525.Az

İbrahim Yusifoğlu: Nisgil və əzmkarlıq - Muxtar Kazımoğlunun yazır


 

İbrahim Yusifoğlu: Nisgil və əzmkarlıq - <b style="color:red"> Muxtar Kazımoğlunun yazır</b>

1986-cı ildə "Yazıçı" nəşriyyatı İbrahim Yusifoğlunun kitab çap etdirmək üçün nəşriyyata təqdim etdiyi şeirlərini mənə gizli rəyə vermişdi. Nəşriyyat mənim İbrahim Yusifoğlu ilə bir bölgədən və eyni kənddən olduğumu bilirdimi? Bu, mənə qaranlıq idi. Aydın olan bu idi ki, mən rəydə tərəfkeşliyə yol verməməli, öz obyektivliyimi az-çox qorumalıyam. Həmin şərtə mümkün qədər əməl edib rəyimi yazdım və İbrahim Yusifoğlunun ilk kitabı bir neçə il sonra "Yazıçı" nəşriyyatında o rəy əsasında çap olundu. İndi İbrahim Yusifoğlunun 70 illiyi münasibətilə yazı yazmaq istərkən 1986-cı il tarixli rəyə yenidən baxıram. Bilmək istəyirəm ki, o vaxt yazılanlar bu gün qüvvədə qalırmı? Bu gündən dünənə, dünəndən bu günə baxanda İbrahim Yusifoğlu şeirində dəyişən nədir, dəyişməyən nə? Bu cür suallara aydınlıq gətirmək üçün xatırlatdığım rəydən bəzi məqamları diqqətə çatdırmağa ehtiyac var: "İbrahim Yusifoğlu Şərur rayonunda yaşayır. Onun şeir yaradıcılığı haqqında fikir yürütmək istərkən bu faktın xa-tırladılması iki cəhətdən mənə lazımlı göründü. Birinci cəhət odur ki, İbrahim Yusifoğlu Bakıda yaşamasa da, ədəbi mühitlə gündəlik ünsiyyətdə olmasa da, "məhəlləçilik"dən uzaqdır, daxilən paytaxt ədəbi mühiti ilə bağlıdır. Bu, onun şeirlərindən bəlli olur. İkinci cəhətsə odur ki, İbrahim Yusifoğlu - əksər hallarda - gördüyü, duyduğu, qəlbən bağlandığı həyat hadisələrini qələmə alır, yaşadığı mühitin koloritini əks etdirməyə çalışır. Bu da onun şeirlərindən bəlli olur.

İbrahim Yusifoğlunun "məhəlləçilik"dən uzaqlığını onda görürəm ki, o, şəxsi müşahidələrinə sosial məna verir, ucqar bir yerdə yaşaya-yaşaya müasir dünyanın qayğılarını təcəssüm etdir-məyə çalışır. İbrahim Yusifoğlunun şeirləri içərisində mühitdəki nöqsanların tənqidinə həsr olunanları da var. Amma demək olar ki, onun heç bir şeirində mühitdən bezmək, mühiti tərk edib harasa başqa bir yerə can atmaq duyğusu öz əksini tapmır və müəllif  "şair olmaq istəyirsən, köç şəhərə" məsləhətini verənlərlə razılaşmır:

 

Ürəyim yana-yana göstərdim ona

Üzərində dayandığım

torpağı,

çəməni, çölü,

bağçanı, bağı.

Budur mənim şeirlərim, -

dedim.

Şeirlərimi burda qoyub

şair olmağa

necə gedim axı!

 

Üzərində addımladığı torpağı, çəməni, çölü, dağı, dərəni ürəkdən sevmək və onlarda poeziya axtarmaq duyğusu İbrahim Yusifoğlunun bir çox şeirləri üçün səciyyəvidir. O da səciyyəvidir ki, təbiətin hər hansı bir "məhəlli" guşəsinə müraciət edən müəllif həmin guşəni bu və ya digər yolla ümumiləşdirib Vətən timsalında, Vətənin bir parçası şəklində təqdim edir. Təkcə Vətən mövzusu yox, digər mövzuların da bədii həlli İbrahim Yusifoğlu şeirində məhz ümumsosiala doğru istiqamətləndirmə vasitəsilə ortaya çıxır".

Bu rəyin yazıldığı 1986-cı ildən indiyə qədərki uzun vaxt ərzində İbrahim Yusifoğlunun şəxsi həyatında dəyişikliyin biri budur ki, o, artıq Şərurda yox, Bakıda yaşayır. Paytaxtda yaşamaq onun yaradıcılığında əsaslı bir dəyişikliyə səbəb olubmu? Məncə, yox. Əlbəttə, get-gedə qələm daha da püxtələşib. Amma həyat hadisələrini seçmək, qiymətləndirmək və qələmə almaqda yol əvvəlki yol olaraq qalıb. İbrahim Yusifoğlunun sadiq qaldığı yaradıcılıq yolunda ən başlıca amil budur ki, o, yenə də əvvəlki kimi dərindən duyub, yaxından bələd olduğu hadisələrə daha çox üz tutur, həyatda qarşılaşdığı çətinlikləri mövzuya çevirib qələmə almağı diqqət mərkəzində saxlayır. O çətinliklərin bir çoxundan mən də xəbərdaram. Necə xəbərdar olmaya bilərəm ki, İbrahim Yusifoğlu ilə nəinki eyni kənddə, hətta eyni məhəllədə doğulub boya-başa çatmışıq, o kənddə, o məhəllədə baş verən əhvalatlardan bəzisinin iştirakçısı, bəzisinin şahidi olmuşuq. Şahidi olduğum iki sarsıdıcı əhvalat İbrahimgilin ailəsi ilə bağlıdır. Sarsıdıcı və ömür boyu yaddaşda dərin iz buraxan iki əhvalatdan biri budur ki, İbrahimlə mən 8-9 yaşlarında olanda İbrahimin böyük qardaşı Əli qayadan yıxılıb ölümcül yaralanmışdı. Rəhmətlik Yusif dayı (İbrahimin atası) yaralı oğlunu kürəyinə alıb göz yaşı içində evə aparırdı... Əli bir neçə gündən sonra dünyasını dəyişdi. Bir neçə il sonra isə Allah Yusif dayıya bir oğul da verdi və ona rəhmətlik Əlinin adını qoydular. Ailə yavaş-yavaş özünə gəlməyə başlayanda ikinci bir müsibət baş verdi: Yusif dayı dünyasını dəyişdi, yeddi uşaq tək ananın ümidinə qaldı. Bu hadisələr və bu hadisələrin ailədə doğurduğu ağrı-acılar İbrahim Yusifoğlunun yaradıcılığına təsirsiz qala bilməzdi və təbii ki, təsirsiz qalmadı da. O, atasızlığın əzab-əziyyətindən yazdı, bu əzab-əziyyətə sinə gərən ananı silsilə şeirlərin baş qəhrəmanına çevirdi:

 

Davadan atası geri dönmədi,

Anası dözmədi göz yaşlarına.

Qəlbində çəkərək əzabı, dərdi

Ata-ana oldu qardaşlarına.

 

Taleyi üzünə gülən anamın

Sındı yarı yolda qəlbinin simi.

O ağır günləri, de, necə anım,

Bizi də böyütdü atalı kimi.

 

Atası İkinci Dünya müharibəsindən geri dönməyən, bu azmış kimi anasını da vaxtsız itirən Zəhra adlı bir qız uşağının - evin yaşca böyük övladının qardaş-bacı dərdinə qalması; qardaşlarını yerbəyer edəndən sonra ailə qurub oğul-uşaq sahibi olan Zəhra xanımın ər itkisi ilə üzləşməsi və dərdə  əyilmədən yeddi uşağı böyüdüb boya-başa çatdırması... Bu cür acı xatirələr İbrahim Yusifoğlunun şeirdən-şeirə keçən ana obrazında aparıcı notlara çevrilir. Qəm-qüssə və nisgil dolu notlar anadakı əzmkarlığı qabarıq ifadə etməyə mane olmur. Əzmkarlığın qabarıq ifadəsi isə İbrahim Yusifoğlu şeirinə həyatsevərlik ovqatı gətirir. Heç kimin xüsusi himayədarlığı olmadan həyatda özünə mövqe tutan və pillə-pillə irəli getməyi bacaran müəllif sevgi-məhəbbətdən güc alır.

Ata-anaya, ömür-gün yoldaşına, övladlara məhəbbət İbrahim Yusifoğlu şeirində ümumiləşdirilib Vətənə məhəbbət məzmun və mahiyyəti qazanır. Ata-ananın əkib-becərdiyi torpaq, min bir əziyyətinə qatlaşdığı bağ-bağça, ömür-gün yoldaşının və övladların bağlandığı gül-çiçək İbrahim Yusifoğludan ötrü doğma kənddən, Vətənin könül oxşayan təbiətindən söhbət açmağın başlanğıc nöqtəsidir. Qabaqlı adlı bir dərədə yerləşən, "boyu uzun, eni bir qarış" olan kəndin dağı-daşı, gülü-çiçəyi şair üçün həm də ona görə əzizdir ki, onların hər birində (təbiətin hər guşəsində) doğma adamlardan nişanələr var. Müəllif dan yerinin qızarmasında utancaq qız çöhrəsi görür; çəmənlər, çiçəklər o qızı səsləyir, arılar o qızın dodaqlarında bal axtarır:

 

Bu yaz gözəllikdə sənə bənzəyir,

Lalələr açıbdı yanaqlarında,

Çəmənlər, çiçəklər səni səsləyir,

Arılar bal duyub dodaqlarında.

 

İbrahim Yusifoğlunun ata, ana, ömür-gün yoldaşı, övlad, ana torpaq, doğma kənd, gözəl təbiət və s. kimi müxtəlif obrazları sırasında diqqəti cəlb edən müəllif obrazı da var. Maraqlıdır ki, bu obraz heç də əksər şairlərdə gördüyümüz müsbətlik mücəssəməsi deyil. İbrahim Yusifoğlunun müəllif obrazı özünə kənardan baxmağı bacaran bir insanın obrazıdır:

 

Səni ovsunlayıb kövrək duruşum,

Məni dərdli bilib halıma yanma.

Uç get öz bağçana, Səməndər quşum,

Mən zalım adamam, mənə inanma!

 

"Mənə inanma" motivi İbrahim Yusifoğlunun məhəbbət mövzulu bir neçə başqa şeirindən də keçir. Bir şeirində "Çıxart ürəyindən, çıxart at məni" deyən müəllif başqa bir şeirində "Unut məni" deyir:

Mənə gələn yolun bağlı,

Sağın uçurum, solun bağlı.

Əlin açıq, qolun bağlı,

Unut məni...

Məni unut...

 

Qucaqlayıb dizlərini,

Göyə dikmə gözlərini,

Eşit şair sözlərini,

Unut məni...

Məni unut...

 

Özünə yad adam gözü ilə baxıb günahkarlıq hissi keçirmək! Çağdaş şeirimiz üçün çox da səciyyəvi olmayan bu motivə İbrahim Yusifoğlunun məhəbbət mövzulu şeirləri ilə yanaşı, ictimai məzmunlu şeirlərində də rast gəlirik:

 

Məni yola salan yolu unutdum,

Boynuma sarılan qolu unutdum,

Sağımı qorudum, solu unutdum,

Məni günahıma bağışla, Allah!

 

Getdi əlimizdən Vətən torpağı,

Geymədim əynimə kəfən torpağı,

Gücüm yox qaytaram gedən torpağı,

Məni günahıma bağışla, Allah!

 

Yar-yoldaşa münasibətdə özünü qınamaq və Vətən torpağının itirilməsində özünü günahkar bilmək! Heç şübhəsiz, bunlar şeirdə bir-birinə bağlı məsələlərdir. Birincisi, ona görə ki, hər iki halda özünü qınaq hədəfinə çevirən eyni şəxsdir. İkincisi isə, həmin şəxsin timsalında ictimai mövqe nümayiş etdirmək öz mayasını fərdi aləmi ortaya qoymaqdan götürür. Fərdi və ictimai məsələlərə münasibətdə özünü təvazökarcasına günahkar saymaqla İbrahim Yusifoğlu müəllif obrazının diqqəti cəlb edən bir nümunəsini yaradır.

İbrahim Yusifoğlunun ara-sıra ölüm-itimdən də söhbət açmasının şahidi oluruq. Ölüm motivi müəllifin hətta uşaqlar üçün yazdığı şeirlərdə də özünü göstərir.

 

Qızlarımın biri sağ əlimdən tutub, biri sol,

Biri deyir: "Mənim atamsan",

O biri deyir: "Mənim atam ol".

Gözlərimi də yarı bölürlər,

Sözlərimi də!

Bölürlər qələmlərimi, kitablarımı,

Gülə-gülə, küsə-küsə,

Uşaq ərköyünlüyü ilə.

 

Elə bu vaxt gözlərim dikilir

Anamız Yerə!

Deyirəm: arzumu, istəyimi,

Məhəbbəti

mi bölsəm də iki,

Bütövlüklə səninkiyəm, səninki.

 

"Ölüm haqdır" kimi məlum fikri özünəməxsus şəkildə şeirə gətirən İbrahim Yusifoğlu ömrün qısalığı və uzunluğu barədə də Öz sözünü deməyə çalışır:

 

Atdıq son vergülü, bu da ki, nöqtə,

İllər saçımıza səpdi ağ dəni.

Nə qədər uzatmaq olarmış görən,

Bir sözdən ibarət olan cümləni?!

 

"Ömür" kimi bir sözdən ibarət olan cümləni çox uzatmaq olar. Çünki ortada ürəkdən xəbər verən şeirlər var. Şeirlər yaşadıqca şair də yaşayır. Və şair ömrü yetmişə, səksənə, doxsana sığmır.

 





19.02.2024    çap et  çap et