ciddi proseslərin baş verəcəyi gözləniləndir. Buna baxmayaraq, indiki şəraitdə Ağ Ev müharibənin bitməsində maraqlı deyil. Çünki Qərb, o cümlədən ABŞ hələ Rusiya ilə bağlı məqsədlərinə çatmayıb. 

Vaşinqtonun istəyi Kiyev vasitəsilə Moskvanı zəiflətmək, idarəolunan duruma salmaq və beləliklə, həm də Şərqi Avropadakı mövqelərinin gücləndirilməsidir. Ona görə də Ukraynaya silahlar “qənaətlə” verilir. Hərbi yardım Ukraynanın qalib gəlməsinə yox, müqavimət göstərməsinə hesablanıb. Əlbəttə, Qərb döyüş meydanındakı durumu Ukraynanın xeyrinə dəyişməyə qadir silahlar tədarük edə bilər. Ancaq bunda maraqlı deyil. 

Güman ki, Zelenski də artıq ABŞ-dən asılı olduğunu başa düşür. Rəsmi Kiyev Vaşinqona etiraz edərsə, silah tədarükündə azalma müşahidə olunacaq. Bu isə Rusiyanın Ukrayna ərazilərinə daha asan işğal etməsinə şərait yaradacaq. Ona görə də indi Zelenski üçün ən  optimal yol Baydenlə “dil tapmaqdır”. 

Polşadakı görüşdə Baydenin Zelenskiyə gələcək “tapşırıqlarını” verəcəyi ehtimal olunur. Eyni zamanda silah tədarükünün arıtılmasına dair yeni razılığın əldə olunması da mümkündür. 

Bütün hallarda Ağ Ev savaşın bitməsinə çalışmır və sülh istəmir. Fevralın sonunda keçirilməsi nəzərdə tutulan görüş də bu prinsp üzərində qurulacaq.

 





02.02.2023    çap et  çap et