525.Az

Borel yalan danışmaqda erməniləri də geridə qoydu


 

ERMƏNİLƏR QARABAĞI 100 MİN NƏFƏRİN TƏRK ETDİYİNİ DEDİYİ HALDA, AVROPA İTTİFAQININ KOMİSSARI BU RƏQƏMİN 150 MİN OLDUĞUNU SÖYLƏYİR

Borel yalan danışmaqda erməniləri də geridə qoydu<b style="color:red"></b>

Azərbaycanın Qarabağ münaqişəsinə son qoyması, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi bəzi beynəlxalq oyunçuların narahatlığına səbəb olub. Təəccüblüdür ki, həmin güclər ötən illər ərzində münaqişənin həlli, bölgədə sülh və sabitliyin olması, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmələri barədə bəyanatlar veriblər. İstər Avropa İttifaqı, istər ABŞ, Almaniya və digərləri olsun. Amma ötən müddət ərzində şahid olduğumuz həm də o idi ki, bu qüvvələrin sözləri ilə əməlləri üst-üstə düşmür. Onlar Ermənistana nəinki işğala son qoymaq üçün təzyiq edirlər, heç çağırış belə etmirdilər. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsi üçün hər hansı addım atmadılar. Əvəzində, işğalçı ilə işğala məruz qalanı tərəzinin eyni gözünə qoyub, ümumi çağırışlar edirdilər. Eyni zamanda, Qarabağdakı separatçı rejimə maliyyə yaradımları ayırır, onların ABŞ-da, bir sıra Avropa ölkələrində "nümayəndəliyini" açır, qondarma rejimin təmsilçiləri Avropaya, ABŞ-a dəvət olunur, "parlament dostluq qrupları" yaradır və separatçılara maliyyə yardımları edirdilər. Əlbəttə ki, bütün bu sadalananlar ABŞ-ın, Qərbin riyakarlığının göstəricisi idi. Onların bir məqsədi də münaqişəni dondurmaq idi. Məhz bu məqsədlə "dondurulmuş münaqişə" ifadəsini formalaşdırmağa çalışırdılar. Amma rəsmi Bakı buna imkan vermədi və öz sərt etirazını bildirirdi. Həmin güclərin məqsədi bəlli idi, reallıq da bu idi ki, münaqişə hər an alovlana bilərdi. Necə ki, ermənilər atəşkəs razılaşması olmasına baxmayaraq, mütəmadi olaraq hərbi təxribatlar törədirdilər. Münaqişənin uzanması Ermənistanın təxribatlarının daha da geniş miqyas almasına gətirib çıxarırdı. Rəsmi Bakı 30 ilə yaxın aparılan sülh danışıqlarında iştirak etdi. Amma bu danışıqlar sadəcə vaxtı uzadırdı, ermənilərə əlavə zaman qazandırırdı. Nəhayət, Azərbaycan dövləti münaqişəni özü heç bir kənar dəstək olmadan həll etdi. Bununla da Cənubi Qafqazda sabitlik, əmin-amanlıq, yeni əməkdaşlıq fürsətləri yarandı. Təəssüf ki, bəzi güclər hazırkı vəziyyəti həzm edə bilmirlər. Onlar, xüsusilə 19-20 sentyabrda Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra ölkəmizə qarşı qərəzli mövqe sərgiləməyə başlayıblar. Belə çıxır ki, həmin ABŞ, Qərb, o cümlədən, Avropa İttifaqı separatizmi dəstəkləyir. Baxmayaraq ki, öz ərazilərində buna heç bir halda yol vermirlər. Deməli, burda həm də ikilistandartlı yanaşma özünü göstərir ki, illərdir ölkəmiz həm də bundan əziyyət çəkir.

Məlumdur ki, Bakı Qarabağın erməni sakinlərinə dəfələrlə müraciət edərək bölgəni tərk etməmələrini, azərbaycanlılarla birgəyaşayışa çağırıb. Eyni zamanda bəyan edib ki, onların Azərbaycan vətəndaşı olaraq bütün hüquqları təmin edilib, qorunacaq. Lakin onları məcburi şəkildə saxlamaq da mümkün deyildir. Həmçinin, antiterror tədbirləri zamanı Bakı mülki əhalinin ziyan çəkməməsi üçün önləyici addımlar atdı. Bu qüvvələrin "etnik təmizləmə" haqqında nağılları iflasa uğrasa da, öz qərəzlərindən, şər-böhtanlarından əl çəkmək niyyətində deyillər. Təəssüf ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel də bu qaralama kampaniyasına öncüllük edir. Ermənilərin 30 il ərazində torpaqlarımızda törətdikləri olmazın vəhşiliklərə, ərazilərimizi darmadağın etmələrinə göz yuman həmin Borelin səsləndirdiyi bəyanatlar onun artıq onun bir siyasətçi kimi qərəzli olduğunu göstərir. 

Aİ rəsmisi antiterror tədbirləri zamanı Azərbaycan əleyhinə fikirlər səsləndirdi, amma Ermənistanın qanunsuz silahlı birləşmələri tərəfindən bir sıra irimiqyaslı hərbi təxribatlara, bir gündə erməni qüvvələrinin təxribatçı hərəkətləri nəticəsində baş verən mina partlayışında iki dinc sakin və dörd hərbçi həlak olmasına səbəb olan terror aktlarına, minaatan hücumları nəticəsində iki hərbçimiz yaralanmasına göz yumdu. Ermənilərin basdırdıqları minalardan demək olar ki, hər gün dinc vətəndaşlarımız zərər çəkir, həyatlarını itirir. Amma Borel buna da səssiz qalır. O, bir neçə gün əvvəl yenidən yalan və qərəzli fikirlər səsləndirib. Borel bəyan edib ki, Qarabağı guya 150 min erməni tərk edib. Bu, şişirdilmiş rəqəmi səsləndirməkdə Borelin məqsədi nədir? Ali nümayəndə heç bir fakta əsaslanmadan danışdığım bu yalanı özünə necə rəva bilir? Görünür, Borel də artıq ermənilərin əlində alətə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı bu məsələyə toxunub: "Cənab Borrelin son bəyanatları çox qeyri-səmərəsizdir. Dünən o, bir bəyanat verib ki, Qarabağı 150 min erməni tərk edibdir. Bu, tamamilə yanlış bəyanatdır. Mən təəssüf edirəm ki, bu cür təcrübəli avropalı diplomat yalan danışır. Hətta ermənilərin özləri etiraf edirlər ki, 100 min insan Qarabağı tərk edib, 150 min deyil. Yəni cənab Borrel bu cür davam etsə, bir aydan sonra 200 min adam deyəcək? Ola bilər ki, müəyyən yuxular görür cənab Borrel.

Bu, tamamilə qəbuledilməzdir. Təkcə bu, rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır. Bizim etmədiyimizlə bağlı bir növ ittihamdır. Çox təəccüblüdür ki, bizim Xarici İşlər Nazirliyi bununla bağlı bəyan etdi: onun öz ölkəsi separatçılıqdan əziyyət çəkirdi. Yəni bu cür, belə bir şəxs necə separatçıları müdafiə edər? Bu, çox təəccüb doğurur".

Yada salaq ki, Borel əslən kataloniyalıdır.

Qeyd edək ki, Azərbaycan XİN-in Borel tərəfindən səslənmiş fikirlər ilə bağlı açıqlamasında vurğulanıb ki, uzun müddət təmsil etdiyi ölkənin separatçılığın qurbanı olduğunu diqqətə alaraq, Cozep Borelin separatçı meylləri dəstəkləyən bu kimi bəyanatları təəccüb doğurur: "Beynəlxalq təşkilatların qiymətləndirmələrinin əksinə, bölgədən Ermənistana və digər ölkələrə miqrasiya etmiş erməni sakinlərin güclə qovulduğunun iddia olunması və onların sayının qəsdən şişirdilməsi yanlış olmaqla yanaşı, təhlükəli tendensiyadan xəbər verir. Bu, həmçinin Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində öz evlərindən didərgin düşmüş və haqqları müdafiə olunmamış yüzminlərlə azərbaycanlının hüquqlarına hörmətsizlikdir".

Xatırladılıb ki, ərazidən gedən ermənilərin 15 000 nəfəri Ermənistan ordusunun heyəti idi. Bununla yanaşı, Ermənistan tərəfi ərazidən getmiş ermənilərin sayının 100 min nəfər qeyd edildiyi halda, Borelin 150 min nəfərdən bəhs etməsi ciddi anlaşılmazlıq yaradır. O, bu kimi yanlış bəyanatları eyni zamanda, Aİ-nin vasitəçilik səylərinə və Aİ Şurasının Prezidenti Şarl Mişelin bu istiqamətdə missiyasına xələl gətirir.

Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə həll edib. Bu, Azərbaycanın suveren hüququ idi ki, öz ərazisinə tam şəkildə nəzarəti həyata keçirsin. Ölkəmizə qarşı qərəzli mövqe tutan qüvvələr hər hansı dəlil-sübut tapmadıqda, sadəcə şər-böhtana üstünlük verir, qaralama kampaniyası aparırlar. Lakin Bakının onların hər birinə tutarlı, əsaslandırılmış və həmin gücləri fakt qarşısında qoyan cavabları var. Onlar bu cavabları da alırlar.

 

 





07.12.2023    çap et  çap et