525.Az

İran İsrailə cavab verəcəkmi?


 

İran İsrailə cavab verəcəkmi?<b style="color:red"></b>

İsrail hərbi hava qüvvələrinin İranın Suriyadakı konsulluğuna endirdiyi zərbə nəticəsində ikisi general olmaqla İslam İnqilabı Keşikçiləri Korpusunun 7 nəfər rəhbər şəxsi öldürülüb. "Reuters" agentliyinin məlumatına görə, öldürülən generallar Məhəmməd Zahidi və Məhəmməd Hadi Hacı Rəhimidir. İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan "Fars News" agentliyi Məhəmməd Zahidinin öldürüldüyünü təsdiqləyib. Məhəmməd Zahidi 2006-2009-cu illərdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinin komandanı olub. Daha sonra SEPAH-ın əməliyyatlarına rəhbərlik edib. Bəzi mənbələr onu Qasım Süleymanidən sonra ən nüfuzlu general kimi təqdim edirlər.

İranın "İrna" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidmətinə istinadən xəbər verir ki, konsulluğa endirilən zərbə nəticəsində həmçinin general Məhəmməd Hadi Hacı Rəhimi və SEPAH-ın daha beş üzvü həlak olub. Nüfuzlu xəbər agentliklərinin məlumatına görə, konsulluq binası tamamilə dağılıb. İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri bildirib ki, İsrail F-35 qırıcıları tərəfindən binaya 6 raket atılıb.

Suriya və Rusiya Xarici İşlər Nazirlik

ləri İran konsulluğuna hücumu "qətiyyətlə pisləyiblər". Suriya xarici işlər naziri Feysəl Miqdad İsraili "terrorizmin simvolu" adlandırıb.

İran Xarici İşlər Nazirliyi Tehranın müttəfiqlərinin, Suriya və Rusiyanın sərt açıqlamalarından sonra İsrailin ünvanına hədə ilə çıxış edib. İran XİN-in sözçüsü Nasser Kanaani İsrailin hücumunu pisləyərək bunu beynəlxalq qaydaların kobud şəkildə pozulması adlandırıb. O, İranın cavab tədbirləri görəcəyini və "təcavüzkarın cəzalandırılması" ilə bağlı qərar verəcəyini bildirib.

İran rəsmisinin bu açıqlamasına baxmayaraq, Tehranın İsrailə qarşı bilavasitə hansısa tədbir görməsi inandırıcı deyil. Çox güman ki, İran yenə də Yaxın Şərqdəki tərəfdaşlarının əli ilə İsrailə zərbə vurmağa çalışacaq. İran ABŞ-ın hərəkətə keçəcəyindən qorxduğu üçün İsrailə toqquşmaqdan yayınır. Bu günə kimi bir neçə dəfə İranın yüksək rütbəli zabitləri Suriyada öldürülüb. Hər dəfə də Tehran intiqam alacağını vəd etsə də, İsrailə qarşı hansısa addım atmayıb. Məsələn, bu ilin yanvarında İsrailin Suriyanın paytaxtı Dəməşqə endirdiyi hava zərbəsi nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı, Qüds Qüvvələrinin kəşfiyyat xidmətinin komandiri Yusif Omid Zadə və 4 iranlı hərbi məsləhətçi həlak olmuşdu. Ötən ilin dekabr ayında isə İsrailin Suriyaya endirdiyi zərbə nəticəsində SEPAH-ın briqada generalı Seyid Razi Musəvi öldürülmüşdü. Seyid Razi Musəvi İranın Suriyada ən nüfuzlu hərbi komandiri hesab olunurdu. Göründüyü kimi, son altı ayda İsrail İranın bir neçə nüfuzlu generalını öldürüb. Hər dəfə də İran İsraili "qisas alacağı" ilə hədələyib. Ancaq bu günə kimi İran İsrailə qarşı bilavasitə hansısa tədbir görməyib. İsrailin İranın Suriyadakı konsulluğuna endirdiyi zərbə nəticəsində ikisi general olmaqla İslam İnqilabı Keşikçiləri Korpusunun 7 nəfər rəhbər şəxsinin ölümünə görə Tehranın vəd etdiyi qisas da söz olaraq qalacaq. Tehran dünyada və regionda qüvvələr nisbətinin böyük fərqlə onun əleyhinə olduğunu bilir və buna görə ABŞ-la qarşı-qarşıya gəlməmək üçün İsrailin zəbələrinə ancaq sözlə cavab verməklə kifayətlənir.

 

 

 

 





04.04.2024    çap et  çap et