525.Az

Efir(d)ə soyun(dur)maq... - Sevda Sultanova yazır


 

Efir(d)ə soyun(dur)maq... - <b style="color:red"> Sevda Sultanova yazır</b>

Hər gün müxtəlif teleproqramlarda mütləq nəsə qalmaqallı vəziyyət yaranmalı, yaxud da çılğın müzakirələrə səbəb olan fikirlər səslənməlidir. Teleməkanımızın gündəlik fəaliyyətinin vacib hissəsini təşkil edən məzmunca oxşar, əksər hallarda ictimai-sosial əhəmiyyət daşımayan standart, sanki eyni ssenari üzrə qurulan qalmaqalları, fikirləri təftiş etmək istəmirəm. Yalnız onların arasında biri diqqətimi çəkdi. Bu, "Elgizlə izlə" verilişində epataj-emosional çıxışlar eləyən Anar Vəziroğlunun, daha sonra başqa bir proqramda müğənni Kərim Abbasovun Xalq artisti Tünzalə Ağayevanın açıq-saçıq qiyafətlər geyməsi haqqında sərt tənqidi fikirlər səsləndirmələriydi. Tünzalə Ağayevanı müdafiə edən aparıcılar isə qeyd etdilər ki, əgər performansını tamamlayırsa,  müğənninin səhnədə açıq libaslar geyməsi normaldır...

Quqlda bir az araşdırdım, Tünzalə Ağayeva son vaxtlar geyimlərinə görə daha açıq geyinən Aygün Kazımovadan, Röyadan çox tənqid olunur. Belə anlayıram ki, onun səhnəyə gəldiyi ilk vaxtarda mühafizəkar geyimlərinə alışan tamaşaçı, müğənninin sonradan tərzini radikal dəyişməsini qəbul eləməkdə çətinlik çəkir. Bundan başqa, müğənninin illər öncə müsahibələrində səhnədə erotizmin, soyunmağın yox, istedadın vacibliyini vurğulaması, xüsusən,  "Sənət göstərmək üçün soyunmağa ehtiyac yoxdur" fikirlərini sonradan praktikada inkar etməsi də qıcıq yaradıb.

Ümumilikdə cəmiyyətimiz ədəbiyyatda intim səhnələrin, kinoda yarıçılpaq və çılpaq bədənlərin təsvirinə, müğənnilərin səhnədəki açıq qiyafətlərinə aşırı həssaslıqla yanaşır deyə, bu mövzularla bağlı müzakirələr aktuallığını itirmir. Mən də bu yazımda qısaca, konkret nümunələrlə incəsənətdə çılpaqlıq mövzusunda danışmaq istəyirəm.  

Bəzən fikirlər səslənir ki, əgər fərdin, özəlliklə də qadının bədən ölçüləri imkan verirsə, onun açıq libaslar geyinməsi məqbuldur, çünki bu, estetikliyə xitab edir. Lakin sənət kontekstində "bədən ölçülərinin ideallığı" estetik məna kəsb eləmir, hətta bu fikir savadsız və primitiv səslənir. Çünki sənətdə bədən hər şeydən əvvəl fikrin daşıyıcısıdır və ya hansısa kompozisiyada, dramaturji materialda ümumi ideyanın çatdırılmasından ötrü əsas və yaxud köməkçi planda ifadə vasitəsidir. Bu zaman fərdin bədən ölçülərinin ideal olması, kamilliyi sənət əsərində heç bir rol oyanmır. Zira, onun müəllif tərəfindən necə bir formada, hansı məzmunda istifadəsi ön plana keçir. Yəni müğənni soyunursa, rejissor aktyoru, rəssam naturaçı qadın və kişini çılpaq çəkirsə, mütləq şəkildə bu çılpaqlıq və ya yarıçılpaqlıq nəyisə ifadə etməlidir, özlüyündə məzmun, məna daşımalıdır. Sənət əsərində bədən məzmundan kənarda qalırsa, o, artıq pornoya, göstərişə, ət parçasına, əmtəəyə çevrilir, qısası, fizikiləşir.  

Tünzalə Ağayeva ona görə hədəfə çevrilir ki (əslində o, özü-özünü hədəfə gətirir), sosial şəbəkələrdə paylaşdığı, əsasən səhnədən kənarda əks olunduğu foto və qısa videolarda göründüyü açıq libaslarında birmənalı şəkildə bədənini, fiziki görkəmini qabardır. Və mənə elə gəlir ki, Tünzalə Ağayevanın, o cümlədən, səhnə fəaliyyətinə başlayandan cəsarətli açıq libaslarla çıxan Aygün Kazımovanın, Röyanın zamanla tənqidlərə məruz qalması cəmiyyətimizdəki mental düşüncədən çox, müğənnilərin çılpaqlaşan vücudlarının səhnədə sənət nöqteyi-nəzərdən mühüm bir məna qazanmamasında və çılpaqlığın təqdim elədikləri yaradıcı konseptə adekvat ola bilməməsində, ümuminin içində belə demək mümkünsə, detala çevrilməməsindədir.

Yəni oxuduqları mahnı ilə qiyafət, bədən plastikası harmoniya tapmır, təklif olunan çılpaqlıq səhnədəki tamaşada belə demək mümkünsə, ərimir. Həmçinin, Tünzalə Ağayevanın son günlər müzakirəyə səbəb olan libası səhnədəki ifasında bədii həllini tapmır, onun ümumi vizual obrazında tamamlayıcı və ya köməkçi yaradıcı komponent kimi görünmür. Yəni o, sadəcə, sözün birbaşa mənasında açıq-saçıq libas kimi qalır.

Sənətin çılpaq bədənlə dialoqa girdiyi, bədənin sənət əsərinə çevrildiyi ən yaxşı nümunələrə klassik təsviri sənətdə rast gəlinir. Məsələn, Mikelancelonun "Adəmin yaradılması" freskasında çılpaq kişi təsvir olunub. Hüdudsuz bir məkanda Tanrının kişiyə həyat vermək üçün əlini uzatması Müqəddəs kitablardakı aşağıdakı ayəni əks etdirir:

"Və Tanrı Özünə bənzər simada insanı yaratdı".

Əsər haqqında mütəxəssislərin saysız-hesabsız yozumları mövcuddur. Ən başlıcası odur ki, əsərin məzmunu, emosional təsir gücü kişinin çılpaqlığını üstələyərək, hətta "görünməz" edir.

Yaxud Botiçellinin "Veneranın doğulması" əsərində məhəbbət ilahəsi Veneranın çılpaq təsviri verilib. Təklif olunmuş kompozisiyada, mizanda, bədən dilində Veneranın çılpaqlığı ehtiras oyada bilməz, çünki üzündəki məsumiyyət və xəfif hüzn, ümumilikdə əsərin ideyası buna imkan vermir.

Standartdan kənar bədən ölçülərinin estetikaya xitab eləməməsi fikri də yanlışdır. Yuxarıda dediyim kimi, estetika daha böyük məna daşıyır  və klassik təsviri sənət əsərlərində, məsələn, dolu, əndamlı qadın bədənləri müxtəlif universal ideyaları, mesajları ifadə edir. Üstəlik, müəlliflər çılpaq qadın fiqurlarını yaradıcı, novator forma və üslublarla işləyiblər. 

Başqa bir misal. Avstriyalı rejissor Ulrix Zaydlın üçüncü dünya ölkələrində avropalıların seks-turizm macəralarını anladan "Cənnət: Sevgi" dramı tənha, orta yaşlı avropalı qadının kədərli hekayətidir. O, Afrika ölkələrindən birində özünü qadın kimi hiss etmək üçün pul müqabilində qaradərili gəncdən sevgi, nəvaziş umur.  Hadisələrin gedişatında qadın gənc oğlanın bədənini istismarçısına çevrilir. Və bir epziodda çılpaq təsvir olunan qadının yöndəmsiz bədəni onun tənhalığının, çarəsizliyini ifadəsi kimi görünür. Bu məqamda tamaşaçının onu abırsızlıqda ittiham eləməsi çətinləşir, əksinə, bəlkə də o, qadının faciəsinə şərik olur.

Bütün hallarda bədən sənətdə ifadə vasitəsidir. Pazolininin "Salo və ya Sodomun 120 günü" filmində çılpaq bədənlərin istismarı faşist diktaturasının mahiyyətini açmaq vasitəsi və insan qəddarlığının sərhədsizliyini göstərmək üçündür.

Şahmar Ələkbərovun "Sahilsiz gecə" filmində əsas qəhrəman Zübeydə donunu yuxarı çəkib bədəninin intim əzalarını göstərəndə, bu, ictimai riyakarlığa qarşı qəzəb kimi ortaya çıxır.  Misalların sayını artırmaq olar.

Hərçənd, bir çox məşhur aktyorlar çılpaqlığın tələb olunduğu səhnələrdə dublyorla çəkilməyə üstünlük verirlər. Məsələn, Natali Portman, Şarlotta Ginzburq. Culiya Roberts isə 1990-cı illərdən kamera qarşısına çılpaq çıxmır. Onun fikrincə, geyimdə oynamaq sənət, geyimsiz ifa isə sənədli filmdir. Cessika Simpson da filmdə soyunmağın tərəfdarı olmayan aktyorlardandır. O, heç bir nüfuzlu mükafatın onun kamera qarşısında soyundura bilməyəcəyini deyir.

...Amerikalı fotoqraf Spenser Tunik yeni forma taparaq, yüzlərlə, minlərlə adamı birlikdə çılpaq çəkməsiylə məşhurdur. O, dünyanın müxtəlif ölkələrində minlərə insanı cürbəcür məkanlara yığaraq fleşmoblar təşkil edir, fotoinstallyasiyalar hazırlayır. Onun ən böyük fleşmoblarından biri 2007-ci ildə Mexikoda baş vermişdi, layihəyə 18 min könüllü qoşulmuşdu. Tunik çılpaq bədənə abstrakt material kimi yanaşdığını qeyd edir, şəhərdə və ya təbiətdə  insanları müxtəlif abstarkt formalarda çəkir. Bəzən onun fotoları qlobal problemlərə (məsələn istiləşməyə) diqqəti çəkmək məqsədi güdsə də, sənət dəyəri aşağıdır. Çünki bu fotolarda yüzlərlə insanlar məzmunsuz predmet, daha çox ət parçası kimi görünürlər...

Mövzuya tamamilə dəxli olmasa da, yadıma düşmüşkən bir məqamı da vurğulayım. Qərb cəmiyyətində qadın haqları, gender bərabərliyi prioritet olsa da, cins konsepsiyasının, heteroseksuallığın aradan qaldırılmasına çalışılsa da, məşhur qadınlar (modellər, aktrisalar, müğənnilər, aparıcılar)  sosial şəbəkələrdə paylaşdıqları fotolarda cinslərini, bədənlərini xüsusi vurğulayırlar. Bu zaman bədənlərinin gözəlliyini fokusa gətirməklə seksuallıqlarını nümayişə çıxarır və "mən qadınam, mən gözələm, mən cazibədaram" mesajını verir. Eyni zamanda analoji kontentlər yəqin ki, şüuraltı olaraq bu mesajı da ötürür: heç nə qadın, kişi təbiətinə, onun təbii cinsi təyinatına qalib gəlmək gücündə deyil.

...Mövzu üzərində işləyərkən, bəstəkar Rauf Məmmədovun maraqlı bir müsahibəsi qarşıma çıxdı. Ona "Siz niyə artistin səhnədə soyunmasını ədəbsizlik hesab edirsiz, dünya ulduzları da bəzən bu mənada çərçivələrdən çox kənara çıxırlar" sualına düşündürücü cavab verir:

"Onların öz dəyərləri var. Əsas səhnədə bacarığı göstərməkdir. Mənə öz işinin peşəkarı olmayan bir əcnəbi ulduz götərin. Hətta Madonna tamaşaçı qarşısında tamamilə soyunarsa, sənət onu geyindərəcək".

Düzdür, əcnəbi müğənnilərin yalnız sənət adına soyunması fikri mübahisəlidir. Lakin bəstəkar o fikrində haqlıdır ki, bütün hallarda sənət çılpaqlığı geyindirməyi bacarmalıdır. 

 

 

 

 

 

 

 

 

 





11.12.2023    çap et  çap et