525.Az

Uşaq mahnılarını necə xilas edək? - Şahanə Müşfiq yazır


 

Uşaq mahnılarını necə xilas edək? - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Bir insanın sağlam fərd və yararlı şəxsiyyət kimi yetişməyində ta körpəliyindən aldığı estetik tərbiyənin rolu danılmazdır. Estetik tərbiyə dedikdə, uşaqların ədəbiyyat, təsviri incəsənət, musiqi, teatr və sair kimi bədii yaradıcılıqla tanışlığı nəzərdə tutulur.

Gənc nəslin estetik zövqünü formalaşdırmaq, onun mənəvi tərbiyəsinə nail olmaq üçün musiqinin xüsusi əhəmiyyəti var. Əsasən də körpələrin dilinə, təfəkkürünü, baxışına, maraq dairəsinə yaxın olan, onların daha tez anlayıb, daha asan qavrayacağı uşaq mahnıları onların estetik zövqünü və mənəvi tərbiyəsini formalaşdırmaqla yanaşı, maariflənməsi, yaşına uyğun bilikləri daha anlaşıqlı dildə əldə etməsi üçün bütün dövrlərdə ən mühüm vasitə hesab edilib. Mahnılar uşaqları maarifləndirməklə yanaşı, onlara sevinc bəxş edir, xəyal gücünü artırır, sosiallaşdırır, onlara saf və ülvi hisslər aşılayır.

Anaların laylasından, nənələrin nazlamalarından gilə-gilə ruhumuza süzülən, varlığımıza hopan musiqi zövqü sonradan uşaq mahnıları ilə təkmilləşir və milli kimliyimizin dərki yolunda ən mühüm pilləyə çevrilir. Mütəxəssislərin fikrincə, körpə musiqi ilə hələ ana bətnindən tanış edilməlidir. Ana gözəl musiqilər dinləyərək həm özünün gərginliyini azaldıb, ruhuna hüzur bəxş edir, həm də bətnində bəslədiyi körpənin gələcəkdəki ruhi, psixoloji sağlamlığının ilkin təməllərini atmış olur. Musiqi həm də ana-övlad bağının yaranmasına, güclənməsinə çox gözəl təsir göstərir.

Doğulandan sonra isə "balaca adam"ın anasının laylasının ardından ilk tanış olduğu musiqi uşaq mahnıları olur. Buna görə də azyaşlılara uşaq mahnılarını tanıtmaq və sevdirmək ən mühüm məsələlərdən biridir. Bəs müasir dövrümüzdə incəsənətin bu sahəsində - uşaq mahnılarında vəziyyət necədir?

Azərbaycan musiqisi uşaq mahnıları ilə hər zaman zəngin olub. Uzun illərdən bəridir bir-birindən gözəl, dəyərli, maarifləndirici uşaq mahnıları neçə-neçə nəsillərin yetişməsində müstəsna rol oynayıb. Hətta təkcə azərbaycanlı uşaqların deyil, dünyanın müxtəlif yerlərində yaşayan uşaqlar bəzi Azərbaycan uşaq mahnılarının sədası altında böyüyüb, tərbiyə alıblar.

Lakin kəmiyyətin getdikcə artıb keyfiyyətin aşağı düşdüyü müasir dövrdə kəmiyyətini də, keyfiyyətini də itirən sənət növlərindən biri məhz uşaq musiqiləridir. Nə yazıq ki, indi nə keçmiş uşaq musiqiləri xatırlanır, təbliğ olunur, nə də yeniləri yazılır. Daha doğrusu, indiki zamanda heç bir uşaq musiqisi yazılmır demək də olmaz. Bu, az-çox bu sahəni yaşadan şair və bəstəkarlarımız üçün ən azından haqsızlıq olardı. Çünki onlar məhdud vəsaitə, şəraitsizliyə və təbliğatsızlığa rəğmən, balaca dostlarımızı sevindirmək, onların tərbiyəsinə töhfələr vermək üçün əllərindən gələni edirlər.

Lakin bunlar o uşaqlara çatırmı, bu cəhdlər kifayət edirmi? Fakt budur ki, çatmır və kifayət də etmir. Hansımız son zamanlarda yazılmış uşaq mahnılarından nümunələr bilirik? Ən azından adını eşitmişik? Əminəm ki, çox azımız. Bəs bunun səbəbi nədir?

Fikrimcə, əsas səbəblərdən biri təbliğatın olmamasıdır. Gündən-günə böyük bir bataqlıq halına gəlməkdə olan televiziyalarımız sanki bir-birinin bəhsinə girər kimi, bayağılığı hər gün bir az da artıq təbliğ etmək üçün yarışırlar. Televiziya və radiolarımızda uşaqlar üçün verilişlərin, mahnıların vaxtı kəskin dərəcədə qısaldılıb, hətta yox səviyyəsinə qədər endirilib. Nə yazılan mahnılar efirlərə yol tapa bilir, nə də ölkəmizi beynəlxalq müsabiqələrdə, festivallarda uğurla təmsil edən uşaq mahnı və rəqs kollektivlərimiz verilişlərə dəvət olunurlar. İndi efirlərdə elə mahnılar səslənir, elə verilişlər yayımlanır ki, nə mənası, nə də öyrədiciliyi var. Əksinə, cəmiyyəti bayağılığa, ucuz əyləncəyə yönləndirir, düşünmək, mühakimə etmək qabiliyyətini kütləşdirir.

Təəssüf ki, uşaqlar da gənclər, böyüklər üçün hazırlanmış bu mahnıların, verilişlərin mənəvi təcavüzünə məruz qalırlar. Bu gün onlar "Kukla", "Yeni il gəldi", "Qaranquş", "Ana Vətən", "Dəcəl buzovum" və sair kimi uşaq mahnıları əvəzinə, sözü də, musiqisi də heç bir şey ifadə etməyən mahnıları əzbər bilir, mənasını dərk etmədikləri musiqilərin sədaları altında böyüməyə məhkum qalırlar.

Halbuki, vaxtilə uşaqlar üçün Oqtay Zülfüqarov, Əfsər Cavanşirov, Səid Rüstəmov, Zabitə Məmmədova, Hökümə Nəcəfova, Ağabacı Rzayeva, Soltan Hacıbəyov, Oqtay Rəcəbov, Qəmbər Hüseynli, Fikrət Əmirov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Ramiz Mirişli, Aygün Səmədzadə, Məryəm Əlibəyli, Elnarə Dadaşova və sair kimi peşəkar bəstəkarlarımız bir-birindən gözəl, maraqlı, öyrədici neçə-neçə nəsillər tərəfindən böyük sevgi ilə oxunan, təkcə ölkəmizdə deyil, bütün dünyada tanınıb sevilən əsərlər yaradıb, bu günümüzə və gələcəyimizə miras qoyublar. Nə yazıq ki, onların bu mirasları gün keçdikcə unudulur, zəif təbliğat nəticəsində indiki uşaqlara gəlib çata bilmir.

Yeri gəlmişkən, qeyd edək ki, ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsası Asəf  Zeynallının "Uşaq süitası" əsəri ilə qoyulub. Ondan sonra neçə-neçə peşəkar bəstəkarlarımız yaradıcılıqları boyu uşaq mahnılarına müraciət edib, uşaq musiqimizin zənginləşməsinə xidmət ediblər.

Şübhəsiz, Azərbaycan uşaq mahnılarından danışanda ilk yada düşənlərdən biri "Cücələrim"dir. Nə qədər bu sahədə təbliğatın zəif olduğunu desək də, musiqisi Qənbər Hüseynliyə, sözləri Tofiq Mütəllibova məxsus, dünyanın 100-dən çox xalqının dilinə tərcümə edilən, hətta "Dünyanın ən yaxşı uşaq mahnıları" albomunda yer alan "Cücələrim", 75 ildir ki, oxunur və uşaqlar tərəfindən eyni məhəbbətlə qarşılanır.

Kuklaya əlifbanı öyrədən o qızcığazı hansımız tanımır ki?! Sözləri Cahangir Məmmədova, musiqisi isə Ağabacı Rzayevaya məxsus "Kukla" mahnısını bilməyən azərbaycanlı körpə qızcığaz varmı, görəsən?

Azərbaycanın ilk qadın bəstəkarı A.Rzayevanı xatırlamışkən, qeyd edək ki, yaradıcılığındakı mahnıların 60-dan çoxu uşaqlara həsr olunan bəstəkarın "Xoş gəlmisən, təzə il", "Qaranquş", "Dəcəl buzovum", "Sürücü", "Mənim ağ göyərçinim", "Kiçik kapitan", "Mən qərənfiləm" və digər mahnıları uzun illər sevilərək oxunub.

Bütün ömrünü uşaqlar üçün mahnılara həsr edən ölməz bəstəkar O.Zülfüqarovun "İdman", "Can nənə", "Ala-bula boz keçi", "Ad günü", "Gözəl bahar", "Məktəbə yazdırsana", "Səməni", "Sərçə", "Xoruz", "Vətənim", "Yolka", "Əziz ana, can ana" və sair kimi mahnıları bu gün təbliğ olunarsa, uşaqlarımız üçün ən böyük yaxşılığı etmiş olmarıqmı?

O cümlədən, "Sağıcıdır mənim nənəm", "Bənövşə", "Yeni il gəldi", "Çəpişim", "Uşaqların bayramı", "Nar yeyən uzunqulaq", "Gözəl Vətən", "Oynaq topum", "Günəş olaram mən də" və sair yuxarıda adlarını çəkdiyimiz bəstəkarlarımızın mahnıları təəssüf ki, bu gün unudulmaqdadır.

Əlbəttə, təbliğat deyəndə, məsələni təkcə radio və televiziyalarla məhdudlaşdırmaq doğru olmazdı. Xüsusən, indi sosial medianın həyatımızın hər sahəsinə birbaşa təsir etdiyi zamanda, fikrimcə, bu sahədə onun da imkanlarından geniş şəkildə istifadə etmək faydalı olardı. Məsələn, "Youtube" platformasında qardaş Türkiyənin uşaqlar üçün yazılmış onlarla, yüzlərlə maarifləndirici, şən, maraqlı uşaq mahnıları və onlara çəkilmiş animasiyalı kliplər var. Onlar bu cizgi kliplər sayəsində uşağa həm eşitdirərək, həm də göstərərək öyrədirlər. Bu rəngarəng kliplər təbii ki, dünyanı hələ yeni-yeni görməyə, tanımağa başlayan azyaşlıların marağına səbəb olacaq, onun həyatının bir parçasına çevriləcək.

Ancaq təəssüf ki, sözügedən platformada anadilli mahnılarımız və onlara çəkilmiş cizgi kliplər bir əlin barmaqlarını keçməyəcək qədər azdır. Olanlar isə keyfiyyətsiz...

Bir sözlə, ölkəmizdə uşaq ədəbiyyatı kimi uşaq mahnılarında da vəziyyət heç də ürəkaçan deyil. Əgər sağlam gələcək, mədəni gənclik istəyiriksə, aidiyyatı qurumlar və mütəxəssislər bir az da bu haqda düşünsələr, çox yaxşı olardı. Yoxsa ki, yeni nəslin, gəncliyin bizə xoş olmayan davranışlarından gileylənməyə nə var?!

 





07.06.2023    çap et  çap et