525.Az

Şeytana qarşı - Əlisəfdər Hüseynov II yazı


 

Şeytana qarşı - <b style="color:red"> Əlisəfdər Hüseynov II yazı</b>

F.M.Dostoyevskinin son əsəri - "Karamazov qardaşları" romanı dünya ədəbiyyatında görkəmli yer tutan sənət incilərindəndir. Romanda qoyulan problemlərin dərin fəlsəfi mahiyyəti, obrazların qeyri-adi, parlaq psixoloji naturası, "ata qatilliyi" motivi üzərində qurulmuş süjetin gözlənilməz, müəmmalı dönümləri, oxucunu daim gərginlikdə saxlayan dramatizmi bu əsəri bu gün də ədəbiyyatşünasların, filosofların, psixoloqların dönə-dönə müraciət etdikləri şedevr səviyyəsinə qaldırmışdır.

Dostoyevski yaradıcılığının bir növ bə

dii-fəlsəfi yekunu olan bu əsər, təbii ki, kinematoqrafçıların da diqqətindən kənarda qalmamış, roman bir neçə dəfə ekranlaşdırılmışdır. Mən onlardan biri - rus rejissoru İ.Pıryevin 1968-ci ildə lentə aldığı eyniadlı üçseriyalı filmdən danışacağam.

Filmin elə ilk epizodları onun mövzu-problematika vüsətinin miqyası, əsas qəhrəmanların dünyagörüşü, xarakteri haqqında müəyyən bilgi verməklə yanaşı, həm də hadisələrin sonrakı inkişaf trayektoriyasını da cızır. Ata Karamazovla böyük oğul Dimitri arasındakı münaqişənin ədalətli çözümünə nail olmaq üçün Zosima atanın hücrəsinə yığışan Karamazovlar və bu ailənin yaxınları hələ "gündəlikdəki məsələ"nin müzakirəsinə başlamazdan əvvəl Allah, ölümsüzlük və insan azadlığının hüdudları haqqında ortancıl oğul - rasionalistist, ateist və filosof İvan Karamazovun mülahizələrini müzakirə edirlər. "Allah yoxdur, Allah yoxdursa, ruhun ölümsüzlüyü də yoxdur. Əgər belədirsə, bu dünyada hər bir adamın öz məqsədi naminə hər şey etməyə haqqı çatır" - dünyanın yalnız rasional düşüncə tərzi ilə dərk olunması zərurətini irəli sürən İvanın gəldiyi qənaət budur. Atası ilə miras bölgüsü ətrafında konfliktdə olan, şöhrətpərəst, arsız, əməllərinə görə qətiyyən məsuliyyət daşımaq istəməyən atasına nifrət edən və bunu heç kimdən gizlətməyən Dimitrinin müəmmalı bir intonasiya ilə İvana dediyi "Sənin gəldiyin bu qənaəti yadda saxlaram" sözləri bütövlükdə filmin mərkəzində dayanan əsas problemin - ata qatilliyinin həm ideya-konsepsiya kimi hazırlanmasında, həm də praktiki icrasında məsuliyyət probleminə mesaj kimi başa düşülə bilər. Çünki Dimitri ilə ata arasındakı münasibətləri daha da mürəkkəbləşdirən bu yığıncaqdan sonra məhz ata qatilliyi və buna görə məsuliyyətin bölüşdürülməsi problemi konfliktin əsas ağırlıq mərkəzinə çevrilir.

Kiçik oğul Alyoşa dindardır, buna görə də ətrafda baş verən prosesləri məntiqi-rasional yox, metafizik düşüncə tərzi ilə qavrayır. O, Dimitrinin atasına olan sonsuz nifrətinə onun ifrat qısqanclığının təzahürü kimi baxır, atasının Dimitri tərəfindən öldürüləcəyinə qətiyyən inanmır (sonuncu bu istəkdə olduğunu onun yanında  etiraf etsə də), qardaşının hansısa yüksək duyğuların təsiri altında bu addımı atmayacağına dərin inam bəsləyir. Alyoşaya görə dünya Allahın iradəsi ilə idarə olunur, ona görə də hər şeyi Allahın ixtiyarına buraxmaq lazımdır. Əqidə, iman baxımından öz antipodu olan İvana münasibətdə də Alyoşa təxminən eyni mövqedə dayanır, müəllimi Zosima kimi İvanın tanrının varlığı barədə qəti qərara gəlməkdə çətinlik çəkdiyini, tərəddüd etdiyini düşünür. 

Dünyanın və insanlığın taleyi ilə bağlı əbədi suallara cavab axtaran İvan romanda olduğu kimi, filmdə də ürəyinin və beyninin dərinliklərindəkilər sonadək bilinməyən mürəkkəb və sirli obrazdır. O, Allahın və Şeytanın varlığına inanmır, Allahın yaratdığı dünya harmoniyasını qəbul etmir. Traktirdə Alyoşa ilə söhbət zamanı İvan öz mövqeyini müdafiə etmək üçün münasib paradiqmalar axtarır, arqumentlər gətirir, generalın ov itlərinə daş atdığına görə 10 yaşlı uşağın soyundurularaq həmin vəhşi itlərə yem edilməsinə rəvac verən harmoniyanı rədd edir: "Əgər dünyada bir günahsız uşağın göz yaşları axırsa - mən Tanrının yaratdığı harmoniyanı qəbul etmirəm".

İvana görə insanlar azadlığın məsuliyyətindən qorxduqlarına, azad yaşamağa qadir olmadıqlarına görə mənəvi əsarətdə yaşamağı üstün tuturlar. Buna görə də insanlığın yolu peyğəmbərlərin göstərdiyi yol deyil, inkivizisiyanın göstərdiyi yoldur.

Ata qatilliyi probleminə münasibətdə də İvanın mövqeyi ilk baxışda onun fəlsəfi qənaətlərindən qaynaqlanır. - Bir halda ki, Allah yoxdur, deməli, cavabdehlik, mənəvi məsuliyyət və ən başlıcası vicdan yoxdur. Bir halda ki, bunların hamısı yoxdur, Dmitrinin atasını öldürməsi "bir əclaf o biri əclafı öldürür" məntiqi ilə izah olunur və ona görə də bu qətlin baş tutmasına mane olmaq da lazım deyil.

İvanın gözlənilən qətlin baş verməsinə mane olmamaq, üstəlik, bu qətlin məhz Dmitri tərəfindən törədilməsinə şərait yaratmaq barədə eyhamlarını göydə tutan 5-ci "Karamazov" - atanın qeyri-qanuni oğlu, xidmətçi Smerdyakov bunu doğma oğulun öz atasına kəsdiyi ölüm hökmünə "xeyir- dua" kimi qəbul edir. "Dmitrinin atamızı öldürməyinin əleyhinə deyiləm və bu qətlə mane olmamaq üçün mən tezliklə çıxıb gedəcəyəm. Bunu mənim atamın qətlinə razılığım kimi qəbul edə bilərsən" - İvanın üstüörtülü şəkildə Smerdyakova  ötürdüyü mesajın məğzi budur. Lakin qətl baş verdikdən, İvanın əslində öz şüuru altında gizlənənləri simvolizə edən Şeytanla, qatil Smerdyakovla görüşlərindən sonra görəcəyik ki, bu mesaj təkcə "hər  cür əclaflığa izin verilir" prinsipindən yox, həm də İvanın öz praqmatik maraqlarından, hər vəziyyətdən öz xeyrinə istifadə etmək istəyindən də qaynaqlanırmış: Dmitrinin atasını öldürməsi İvan üçün ikiqat sərfəlidir: ata qatilliyinə görə Dmitri həbs olunacaq və aradan götürüləcək, ölmüş atanın mirası isə artıq 3 yox, 2 qardaş arasında bölünəcək, üstəlik, İvanın Katerina İvanovnaya - Dmitrinin qanuni nişanlısına olan gizli sevgisi...

Məgər bunlar varlığını inadla inkar etdiyi Şeytanın elə İvanın öz içində oturduğuna dəlalət eləmirmi?

İvanın xisləti, aldanışlarının mahiyyəti, məntiqi-rasional düşüncə ilə qurduğu fəlsəfi modelin iflası onun Şeytan və Smerdyakovla söhbətlərindən əsas xətt kimi keçir. Güzgüdəki əksi kimi öz simasında, sifətində peyda olub daim onu təqib edən Şeytanı öz xəstə düşüncələrinin, duyğularının təzahürü adlandıran İvan onun arqumentləri qarşısında sarsılır, məğlub olmaq istəməsə də, ortaya tutarlı alternativ qoya bilmir. Ümumiyyətlə, İvanın Şeytan hesab elədiyi varlıqla təkbətək qaldığı səhnə filmin ideya-məzmun planında mühüm yer tutur. Rejissor çox haqlı olaraq İvana başağrısı olan bu obrazı elə İvanın öz simasında, onun oxşarı kimi, fəqət Şeytan qrimi ilə təqdim edir. Axı atasının ölümünü arzulaması, bu qətlin məhz qardaşı tərəfindən yerinə yetirilməsinin planını hazırlaması hansısa mistik bir qüvvənin yox, İvanın öz içindən, daxilindən gələn sifariş idi!

Varlığına inanmadığı Şeytan sən demə, İvanın qəlbində məskən salıb onun çirkin istəkləri, ehtiradları ilə qidalanan ikinci "mən"i imiş!

Qətli törədən adi lakey - Smerdyakov isə bu filosofa necə deyərlər, dərs keçir, onun düşüncələrinin paxırını adi cümlələrlə, lakin son dərəcə dəqiq və sərrast məntiqlə faş edir: "Atanızı siz öldürmüsünüz, əsas qatil sizsiniz. Mən ancaq sizin köməkçiniz, əlaltınız olmuşam, qətli sizin istəyinizə görə törətmişəm". Həmişə öz intellektual qabiliyyəti ilə öyünən, necə deyərlər, tutduğunu buraxmayan, eqoist İvan bütün ömrünü ağa stoluna xidmətdə keçirən lakey Smerdyakovun bu sadə məntiqinin qarşısına heç nə çıxara bilmir. Bu, artıq rasionalistin primitivistə (əgər belə demək mümkünsə) məğlubiyyətidir. Ata qatilliyinin ilhamçısı, allahsız mənəviyyatsızlığın ideoloqu olan İvan elə öz prinsiplərinin qurbanı olur, Şeytan və Smerdyakovla söhbətlərdən sonra psixoloji müvazinətini, onunla birlikdə isə ağlını da itirib dəli olur.

İvanın iflası onun məqsədi ilə əməlləri arasındakı ziddiyyətdə, onun qənaətinə görə, Allahın yol verdiyi ədalətsizliyi - şəri, pisliyi yox etmək üçün seçdiyi yolun perspektivsizliyindədir. İvanın fikrincə, şərin, pisliyin kökünü kəsməyin iki yolu var: şərin daşıyıcısı olan insanları məhv etmək (yaxud onların məhvinə şərait yaratmaq) və şər, pis əməllərə yol açan azadlığı insanın əlindən almaq. Lakin o unudur ki, şərə qarşı bu cür mübarizə yeni və daha çox şər əməllərin meydana gəlməsi üçün münbit zəmin yaradır. Çünki şərə yalnız İvanın inkar etdiyi varlığın - Allahın köməyi ilə qalib gəlmək olar. Məhkəmədə prokurorla Dmitri arasında gedən dialoqun bir məqamı bu fikrin təsdiqi kimi dəyərləndirilə bilər. Bütün süjet boyu atasını öldürmək istəyi ilə alışıb-yanan, bunu heç kimdən gizlətməyən Dimitri prokurorun "Bəs atanızı öldürməyə sizə kim mane oldu" sualına belə cavab verir: "Allah".

Bəli, yalnız bəsirət gözü ilə dərk olunan, insandakı ali hisslərin səbəbkarı olan ilahi qüvvə insanı pis əməldən, şərdən sığortalaya bilər.

Atasını ölümünə qədər hər an təhdid etsə də, onu öldürəcəyini gur səslə elan etsə də, əslində atası Dimitri üçün çoxdan - Zosima atanın hücrəsindəki məşvərətdə mənəvi cəhətdən ölmüşdü. Atanın təlxəkliyinə dözə bilməyən, onu "Susun!" hayqırtısı ilə sarsıdan Dimitrinin Zosima ataya dediyi sözlər ("Müqəddəs ata, deyin, niyə belə bir adam yer üzündə yaşayır?") bu mənəvi ölümə hökm kimi də qəbul oluna bilər. Onun sonrakı hərəkətləri - atasını döyməsi, onu öldürmək üçün malikanəyə cumması ölüm aktını həm də fiziki planda reallaşdırmaq istəyindən irəli gəlir. Lakin atasının qatili olmağa mənəvi gücü çatmayan Dimitri ideya baxımından yaradıcısı qardaşı İvan, əməli reallaşdırıcısı Smerdyakov olan tələyə düşür və ata qatili kimi mühakimə olunaraq 20 il katorqa cəzasına məhkum edilir.

Bəs İvan, Smerdyakov, Alyoşa? Atanın ölümündə onların günahı varmı? Əlbəttə var. Bu qətldə hamı günahkardır. Kimin günahı daha çoxdur? - Hər şeyi Allahın iradəsinə həvalə edən Alyoşanın, "Allah və Şeytan yoxdur" - deyə-deyə içində bəslədiyi Şeytana təslim olan İvanın, yoxsa İvanın atasına kəsdiyi ideoloji ölüm hökmünü yerinə yetirən Smerdyakovun?

Bu suala hər kəsin öz mənəvi prinsiplərinə, həyat fəlsəfəsinə uyğun  cavabı var...

Daxili strukturuna görə novator əsər olan "Karamazov qardaşları" romanı üst qatda süjeti ustalıqla qurulmuş detektiv, əsl mahiyyətdə isə insanın qəlbi uğrunda Allah və Şeytanın əbədi mübarizəsini əks etdirən dərin, çoxqatlı əsərdir.

Roman nəşr olunandan sonra müxtəlif estetik cərəyanları təmsil edən tənqidçilər İvanın Allaha qarşı qiyamını öz dünyagörüşlərinə uyğun olaraq müxtəlif cür izah edirdilər. Hətta bu qiyamın sxolastik düşüncə sterotiplərinə yox, marksizmə qarşı (!?) çevrildiyini iddia edənlər də vardı.

Amma İvanın dünya harmoniyasının "qüsurları" barədə verdiyi sualın cavabını Dostoyevskinin özü qədər dəqiq bilən kimsə yox idi.

O cavab bir sənətkar kimi Dostoyevskinin bəşəriyyətə son sözü olan "Karamazov qardaşları" romanı idi.

 

 





05.04.2024    çap et  çap et