525.Az

O dünyadan “salam”


 

O dünyadan “salam”

İllər öncə “öldüyü” elan edilən ASALA yenə iş başında

28 aprel 1988-ci il. Yunanıstanın paytaxtı Afinanın sakit küçələrindən birində axşamdan xeyli keçmiş iki güllə səsi eşidildi. Yaşadığı binanın qarşısında hava limanına getmək üçün taksi gözləyən məşhur erməni terrorçusu, ASALA təşkilatının qurucusu Akop Akopyan öldürülmüşdü. Akopyan son illər Yunanıstanda məskunlaşmışdı, Yəmən vətəndaşı Henri Titsianın adına pasportla yaşayırdı və tez-tez xaricə gedirdi. 1951-ci ildə İraqın Mosul bölgəsində doğulan bu erməni əcəl onu haqlayanadək bir çox adlar altında gizlənmişdi. Əslində heç Akop Akopyan da onun gerçək ismi deyildi.

Onu cəhənnəmə vasil edənlərin kimliyi bəlli olmadı. Bəzi məlumatlara görə, Akopyanı İsrail xüsusi xidmət orqanları əməkdaşları güllələmişdilər. 1972-ci ildə Münxen Olimpiadasında yəhudi idmançılarına qarşı terror törətmiş fələstinlilərin “Qara sentyabr” təşkilatının üzvü olan erməni terrorçunu İsrail məxfi orqanları çoxdan axtarırdı. Digər versiyaya görə, onu türk milliyyətçiləri (bozqurdlar) aradan götürmüşdü. 80-ci illərin ikinci yarısında PKK terror təşkilatının meydana çıxmasında ASALA liderinin xüsusi “xidmətləri” olmuşdu.

Akopyanın hava limanından haraya uçmaq istədiyi də naməlum qaldı. Bəlkə də o, Ermənistana, oradan da Qarabağa getməyə hazırlaşırmış. Artıq Ermənistanda azərbaycanlılara qarşı qırğınlar törədilmiş, Qarabağda “Miatsum” hərəkatı start götürmüş, Xankəndidən (Stepanakert) azərbaycanlıların qovulması başlamış, ilk qan tökülmüşdü. Dünyanın müxtəlif yerlərindən, özəlliklə terror yığnağı Yaxın Şərqdən (Suriyadan, Livandan) erməni təxribatçı dəstələri bölgəyə axın edirdi. ASALA da məhz bunun üçün yaradılmışdı. Təşkilatın məqsədi 1915-ci il qondarma “soyqırımı”nın intiqamını almaq, bu “tarixi” dünyaya qəbul etdirmək, “Böyük Ermənistan” ideyası uğrunda Türkiyədən təzminat (ilkin olaraq), Azərbaycandan isə torpaq qoparmaq idi.

“Bekaa vadisi”nin
yetirmələri

Erməni terror təşkilatları sırasında ən qanlı salnaməsi və çoxsaylı cinayətləri ilə tanınan ASALA - “Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” (“The Armenian Secret Army for the Liberation of Armenia”) 1975-ci ildə Livanın paytaxtı Beyrutda yaradılmışdı. O vaxtadək bir çox erməni təşkilatları dünyada türkləri hədəf alan terror fəaliyyətinə qurşanmış, çoxlu qan tökmüşdülər. Hələ XIX əsrin axırlarında yaradılan erməni təşkilatları (1885 - “Armenakan”, 1887 - “Qnçaq”, 1890 - “Daşnaksütyun” və s.) Türkiyədə bir çox dilən terror aktlarına imza atmışdılar, 1915-ci il olaylarından sonra isə dünyaya dağılaraq qanlı əməllərini davam etdirməkdə idilər. ASALA sələflərinin yolunu daha geniş miqyasda və qəddarlıqla həyata keçirmək niyyətində idi.
Təşkilatın təlim bazaları Suriya ərazisində və Suriyanın nəzarətindəki Bekaa vadisində yerləşirdi. Bir vaxtlar Yaxın Şərqin İsveçrəsi kimi tanınan, dünyanın dörd yanından turistləri cəlb edən Bekaa vadisi 1975-ci ildə Livanda vətəndaş müharibəsi başlayandan sonra terrorçu qruplaşmaların və narkobiznesin çiçəkləndiyi bölgəyə çevrildi. Livana hərbi kontingent yeridən Suriya bölgəni tam nəzarətə götürdü. 14 ilə yaxın davam edən vətəndaş müharibəsi dövründə Livan faktiki olaraq Suriya tərəfindən idarə olunurdu. 1989-cu ildə ölkədə vətəndaş sülhü (“Taif razılaşmaları”) imzalanandan sonra Suriya öz qoşunlarının bir hissəsini Livandan çıxarsa da, Bekaa vadisinə nəzarəti əlində saxladı. Bu gün də rəsmən Livan ərazisi sayılan, paytaxt Beyrutun 30 kilometrliyində yerləşən bölgə əslində Suriyanın hərbi dairələri və narkobaronlar tərəfindən idarə olunur. Yaxın Şərqdə istehsal olunan narkotiklərin mühüm hissəsi məhz Bekaa vadisinin payına düşür. Narkobiznes və terror məktəbi kimi tanınan bölgə ASALA, “Hizbullah”, PKK və daha bir çox təşkilatlara, terror dünyasının avtoritetlərinə “vəsiqə” verib.
Erməni terrorizminin öncül sifətləri də Bekaa vadisinin yetirmələridir. ASALA özünün ilk terror aksiyasını (1975-ci ilin yanvarında Beyrutda Beynəlxalq Kilsələr Şurasının binasının partladılması) burada hazırlayıb. Buradan Türkiyəyə qarşı ardıcıl terror siyasəti yeridilib, onlarla türk diplomatının, iş adamının, sıravi insanların qətli sifariş verilib. 80-ci illərin sonundan isə ASALA və Bekaa vadisində beynəlxalq terrorçu “diplomu” almış digər erməni təşkilatları Ermənistanın Azərbaycana qarşı müharibəsinin aparıcı qüvvəsi olub.

Sovetlərin ideoloji yardımı və Yerevandan göndərilən qızıllar

1975-ci ildə ASALA-nın yaradılması dünyada “erməni soyqırımı” təbliğatının ayaq-tutub yeridiyi, qondarma tarixin 60 illiyinin geniş qeyd olunması ilə bir vaxta təsadüf etmişdi. Hərçənd burada təsadüfi heç nə yox idi. Əksinə, hər şey bir-biri ilə sıx bağlı idi və erməni fəaliyyəti geniş şəbəkədə əlaqələndirilmişdi. Ermənilər bir tərəfdən dünyadakı lobbi imkanları ilə “soyqırımı” tanıtma kampaniyasını genişləndirir, digər yandan hələ 20-ci illərdə mövcud olmuş “erməni qisası” (“Nemezis”) hərəkatını (Osmanlının dövlət və ordu xadimlərinin qətlə yetirilməsi) dirçəldərək terrorun yeni dalğasını hazırlayır və bu əməllərə haqq qazandırmağa çalışırdılar.

Bu işdə onlara gizli dəstək verənlər arasında Sovet İttifaqı da vardı. NATO-nun Şərq cinahında ön böyük qüvvəsi olan Türkiyə ilə tarixi haqq-hesabını da diqqətə alan, eləcə də Yaxın Şərqdəki proseslərə əlavə nəzarət rıçaqı əldə etmək istəyən Moskva ermənilərdən maksimum yararlanırdı. Regiondakı digər sol təmayüllü qruplaşmalarla yanaşı, erməni “inqilabi” təşkilatlarına da gizli dəstək, ideoloci yardım göstərilir, “erməni soyqırımı” məsələsinin sovet Ermənistanında təşkilatlanaraq yayılmasına göz yumulurdu.

Təsadüfi deyil ki, Beyrutda ASALA-nın yaranması ilə bir vaxtda, 1975-ci il aprelin 24-də Yerevanda ilk dəfə olaraq Ermənistan SSR rəhbərliyinin (birinci katib Karen Dəmirçyan başda olmaqla) iştirakı ilə “soyqırımı”nın 60 illiyi geniş qeyd olunmuşdu. Bu tarix Ermənistanda 1965-ci ildən qeyd olunurdu, amma ilk dəfə məhz 1975-ci ildə respublika rəhbərliyi bu mərasimdə iştirak etmişdi.
Bu dövrdən etibarən Ermənistandan Yaxın Şərqə - erməni təşkilatlarına - yardımlar da axmağa başladı. Məlumatlara görə, bu işə Ermənistan “KQB”-sinin rəhbəri Yüzbaşyan şəxsən nəzarət edirdi. Onun köməyi sayəsində Yerevan beynəlxalq aeroportu vasitəsilə ASALA üçüm qızıl və valyuta daşınırdı.

Qanlı şəbəkənin
“xələfi” PKK oldu

Qeyd etdiyimiz kimi, ASALA-nın lideri Akop Akopyan öz təşkilatını qurmazdan öncə zəngin terror məktəbi keçmiş, o cümlədən “Fələstin Azadlıq Cəbhəsi”nin sıralarında vuruşmuş, “Qara sentyabr” təşkilatında isə ona “Əl-Mücahid” ləqəbi vermişdilər. ASALA başda olmaqla erməni terror qruplaşmaları xarici ölkələrdə 42 türk diplomatını qətlə yetirmiş, çoxsaylı günahsız insanın ölümünə bais olmuşlar. ASALA “rəsmən” fəaliyyətdə olduğu 1975-1986-cı illərdə təşkilatın üzvləri onlarla terror aktına qol qoymuş, əksər hallarda da ədalət mühakiməsi və layiqli cəzadan yayınmışlar.
Erməni terror təşkilatı bu əməllərdə Türkiyə dövlətçiliyini hədəf alan digər qruplaşmalar, özəlliklə kürd mənşəli terrorçularla əlbir hərəkət edib. Hələ 1981-ci ilin 24 sentyabrında Parisdəki Türkiyə səfirliyinə hücum edən Livan erməniləri konsul Kaya İnalı ağır yaralayaraq, 56 nəfəri girov götürmüşdülər. Tələbləri  Türkiyədə həbsdə olan erməni və kürd terrorçularının azadlığa buraxılması idi. Türkiyə bu tələbi rədd etdikdən sonra əməliyyat keçirildi və terrorçular - Vazgen Sislyan və daha üç nəfər təslim oldu. Lakin Parisdə qurulan məhkəmənin verdiyi cəza uzun sürmədi və 1986-cı ildə onlar azadlığa çıxdılar.
ASALA-nın tərəfdaşları sırasında “Hizbullah”, “Həmas” kimi təşkilatlarla yanaşı, 1986-cı ildə terror meydanına çıxan PKK xüsusi yer tutur. Abdullah Öcalan Akop Akopyanla PKK yaranmazdan öncə çiyin-çiyinə bir çox əməllərə birgə imza atmışdı. 1987-ci ildə isə iki təşkilat arasında müttəfiqlik sazişi imzalandı. Əslində bu, ASALA-nın rəsmən (formal olaraq) meydandan çəkilməsi və Türkiyə əleyhinə terror savaşında yerini PKK-ya verməsi idi. Beləliklə, erməni təşkilatının Suriya və digər bölgələrdəki terror “infrastrukturu” PKK-ya təhvil verildi. Təsadüfi deyil ki, 1987-ci ildən PKK-nın Türkiyə əleyhinə qanlı fəaliyyəti genişləndi.
ASALA üçün isə fəaliyyət üçün yeni meydan açılmışdı. Təşkilat terrorçu “şinel”indən çıxaraq Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsində yerini aldı. Dünya erməni ideoloqları erməni təşkilatları üçün yeni istiqamət vermişdilər - formal olaraq terror fəaliyyətindən əl çəkib, yeni müstəvidə, o cümlədən “Qarabağ ermənilərinin azadlıq savaşı”nda yer almaq. Məhz buna görə də, 1988-ci ildə A.Akopyanın Yunanıstanda öldürülməsindən sonra ASALA-nın da formal olaraq ömrünü tapşırdığı elan edildi.

Qarabağa uzanan qanlı yollar

80-ci illərin sonundan erməni terror şəbəkəsi üzvlərinin Ermənistana, oradan Qarabağa axını başladı. Bekaadakı narkotik sənayesinin və terror təlim mərkəzlərinin vəsaitləri artıq Qarabağ müharibəsində xərclənirdi. Maraqlıdır ki, əslən Livan ermənisi olan Levon Ter-Petrosyan vaxtilə parlamentdəki çıxışlarından birində bu faktı dolayısı ilə etiraf edərək Ermənistanda qanundankənar radikal cərəyan və dərnəklərin fəaliyyətinə xaricdən yardımlar göstərildiyini bildirmişdi. Həmin dərnəklərin gerçəkdə terrorçu təşkilatlar olduğunu anlamaq üçün dərin düşüncə lazım deyil.
ASALA-nın rəhbərlərindən biri, Bekaa vadisinin təlim mərkəzlərində partlayıcı qurğular üzrə “1 nömrəli mütəxəssis” kimi tanınan Monte Melkonyan 1985-ci ildə “Orli əməliyyatı”nın (Paris hava limanında türk diplomatlara qarşı terror) və daha 4 terror aktının təşkilatçısı olsa da, Fransa məhkəməsi onu sadəcə saxta pasport daşımaqda suçlu bilərək həbs etmiş, 1989-cu ildə isə o, azadlığa çıxmışdı. Livana deportasiya edilən Melkonyan 1990-cı ildə Ermənistana, oradan Dağlıq Qarabağa gələrək erməni ordusunun təxribat konsepsiyasının müəllifləri oldu. 1993-cü ilin iyununda Azərbaycan ordusunun hissələri ilə döyüşdə öldürülən Melkonyana Yerevanda rəsmi səviyyədə yas saxlanıldı, “Ermənistanın Milli Qəhrəmanı” adı verildi. Ermənistan Müdafiə Nazirinin təlim mərkəzlərindən biri hazırda onun adını daşıyır.
Melkonyanın “məktəb yoldaşları”ndan olan, 1981-ci ildə Parisdə Türkiyə səfirliyini ələ keçirməkdə iştirak etmiş Vazgen Sislyan 1992-ci ildə Qarabağdakı döyüşlərdə hərbi komandanlığa müşavirlik edib. Bu siyahını xeyli uzatmaq olar...

Biz onu ölmüş bilirdik

ASALA təşkilatı adından Azərbaycanın Macarıstandakı səfirliyinə ünvanlanmış hədə məktubu o dünyadan göndərilən “salam”a bənzəyir. Çünki dünya birliyi, hər il terrorun “qara siyahı”sını tutan təşkilatlar ASALA-nın artıq yox olduğu qənaətində idilər. Məsələn, ABŞ Dövlət Departamenti 1988-ci ildən sonra ASALA-nın adını özünün müntəzəm olaraq tərtib etdiyi terrorçu təşkilatlar siyahısından çıxarıb. Bir neçə il əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsondan bunun səbəbini soruşanda cavab vermişdi ki, ASALA təşkilatı artıq mövcud deyil, bu üzdən terrorun “qara siyahı”sına salınmır. Səfir onu da əlavə etmişdi ki, əgər təşkilat yenidən özünü büruzə versə, sözügedən siyahıda yer alacaq. ASALA-nın ən azı (indilik) virtual aləmdə xortlamasından sonra, fikrimcə, amerikalı rəsmilərin artıq bu barədə düşünməsi lazımdır.

Vüqar ORXAN

 





08.09.2012    çap et  çap et