525.Az

Azərbaycanda növbədənkənar prezident seçkilərini zəruri edən səbəblər...


 

Azərbaycanda növbədənkənar prezident seçkilərini zəruri edən səbəblər... <b style="color:red"></b>

Məlum olduğu kimi, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Dünən Dövlət başçısı İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. 

Ölkəmizdə sonuncu Prezident seçkiləri 2018-ci ilin 11 aprelində keçirilib və Azərbaycan xalqı yekdilliklə İlham Əliyevə növbəti dəfə etimad göstərib. Azərbaycan xalqının öz liderini dəstəkləməsi əlbəttə ki, ötən müddət ərzində onun həyata keçirdiyi nəhəng işlər, xalqa verdiyi bütün vədləri yerinə yetirməsi, bir sözlə, uzunmüddətli səmərəli fəaliyyətinin nəticəsidir. Yürüdülən siyasətin, atılan bütün addımların hədəfi müstəqil Azərbaycan dövlətinin daha da möhkəmlənməsi, xalqın rifahının yüksəlməsi olub. İlham Əliyev hakimiyyətdə olduğu 20 il ərzində Azərbaycanı güclü, dünyada söz sahibi olan dövlətə çevirib. 

Məlumdur ki, 2018-ci ildən bu yana mühüm dəyişikliklər baş verib. Azərbaycan dövləti öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edib. 2018-ci ildə  Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyev xalqımızın və dövlətimizin qarşısında duran ən mühüm problem - ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. Dövlət başçısı bütün çıxışlarında Qarabağ məsələsinin həllini dövlətimizin əsas prioriteti və bir nömrəli problemi adlandırırdı. Bu istiqamətdə bütün müstəvilərdə çox ardıcıl və əsaslandırılmış iş aparılırdı. 2018-ci ildə prezident seçildikdən sonra Milli Məclisdə andiçmə mərasimi zamanı İlham Əliyev bəyan etdi ki, beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini, xüsusilə münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyir: “Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul etmişlər. Orada göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etmişdir. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul etmişdir ki, bu, münaqişənin həlli üçün hüquqi baza yaradır... Biz siyasi və diplomatik uğurlar qazana bildik. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Hüquqi baza var. Biz 15 il ərzində bu bazanı möhkəmləndirdik. Münaqişə yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın”.

Prezidentin söylədiyi fikirlərin hər biri qısa müddətdə öz təsdiqini tapdı. İlham Əliyev növbəti dəfə Prezident seçildikdən cəmi iki il sonra - 2020-ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı, 30 ilə yaxın davam edən işğala son qoyuldu. 2023-cü il sentyabrın 19-20-də lokal antiterror tədbirləri isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesini tamamladı. 

Təbii ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçirilir. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

Milli Məclisin deputatı Naqif Həmzəyev mövzunu şərh edərəkən deyib ki, hazırda regionda və dünyada fərqli proseslər baş verir, bu dəyişikliklər fonunda çevik və vaxtında addımlar atılmalıdır. O xatırladıb ki, bundan əvvəl növbədənkənar Prezident seçkilərinin keçirilməsinin şahidi olmuşuq: “2018-ci ildə Prezident seçkiləri uğurla başa çatıb. Eyni zamanda 2020-ci ildə növbədənkənar parlament seçkiləri keçirilib. Bu seçkinin də növbədənkənar keçirilməsinin nə qədər düzgün qərar olduğunu gördük. Bu baxımdan da növbəti dəfə belə bir qərarın verilməsi yerində atılmış bir addımdır”.

Deputat deyib ki, onsuz da 44 günlük Vətən müharibəsindən sonra və xüsusilə də son 3 il ərzində Qarabağ və Şərqi Zəngəzurda aparılan abadlıq və quruculuq işləri, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar fonunda dövlətimizin gücünə güc qatıb: “Artıq Azərbaycan hər kəs tərəfindən diktə edən tərəf kimi qəbul edilir. Öncə keçirilən bütün prezident seçkilərində də cənab Prezident İlham Əliyev yekdilliklə mütləq əksəriyyətin səsini toplayaraq bu vəzifəni icra edib. Mən düşünürəm ki, xüsusilə də son illərdə əldə olunan uğurlar Prezident İlham Əliyevə onsuz da yüksək olan xalq sevgisini daha da artıb. Bu baxımdan növbədənkənar seçkilərin keçirilməsi xalq tərəfindən yenə dəstəklənəcək. Növbədənkənar seçkilərin keçirilməsi cənab Prezident İlham Əliyevin növbəti seçkilərdə də qələbə qazanacağını zəruri edir. Əminliklə deyə bilərəm ki, Azərbaycan xalqı yekdilliklə İlham Əliyevin namizədliyini dəstəkləyəcək”.
 

 





07.12.2023    çap et  çap et