525.Az

"Yaşıl enerji"yə keçiddə Azərbaycanın rolu


 

AZƏR BADAMOV: "AZƏRBAYCANIN "YAŞIL ENERJİ"YƏ KEÇİDLƏ BAĞLI TƏŞƏBBÜSLƏRİNİ DÜNYA BİRLİYİ ÇOX YÜKSƏK DƏYƏRLƏNDİRİR"

"Yaşıl enerji"yə keçiddə Azərbaycanın rolu<b style="color:red"></b>

Son illər "yaşıl enerji"yə keçid qlobal enerji siyasətində mühüm istiqamətə çevrilib. Bu da təbiidir. Çünki hazırda iqlim dəyişiklikləri və onun yaratdığı fəsadlar bütün dünyada ciddi narahatlıq doğurur. Bu mənada "yaşıl enerji" istehsalı ekoloji fəsadlar yaradan karbon emissiyasının minimuma endirilməsi, ekoloji çirklənmənin qarşısının alınması və enerji təhlükəsizliyinin təmin edilməsində vacib rola malikdir. "Yaşıl enerji"dən istifadə eyni zamanda, iqlim dəyişikliyinin azaldılmasına, qlobal istiləşmənin məhdudlaşdırılmasına, havanın keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir.

Mütəxəssislərin proqnozlarına görə, 2030-cu ilədək bərpaolunan mənbələrdən və yaxud "yaşıl enerji"dən alınan elektrik enerjisi dünyada elektrik enerjisi istehsalının 65 faizini təmin edəcək. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud "yaşıl enerji" mənbələrindən əldə edilə bilər.

Karbon qazı emissiyası qlobal səviyyədə 2050-ci ilə qədər 70 faiz azaldılacaq ki, bu da iqlim dəyişikliyinin qarşısının alınmasına kömək edəcək. İlk növbədə külək və günəş enerjisi hesabına elektrik enerjisi istehsalında sürətli artım olacaq. Bunun əsasən Qafqazda, Mərkəzi Asiyada, Şərqi və Cənub-Şərqi Avropada baş verəcəyi bildirilir.

Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin proqnozlarına görə, alternativ enerji mənbələrinə keçid karbon qazı emissiyasının azaldılması ilə yanaşı, sosial-iqtisadi inkişafa da təkan verəcək.

Qlobal iqlim dəyişikliyinin qarşısının alınması üçün 2050-ci ildən sonrakı dövrdə karbon qazı emissiyasının minimum həddə endirilməsi nəzərdə tutulur. Hidrogen və sintetik yanacaqlar, birbaşa elektrikləşdirmə, bioyanacaqlar innovativ biznes modellərinə və bu sahədə struktur dəyişikliyinə ciddi təsir göstərəcək.

"Yaşıl enerji"dən istifadə həm də insanların sağlamlığı üçün əhəmiyyətlidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada havanın çirklənməsinə görə 13 milyon insan həyatını itirir.

Hazırda "yaşıl enerji"yə keçiddə Azərbaycan mühüm rol oynayır. Ənənəvi enerji mənbələrinə malik olan ölkəmiz, yeni enerjiyə keçiddə də öz resursları ilə vacib rol oynayır. Azərbaycanın "yaşıl keçid" platformasına töhfə verməsi üçün bərpaolunan enerji potensialı kifayət qədərdir. Dünya Bankının bir qolu olan Beynəlxalq Maliyyə Korporasiyası da Azərbaycanın Xəzər dənizində yüksək bərpaolunan enerji potensialına malik olduğunu təsdiqləyib. Bu potensial isə ölkəmizi "yaşıl enerji"yə keçiddə də regionun lider dövlətinə çevirib.

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı "525"ə deyib ki, dünya birliyi iqlim dəyişikliklərinin və qlobal istiləşməsinin sürətlənməsi ilə bağlı çağırışla üz-üzədir. İqlimin istiləşməsi və təbiətin çirklənməsi canlı aləmin gələcəyini təhlükə altına salır.

Deputat xatırladıb ki, son vaxtlar qlobal istiləşmə nəticəsində buzlaqların əriməsinin sürətlənməsini müşahidə edirik. Bu da okeanların su səviyyəsinin artması və böyük ərazilərin su altında qalması təhlükəsini meydana gətirir: "O cümlədən, quraqlığın baş verməsi şirin su mənbələrinin qurumasına gətirib çıxarır. Həm də aparılmış hesablamalara görə, dünyada hər il 13 milyondan çox  insan havanın çirklənməsindən dünyasını dəyişir. Ona görə də iqlim dəyişikliklərinə qarşı mübarizədə qlobal həmrəylik nümayiş olunması qaçılmazdır".  

A.Badamov əlavə edib ki, Azərbaycan qlobal iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışına könüllü qoşulan ilk ölkələrdəndir. Belə ki, ölkəmiz 2030-cu ilə qədər istehsal olunan enerjinin üçdə birini bərpa olunan enerjinin üzərinə keçirməyi hədəfləyib: "Hal-hazırda icra olunan "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də "yaşıl enerji" məkanının yaradılmasına böyük əhəmiyyət verilir. Sənəddə "yaşıl texnologiyalar"ın tətbiqinin genişləndirilməsi, elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin istehlakda payının artırılması nəzərdə tutulur".

Deputat bildirib ki, Azərbaycanın böyük bərpa olunan enerji potensialına malikdir: "Bu potensial quruda 135 QVat, dənizdə isə 157 QVat dəyərləndirlir. 2030-cu ildə 230 Meqavat gücündə Qaradağ günəş elektrik stansiyasını  yaratmaqla ölkəmiz regionda bir ilkə imza atdı. O cümlədən, işğaldan azad olunmuş ərazilər və Naxçıvan yaşıl zona elan edilib. İşğaldan azad olunmuş ərazilərin hidro, günəş və külək enerji potensialı çox böyükdür. Belə ki, qısa zaman kəsiyində 30-a yaxın kiçik hidro elektrik stansiyasının fəaliyyəti bərpa olunub, Tərtər və Həkəri çayları üzərində böyük hidroelektrik stansiyaların tikilməsi məsələsi müzakirə olunmaqdadır.

Dövlətimiz dünyanın aparıcı şirkətləri ilə bərpaolunan enerji mənbələrinin yaradılması ilə bağlı razılaşmalar imzlayıb. Məsələn, Səudiyyə Ərəbistanın "ACWA Power", Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkətləri ilə bağlanmış müqavilələr və icra olunmaqda olan layihələri misal göstərmək olar. O cümlədən, Böyük Britanıyanın, Fransanın, İtaliyanın, Çinin, Avstraliyanın, Yaponiyanın və digər ölkələrin enerji şirkətləri ilə sənədlər imzalanıb, ölkəmizin bərpa olunan enerji sahəsinə sərmayələrin yatırılması məsələləri razılaşdırılıb".

Deputat xatırladıb ki, bərpa olunan enerji sektorunun inkişaf etdirilməsi ilə bağlı hüquqi baza da yaradılıb. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış sənədə əsasən Qara dənizin dibi vasitəsilə Azərbaycandan Avropaya yaşıl enerji kabelinin tikintisi ilə bağlı məsələ icra olunmaqdadır.

Onun sözlərinə görə, Azərbaycanın "yaşıl enerji"yə keçidlə bağlı təşəbbüsləri dünya birliyi tərəfindən də çox yüksək səviyyədə dəyərləndirlir. Belə ki, bu ilin noyabrında Bakıda COP29-un keçirilməsini dünya birliyinin dəstəklənməsi ölkəmizə olan böyük etimadın bariz göstəricidir: "Azərbaycan qazma enerjisinə malik ölkə olmasına baxmayaraq, bu sahədən gələn gəlirləri bərpaolunan enerji mənbələrinin yaradılmasına səfərbər edir. Təbii ki, ölkəmizin bu təşəbbüsləri dünya üçün nümunədir".

 





04.04.2024    çap et  çap et