525.Az

Venesuela müharibədən çəkinir


 

Venesuela müharibədən çəkinir<b style="color:red"></b>

Venesuelada keçirilən referenduma görə qonşu Qayananın neft və qızılla zəngin Essequibo bölgəsi Venesuelanın 24-cü ştatı elan edilib və Qayana-Essekibo adlandırılıb. Venesuela prezidenti Nikolas Maduro bu əraziyə aid dəniz sularında neft hasilatı ilə məşğul olan şirkətlərdən fəaliyyətini dayandırmağı tələb edib. Venesuelanın iddia etdiyi ərazi Qayana ərzisinin təxminən üçdə ikisini təşkil edir. Bu ərazi sıx cəngəllik olsa da, neft, qızıl və mislə zəngindir.

Venesuela və Qayana bir əsrdən çoxdur Essequibo uğrunda mübarizə aparır. Venesuelanın xəritələrində Qayana-Essequibo həmişə mübahisəli ərazi kimi göstərilib. İki ölkə arasında dəniz sərhədi də mübahisəlidir. 1899-cu ildə Paris arbitraj məhkəməsi Essequibonu Qayananın bir hissəsi kimi tanıyıb. 1966-cı ildə isə tərəflər problemin sülh yolu ilə üçün Cenevrə sazişini imzalayıblar.

Venesulanın indi bu addımı atmasının xüsusi səbəbi var. 2015-ci ildə bu ərazilərdə neft və qaz yataqlarının aşkarlanmasından sonra Venesuela Essequibo ilə bağlı iddialarını yenidən gündəmə gətirdi. Dünyanın ən böyük neft ehtiyyatlarına malik Venesuelanın neft və qaza görə qonşu ölkənin ərazisini ilhaq etmək cəhdinin arxasında həm də prezident Nikolas Maduronun öz hakimiyyətini legitimləşdirmək niyyəti dayanır. Venesuelada yaşanan vətəndaş qarşıdurmasının nəticəsində bir neçə milyon insan ölkəsini tərk edib. Ölkə siyasi mövqeyinə görə iki yerə parçalanıb. Belə bir vaxtda qonşu ölkənin ərazisinin bir hissəsinin ilhaq edilməsi avtoritar hakimiyyətinin legitimləşdirilməsinə imkan verə bilər. Maduro da buna görə referendum keçirərək Essequibonun Venesulaya birləşdirib və bu əraziləri ölkəsinin 24-cü ştatı elan edib. Lakin iş bununla yekunlaşmır. Referendumun nəticələri gerçək həyata tətbiq olunmasa, Maduronun əleyhinə işləyə bilər. Buna görə Venesuelanın Qayanaya qarşı hərbi əməliyyatlara başlayacağı gözlənilir.

Qayana prezidenti Məhmməd İrfaan Əli Venesuelanın hərəkətlərini təcavüz hesab etdiyini, bu ölkənin özünü qanundan kənar bir dövlət kimi apardığını bəyan edib. Qayana prezidenti bildirib ki, BMT Nizamnaməsinin beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və ya bərpa etmək üçün məhdudlaşdırıcı tədbirlərə və ya hərbi fəaliyyətə icazə verə bilən 41 və 42-ci maddələrinə istinad etmək niyyətindədir. Bununla yanaşı, Qayana Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib. Maduro hökuməti isə müharibə qərarı verməyə tərəddüd edir. Braziliya Qayanaya dəstək verəcəyini bəyan edir. ABŞ da Venesulanın hərəkətlərini pisləyir. Maduro qorxur ki, müharibəyə başlasa, ABŞ bundan istifadə edib, Venesulaya qarşı hərbi zərbələr endirə bilər. Vaşinqton Venesuela və Qayananı problemi sülh yolu ilə həll etməyə çağırıb. Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib ki, biz Qayana və Venesuelanı ərazi mübahisəsinin sülh yolu ilə həllini tapmağa çağırırıq və bu, referendumla həll oluna biləcək məsələ deyil. Rusiya hələlik məsələyə münasibət bildirməyib. Amma indiki halda Rusiyanın Venesulaya dəstək verə biləcək imkanları mövcud deyil. Buna görə də Venesuela hakimiyyəti tərəddüd içindədir və referendum nəticələrini güc yolu ilə həyata keçirməkdən çəkinir.

 





12.12.2023    çap et  çap et