525.Az

Qlobal iqtisadi böhran və ərəb dünyasında çaxnaşma


 

Qlobal iqtisadi böhran və ərəb dünyasında çaxnaşma <b style="color:red"></b> iqtisad elmləri üzrə fəlsəfə doktoru 

İqtisadi böhranların siyasi fəsadları  Böhran tarixi inkişaf prosesinin bir mərhələsidir. İstər sivilizasiya müstəvisində, istər iqtisadi sahədə inkişaf-yüksəliş-pik-durğunluq-böhran və yenidən inkişaf siklləri bəşəriyyətin zəruri həyat yoludur. İqtisadi sahədə hər bir böhran müəyyən mərhələdə inkişafın yekunu və yeni dövr inkişafın başlanğıcıdır. Geosiyasi mühitdə isə böhran yeni siyasi mənzərənin formalaşmasının əsasında dayanır. 

Tarixə nəzər saldıqda iqtisadi böhranların siyasi müstəvidə mühüm dəyişikliklərə, bəzən isə hətta faciələrə səbəb olduğunu müşahidə edirik. Müasir dünyamızda əsas siyasi qüvvə olan Qərb sivilizasiyasının tarixində bu arqumenti əsaslandıran bir çox tarixi hadisələri sadalamaq olar. Səlib yürüşləri, böyük coğrafi kəşflər, II dünya müharibəsi və dünyanın taleyini dəyişəcək digər hadisələrə bu aspektdən yanaşdıqda maraqlı mənzərənin şahidi oluruq.

Misal üçün bəşəriyyət tarixinin sivilizasiyaların toqquşmasında ən kulminasiya mərhələlərindən hesab olan səlib yürüşləri hər nə qədər dini faktor üzərində qurulsa da, iqtisadi amillərin də bu hadisədə mühüm rol oynadığı danılmazdır. Tarixi faktlar göstərir ki, səlib müharibəsinin səbəbləri XI əsrin sonlarında Avropada baş verən quraqlıq, aclıq və nəticədə çoxsaylı işsizlərin yaranması, kasıblamış feodalların varlanmaq hərisliyi, torpaqsız cəngavərlərin sayının artması, ruhanilərin yeni torpaqlar ələ keçirmək istəyi idi. Sadəcə hərəkatın başlaması üçün ona dini don geyindirilmişdi. Yəni, həmin dövrdə Avropanın qarşılaşdığı iqtisadi durğunluq səlib yürüşlərinə təkan verdi. Nəticədə “Köhnə qitə” izafi insan resurslarından azad olundu, işsizlərin azalması daxili bazarda tələb-təklif harmoniyasının yaranmasına təkan verdi, hərbi qənimət kimi maddi resurslar Avropaya daşındı. Bütün bunlar Avropanın iqtisadi böhrandan çıxmasına şərait yaratdı. Öz növbəsində bu yürüşlər dünyanın gələcək siyasi mənzərəsinə də təsir etdi. Qərb dövlətləri yeni ticarət yolları axtarırdılar və bu, qurudan mümkün olmadığı üçün, sonralar dəniz yollarının kəşfi üçün əsas yaratdı. 

Ən güclü iqtisadi böhran olan 1930-cu illərdə baş vermiş “Böyük depressiya”nın II dünya müharibəsinə gətirib çıxardığını da iddia etmək olar. 1929-cu ildə ABŞ-da başlayan böyük böhran zamanı işsizlik maksimum həddə çatmışdı, istehsal aşağı düşmüş, bir çox müəssisələr müflisləşmişdi. Həmin dövr dünya iqtisadiyyatında durğunluğun başlıca səbəblərindən biri Qərbin inkişaf etmiş ölkələrinin əvvəlki dünya müharibəsi zamanı böyük istehsal gücünə malik hərbi sənayesinin zəifləməsi idi. Böyük depressiyadan isə dünya iqtisadiyyatı məhz aparıcı ölkələrin hərbi xərclərini və istehsalı artırması ilə qurtara bildi. Nəticədə hərbi qüdrət yeni qüvvələr nisbəti və yeni siyasi mənzərənin formalaşması uğrunda müharibə ilə yekunlaşdı.  Yəni, Qərb yenə də iqtisadi böhrandan xilas yolu kimi ekspansiya siyasətinə üstünlük verdi. Sadəcə əsas hədəflər digər böyük dövlətlər olduğu üçün bu siyasət qarşı duran tərəflərin müharibəsinə və son nəticədə qlobal müstəvidə yeni siyasi konfiqurasiyaya gətirib çıxardı.         

Hazırki qlobal maliyyə iqtisadi böhranın şahmat taxtasında dəyişiklikləri     

Beləliklə, iqtisadi böhran və tərəddüdlərin yeni dünya nizamının formalaşmasına yol açması şübhəsizdir. Bu mənada 2008-ci ildən başlayan qlobal iqtisadi böhran da həmin trendlərin davamıdır. Bir çox mütəxəssislərin fikrincə, Qərbin sürətli və mövcud potensialından artıq inkişaf templəri real iqtisadiyyata söykənmir. Ona görə də “sabun köpüyünün” nə vaxtsa partlayacağı qaçılmaz idi. Məlum olduğu kimi, 2007-ci ildən başlayaraq dünyada yanacaq-enerji daşıyıcılarının və ərzaq məhsullarının qiymətinin sürətli artımı aşağı gəlirli ipoteka borclularını çətin vəziyyətə saldı və onların ödəmə qabiliyyətinin olmadığı üzə çıxdı. Kredit verən banklar, kreditlərin geri qaytarılmasını gözləmədən, təminat daxilindəki tikintilərin qiymətini qarşılıq göstərərək bazara istiqraz vərəqəsi ixrac etdilər və yeni kreditlər verdilər. Satın alınan bu istiqraz vərəqələri isə təsərrüfat yiyələrinə fond olaraq yenidən satıldı. 

Bununla da, ilkin olaraq ipoteka-kredit-tikinti-qiymətli kağızlar bazarı istiqamətində dərinləşən böhran tələbatın və müvafiq olaraq istehsalın azalmasına, işsizliyin artmasına, sosial-iqtisadi problemlərin siyasi xarakter almasına səbəb oldu.  Bir çox Qərb mütəxəssislərinin fikrincə, inkişaf etməkdə olan ölkələrdə xammal qiymətlərinin artması fonunda istehsalın azalması və bu tendensiyanın inkişaf etmiş ölkələrin kreditləşmə mexanizmində nəzərə alınmaması böhrana gətirib çıxardı.
 
Başqa sözlə desək kredit götürənlər onu real olaraq vermək imkanlarını itirdikləri üçün bazarda zəncirvarı xəyali vəsait yaranmışdı. Bu xəyali vəsaitin dövriyyəsinin bir neçə il ərzində davam etməsi sistemin çökməsinə səbəb oldu. Yəni, böhranda başlıca seqment olaraq xammal və ərzaq qiymətlərinin artmasını əsas görürlər. Hətta Tunis və Misirdə inqilabları ərzaq böhranı ilə əlaqələndirməyə çalışırlar. Lakin biz böhran halqaları arasında başlıca seqment olaraq tələbat faktoruna üstünlük veririk. Məlum olduğu kimi, Qərb ölkələrində sosial, təhsil, səhiyyə, nəqliyyat və sairə kimi fundamental xərclər ildən-ilə artır. Eyni zamanda əhalinin demoqrafik strukturunda baş verən qocalma prosesi dövlətlər üçün əlavə vəsaitlər tələb edir. Qərb dövlətlərinin həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı rəqabəti ölkə daxilində yüksək təbəqələşməyə səbəb olur. Qərbin dünyada siyasi ambisiyaları isə xaricdə donor, investor, kreditor və bu kimi digər missiyaların yerinə yetirilməsini tələb edir.

Bütün bunlar isə əlavə daxilolmaları şərtləndirir. Son 100 illik tarixə baxsaq, Qərb bu ehtiyacını hər zaman yeni-yeni bazarlar əldə etməklə ödəyib.  III  minillikdə proseslərin mahiyyətində baş verən dəyişikliklər geosiyasi gedişlərin də dəyişdirilməsinə səbəb olmuşdur. Keçən əsrdə əvvəlcə müstəmləkə sistemi, sonra yeri yaranmış müstəqil dövlətlər və onların texnoloji cəhətdən asılılığı, sosialist bloku ölkələrinin transformasiya mərhələsində olması Qərbə böyük üstünlüklər və geniş bazarlar açmışdı. Hazırda isə müstəmləkə sistemi artıq tarixin yaddaşına köçmüş, Çin başda olmaqla Asiyanın bir çox ölkələri texnoloji cəhətdən inkişaf edərək bir çox bazarlarda, o cümlədən Qərbin öz bazarlarında əsas iştirakçıdırlar. Digər tərəfdən Avropada resessiyanın davam etməsini daxili tələbatın aşağı düşməsi, şirkətlərin iqtisadiyyata əvvəlki kimi sərmayə qoymaması, bankların kreditləri ixtisara salması, avrozonada dövlət borcunun və büdcə kəsirinin borcalma faizlərini artırması, devalvasiya imkanının olmaması ilə əlaqələndirirlər. 

Qərbin böhrandan çıxış strategiyası

Bütün bu nüansları nəzərə alaraq Qərb ölkələrinin mövcud sistemdə üstün mövqelərini qorumaq və daha da gücləndirmək üçün səylərini artırması labüd görünür. Avroatlantik məkanı bürüyən böhranın dərinləşməsi və qlobal üfüqdə yeni güc mərkəzlərinin parlaması Qərbi böhrandan çıxış yolu kimi yeni strategiya müəyyənləşdirməsinə yönləndirmişdir: yeni xammal və ticarət bazarlarının tapılması iqtisadi böhran üçün çarə ola bilər.  Görünən odur ki, bütün tarixi dövrlərdə Qərb ölkələri dünyada gedən siyasi, iqtisadi, hətta bəzən ekoloji proseslərin kataklizm mərhələlərində hər zaman öz inkişaf istiqamətlərinin oriyentirlərini dəyişmiş və buna uyğun yeni dünya nizamı formalaşmışdır.  İnkişaf etmiş ölkələrin tələbatının səviyyəsi artıq yalnız yeni xammal bazarlarının tapılması hesabına ödənilə bilməzdi. Buna görə kardinal dəyişikliklər tələb olunurdu. Qərb dairələri tərəfindən irəli sürülən “Böyük Orta Şərq” planı da bu missiyaya xidmət edir. Bu planın əsas hədəfləri ərəb ölkələridir. Maraqlıdır ki, XX əsrdə müstəqillik qazandıqdan sonra ərəb ölkələri Qərblə fəal əməkdaşlıq etmişdir. Qlobal iqtisadiyyat neft erasına daxil olduqdan sonra bu region Qərbin əsas xammal mənbəyi olmuşdur. Əvəzində həmin dövrdə ərəb ölkələrində idarəetmənin Qərb meyarlarına uyğun gəlməməsi, hakimiyyətin hərbi avtokratiyanın əlində cəmlənməsi heç kəsi narahat etmirdi. Əsas olan karbohidrogen ehtiyatlarının davamlı və etibarlı təminatı olmuşdur. Hətta Qərb indi diktatura adlandırdığı bir çox ərəb ölkələrinə uzun illər boyu siyasi, iqtisadi, hərbi, maddi resurslar daxil olmaqla bütün növ yardım göstərmişdir. Təsadüfi deyil ki, ABŞ hələ də dünyada İsraildən sonra ən çox Misirə vəsait ayırır.   Güman etmək olar ki, hazırkı qlobal iqtisadi böhrandan tək xammal hesabına çıxmaq mümkün olmadığı üçün alternativ yollar axtarılır. Bu yenilik isə hərbi sənayenin sifarişlərinin artırılması, dağıdılmış infrastrukturun bərpası üçün şirkətlərə birbaşa yeni iş, ölkənin yenidənqurulması üçün təhsil, səhiyyə, ordu da daxil olmaqla bütün sahələrdə konsaltinqdən tutmuş maddi-texniki bazaya qədər Qərb texnologiya və xidmətləri üçün sifarişlər və yeni bazarlardan rəqiblərin uzaqlaşdırılmasını nəzərdə tutur. Faktlar sübut edir ki, “azadlıq və demokratikləşmə” dövründə iqtisadiyyatı iflic vəziyyətinə düşən bu dövlətlər infrastrukturun bərpası üçün tenderləri Qərb şirkətlərinə verirlər, yeni sistemdə bütün sahələrdə Qərb təcrübəsi və müvafiq xidmətlər təklif olunur. Yeni ordu da Qərb silahları ilə təchiz olunur.  Ərəb dünyasında çaxnaşmanın yaranması bu regionda digər güc mərkəzlərinin sıxışdırılması da deməkdir. Müşahidələr göstərir ki, indi hədəfdə olan ölkələrdən yalnız Cənubi Sudan Respublikasında Qərblə bərabər Çin də fəallıq göstərir. Bunun da özünəməxsus səbəbləri vardır. Əsas səbəb isə odur ki, zəngin neft ehtiyatlarına malik bu ölkənin neftin daşınması üçün lazımi infrastrukturu yoxdur. Bütün boru kəmərləri Sudandan keçir. Yeni infrastrukturun yaradılması isə böyük maliyyə vəsaiti tələb edir. Qərbin hazırki böhran zamanı buna imkanı çatmadığından Çin investisiyalarının qoyuluşu neftin bazarlara çatdırılması baxımından bütün tərəflərə sərf edir.  Qeyd etməliyik ki, Qərbin iqtisadi böhrandan qurtarma planına bu cür yanaşmaya qarşı Çin də öz siyasi istiqamətini ortaya qoyur. Belə ki, regionda hazırki vəziyyətdə heç bir xüsusi mövqe tuta bilməyəcəyini nəzərə alaraq, Çin daha çox Qərb ölkələrini daxili iqtisadiyyatına nüfuz etməyə çalışır. Belə ki, Çin ABŞ qiymətli kağızlar bazarında ən çox sərmayə yerləşdirən ölkədir. Milli valyutası olan yuanın məzənnəsini isə məqsədli şəkildə aşağı salmaqla xarici investorları cəlb edir. Təsadüfi deyil ki, ABŞ-da prezident seçkiləri debatlarında Romni və Obamanın iqtisadi proqramlarında Çinə qarşı ticarət strategiyası əsas müzakirə mövzusudur. Qızıl-valyuta ehtiyatlarına görə dünyada lider olan Çin bu üstünlüyündən Avropa İttifaqı ölkələrinə də qarşı istifadə edir. Beləliklə, Qərbin Yaxın Şərq planlarında Çinə yer verməməsinə Çin ABŞ və Avropanın daxili bazarlarına nüfuz etməklə qarşılıq verir. Bütün hallarda qlobal iqtisadi böhran Qərb-Çin qarşıdurmasını kəskinləşdirdi və ABŞ-da prezident seçkilərindən sonra bu meylin yeni xarakter alacağını güman etmək olar.

Böhrandan qurtarmanın gözlənilməz tərəfləri     

Bir məqamı da xüsusi qeyd etmək istərdik ki, iqtisadi böhrandan qurtuluş planlarında bir sıra nüansların nəzərə almamağı Qərbin bəzi gözlənilməzliklərlə üz-üzə qoyur.

Belə ki, Avropa İttifaqının Şərqə doğru genişlənməsinin davam etdiyi bir dövrdə ərəb oyanışının başlaması müəyyən çətinliklər yaratmışdır. Çünki yeni üzvlər daxil olduqdan sonra vahid bazar kimi hələ tam formalaşmamış məkanda ölkələr arasında inkişaf səviyyəsindəki fərqləri aradan qaldırmaq üçün mərkəzin maliyyə resurslarının kifayət etməməsi böyük problemlər yaradır. Keçmiş sosialist ölkələrinin öz daxili bazarlarını Qərbin güclü şirkətlərinə tam açması bu dövlətlərin iqtisadiyyatına ciddi zərbədir. Öz növbəsində Avropa İnvestisiya Bankının və digər maliyyə institutlarının kredit və tranşları Almaniya başda olmaqla böyük dördlüyün əlindədir. Nəzərə alsaq ki, ərəb dünyasındakı yeni sifarişlər də kiçik Avropa dövlətləri üçün heç nə vəd etmir Avropanın gələcəyi üçün təhlükə yaranır.
 
Artıq Baltikyanı dövlətlərdə, Rumıniya, Macarıstan, hətta Portuqaliya, İspaniya kimi ölkələrdə vahid bazarla bağlı mövqe dəyişmişdir. Ən çox əziyyət çəkən isə heç şübhəsiz Yunanıstandır. Beynəlxalq reytinq agentlikləri bu ölkənin reytinqini sürətlə endirirlər. Yunanıstanın dövlət borcu 350 milyard avroya çatıb və ölkə bu borcları ödəmək iqtidarında deyil. Hər gün işsizlərin sayı artır, digər tərəfdən isə miqrantlar böyük problemlər yaradırlar. Analitiklər bildirirlər ki, Yunanıstan şoku həm Avrozonanı, həm də ətrafını ciddi mənfi təsirlərə məruz qoya bilər. Bu ölkədə baş verənlər ümumilikdə dünya maliyyə sistemi üçün ciddi təhlükə yaradır. Görünən odur ki, Qərbin böhrandan çıxış yolu tədbirləri Avropanın özünün siyasi konfiqurasiyasında belə gözlənilməzliklər vəd edir.  Beləliklə, qlobal iqtisadi böhranın ilk siyasi fəsadları ərəb dünyasında müşahidə edilməkdədir. Qərb böhran zamanı hər zaman öz nicatını xaricdə axtarır.

Tarix sübut etmişdir ki, süni müdaxilələr kataklizmlərə səbəb olur. Böhranın davam etməkdə olduğunu nəzərə alsaq, hətta kənardan bu proseslərə müdaxilə edənlərin özləri belə bumeranq təsirindən sığortalanmayıb.     

www.newtimes.az
 





07.11.2012    çap et  çap et