525.Az

Türkiyə sağlamlıq turizmində də liderlərdən olmaq istəyir (Fotolar)


 

ANTALYA ŞƏHƏRİNDƏ SAĞLAMLIQ VƏ İDMAN TURİZMLƏRİ MÖVZUSUNDA SƏRGİ KEÇİRİLİR

Türkiyə sağlamlıq turizmində də liderlərdən olmaq istəyir<b style="color:red"> (Fotolar)</b>

Türkiyənin “Anfaş” şirkətinin təşkilatçılığı ilə  Antalya şəhərində sağlıq və idman turizmləri mövzusunda beynəlxalq sərgi keçirilir.

525.az-ın məlumatına görə, tədbirə Azərbaycandan «Millennium turizm» şirkəti qatılıb. Həmçinin Antalya şəhərində yerləşən, azərbaycanlı iş adamı Telman İsmayılovun sahibi olduğu «Mardan palace» də sərgidə təmsil olunub.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyinin və «Anfaş» şirkətinin dəstəyilə «525-ci qəzet»in xüsusi müxbiri tədbiri işıqlandırmaq üçün Antalyaya ezam olunub.

Sərginin açılışında «Anfaş»ın İdarə Heyətinin sədri Mustafa Çalık çıxış edərək tədbirin əhəmiyyəti barədə danışıb. O qeyd edib ki, buna qədər sağlamlıq turizmi ilə bağlı üç dəfə sərgi keçirilib, bu dəfə isə ilk dəfə olaraq idman turizmi ilə bağlı da bənzər sərgi baş tutur. Bildirib ki, idman turizminin tədbirə cəlb  olunması xarici ölkələrdən klub və federasiyaların Antalyada daha çox hazırlıq prosesi keçməsinə yönəlib.

“Biz elə etməliyik ki, yay mövsümündən sonra Türkiyəyə gələn turistlərin sayı daha da artsın. Bunun üçün sağlamlıq və idman turizminin inkişaf etdirilməsi çox əhəmiyyətlidir» - deyə M.Çalık qeyd edib.

Onun sözlərinə görə, «Anfaş»ın məqsədi Türkiyədə turizmi daha da inkişaf etdirməkdir: «Xaricdən Türkiyənin sağlamlıq və idman turizminə yeni müştərilərin cəlb olunması bizim ən böyük hədəfimizdir».

M.Çalık bildirib ki, bu sərgidə dünyanın 25 ölkəsinin tibbi klinikaları, xəstəxanaları, turizm və sığorta  agentlikləri, idman federasiyaları və s. iştirak edir. Ümumilikdə sərgi çərçivəsində keçirilən müzakirələrə 140 firmanın 2000-dən çox nümayəndəsi qatılıb.

Antalya Ticarət və Sənaye Odası başqan yardımçısı çıxışında bu tədbirin Antalya üçün önəmindən danışıb: “Qış aylarında Antalyada iqlimin əlverişli olması sağlamlıq və idman turizmi üçün əvəzolunmaz bir nemətdir. Biz bunları təbliğ etmək üçün xarici ölkələrdə ziyarətlərdə olub görüşlər keçirdik. Sonra bir plotforma qurduq. Orada otellər, sağlamlıq mərkəzləri təmsil olunub. Biz birlikdə Antalyanın sağlıq turizminin inkişafı ilə bağlı yol xəritəsi hazırlamışıq”.

Türkiyə Səhiyyə Nazirliyini nümayəndəsi Aydın Dursun çıxışında qeyd edib ki, son on ildə Türkiyənin tibb sahəsi dünya ölkələrini yaxşı mənada heyrətə salıb:

“Əvvəllər bizim insanlar şəfa tapmaq üçün Almaniya və İngiltərəyə gedərdilər. Amma səhiyyəmizdə dönüş oldu, indi əksinədir. Qərb ölkələrinin vətəndaşları da daxil olmaqla, hər il yüzminlərlə insan Türkiyəyə gələrək həkimlərə müraciət edir. Təbii ki, əgər bir ölkədə tibb yüksək səviyyədədirsə, əcnəbilər ora gedəcəklər. Turizmin inkişafında səhiyyənin yüksək səviyyədə olması əsas şərtlərdəndir”.

O, Türkiyədə sağlamlıq turizminin inkişafı ilə bağlı görülən işlər barədə də ətraflı məlumat verib:

“Antalyanın iqlim şəraiti sağlamlıq turizmi üçün əlverişlidir. Biz xarici sərmayəçiləri Türkiyəyə dəvət edirik. Biz sağlamlıq turizmində dünyada lider ölkə olmaq istəyirik. Bu, Türkiyənin iqtisadiyyatının daha da güclənməsinə kömək edər. Eyni zamanda sağlamlıq turizminin inkişafı o deməkdir ki, Antalyada bütün otellər 12 ay ərzində daim çoxlu müştəri qəbul edə biləcək”.

Tədbirdə çıxış edən Antalya Böyük Şəhər Bələdiyyəsi başqanı Mustafa Akaydın Antalyada qış turizminin inkişafı üçün çalışdıqlarını söyləyib. Onun sözlərinə görə, hazırda sağlamlıq turizmindən Türkiyənin gəliri bir milyard dollar təşkil edir: “Sağlamlıq turizmində İstanbul birinci, Antalya ikinci yerdədir. Antalyanın iqlimi, yüksək səviyyəli otelləri imkan verir ki, biz burada sağlamlıq turizmini inkişaf etdirək”.

Antalya valisi Əhməd Altıparmak çıxışında Antalyanı sağlamlıq və idman turizmi üçün
dünyada bənzəri olmayan bölgə adlandırıb:

“Bu Türkiyə dövləti ilə turizm şirkətlərinin fəal çalışmaları, dəstəyi sayəsində mümkün olub. Turizmin inkişafı nəticəsində Antalyada onlarla Avropa və dünya çempionatı keçirilib. Hazırda bizdə 14 stadion, 150 futbol sahəsi, 200 tennis kortu, 49 xəstəxana var. Biz dünya ictimaiyyətinə «sağlamlıq və turizm bazarında biz də varıq» demək istəyirik.

Aydın BAĞIROV, Antalya

 





03.11.2012    çap et  çap et