Filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, tənqidçi, şair-nasir, tərcüməçi, maraqlı bədii əsərlər müəllifi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, dosent, fəxri professor, Azərbaycan Yazıçılar Birliyinin, Respublika Jurnalistlər Birliyinin, Respublika Aşıqlar Birliyinin üzvü Rasim Nəbioğlu 70 illik yubileyi ərəfəsindədir. O, qədim Xızı-Bərmək mahalının övladıdır, Azərbaycanımızın şimal zonasında tanınmış səcərəyə- nəslə mənsubdur.
Ziyalılar hər zaman ölkənin inkişafına, dövlətin qüdrətinin artmasına, gənc nəslin milli ideya və vətənpərvərlik ruhunda yetişməsinə xidmət edən fəaliyyətləri ilə fərqlənirlər. Xüsusilə də, həm cəmiyyətin tərəqqisinə, həm də elmin inkişafına dəyərli töhfələr verən insanların fəaliyyəti nümunə təşkil edir. Onlardan biri də bütün ədəbi yaradıcılığı və fəaliyyəti bu parametrlərə tam uyğun gələn bu il, 2023-cü il martın 13-də 70 yaşını tamamlayan, ədəbi mühitdə Rasim Nəbioğlu imzası ilə tanınan Rasim Nəbi oğlu Qurbanovdur.
Rasim Nəbi oğlu Qurbanov 10 mart 1953-cü ildə Xaçmaz şəhərində anadan olmuşdur. O, 1969-cu ildə Siyəzən şəhərində orta məktəbi bitirmiş, 1972-1977-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis-Azərbaycan dilləri şöbəsində təhsil almışdır. Onun “Mahiyyət, təzahür” adlı ilk məqaləsi də 1972-ci ildə ADU-nun çoxtirajlı “Bilik” qəzetində çap edilmişdir.
Lakin Rasim Nəbioğlu peşəkarcasına 1978-ci ildən ədəbi-elmi, tənqidi fəaliyyətə başlayıb. Maraqlı budur ki, o özünü bu istiqamətdə dönməz fəaliyyətinə müsabiqə yolu ilə yarışın qalibi kimi yol vərəqəsi alıb. Azərbaycan Yazıçılar Birliyinin (Azərbaycan Yazıçılar İttifaqı) və bu birliyin ədəbi orqanı olan “Azərbaycan” jurnalında yaradılmış “Gənc tənqidçilər” studiyasının təşkil etdiyi müsabiqədə qalib olaraq özünü təsdiqləmiş, studiyanın üzvü kimi sürəkli ədəbi fəaliyyətə başlamış, irəlilədikcə ədəbi mühitdə ədəbiyyatşünas, tənqidçi, publisist, şair, esseist, tərcüməçi kimi çıxış edərək tanınmışdır...
Onun qələm məhsulları, yazdığı elmi, nəzəri-estetik, ədəbi-tənqidi məqalələri, tərcümələri, fəlsəfi, sosioloji və psixoloji məzmunlu ədəbi-bədii yaradıcılıq nümunələri APXDİ-nin (indiki ADU) çoxtirajlı “Bilik”, həmçinin, “Qurucu” (Dəvəçi rayonu – indiki Şabran), “Şəfəq” (Quba rayonu) qəzetlərində, “Azərbaycan”, “Литературный Азербайджан”, “Müasir mədəniyyətşünaslıq” jurnallarında və respublikanın digər elmi nəşrlərində, “Ədəbiyyat qəzeti”ndə, “Azərbaycan müəllimi”, “Respublika”, “Millət”, “Şəhriyar”, “Oğuz eli”, “Xalq qəzeti”, “Vətəndaş həmrəyliyi”, “Versiya”, “525-ci qəzet”, “Mədəniyyət” və s. mətbuat orqanlarında, habelə Ədəbiyyat İnstitutunun elmi nəşrlərində, Respublikanın elmi məcmuələrində, ABŞ-da, Rusiyada, İran və Türkiyədə, Orta Asiya respublikalarında çap edilmişdir...
Rasim Nəbioğlu ardıcıl olaraq respublika mətbuatında elmi, tənqidi, publisistik məqalə, tərcümə, esse, hekayə və s. janrlarda çıxış edir. Rasim Nəbioğlu mükəmməl təhsil görmüş, səmərəli fəaliyyət göstərmişdir. O, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına (qiyabi) daxil olmuş (1982), iki illik rejissorluq kursunu bitirmiş (1988-1990), Siyəzən Mədəniyyət Sarayında və məktəblərdə dram, bədii özfəaliyyət, qiraət, “Gənc qələmlər” dərnəklərinə və “Xəzər” ədəbi birliyinə rəhbərlik etmiş, Səməd Vurğun adına Rus Dövlət Dram Teatrında işləmişdir (1992). Rasim Nəbioğlu, həmçinin, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi işləməklə bərabər, 2007-2015-ci illərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində (indiki Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi) elmi katib, şöbə müdiri, habelə kulturologiya və sənətşünaslıq indeksləri üzrə Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının siyahısındakı “Müasir Mədəniyyətşünaslıq” elmi, metodiki, publisistik jurnalının elmi redaktoru kimi çalışmışdır. Onun bu fəaliyyəti həm də, Rasim Nəbioğlunu bir pedaqoq, mədəniyyət və mətbuat adamı kimi tanıtmışdır...
“Hüseyn Cavidin estetik idealı” mövzusunda (Elmi rəhbəri akademik Məmməd Cəfər) dissertasiya müdafiə etmişdir (1991), 1994-1997-ci illərdə doktoranturaya çıxmışdır. Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında direktor müavini vəzifəsini daşımışdır (1995). Bəzi mətbuat orqanlarında və nəşriyyatlarda korrektor, müxbir, şöbə müdiri, elmi redaktor və baş redaktor olmuşdur.
Rasim Nəbioğlu 19 ədəbi-tənqidi, publisistik və tərcümə kitabının, həmçinin, 200-dən çox məqalənin müəllifidir. Qələm məhsullarında daha çox bədii-fəlsəfi ümumiləşdirmələrə meyl edən Rasim Nəbioğlu çox vaxt özünün sosial-etik və kulturoloji-estetik platformasından çıxış edir.
Onun "Hüseyn Cavidin estetik idealı", “Vüqar Əhmədin yaradıcılıq yolu” monoqrafiyasının, bədii yaradıcılığını əhatə edən, “Dərəzarat” və "Xatəmül-Ənbiya" poemaları, şeirləri, esseləri, hekayələri və ingilis dilindən tərcümələri daxil edilmiş "Dərəzarat", iki cildlik “Mədəniyyət. İncəsənət. Ədəbiyyat” adlandırdığı məqalələr toplusunun (2017,2021), “Aforizmlər və hikmətli sözlər”, “Bürclər taleyimizdən xəbər verir”, “İngiliscə-rusca-azərbaycanca danışıq kitabçası” kitablarının müəllifi, tərtibçisi və mütərcimidir...
Bu əsərlər sübut edir ki, Rasim Nəbioğlunun yaradıcılığını, ədəbi-elmi fəaliyyətini həmişə dinamik, axtarışda olan universal, çoxşaxəli, çoxspektrli, yaradıcılıq təsnifatına daxil edək... Onun yaradıcılığına nəzər salanda görürük ki, onun zəngin yaradıcılığı tarix, pedaqogika, mədəniyyətşünaslıq, həmçinin, estetika, etika, sosiologiya, psixologiya və s. bu kimi fəlsəfi elm sahələri ilə sıx bağlıdır. Başqa sözlə, Rasim Nəbioğlu müasir humanitar təfəkkürlü qələm sahibidir.
Rasim Nəbioğlu ingilis dilinin sirlərini yaxşı bildiyindən onun həm bu dildən tərcümələri, həm də Azərbaycan dilindən ingiliscəyə tərcümələri eləcə qənaətbəxş deyil, mükəmməldir və bu dili bildiyindən onu nəzəri görüşləri də, elmi-nəzəri mətnlərin ifadə texnologiyası da qərb nəzəri texnologiyasının səviyyəsi uyarındadır, stereotip deyil, tamamilə özününküdür...
Rasim Nəbioğlu ingilisdilli müəlliflərin şeir, hekayə və kitablarını Azərbaycan dilinə, Anar, Yusif Səmədoğlu, Əmir Pəhləvan, Ağarəhim Rəhimov və digərlərinin əsərlərini ingilis dilinə tərcümə etmişdir. Onun yaradıcılığında maraqlı hadisələrin biri də budur ki, «Ağ gün» adlanan hekayəsi Azərbaycan yazıçılarının Amerika Birləşmiş Ştatlarında ingilis dilində nəşr olunmuş hekayələrindən ibarət topluya (2013) da daxil edilmişdir. Qeyd edək ki, görkəmli Azərbaycan yazıçılarının həmin topluda verilmiş hekayələrinin bir qismini ingilis dilinə məhz Rasim Nəbioğlu çevirmişdir.
Onun ingiliscədən dilimizə etdiyi əsərlər də təqdirəlayiqdir... Dünyacan şöhrətli olan Uilyam Şekspirdən, Çarlz Makeydən, Lonqston Hyuzdan, Ceymz Törberdən, Corc Bernard Şoudan, Uilyam Həzlitdən və ingilis, ABŞ yumorundan elədiyi tərcümələr bu qəbildəndir. Onun tərcümələrin təqdimat mədəniyyəti və üsulu da xoşuma gəldi. Rasim Nəbioğlu lazım olan cəhətləri, mənbələri ətək yazısında şərh eləməklə bərabər, tərcümə etdiyi şeirlərin orijinaldakı mətnini də verir, müəlliflər barədə oxucularını məlumatlandırır... Bu, Azərbaycan tərcümə mədəniyyətinə gətirilən yenilikdir, örnək olası məsələdir...
Ümumiyyətlə, müstəqillik dövrü Azərbaycan tərcüməşünaslığında ciddi və səmərəli fəaliyyət göstərmiş, bacarıqlı mütəxəssis olaraq bu sahədə yetişən gənclərin elmi işlərinə elmi rəhbər, opponent, rəyçi, redaktor olmuş, habelə ingilis dili üzrə “Dərs vəsaiti”, “Testlər”, “Danışıq kitabçası, “İzahlı lüğət” yazıb çap etdirmiş, Azərbaycanın müxtəlif ali məktəblərində, universitet və institutlarında (Xəzər Universiteti, Pedaqoji Universitet, Tibb Universiteti, Lənkəran Dövlət Universiteti, Qərb Universiteti, Ali Qızlar Məktəbi, Fövqəladə Hallar Akademiyası, Milli Konservatoriya) filoloji-linqvistik və pedaqoji-metodiki fənlərdən, eləcə də etika, estetika, fəlsəfə, sosiologiya, kulturologiya və s. predmetlərdən mühazirələr oxumuş, dərs demiş, Cənubi Rusiya Humanitar Universitetinin (Rostov-Don) Bakı filialında “Dillər və ədəbiyyat” kafedrasının müdiri və dekan vəzifəsində işləmiş (1999-2006), həmin universitetin fəxri professoru seçilmiş və Avra-Asiya İnzibati Elmlər Akademiyasının (Moskva şəhəri) müxbir üzvüdür...
Yeri gəlmişkən, onu da qeyd edək ki, Rasim Nəbioğlunun elmi, nəzəri, ədəbi, tənqidi, pedaqoji fəaliyyəti həmişə diqqət mərkəzində olmuş, onun yaradıcılığı barəsində akademik İsa Həbibbəyli, Xalq şairi Sabir Rüstəmxanlı, professor Məmməd Əliyev, professor Məhərrəm Qasımlı, professor Adilxan Bayramov, Məmmədəli Mustafayev, tanınmış tənqidçi-ədəbiyyatşünaslardan Rəhim Əliyev, Vaqif Yusifli, Əli Rza Xələfli, Cingiz Qurbanoğlu, Qurban Bayramov, Qorxmaz Vəliyev, Fəttah Xalıqzadə, Şakir Əlifoğlu və digərləri maraqlı fikir və mülahizələr söyləmişlər...
Onu da xatırladaq ki, Rasim Nəbioğlunun və onun bir neçə həmkarlarının, qələm dostlarının elmi-nəzəri tədqiqlərində, tənqidi məqalələrində postsovet mərhələsinin ədəbi hadisəsi olan qərb nəzəri fikrinin axarına yaradıcı istinadlar müstəqillik dövrü ədəbiyyatında postmodernizm cərəyanının yaranan ünsürlərinin aşkarlanmasına kömək etmiş oldu.
Psixoanalitik təhlillə bağlı Ziqmund Freydə, arxetiplər nəzəriyyəsinə görə Yunqa, struktur-semiotik araşdırmalarda Klod-Levi Strossa, R.Brata, J.Jenetə, A.Qreymasa, T.Monroya, M.Fukoya, ədəbiyyat və ideologiya problemlərində T.Eqlitona, feminist ədəbiyyat məsələlərində Meggi Hummana, M.Eqlitona, bədii mətnin koqnitiv öyrənilməsində D.Axapkina, M.Bruna, A.Riçardsona, B.Boyda, postmodern ədəbiyyatla əlaqəli J.Lyotarda, G.Delezə, J.Deridaya, D.Kamperə və başqalarına istinad bu baxımdan diqqəti cəlb edir və Azərbaycan filologiyasına yeniliklə bərabər təzə nəfəs gəlir, yeni filoloji fikir istiqamətinin yaranmasına vəsilə olur, yeni yetişən filoloqlara istiqamət verir.
Rasim Nəbioğlunun elmi müşahidələri və tədqiqadları göstərir ki, Qərbin ədəbiyyat nəzəriyyəsi dərslikləri də istinad edilən mənbələr sırasındadır. R.Vellek-A.Varrenin, J.Kullerin, V.Qrassin, D.Karterin, P.Berrinin və s. ədəbiyyat nəzəriyyələri artıq tədqiqatlarda istifadə edilməkdədir. Bu isə nəzəriyyədə plüralizmi artırır və sovet ədəbiyyatı standartlarını dağıdır. Bu artıq ədəbiyyat nəzəriyyəsinə, filoloji fikrə müasir, aktual, inkişaf etmiş Qərb meyarları ilə yanaşmaq prinsipidir ki, bu prinsipin yaranmasında, inkişafında Rasim Nəbioğlunun dəyərli fəal, ardıcıl fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu həmdə çağdaş tənqid və ədəbiyyatşünaslığımızın yeni, modernist metedoloji əsaslarının yaranmasına xidmət edən bir ədəbi-nəzəri prinsipdir...
Mühüm və təqdirəlayiq cəhətlərdən biri də budur ki, Rasim Nəbioğlu özünü oxuculara şair və nasir kimi də təqdim etmişdir. Onun «Dərəzarat» (Bakı, 2013, 127 səh.) kitabına müxtəlif vaxtlarda qələmə aldığı yaradıcılıq nümunələri - «Xatəmül-ənbiya» və «Dərəzarat» poemaları, şeir və hekayələri, etüd və esseləri, habelə ingilis dilindən bədii tərcümələri daxil edilmişdir.
Rasim Nəbioğlu Hüseyn Cavid irsinin tədqiqatçısı kimi gözəllik və məhəbbətin yaradıcı qüvvə, bəşəriyyətin xoşbəxt gələcəyini təmin edəcək ali keyfiyyət olduğunu bildiyindən tədqiqatlarında olduğu kimi, hekayə və esselərində də, bu cəhəti xüsusi şəkildə qabarda bilir. Nəbioğlu əsərlərinin əksəriyyətində, əsasən də, esselərində idealı və antiidealı qarşılaşdırır və bu qarşılaşdırma effekti ona məzmunlu nəticə əldə etməyə kömək edir, sosial-etik və əxlaqi dəyərlər istiqamətində axara düşür.
Onun klassik ədəbiyyat, nəzəriyyə, bədii yaradıcılıq, gözəllik fəlsəfəsi və mədəniyyətşünaslıq məsələlərindən, həmçinin ictimai həyat, zaman, din, insan və cəmiyyət qayğılarından yazdığı “Hüseyn Cavid və “Topal Teymur” dramı”, “Cəfər Cabbarlının yaradıcılıq və həyat salnaməsi”, “Mikayıl Müşfiq: “Kainat olduqca”, “Səməd Vurğun: “Bizdə şeir də var, sənət də vardır...”, “2018-ci ilin ədəbi yekunu – nəzəriyyə”, “Zamanla üz-üzə”, “Ədəbiyyatda gözəllik aləmi”, “Akademik Məmməd Cəfər Cəfərov bir filosof, estetik kimi”, “Əmanətdar şəxsiyyət, söz-qələm sahibi (Əl Rza Xələfli – 65)”, “Epos və estetik ideal”, “Görkəmli alim, aşıqşünas və xəlqi şair – professor Məhərrəm Qasımlı”, “Xalq şairinin qələmli oğlu – Müşfiq Cabiroğlu” məqalələri bu qəbildəndir.
Bu cəhətdən biz onun elmi yaradıcılığı ilə bədii qələm məhsullarının ayrı-ayrı komponentləri arasında estetik ideal aurasında üzvi əlaqə olduğunu aşkar sezmək mümkündür. Ümumiyyətlə götürəndə, Rasim Nəbioğlunun yaradıcılığında, istedadında bir çoxşaxəlilik, polifonizm, universallıq özünü bariz şəkildə göstərir. Bu cəhəti onun qələm dostu, həmkarı, Əməkdar Mədəniyyət işçisi, tanınmış tənqidçi-ədəbiyyatşünas, professor Vaqif Yusifli belə təqdim edir: “Rasim Nəbioğlu üçün mövzu məhdudluğu yoxdur. O, klassik ədəbiyyatdan da yazır, müasir ədəbiyyatdan da, folklordan da, estetikadan da, mədəniyyət və incəsənətin müxtəlif problemlərindən ayrı-ayrı sənətkarların həyat və yaradıcılığından, teatr tamaşalarından da qələm çalır. Bu onu göstərir ki, Rasim Nəbioğlu hərtərəfli tənqidçi-ədəbiyyatşünasdır”.
Bir daha, xüsusi olaraq, türk qardaşlarımız demiş, “altını çizərək” qeyd edim ki, Rasim Nəbioğlu zəhmətkeş, istedadlı tənqidçi, ədəbiyyatşünasdır.
Alimin şəxsiyyət, cəmiyyət, idrak, təsəvvür, təxəyyül, ruh, vicdan, gözəllik, fəcilik, ülvilik, qəhrəmanlıq və s. bu kimi sosial-psixoloji və etik-estetik kateqoriyaları, anlayışları həm ədəbi-tənqidi, həm də bədii yaradıcılığa uğurla tətbiq etməsi onun elmi təfəkkürünün, təhlil mədəniyyətinin və tədqiqatçılıq vərdişinin mükəməlliyindən xəbər verir.
Əziz qələm dostumuz, həmkarımız Rasim Nəbioğluna bu 70 illik yubileyində ona hər şey üçün - onun insanlığı - ziyalılığı üçün, məhsuldar istedadı üçün, ölkəsinə məhəbbəti üçün, xalqının səadətinə bəslədiyi inam üçün və nəhayət, ədəbiyyatımızın, tənqidimizin, ədəbi fikrimizin bir məhsuldar nümayəndəsi kimi uzun ömür və uğurlar arzulayırıq.