525.Az

Professor Nəsir Əhmədlinin elmi irsi


 

İYUN AYININ 7-DƏ ALİMİN VƏFATININ BİR İLİ TAMAM OLUR

Professor Nəsir Əhmədlinin elmi irsi<b style="color:red"></b>

Bir ildir ki, Nəsir müəllim aramızda yoxdur. Gedən cismani varlığı, qalan isə ona sonsuz ehtiramı olan tələbələri, yazdığı elmi əsərləri, zəngin yaradıcılıq irsidir.

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru, Əməkdar jurnalist, Yazıçılar Birliyi, Jurnalistlər Birliyi və Mətbuat Şurasının üzvü,  uzun illər səmərəli elmi fəaliyyətlə məşğul olmuş, ömrünün son gününə kimi tələbələri, dostları ilə sıx ünsiyyət qurmuş, 80 yaşının tamamına sayılı günlər qalmış dünyasını dəyişən  Nəsir Əhmədlinin elmi pedoqoji fəaliyyəti, zəngin yaradıcılığı geniş təhlil edilməli, elmin ayrı-ayrı sahələrinin inkişafında özünəməxsus xidmətləri, təkrarsız, mübaliğəsiz  işlətdiyi ifadələr, dərin düşüncəli kəlamları geniş tədqiqat obyektinə çevrilməlidir. Çünki təkcə  bir sahənin ustadı olmayıb, çoxşaxəli yaradıcılığı ilə seçilən, geniş dünya görüşlü, zəngin elmi intellektli  bir alimdən söhbət gedir. Sözün həqiqi mənasında elmə xidmət edən, cəmiyyətə əsl ziyalı yetişdirmək amalı ilə bildiklərini sevə-sevə gənclərə əxz edən dəyərli bir elm fədaisindən danışırırq. Nəsir Əhmədli hər zaman çalışıb ki, millətə ağıllı və savadlı gənclər nəsib olsun, əsl vətəndaşlar yetişsin ki, ölkədə milli dəyərlər qorunsun, ali düşüncə formalaşsın, sadə kütlə psixologiyası şüurlu  ziyalı düşüncəsi nümayiş etdirsin.

Alim jurnalistikanın empirik səviyyəyə qalxmasında, inkişafında xüsusi xidmətləri ilə seçilən ziyalılardan biri kimi sanballı kitabların müəllifi olub.  Onun  düşüncəsinə görə əsl jurnalist olmaq üçün hərtərəfli keyfiyyətlərə sahib olmaq lazımdır. Bu sənətin nümayəndələrini  ana dilini mükəmməl bilən, elmlərdən hali olan, daim mütaliə edən, hətta ədəbi təfəkkürün dərin qatlarına belə nüfuz etməyi bacaran, zövqlü, duyğulu insani keyfiyyətləri ilə seçilən və digər mühüm, vacib elementləri özündə ehtiva edən bir peşəkar kimi dəyərləndirirdi. Məhz özü bütün ali dəyərlərin daşıyıcısı olduğu üçün əsl jurnalist idi. Jurnalistika ilə yanaşı, eyni zamanda "mənəm" deyib - öyünən ən titullu dilçilərdən də savadlı zəngin dil xəzinəsinə sahib olan alim kimi ad qazanmışdı. Adlı-sanlı tərcüməçilərdən də fərqlənən, bu sahədə də xüsusi yaradıcılığa malik olan şəxsiyyət olub. Poeziyanı nəinki sevir, hətta öz şeirləriylə ədəbiyyat aləminə maraqlı əsərlər təqdim edib. Onun şeirlərində  bədii təsvir o qədər güclüydü ki,  təkcə misralar bir - biri ilə ayaqlaşmır, hecalar qoşalaşmır, həm də fikir, süjet xətti tamamlanırdı. Üç-dörd nəqarətli bir şeirində insan ömrü elə güclü bədii təsvir olunurdu ki, yaşanan 80 illik ömür yolunun tablosu bütün boyaları ilə canlanırdı.

Alimin izi olan, fəaliyyəti sezilən, bütün istiqamətlərdə səsləndirdiyi əsaslı elmi fikirləri   dərindən təhlil edilməli, vacib kəlmələri, özəl deyimləri, ustad bilikləri peşəkar jurnalist ordusunun hazırlanmasında,  gənc kadrların yetişməsində  təbliğ olunmalıdır.

Professor Nəsir Əhmədlinin radioya sevgisi bir başqa idi. O, səsin, sözün sehri ilə milyonlara sirayət edən bir auditoriyanın dəyərini daha yaxşı başa düşürdü, efirin imkanlarının nəyə qadir olduğunu, hüdudsuz yayımlarını və bu sferada çalışmağın nə qədər şərəfli və məsuliyyətli olduğunu anlatmağa çalışırdı.  Vaxtilə 2007-ci ildə müdafiə etdiyi "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası üzərində çalışarkən radio sənətinə daha da məftun olmuş, səsli portret yaratmaq ustalığının sirlərini mənimsəmiş, həm də onun təbliği və tədrisi istiqamətində yorulmadan-usanmadan çalışmışdır.

Alimin elmi rəhbərliyi ilə "Audiopublisistikada ifadə vasitələrinin sintezi problemi" mövzusunda dissertasiya işini müdafiə etmişəm. 30 ilə yaxın radioda çalışmağıma baxmayaraq hər görüşümüzdə radio sənətinin incəlikləri ilə bağlı ondan  yeni bilgilər öyrənirdim. Radionun daxili aləmini o qədər dərindən bilirdi ki, müxtəlif həcmdə və fərqli məzmunlarda hər hansı materialın işlənməsində, ərsəyə yetirilməsində daxili istehsalat prosesindən  hali olduğu üçün tələbəsindən mükəmməl yaradıcılıq gözləyirdi. Sözün daha sərrast olmasını, məqsəd və məramını, hədəfə düzgün istiqamətləndirilməsini, auditoriyanın genişliyini nəzərə alaraq radiojurnalistika janrlarında peşəkarlığı, dünya jurnalistikasından vərdişlər əxz etməyi, təcrübə götürməyi, bir sözlə mükəmməl yazı qaydası  tələb edirdi.

Professor  radioda  mətnlə yanaşı, onun efirdə təqdimini, aparıcının səlist danışığa malik olmasını ən ümdə şərt sayır, kollektiv əməyin məhsulu olduğu üçün radioəsərdə səs, söz və muqisinin vəhdətini bir tamlıq adlandırırdı. Sözün ifadə vasitələrinə, radionun semiotikasına xüsusi üstünlük verirdi. Fikrin tamlığı üçün sözün səslə yanaşı, əlavə yardımçı elementlərdən qidalanmasını əsas şərt hesab edirdi. Bu mənada musiqinin önəmli rolunu vurğulayırdı. Əsərin məna dəyərinin açılmasında ifadə vasitələrinin xüsisi çəkiyə malik olduğunu bildirirdi. Məhz bu mənada "Güney Azərbaycan"a  hazırlanan verilişlərdə ikiyə bölünmüş bir xalqın yanğısını, ağrı-acısını efirdən sözün aciz qaldığı anlarda onun aydın ifadəsi üçün digər yaradıcılıq improvizələrindən istafadəyə önəm verilməsini məqbul düşünürdü.

Nəsir Əhmədli  təkcə auditoriyada deyil, mümkün olan hər yerdə ziyalı mövqeyi ilə çıxış edirdi. Onun sosial şəbəkədəki fəallığı, ömrünün sonuna kimi virtual səhifəsindəki paylaşımları ayrıca öyrənilməli, statuslarındakı mənalı fikirlər,  tövsiyələri  bir-bir incələnməlidir.

Nəsir Əhmədlinin sosial şəbəkələrdə müxtəlif statusları var.  Xəstə yatdığı dövrdə daha çox fəallıq nümayiş etdirib. Saatlarla vaxt ayıraraq, ağır əzablara sinə gərib,  düşündüyü bu kimi məsələləri daha qabarıq şəkildə işıqlandırmağa çalışıb ki, qısalan ömür payı gənc dostlarına arzularını yarımçıq qoymasın.

Nəhayət, sonda onunla axırıncı görüşümüzü yada salaq. 2022-ci il, mayın 11-də Bakı Dövlət Universitetində Nəsir Əhmədlinin 80 illik yubileyi ilə bağlı keçirilən  konfransda alimin bütün həyat kredosuna ətraflı nəzər salındı. Maraqlısı bu idi ki, tədbir onun dərs dediyi auditoriyada təşkil edilmiş, iki nəfərlik oturacaqlarda düz dörd nəfər əyləşmiş, mediada nüfuz qazanmış yetirmələri, eləcə də digər sahələrdə çalışan, onu özünə yaxın bilən tanışları, dəyərli ziyalı dostları yubiley tədbirini eşidən kimi həmin saata özlərini çatdıra bilmişdilər. Uzun illər onunla bir cəbhədə çalışmış, professor Cahangir Məmmədlinin sözləri ilə desək "ölkənin aparıcı media kapitanları" ustadını təbrik etməyə gəlmişdilər. Televiziya rəhbərləri, qəzet redaktorları, yaxın ünsiyyətdə olduğu hər kəs yubilyar haqqında söz deməyə, alimin şəxsi keyfiyyətlərindən, insani davranışlarından danışmaq üçün tədbirə təşrif buyurmuşdular.

Mətbuatda gedən bir müsahibəsində oxumuşdum ki, onun təbirincə "jurnalistika fakültəsi  xüsusi bir yerdir. Bütün ali məktəblər sistemində jurnalistika fakültəsi halallıq məktəbi kimi tanınır. Bunun da müəyyən səbəbləri var. Burada Şirməmməd müəllim kimi bir dahi olub. Belə bir nizam-intizam, belə bir ənənə qoyub gedib ki, onu pozmaq mümkün deyil. Ona görə də bizdə münasibətlər hər zaman fərqli olub,  müəllim-tələbə münasibətlərindən başqa, ata-oğul, qardaş münasibəti olub". Elə özünün qardaş bildiyi, dost sandığı tələbələrinin Nəsir müəllimlə bağlı deyiləcək sözü çox idi. Həm də onu sevənlərin ürəyində böyük nigarançılıq da vardı, sanki öz müəllimləri ilə vidalaşmağa gəldiklərini düşünürdülər. Hiss eləmişdilər ki, amansız xəstəliklə mübarizə aparan Nəsir müəllimi əcəl istənilən anda işıqlı dünyadan apara bilər. Bu qorxu ilə ona yaxınlaşan hər bir tələbəsi, müəllim dostları,  həmkarları professorla şəkil çəkdirir, öz sonsuz ehtiramını nümayiş etdirirdi. Nəsir müəllim baxışları, çöhrəsindəki təbəssümü ilə hamını salamlayır, əlində çəlik və çarəsiz xəstəlik belə onun bu həyat eşqini söndürməmiş, heç qəddini də əyə bilməmişdi. Alnı açıq, düz qamətli duruşu ilə əzrayıla sanki meydan oxuyurdu. Sonda isə sevimli tələbəsi, tədbirin təşkilatçısı Aynur Nəsirovadan "Səhər" qəzetinin baş redaktoru Məzahir Süleymanzadənin ruhuna bir dəqiqəlik sükut istədi. Azərbaycan mətbuatı həmin səhəri ağrıyla açmışdı. Milli mətbuatın tədqiqatçı Nəsir Əhmədli həmin gün dost itkisinə, Məzahirin ölüm xəbərinə çox sarsılmışdı...

1971-ci ildən taleyini universitetin Jurnalistika fakültəsinə bağlayan alimin bütün irsi, "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966-1975-ci illərdə dərc olunmuş materiallar əsasında)" mövzusunda namizədlik, 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyaları, Azərbaycan teleradiosunda çalışdığı dövrlər,  2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasındakı fəaliyyəti, tədris etdiyi fənlər, "Jurnalistin nitq mədəniyyəti", "Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə", "Xüsusi kurs", "KİV xaricə siyasi informasiya yayımı sistemində", 100-dən artıq elmi məqaləsi, monoqrafiyaları,  dərslik və dərs vəsaitləri,  bir sözlə bütövlükdə 15 kitabı, qəzet və jurnallarda çap olunmuş publisistik yazıları, onlarla elm adamının yetişməsindəki  əməyi,  beynəlxalq radio yayımında hazırladığı jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemi, bu sahə üzrə altı qanunu, müxtəlif ölkələrdə keçirilmiş beynəlxalq elmi konfranslardakı çıxışları, məruzələri, aşıq sənətinə bağlılığı, poeziya sevgisi, ədəbi fəaliyyəti, ömrünün son illərində sosial şəbəkələrdə yazdığı elmi fikirləri diqqətlə öyrənilməli, tədqiqatlara yönəlməlidir. O zaman mərhum alimin adı daha da yaddaşlarda əbədiləşəcək.

Ruhunuz şad olsun, əziz və hörmətli müəllim, gözəl insan, böyük alim Nəsir Əhmədli.

 

 

 

 





06.06.2023    çap et  çap et