Suriya ərazisinə hərbi zərbələrin endirilməsi silsilə xarakter aldığı kimi, zərbə endirən dövlətlərin sayı da artmaqdadır. Bir ay öncəyə kimi Suriya ərazisindəki İrana bağlı qüvvələrə qarşı hərbi əməliyyatları əsasən İsrail həyata keçirirdi. İsrail İranın Suriyada möhkəmlənməsini haqlı olaraq özünə böyük təhlükə hesab edir.
İsraili yer üzündən silməyi dövlət siyasətinin əsas xəttinə çevirən İranın Suriyada möhkəmlənməsi yəhudi dövlətinin ətrafında Tehranın yaratdığı həlqənin sona çatması demək olardı. Qeyd edək ki, son illər İran çox ustalıqla İsrail ətrafında Tehrandan idarə olunan, ancaq İranla birbaşa bağlı olmayan qüvvələrdən ibarət hərbi şəbəkə yarada bilib. Livanda Hizbullah, Qəzzada HƏMAS və Yəməndəki Ənsarullah (Husilər) kimi güclü hərbiləşdirilmiş dini-siyasi hərəkatlar üzərində böyük təsirə malik olan İran Suriyada da oxşar güc formalaşdırıraq İsraili qurudan mühasirəyə almağı hədəfləyib. İsrailə qarşı əsas güc Suriyada yaradılmalı idi. Altı il əvvəl, 2018-ci ildə o zaman İsrail Baş Qərargahının rəisi olan Qadi Eyzenkot açıqlamalarının birində bildirmidi ki, İran Suriyada 100 min nəfərlik hərbi güc formalaşdırmağa çalışır. General Qadi Eyzenkot bəyan etmişdi ki, son 4 ildə İsrailin əsas diqqəti İranın Suriyada möhkəmlənməsinin qarşısını almağa yönəlib: "Biz bunun qarşısını almaq üçün külli miqdarda gizli kəşfiyyat əməliyyatları keçirmişik". Bu məlumatı nəzərə alanda aydın olur ki, son 10 ildə İsrailin əsas diqqəti İranın Suriyada, Colan təpələri yaxınlığında böyük hərbi güc yaratmasının qarşısını almağa yönəlib. Colan təpələri İsrail üçün həyati əhəmiyyətli bölgədir. İsrail içməli suya tələbatının təxminən 30 faizini bu ərazidən təmin edir. Digər tərəfdən İranın burada arzuladığı 100 minlik hərbi gücü yaratması İsrailin ətrafındakı mühasirənin qapanmasına səbəb ola bilərdi. Bütün bunlara görə son 10 ildə İsrailin əsas diqqəti Suriyada İranın güclənməsinin qarşısını almağa yönəlib. Suriya ərazisinə hücumların birində general Razi Musəvi də daxil olmaqla İran İnqilab Keşikçiləri Korpusunun Suriyadakı təmsilçiliyinin rəhbərliyində olan bir neçə rəhbər şəxs də öldürülmüşdü. Bu hadisə İsrailin İranın Suriyada güclənməsinə yol vermək istəmədiyinə bariz nümunədir.
İsrailə yanaşı, ABŞ da Suriyada İranın güclənməsinin qarşısını almağa çalışır. ABŞ Suriyadakı kürd birliklərini silahlandırmaqla yanaşı, zaman-zaman bu bölgədəki İrana bağlı qüvvələrə hərbi zərbələr endirib. Son zamanlar ABŞ-nin Suriya və İraqdakı İrana bağlı qüvvələrə zərbələr endirməsi halları artıb. İki gün öncə ABŞ-nin həyata keçirdiyi hərbi əməliyyat nəticəsində Kətaib Hizbullah qruplaşmasının iki komandiri - Əbu Baqir Əlsədi və Ərkan Əlyavi öldürülüb.
Son zamanlar İsrail və ABŞ-la yanaşı, İordaniya da Suriya ərazisinə zərbələr endirməyə başlayıb. Yanvarın əvvəllərində İordaniya aviasiyası Suriya ərazisinə bir neçə dəfə hərbi zərbə endirib. Haşimilər Krallığı bu addımını İordaniya ərazisindən tranzit kimi istifadə etməyə çalışan narkotik qaçaqmalçılığının qarşısını almaq istəyi ilə əsaslandırıb. Bu hərbi əməliyyatlarla yanaşı, rəsmi Əmman Suriya hakimiyyətini narkotik ticarətində iştirakda ittiham etməyə başlayıb. Haşimilər Krallığının Suriyaya qarşı keçirdiyi əməliyyatlar nəticəsində iri narkotik alverçilərindən birinin malikanəsi dağıdılıb. Suriyanın ən azı beş şəhərinə havadan zərbələr endirməklə yanaşı, yerüstü əməliyyatlar da həyata keçirilib. Yerüstü toqquşmalar zamanı daha 5 nəfər həlak olub, 13 nəfər isə həbs edilib. İordaniya rəsmiləri Suriya ərazisindən həyata keçirilən narkotik ticarətinin arxasında rəsmi Dəməşqi və İran hərbçilərinin dayandığını bəyan etməyə başlayıblar. İordaniya siyasi dairələrinin nümayəndələri qeyd edirlər ki, narkotik ticarəti problemi ilə bağlı narahatlığını çatdırmağa çalışsa da, görüşlər nəzərəçarpacaq dəyişikliklərə səbəb olmayıb. İordaniya Əsəd rejiminin narkotik ticarətinə qarşı real addımlar atacağına ümidini itirib.
Qeyd edək ki, Suriya ərazisindən həyata keçirilən narkotik ticarət dövriyyəsinin 8-10 milyard dollar arasında olduğu ilə bağlı iddialar var. Bir sıra Qərb ölkələrinin kəşfiyyat qurumlarına istinadən yayılan məlumatlara görə, narkotik ticarətinə prezident Bəşər Əsədin qardaşı Mahir Əsəd rəhbərlik edir. İddialara görə, məhz narkotik ticarətindən gələn "gəlir" iqtisadiyyatı dağılmış ölkədə iqtidara ordunun və güc strukturlarının sədaqətini təmin edir. Buna görə Suriya rəsmiləri İordaniyanın xəbərdarlıqlarına baxmayaraq, narkotik tacirlərinə qarşı heç bir tədbir görmürlər. Bu isə rəsmi Əmmanı qətiyyətli addımlar atmağa vadar edir. Bununla belə, müşahidəçilər qeyd edirlər ki, iki ölkə yaranandan bəri İordaniya Suriya ərazisində heç vaxt belə cəsarətli əməliyyatlar həyata keçirməyib. Bu isə Suriyanın bölünmək ərəfəsində olduğu ilə izah olunur. İsrail və ABŞ-nin zərbələri İrana bağlı qüvvələri zəiflədir. İrana bağlı qüvvələrin zəifləməsi isə Suriyanın bütövlüyünün təhlükəyə düşməsi deməkdir. Çünki rəsmi Dəməşq bütün ölkəyə nəzarət edə bilmir. Ölkənin təxminən yarısı rəsmi Dəməşqin nəzərətindədir. Bu isə İran və Rusiyanın köməyi ilə mümkün olub. Rusiyanın Ukraynada ağır hərbi-siyasi uğursuzluqlara məruz qaldığı bir zamanda İran Suriyanın əsas himayədarına çevrilib. İrana bağlı qüvvələrin zəiflədilməsi və dağıdılması Suriyanın bölünməsini qaçılmaz edəcək. Suriyanın bölünməsi isə bölgədə domino effekti verəcək. Çünki Livan və İraq kimi ölkələrin vəziyyəti Suriyadan yaxşı deyil. Belə görünür ki, çox yaxın zamanda Yaxın Şərqdə xəritələr yenidən çəkilməyə başlayacaq.