525.Az

Naxçıvanda Heydər Əliyev Muzeyi: Ulu öndərə sonsuz ehtiramın ifadəsi


 

Naxçıvanda Heydər Əliyev Muzeyi: Ulu öndərə sonsuz ehtiramın ifadəsi<b style="color:red"></b>

Azərbaycanda muzey işinə dövlət qayğısı daima yüksək olub, xüsusilə Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə muzey işinin inkişafı geniş vüsət alıb. Azərbaycan mədəniyyətinin böyük şəxsiyyətlərinin memorial-xatirə, mənzil muzeyləri, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri yaradılıb. Ümummilli liderin 1980-ci ildə muzey işinə dair qəbul etdiyi yeni  qərarla respublikada muzeylər şəbəkəsi daha da genişlənmiş, bölgələrdə tarix-diyarşünaslıq muzeylərinin açılmasına stimul olmuşdu. Naxçıvan Muxtar Respublikasının rayonlarında da tarix-diyarşünaslıq muzeyləri, Naxçıvan şəhərində Hüseyn Cavid, Cəmşid Naxçıvanski, Cəlil Məmmədquluzadə və Bəhruz Kəngərlinin ev-muzeyləri yaradılmışdı. Azərbaycana rəhbərlik etdiyi illərdə Ümummilli lider doğulub-böyüdüyü Naxçıvanda dəfələrlə olmuş, Muxtar Respublikanın sosial-mədəni obyektləri ilə yanaşı, milli-mədəni sərvətlərimizin qorunduğu muzeylərin bir çoxunun açılışlarında şəxsən iştirak etmiş, tarixi çıxışları ilə yadda qalmışdı. 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illik yubileyində iştirak edərkən görkəmli yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyinin və Bəhruz Kəngərli muzeyinin açılış mərasimində iştirak etmiş (2002), Naxçıvan Dövlət Xalça Muzeyində, görkəmli ədib Hüseyn Cavidin qəbirüstü məqbərəsində və ev-muzeyində olmuşdu. Müasir Azərbaycan Respublikasının qurucusu, memarı, dünyaşöhrətli siyasi lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında da muzey işinin yenidən qurulması və təşkilinə əsaslı təsir göstərmiş, müstəqillik illərində yeni muzeylərin yaradılması  həyata keçirilmiş, görkəmli şəxsiyyətlərin adlarının əbədiləşdirilməsi məqsədilə yaradılan ev muzeylərinin, xatirə ansamblları və komplekslərinin təşkili və fəaliyyəti sürətlə artmışdı.

Naxçıvan Muxtar Respublikasındakı muzeylər sırasında buradakı Heydər Əliyev Muzeyi mühüm istisnalıq təşkil edir. Dahi liderə sonsuz ehtiramın daha bir parlaq təzahürü olan bu Muzey Naxçıvan MR Ali Məclisinin 1999-cu il tarixli qərarına əsasən yaradılıb və  10 may 1999-cu ildə, Ümummilli liderin anadan olduğu tarixdə fəaliyyətə başlayıb. Muzey Azərbaycan Respublikasında yaradılmış ilk belə muzey olaraq, Ümummilli liderin həyat və fəaliyyətinin, ictimai-siyasi, elmi-nəzəri, dövlətçilik irsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, araşdırılması,  təbliği və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Heydər Əliyev Muzeyinin ekspozisiyasında sərgilənən  eksponatlar Ulu öndərin yaşadığı şərəfli həyat yolunu və amalını əks etdirməklə yanaşı, onun 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyətini, Ali Məclisin sədri kimi gördüyü işləri, həyata keçirdiyi tədbirləri, qəbul etdiyi mühüm qərarları da bir daha diqqət mərkəzinə gətirir. 

Azərbaycan tarixşünaslıq elminin yaradıcısı Abasqulu Ağa Bakıxanov yazır: "Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini... xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır... Tarix elmi dünyanın təcrübəsini bizə kəşf edir".  Bəli, "Danışmayan natiq"in toplanmasında və qorunub saxlanılmasında muzeylər müstəsna əhəmiyyət kəsb edir. Heydər Əliyev Muzeyinin ekspozisiyasında sərgilənən  eksponatlar ulu öndərimizin yaşadığı şərəfli həyat yolunu və amalını əks etdirməklə yanaşı, Naxçıvanın ən ağır blokada vəziyyətində yaşadığı günləri də xatırlatdığı üçün yaxın tariximizin "danışan natiqlər"idir. 

1990-cu ildə, bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da vəziyyət çox kritik idi. İşğal planlarını həyata keçirməyə cəhd göstərən ermənilər tərəfindən intensiv olaraq atəşə tutulan Naxçıvanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qalmışdı. O dövrdə mətbuatda gedən bir yazıda "unudulmuş tənha ada"ya bənzədilən Naxçıvana qarşı həmin vaxt respublikanın kommunist rəhbərliyinin laqeydliyi, erməni təcavüzünə biganəliyi xalqı daha da hiddətləndirirdi. Belə çətin, keşməkəşli vaxtda, 1990-cı il iyulun 22-də Ümummilli lider Heydər Əliyevin Moskvadan doğma Naxçıvana, ağır vəziyyətdə olan vətəninə qayıdışı Muxtar Respublikanın və daha sonra ölkəmizin qurtuluşu oldu. Heydər Əliyevin gəlişi ağır blokada şəraitində olan Naxçıvana yeni ruh gətirdi, insanlarda mübarizəyə stimul yaratdı. Onlar bu böyük şəxsiyyətin ətrafında bir yumruq kimi birləşdilər və qısa müddətdə, təkidlə Heydər Əliyevi özlərinə rəhbər seçdilər. Yalnız Naxçıvanda deyil, bütövlükdə Azərbaycanda milli dövlətçiliyə inam hissi formalaşdıran Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi (3 sentyabr 1991) çətin vəziyyətdə olan Naxçıvanda bayram kimi qarşılandı. Məqsədi Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində bərqərar etməkdən ibarət olan Ulu öndər təkcə Naxçıvan üçün yox, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu.

Əbu Turxan yazır ki, "Bəzən sən yolu seçirsən, bəzən də yol səni". Taleyimə yazılan yol məni Naxçıvanda yenicə yaradılmış Heydər Əliyev Muzeyinə gətirdi. Ümummilli liderin ömür və fəaliyyət yolunu dolğun əks etdirən bu möhtəşəm muzeydə çalışmaq xoşbəxtliyi nəsibim oldu. Muzeydə Heydər Əliyevin bioqrafiyasını əks etdirən jurnal, albom və kitablar, film və qəzet materiallarından ibarət  kitabxana da açılmışdı. Öncə muzeydə bələdçi kimi fəaliyyətə başladığımdan (19 may 1999-cu il) bütün materiallarla yaxından tanış idim. Muzeyə gələn qonaqlara burada nümayiş etdirilən fotolar, stendlərdə qorunan qərarlar haqqında məlumat vermək mənim üçün həm məsuliyyət, həm də  şərəf idi. Az sonra, 01  aprel 2000-ci il tarixindən Heydər Əliyev Muzeyində direktor kimi fəaliyyətimə davam etdim.

Muzeyin tarixində ən yaddaqalan, unudulmaz məqam Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi münasibəti ilə keçirilən bayram şənliklərində iştirak etmək üçün Naxçıvana gələn Ümummilli lider Heydər Əliyevin 1999-cu il oktyabrın 13-də muzeyə gələrək ekspozisiya ilə tanış olması idi. Sevincimizin həddi-hüdudu yoxdu. Böyük həyacan içərisində idik. Muzeyin əməkdaşları vaxtından əvvəl işə gəlmişdilər. Heydər Əliyevi çoxlu sayda dövlət işçiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri müşayiət etsələr də, Ümummilli lider öz muzeyinə bir neçə şəxslə daxil oldu. Biz, tapşırığa əsasən, stendlərin yanında durmuşduq. Ulu öndər muzeyə daxil olan kimi dedi: "Siz niyə orada dayanmısınız? Buraya gəlin". Böyük bir sevinclə ona yaxınlaşdıq. Bizimlə  mehribanlıqla görüşdü. Sonra muzeyi gəzməyə başladı. Ulu öndər özü muzeydəki şəkil və qərarlar haqqında böyük bir şövqlə məlumat verirdi. Muzeyin girişindəki ailə fotosunun qarşısında dayandı: "Bu, atam Əlirza Əliyev, bu isə anam İzzət xanımdır".  Hər kəsi bir-bir adı ilə təqdim edən Ulu öndər birdən dedi: "Bu da bizim yaxın qonşumuz olub,  Xurşud xanımdır". Ümummilli lider qiymətli məlumatlarla yanaşı, bizə tövsiyələrini də verdi. O günü əbədiləşdirən çoxlu şəkillər çəkildi. O gün həyatımızın ən yaddaqalan, unudulmaz günü oldu, deyə bilərəm. Doğrudur, sonralar da qatıldığım qurultaylarda (20-22 noyabr 2001-ci il YAP II qurultayı  və 2003-cü ildə keçirilən Azərbaycan qadınlarının II qurultayı), müşavirələrdə, sessiyalarda bu böyük şəxsiyyəti görmək, çıxışlarını, tövsiyələrini dinləmək şərəfinə nail oldum. Lakin muzeydə Ulu öndərlə keçirdiyimiz 2 saatlıq görüş ömürlük hafizəmə yazıldı. O görüşün təəssüratı ilə Ümummilli liderimizə 3 şeir həsr etdim. Ulu öndərin doğma Naxçıvana hər gəlişindən qədim diyarda el məhəbbəti, el sevgisi dəniz kimi çoşurdu.  Mənim də Ümummilli liderə həsr etdiyim 3 şeir bu sevginin, bu məhəbbətin təzahürü idi. Onlardan birinə Naxçıvan MR Əməkdar incəsənət xadimi Şəmsəddin Qasımov musiqi bəstələdi. Mahnı Ümummilli liderin 80 illik yubileyində xor tərəfindən ifa olundu. Elə həmin ildə keçirilən "Heydər Əliyev siyasəti, Heydər Əliyev müdrikliyi" müsabiqəsinin qaliblərindən biri də mən oldum. Ümummilli liderin 80 illik yubileyinə həsr  olunan müsabiqədə "Ən yaxşı analitik yazılar üçün" ayrılan mükafata layiq görüldüm. Sonrakı səfərlərində (2002) Heydər Əliyev muzeydə olmasa da, onun iştirak etdiyi tədbirlərin əksəriyyətinə mən də qatılaraq, Ümummilli lideri yenidən yaxından görmək şərəfinə nail oldum.

Naxçıvan Muxtar Respublikasında görülən kompleks quruculuq işləri ilə yaxından tanış olmaq, sosial, ictimai obyektlərin açılışında iştirak etmək üçün 4 dəfə - 29 oktyabr 1996, 10 oktyabr 1999, 15 iyun və 10 avqust 2002-ci ildə Naxçıvana səfər etdi. Bu səfərlərin 3-ünün yaxından şahidi və iştirakçısıyam. Düşünürəm ki, Ulu öndərin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, Ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarət olan, zəngin fond materiallarına, orijinal sənədlərə və eksponatlara malik bir muzeydə çalışmaq hər kəsə nəsib olan səadət deyil. Dahi rəhbərin mənalı həyatının, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini, mərhələlərini işıqlandırılan muzeydə, buranın ekspozisiya zalında gəzmək (bunlar hamısı əlahəzrət vaxtın və faktın inikasıdır), ekskursiya keçmək, gələn qonaqları qarşılamaq, ulu öndərin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü əks olunan zəngin materialları dəfələrlə seyr etmək böyük xoşbəxtlikdir.  Mən bununla hər zaman fəxr edirəm.

 





07.06.2023    çap et  çap et