525.Az

Ermənistanın Naxçıvan istiqamətində təxribatı


 

ELXAN ŞIXƏLİYEV: "ERMƏNİSTAN 5 APREL GÖRÜŞÜNDƏ GUYA TƏHLÜKƏDƏ OLDUĞUNU SÜBUT ETMƏK ÜÇÜN ESKALASİYA YARADIR"

Ermənistanın Naxçıvan istiqamətində təxribatı<b style="color:red"></b>

Son günlər Ermənistan Azərbaycanla şərti sərhədin müxtəlif istiqamətlərində silahlı qüvvələrinin bölmələri və döyüş texnikası cəmləşdirir, fortifikasiya qurğuları inşa edir. Görünən odur ki, Ermənistan Azərbaycana qarşı yeni təxribata hazırlaşır. Naxçıvan istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulması da bundan xəbər verir.

Müdafiə Nazirliyinin dünən yaydığı məlumatda deyilir ki, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bundan əvvəl isə Müdafiə Nazirliyi iki dəfə - 31 mart və 1 aprel tarixlərində yaydığı məlumatda Ermənistan tərəfinə xəbərdarlıq edib. Qeyd olunub ki, şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınıb. Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir.

"Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək", - MN-nin açıqlamasında qeyd edilib.

İrəvanın vəziyyətin gərginləşməsinə yönəlik addımlarına məhz onun havadarları rəvac verir. Həmin güclər Cənubi Qafqazı öz maraqlarını təmin etmək üçün yeni qarşıdurmaya, müharibəyə sürükləyir, sülh üçün yaranmış imkanların reallaşdırılmasına mane yaradırlar. 5 aprel görüşü də məhz buna hesablanıb. Qeyd edək ki, aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan rəsmilərinin görüşündə hərbi paktın qəbulundan söhbət gedir ki, bu pakt da regionda sabitliyin və sülhün bərqərar olmasına qarşı yönəlib. ABŞ və Avropa regionu yeni qeyri-sabitlik və fəlakətə sürükləyir.

ABŞ və Aİ regionda üçlü hərbi alyansın yaradılması istiqamətində hərəkətə keçiblər. Onların bu addımları Ermənistanı cəsarətləndirir, yeni-yeni təxribatlara, pozucu addımlara, müharibəyə sövq edir. Ermənistandakı revanşist qüvvələrin fəallaşması, Azərbaycana qarşı aqressiv ritorikanın yüksək həddə çatması da bununla bağlıdır. Bakı qəti şəkildə xəbərdarlığını edib - hərbi təxribat cəhdinin qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq. Ermənistan və havadarları eyni zamanda indiyədək törədilmiş təxribatlara verilmiş cavablarını, onun ağır nəticələrini də unutmamalıdırlar.

Mövzunu "525"ə şərh edən hərbi ekspert Elxan Şıxəliyev deyib ki, son günlər Ermənistanın şərti sərhəddə təxribatlar törədəcəyinə dair ehtimallar var idi. Xüsusilə də, Naxçıvandan, Kərki yaşayış məntəqəsi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin zirehli texnikalarının, artilleriya vasitələrinin hərəkəti müşahidə olunurdu. Bunun da üzərindən Ermənistan yeni dayaq məntəqələrinin, xüsusən də hücum xarakterli müşahidə məntəqlərinin yaradılması fəaliyyətini icra edirdi.

Ekspertin sözlərinə görə, 5 aprel görüşünə qədər Ermənistanın şərti sərhəddə - həm Naxçıvan istiqamətində, həm də Qazax istiqamətində təxribat fəaliyyəti həyata keçirəcəyi gözlənilən idi: "Çünki Ermənistan 5 apreldə ABŞ və Avropa İttifaqı rəsmiləri ilə görüşdə Azərbaycan və Rusiya tərəfindən guya təhlükədə olduğunu sübut etmək üçün sahədə Azərbaycan Silahlı Qüvvələrini elə bir vəziyyətə təhrik etməlidir ki, bir eskalasiya, atışma olsun, münaqişə yaransın. Bundan da istifadə edib gələcəkdə mütləq Aİ-nin, ABŞ-nin Ermənistanda hərbi gücünün yerləşdirilməsinin vacibiyi Brüssel görüşündə razılaşdırılmış olsun. İndi bu hərbi paktın imzalanması ola bilər, bu istiqamətdə müzakirələr aprıla bilər. Ermənistan hazırda bunun əsaslandırılmasını sahədə həyata keçirir. Biz də təəccüblənməməliyik. Düşünürəm ki, 5 aprel tarixinə kimi Ermənistan bu cür pozucu fəaliyyətlərinin miqyasını artırmaqda davam edəcək. O vaxta qədər ki Azərbaycan buna adekvat reaksiya vermiş olsun".  

Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, Brüssel görüşündən əvvəl Ermənistan tərəfinin fəallaşacağı məlum idi. İrəvanın Azərbaycanla şərti sərhədə silah, zirehli texnika və canlı qüvvə toplaması da birmənalı şəkildə gələcək mümkün təxribatlardan xəbər verir: "Eyni zamanda, Ermənistan Azərbaycan ərazilərini bir neçə istiqamətdə atəşə tutur. Ermənistanın şərti sərhədə qoşun topladığını əks etdirən görüntülər yayılmışdı, bundan sonra isə ordumuzun mövqelərinə hücum məqsədilə fortifikasiya qurğularının inşasını əks etdirən faktlar təqdim olundu. Bununla yanaşı, Ermənistan genişmiqyaslı hərbi toplanışlar keçirir, 5 min nəfərə yaxın ehtiyatda olan hərbçini orduya cəlb edir. Naxçıvandakı mövqelərimizi atəşə tutan Ermənistan yeni eskalasiya, toqquşma yaratmaqla, Avropa İttifaqı və ABŞ-dən hərbi-siyasi dəstək almağa və bundan ölkəmizə qarşı istifadə etməyə çalışır".

Ekspert hesab edir ki, vəziyyətin belə davam edəcəyi təqdirdə, rəsmi Bakı tərəddüd etmədən Ermənistana səmərəli və təsirli cavab verəcək. Buna kimsənin şübhəsi olmasın: "Ermənistan tərəfi mövqelərimizi atəşə tutursa, şərti dövlət sərhədinə qoşun cəmləşdirirsə, ölkəmizə qarşı hücum məqsədi daşıyan fortifikasiya qurğuları inşa edirsə, Azərbaycanın da buna qarşı güc tətbiq etməsi normaldır. Bunu beynəlxalq hüquq bizə qadağan etmir. Azərbaycanın reaksiyası cavab tədbiri olduğu üçün bu bizim mövcud fəaliyyətimizə heç bir mane yaradılmayacaq. İşğalçı Ermənistan isə növbəti dəfə sərt bir şəkildə cəzalandırılacaq".

 

 





03.04.2024    çap et  çap et